Xalq şairi Zəlimxan Yaqub Türkiyədə “Nazim Hikmət” mükafatına layiq görülmüşdür

 

Türk dünyasında, xüsusən Tütkiyədə ümumtürk ədədi siması kimi tanınan, əsərləri sevilə-sevilə oxunan Azərbaycanın xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub indiyədək bir sıra xarici təltif və mükafatlara layiq görülmüşdür. Bu günlərdə bu siyahıya daha bir nüfuzlu mükafat əlavə olunmuşdur.

 Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlundan aldığımız məlumatda bildirilir ki, Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Ödül Komitəsinin qərarı ilə Azərbaycanın xalq şairi Zəlimxan Yaqub Türk ədəbiyyatına yüksək xidmətlərinə görə “Nazim Hikmət” beynəlxalq ədəbiyyat mükafatı ilə təltif olunmuşdur. Xatırladaq ki, iki ildə bir dəfə türk dünyası yazarları arasından bir nəfərin təltif olunduğu bu mükafata Azərbaycandan ilk dəfə layiq görülən Zəlimxan Yaqubdur.

Bu nüfuzlu mükafatı yüksək dəyərləndirən və türk ədəbiyyatı qarşısındakı xidmətlərinin qiymətləndirildiyinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının mükafat komitəsinə minnətdarlığını bildirən Zəlimxan Yaqub demişdir: “İndiyədək bir sıra beynəlxalq mükafatlarla təltif olunmuşam. Ancaq böyük türk şairi Nazim Hikmətin adı ilə bağlı bu mükafat mənim üçün daha qiymətlidir. Bu mükafat mənim türk ədəbiyyatı qarşısında bugünədək olan xidmətlərimə verilən yüksək dəyər olmaqla yanaşı, həm də üzərimə böyük məsuliyyət qoyur,  məni yeni-yeni əsərlər yaratmağa sövq edir”.

 

T.AYDINOĞLU

 

Xalq qəzeti.- 2014.- 1 aprel.- S. 8.