Sosial sığorta sistemi zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilir

 

Cəmiyyətimiz həyatın bütün sahələrini əhatə edən böyük tarixi dəyişikliklər dövrünü yaşayır. Ölkəmizdə gedən ictimai-siyasi proseslər sosial problemləri ön plana çəkmiş, əhalinin sosial müdafiə hüquqlarının təmin olunması cəmiyyətin ümdə məsələlərindən birinə çevrilmişdir. Qocalıq, xəstəlik, işsizlik, əlillik, ailə başçısını itirmək kimi sosial risklərlə bağlı problemlər sosial sığorta sisteminin də zamanın tələblərinə uyğun təkmilləşməsini zəruri etmişdir.

Ölkəmizdə sosial müdafiə sistemi ənənəvi olaraq iki məqsədə xidmət edir: bir tərəfdən, gəlirləri az olan, təminatsız vətəndaşlara yoxsulluqdan minimum səviyyədə sosial müdafiə olunmaq imkanı vermək, digər tərəfdən, işləyənlərin əmək gəlirlərini müəyyən sosial risklərdən qorumaq. Bu məqsədlərə nail olmaq üçün iki sosial proqramdan istifadə olunur. Bunlardan biri sosial yardım, digəri sosial sığorta sistemidir. Bu iki proqram əhalinin sosial müdafiəsi sisteminin əsasını təşkil edir.

Sosial yardım proqramı vətəndaşların əvvəlki dövrlərdəki ödənclərindən asılı olmayaraq müvəqqəti və ya həmişəlik əsasda ehtiyacı olan şəxslərə köməyi nəzərdə tutur. Bu tədbirlər dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir və dövlət xeyriyyəçilik proqramı hesab edilir.

Sosial sığorta proqramı, adından da göründüyü kimi, sığorta prinsiplərinə əsaslanır. Bu proqrama əsasən, təminat vətəndaşın əmək fəaliyyəti dövründə sosial müdafiə üçün vəsait ödədiyi halda yaranır. Başqa sözlə, işləyən vətəndaşlar özlərini müəyyən risklərdən sığortalamalıdırlar. Sosial sığorta sahəsində münasibətləri tənzimləyən əsas hüquqi sənəd 1997-ci ildə qəbul edilmişSosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanunla müəyyən edilmişdir ki, sosial sığorta vətəndaşların itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığorta təşkilatlarından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: əmək pensiyaları; könüllü (əlavə) sosial sığorta əsasında əmək pensiyalarına əlavələr; əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); hamiləliyə və doğuma görə müavinət; uşağın anadan olmasına görə birdəfəlik müavinət; qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət; dəfn üçün müavinət; sığorta olunanların sanatoriya-kurort müalicəsi üzrə xəclərinin tamya qismən ödənişi; işsizlik müavinəti. Dövlət bu xərclərin maliyyələşdirilməsini büdcədənkənar fond olan Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu əhalinin sosial müdafiəsinin təmin olunmasında mühüm rol oynayır. Bir milyon üç yüz minə yaxın pensiyaçının, eləcə də digər sosial qruplara daxil olan yüz minlərlə insanın təminatı bilavasitə Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti ilə bağlıdır.

Dövlət Sosial Müdafiə Fondu ölkə ərazisində fəaliyyət göstərən bütün hüquqi şəxslərdən, eləcə də fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən qanunvericiliklə müəyyən olunmuş məbləğlərdə daxil olan məcburi dövlət sosial sığorta haqları hesabına pensiya və müavinətləri maliyyələşdirir. Məcburi dövlət sosial sığorta haqqı əmək pensiyalarının yeganə maliyyə mənbəyi olduğu üçün pensiyaların maliyyələşdirilməsi vəziyyəti bilavasitə sığorta haqqının ödənilməsindən asılıdır.

İri Sığortaedənlərlə İş üzrə Departament (İSİD) də Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsi olaraq iri sığortaedənlərdə (işəgötürənlərdə) məcburi dövlət sosial sığortası üzrə idarəetməni və dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən orqan kimi 2003-cü ilin aprel ayından fəaliyyətə başlamışdır.

Pensiya və müavinətlərin ödənişinin vaxtında maliyyələşdirilməsi üçün lazım olan vəsaitin toplanması İSİD-in qarşısında duran əsas vəzifələrdən biridir. Bu məqsədlə mövcud qanunvericilik çərçivəsində sığortaedənlər (işəgötürənlər) tərəfindən məcburi dövlət sosial sığorta qaydalarına əməl olunmasına, o cümlədən iri sığortaedənlərdə (işəgötürənlərdə) məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmasına, xərclənməsinə və ödənilməsinə nəzarət işini həyata keçirir. İSİD sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığortası üzrə bütün sığortaolunanların (işçilərin) sığorta edilməsinə nəzarət etməklə, işəgötürənlərdən və sığortaolunanlardan dövlət sosial sığorta sistemində fərdi uçot qanunvericiliyində müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim olunmasını təmin edir.

Respublika üzrə pensiyaların, müavinətlərin və digər sosial ödənişlərin maliyyələşdirilməsinin nəzərdə tutulan vaxtda başa çatdırılmasında DSMF-nin İri Sığortaedənlərlə İş üzrə Departamentinin fəaliyyətə başladığı gündən səmərəli fəaliyyətinin böyük rolu olmuşdur. Əlbəttə, pensiya və müavinətlərin vaxtında ödənilməsi üçün bizim departamentin kollektivi məqsədyönlü aparır, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən həmişə layiqincə gəlməyə çalışır. Yaxşı bilirik ki, bizim fəaliyyətimiz pensiya və müavinət alan minlərlə insanın rifahının yaxşılaşmasına xidmət edir.

Departamentimizin fəaliyyətinin ötənilki nəticələri bir daha təsdiq edir ki, kollektiv həqiqətən gərgin və məsuliyyətlə çalışaraq tapşırıqları uğurla yerinə yetirmişdir. Ötən il ərzində İSİD-in yığım hesabına 695157,7 min manat vəsait daxil olmuşdur ki, onun da 692752,4 min manatı məcburi dövlət sosial sığorta haqqı, 1400,3 min manatı tətbiq olunmuş maliyyə sanksiyası və inzibati cərimə, 2455 min manatı isə digər daxil olmalardan ibarətdir.

İl ərzində toplanmış 692832,5 min manat məcburi dövlət sosial sığorta haqqından 63715,9 min manatı büdcə təşkilatlarının, 629116,6 min manatı isə qeyri-büdcə təşkilatlarının payına düşür. Toplanmış vəsait 2012-ci illə müqayisədə büdcə təşkilatları üzrə 800 min manatqeyri büdcə təşkilatları üzrə 55268,9 min manat olmaqla, ümumilikdə 56068,3 min manat çoxdur. Proqnoz tapşırıqları da ötən illə müqayisədə həm büdcə təşkilatları, həm də qeyri-büdcə təşkilatları üzrə xeyli artmışdır.

2013-cü ildə departament üzrə sığortaolunanların (işçilərin) orta aylıq əmək haqqı 667,95 manat təşkil etmişdir.

Məlumat üçün bildirək ki, 2014-cü il yanvarın əvvəlinə olan məlumata görə, departamentdə qeydiyyatda olan sığortaedənlərin sayı 1211 olmuşdur. Təqdim olunmuş 1171 hesabatdan 1060 ədədi elektron variantda təqdim edilmişdir. Eyni zamanda bildiririk ki, məcburi dövlət sosial sığorta haqları üzrə rüblük hesabatların elektron formada təqdim olunması üçün 1161 sığortaedən elektron qeydiyyatdan keçərək pin kodu almışdır. Hesabat ilində 34799 nəfər məcburi dövlət sosial sığorta sistemində sığortaolunan kimi ilkin qeydiyyatdan keçmişdir. Ümumilikdə isə qeydiyyatdan kecən sığortaolunanların sayı 354548 nəfərə çatmışdır. Ötən il ərzində fondun yerli orqanlarından vətəndaşlara pensiya təyin edilməsi üçün göndərilmiş sorğulara cavab olaraq 12142 ədəd 4 nömrəli forma arayışları verilmişdir.

2013-cü ildə sığortaedənlər (işəgötürənlər) tərəfindən məcburi dövlət sosial sığorta qaydalarına əməl olunmasına, o cümlədən iri sığortaedənlərdə (işəgötürənlərdə) məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmasına, xərclənməsinə və ödənilməsinə nəzarət işini təmin etmək məqsədilə apardığımız səyyar yoxlamalar nəticəsində 32,9 min manat gizlədilmiş məcburi dövlət sosial sığorta haqqı aşkar edilmiş və 991,9 min manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ümumilikdə, aşkar olunmuş 1024,8 min manat vəsaitdən və tətbiq olunmuş maliyyə sanksiyasından 245,8 min manatın ödənilməsi təmin edilmişdir.

Fəaliyyətimizin bir istiqaməti də debitor borcların ödənilməsinin təmin olunması ilə bağlıdır. Ötən il bu istiqamətdə xeyli səmərəli işlər görülmüşdür. 2013-cü ildə debitor borcların alınması məqsədi ilə məhkəmə orqanlarında sığortaedənlərə qarşı ümumi borc məbləği 29148,4 min manat olan 89 iddia qaldırılmışdır. Ümumilikdə isə fəaliyyətə başladığı gündən hazırki dövrədək İSİD tərəfindən məcburi dövlət sosial sığorta haqlarını vaxtında ödəməyən sığortaedənlərə qarşı qaldırılmış iddialar üzrə 55034,5 min manat borc məbləğinin DSMF-nin xeyrinə tutulmasına dair məhkəmə qərarları çıxarılmışdır.

Lakin bütün qanunamüvafiq tədbirlər görülməsinə baxmayaraq bir sıra dövlət təşkilatları tərəfindən borc artımına yol verilmişdir. Bununla belə, məcburi dövlət sosial sığorta haqlarını vaxtında ödəyən nümunəvi sığortaedən kimi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətini, bp Exploration (Caspian SEA) LTD-ni, “Azfen” birgə müəssisəsini, “Azərbaycan Hava Yolları” QSC-ni, “Dövlət Dəmir YoluQSC-ni, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-ni xüsusi qeyd etmək yerinə düşərdi.

DSMF-nin İri Sığortaedənlərlə İş üzrə Departamentinin səmərəli işinin nəticəsidir ki, son bir il ərzində departamentə şikayət ərizəsi daxil olmamışdır.

2014-cü ildə də qarşımızda mühüm vəzifələr durur. Artıq ilin birinci rübü arxada qalmışdır. İlkin nəticələr onu deməyə əsas verir ki, kollektivimiz bu ili uğurla başa vuracaqdır.

 

Mirnemət MƏMMƏDOV,

 

Dövlət Sosial Müdafiə Fondu İri Sığortaedənlərlə İş üzrə Departamentin direktoru

 

Xalq qəzeti.- 2014.- 8 aprel.- S. 6.