Əlillərə minik avtomobilləri verilmiş, “Qaynar xətt”ə müraciətlər 68 faiz azalmışdır

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən redaksiyaya bildirmişlər ki, bu günlərdə 100 nəfər müharibə əlilinə “NAZ - Lifan” markalı minik avtomobillərinin açar və sənədləri təqdim olunmuşdur. Onlardan 95 nəfəri Qarabağ müharibəsi, 5 nəfəri isə 20 Yanvar əlilidir.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin əlillərə, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş insanlara göstərdiyi diqqət və qayğıdan söz açılmışdır.

Qarabağ müharibəsi və 20 Yanvar əlilləri ürək sözlərini bildirərək, onlara göstərdiyi böyük diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.

Qeyd edək ki, indiyədək müharibə əlillərinə 3 906 ədəd minik avtomobili verilmişdir. Azərbaycan Prezidentinin 23 dekabr 2013-cü il tarixli sərəncamına əsasən, ayrılmış vəsait hesabına növbədə dayanan daha 700 nəfərdən artıq Qarabağ əlilinin cari ildə avtomobillə tam təminatı həyata keçiriləcəkdir.

Əlil və şəhid ailələrinə mənzillərin, həmçinin əlillərə avtomobillərin verilməsində şəffaflığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi məqsədilə mənzil və avtomobil alanların, eyni zamanda mənzil və avtomobillə təmin edilmək üçün növbədə dayananların siyahıları nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində ictimaiyyətə təqdim edilmişdir.

İctimaiyyətlə əlaqələr şöbəsindən həmçinin onu da bildirmişlər ki, cari ilin birinci rübü ərzində əlillik təyinatı və tibbi-sosial reabilitasiya məsələləri ilə bağlı vətəndaşlar tərəfindən  nazirliyin 142 – “Qaynar xətt”inə edilən müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 68 faiz azalaraq 115-ə enmişdir.  Həmçinin məşğulluq məsələləri üzrə müraciətlərin sayı 50 faiz azalaraq 40-a, əmək hüquqlarının təminatı məsələləri üzrə müraciətlərin sayı 63,5 faiz azalaraq 42-ə düşmüşdür. Bu dövrdə ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə “Qaynar xətt”ə 1069 müraciət daxil olmuşdur ki, bu da ötən ilin ilk rübündə olduğundan 25 faiz azdır. “Qaynar xətt”ə daxil olan müraciətlərin ümumi sayında isə azalma 36,1 faiz təşkil etmişdir. Müraciətlərin əksər qismi sorğu xarakteri daşımış və hər bir müraciət nazirliyin aidiyyatı mütəxəssislərinin iştirakı ilə obyektiv araşdırılaraq müvafiq tədbirlər görülmüşdür.

 

Z. BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2014.- 8 aprel.- S. 6.