Avropa çempionatından 10 medalla

 

Finlandiyanın Vantaa şəhərində bir həftə davam edib ötən bazar günü finişə çatan güləş üzrə Avropa çempionatı Azərbaycan idmançılarının bu məsul yarışa səylə hazırlaşdıqlarını təsdiq etdi. Vətənə yaxşı əhval-ruhiyyə ilə qayıdan yığma komandamıza sonuncu dörd medalı yunan-Roma güləşi ustaları qazandırdılar.

“Klassiklərimizdən” ikisi Həsən Əliyev (66 kq) və Rəsul Çunayev (71 kq) yalnız finalda uduzub çıxışlarını fəxri kürsünün gümüş pilləsində başa vurdular, daha ikisi Kamran Məmmədov (59 kq) və Elvin Mürsəliyev (75 kq) isə bürünc mükafatçılar oldular. Nəticədə Azərbaycan kollektivi güləşin bu növündə komanda hesabında 38 xalla Rusiya (54) və Türkiyədən (46) sonra üçüncü yeri tutdu.

Düzdür, “sərbəstlərdən” və qadın güləşçilərdən fərqli olaraq, yunan-Roma üsulu ilə güləşənlərimiz qızıl medalın sevincini yaşaya bilmədilər. Ancaq 2010-cu ilin Avropa çempionu Əliyev dörd il əvvəl qazandığı müvəffəqiyyəti təkrar etməyə çox yaxın idi. Təəssüf ki, Həsənin rusiyalı Adam Kurak ilə gərgin final görüşündə türkiyəli hakim Levent Şenin səhvləri buna imkan vermədi.

Azərbaycanın sərbəst üsulla güləşənləri də Vantaa şəhərinin idman sarayında dörd dəfə fəxri kürsüyə dəvət olunmuşlar. Hacı Əliyevin (61 kq) və Ruslan Dibirhacıyevin (70 kq) qazandıqları qızıl medallar, Cəbrayıl Həsənovla (74 kq) Xetaq Qazyumovun (97 kq) gümüş mükafatları komanda hesabında Azərbaycan yığmasını fəxri kürsünün ikinci pilləsinə yüksəltmişdir. Qadın güləşçilərimizdən isə Mariya Stadnik (48 kq) qızıl medal qazanmaqla  yüksək ad-sanını və mahir ustalığını bir daha inamla sübuta yetirmiş, İrina Netreba da (58 kq) öz növbəsində gümüş mükafata sevinmişdir.

Beləliklə, 2014-cü ilin əsas idman hadisələrindən biri güləş üzrə Avropa çempionatı Azərbaycanın xalça ustalarının 10 medalı (3 qızıl, 5 gümüş, 2 bürünc mükafat) ilə yadda qalacaq. Lakin qarşıda daha mötəbər yarış, sentyabrda keçiriləcək dünya çempionatı durur. Şübhəsiz, güləşçilərimiz planetin hər yerindən daha güclü rəqibləri öz bayrağı altına toplayacaq dünya çempionatında da liderlər sırasında yer tutmaq üçün onu daha yüksək  səviyyədə, tam hazırlıqla qarşılamaq əzmi ilə məşq edəcəklər.

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 8 aprel.- S. 7.