Bakıda 2-ci Xəzər beynəlxalq su texnologiyaları sərgi və konfransı keçirilir

 

Son illər Azərbaycanda mühüm sosial infrastruktur layihələri həyata keçirilir. Ölkənin içməli su sektorundakanalizasiya təsərrüfatında reallaşdırılan layihələr bu baxımdan diqqəti xüsusilə cəlb edir. Dövlət başçısı İlham Əliyevin ölkə əhalisinin dünya standartlarına cavab verən keyfiyyətli içməli su ilə fasiləsiz təminatı ilə bağlı verdiyi konkret tapşırığın icra edilməsi məqsədilə Azərbaycanın milli su operatoru – “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən konkret tədbirlər həyata keçirilir.

Ölkəmizdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulduğu indiki şəraitdə dünyanın ən son texnika və texnologiyalarının bu sahəyə cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhz buna görədir ki, artıq ikinci ildir ki, Azərbaycan paytaxtında beynəlxalq su texnologiyaları sərgi və konfransı keçirilir.

Aprelin 10-dan 12-dək Bakıda keçiriləcək 2-ci Xəzər beynəlxalq su texnologiyaları (“CATEC-2014”) sərgi və konfransına həsr olunmuş mətbuat konfransında bu və digər məsələlər barədə kütləvi informasiya vasitələrinin nümayəndələrinə ətraflı məlumat verildi.

Sərginin təşkilatçısı “İteca Caspian” şirkətinin  biznesin inkişafı üzrə müdiri Bəhruz Hidayətzadə qeyd etdi ki, ikinci dəfə keçirilən su texnologiyaları sərgisinə maraq böyükdür. Ötən il olduğu kimi, bu dəfə də “Azərsu” ASC sərgi və konfransın yüksək səviyyədə təşkilinə böyük dəstək vermişdir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini, geologiya-minerologiya elmləri doktoru  Adışirin Ələkbərov bildirdi ki, ölkəmizdə həyata keçirilən regional inkişaf proqramlarına və dövlət başçısı İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, eləcə də yağış sularının idarə edilməsi istiqamətində konkret işlər görülür.

Qeyd olundu ki, Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, içməli və çirkab sutəmizləyici qurğuların layihələndirilməsi və tikintisi üzrə irimiqyaslı layihələrin həyata keçirildiyi bir vaxtda su texnologiyalarına həsr olunmuş sərgi və konfransın təşkili olduqca aktualdır. Sərgidə bu sahə ilə bağlı müasir nailiyyətlər, texnologiyalar, eləcə də sənayedə tətbiq olunanonun modernləşdirilməsinə kömək edən innovativ ideyalar nümayiş etdiriləcəkdir. Ötənilki sərgi və konfransa böyük maraq göstərildiyini vurğulayan direktor müavini həmin tədbirdə dünyanın nüfuzlu mütəxəssislərinin və ekspertlərinin iştirak etdiklərini bildirdi. Ötən müddətdə iştirakçılar arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulduğunu və təcrübə mübadiləsinin aparıldığını diqqətə çatdıran natiq “Azərsu” ASC-nin  yeni texnologiyalara üstünlük verdiyi üçün onların nümayiş etdirdikləri müasir texnologiyaların həyata keçirilən layihələrdə geniş tətbiq olunduğunu vurğuladı.

A. Ələkbərov daha sonra bildirdi ki, “CATEC-2014” sərgisi ilə yanaşı, aprelin 11-də 2-ci Xəzər beynəlxalq su texnologiyaları konfransı da keçiriləcəkdir. Konfransda infrastrukturun bu sahəsinin aktual problemlərinə həsr olunmuş müzakirələr və alt panellər təşkil olunacaq, maraqlı mühazirələr oxunacaqdır. Su ehtiyatlarından inteqrasiyalı istifadə. Ekoloji-iqtisadi qiymətləndirmələr”, “Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının (İWRA) xüsusi sessiyası -  Su təchizatı və suyun keyfiyyəti: insan inkişafında məhdudiyyətlər və imkanlar”, “İçməli su emalında innovativ texnologiyalar”, “Su təchizatı, tullantı və yağış suları şəbəkələrinin səmərəli idarəetmə  metodları; GİS texnologiyalar”, “Yaşıl planet. Tullantı suların təmizlənməsi və təkrar istifadəsi” mövzuları üzrə məruzələrin dinləniləcəyi konfransda beynəlxalq ekspertlər və mütəxəssislər müzakirələr aparacaqlar.

Bakı Ekspo Mərkəzində keçiriləcək “CATEC-2014” sərgisinin Xəzəryanı regionda su texnologiyaları üzrə nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış ekspozisiya olduğunu diqqətə çatdıran A. Ələkbərov dedi ki, bu mötəbər beynəlxalq tədbir  Azərbaycanın milli su operatoru – “AzərsuASC-nin təşəbbüsü və rəsmi dəstəyi ilə təşkil olunur. Sərginin təşkilatçısı qismində isə “Iteca Caspian” MMC çıxış edir.

Sərginin meneceri Rəşad Qədimov isə dedi ki, builki tədbirdə dünyanın  24 ölkəsindən 79 şirkət məhsul və xidmətlərini təqdim edəcəklər. Onların arasında Azərbaycan, Avstriya, Almaniya, ABŞ, Kanada, Türkiyə, İsrail, Rusiya, Belarus, Litva, Fransa, Macarıstan, Danimarka, İsveçrə, İtaliya və digər ölkələrin aparıcı texnologiya şirkətləri və təchizatçıları, habelə ekologiyatikinti şirkətləri vardır. Bütövlükdə isə sərgi iştirakçılarının yarıdan çoxunu xarici şirkətlər təşkil edəcək. Yerli iştirakçılar isə bu sahənin aparıcı şirkətlərindən olan “Azərsu” ASC, “Akkord”, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, “Azertexnolayn” MMC, Gəncə Cihazqayırma Zavodu, Omicron MMC, Unipark MMC, Sumqayıt Texnologiyalar Parkı və s. ibarətdir. “CATEC-2014” sərgisinə gələnlərin diqqətinə içməli su təchizatında istifadə olunan avadanlıqlar, tullantı sularının toplanması, nəqli və təmizlənməsi, yağış sularının idarə edilməsi sistemləri, eləcə də mikrotunel tikintisi, suyun kimyəvi analizinin aparılması üçün avadanlıqlar, tənzimləmə texnologiyaları, borular, nasos sistemləri, hidrantlar, tikinti texnikası və avadanlıqları, geotermal texnologiyalar, su təchizatı və kanalizasiya sahəsində tətbiq olunan digər yeniliklər təqdim ediləcəkdir.

Bildirildi ki, “CATEC-2014” sərgisinin məqsədi su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin idarə edilməsi, tullantı sularının təmizlənməsi, habelə boru kəməri mühəndisliyi sahələrində ən yeni texnologiyaların tətbiqinə, beynəlxalq əməkdaşlığın inkişafına və təcrübə mübadiləsinə şərait yaratmaqdır. Eyni zamanda, sərginin tərəfdaş şirkətlərin siyahısını genişləndirmək və uzunmüddətli işgüzar əlaqələr qurmaq baxımından iştirakçılar üçün əlverişli imkan olduğu diqqətə çatdırıldı.

Sonda jurnalistlərin sualları cavablandırıldı.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2014.- 10 aprel.- S. 6.