Qazax Rayon İcra Hakimiyyətində əhalinin tibbi müayinəsi ilə bağlı məsələ müzakirə olunmuşdur

 

Qazax Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsinin gedişi ilə bağlı vəzifələr müzakirə olunmuşdur.

Şura iclasını giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov qeyd etmişdir ki, dövlət başçısının imzaladığı dövlət proqramlarına, sərəncam və tapşırıqlara əsasən Azərbaycan səhiyyəsinin inkişafı, yeni səhiyyə müəssisələrinin tikintisi, onların müasir tibb avadanlıqları ilə təmin olunması daim diqqət mərkəzində saxlanılır.

Müzakirədə bildirilmişdir ki, dövlət başçısının tapşırığına əsasən, fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinədən keçirilməsi kampaniyası Qazax rayonunda da  mütəşəkkil davam edir. Bununla əlaqədar rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən,  aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya yaradılmış, xüsusi cədvəl  tərtib olunmuşdur. Tibbi müayinənin yüksək səviyyədə həyata keçirilməsi üçün tibb müəssisələrində bütün lazımi şərait yaradılmışdır. Yaşayış məntəqələrində əhalinin və həmçinin evlərdə olan yataq xəstələrinin də müayinəsi məqsədilə səyyar həkim briqadaları təşkil olunmuşdur.

Rayon icra hakimiyyəti başçısının müavini Gülayə Həsənova demişdir ki, fevralın 17-dən etibarən rayon üzrə 35902 nəfər sakin hərtərəfli müayinə edilmişdir. Onlardan 2112 nəfərinə ambulator, 74 nəfərinə isə stasionar müalicə kursu təyin olunmuş, 19 nəfər Bakı şəhərinə müalicəyə göndərilmişdir. Müayinədən keçən insanlarda ən çox ürəyin işemiyası, hipertoniya, şəkərli diabet xəstəlikləri aşkar edilmişdir.

Sonda bu mühüm tədbirin uğurla başa çatdırılması üçün bir sıra təşkilat və xidmət rəhbərlərinə tapşırıqlar verilmişdir.

 

H.QASIMOV

 

Xalq qəzeti.- 2014.- 11 aprel.- S. 4.