Binəqədi rayonunda “İşıqlı həyat” adlı sosial layihə həyata keçirilmişdir

 

“Binəqədi - gənclər rayonu” layihəsi çərçivəsində Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə Binəqədi rayonunda “İşıqlı həyat” adlı sosial mahiyyətli tədbirlərin həyata keçirilməsinə start verilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd günün qaranlıq  saatlarında yol təhlükəsizliyinin təmin olunmasıdır. Əsas əhatə dairəsi gənclər və yeniyetmələr olan tədbirə qoşulan hər kəs xüsusi hazırlanmış işıqqaytarıcılarından istifadə edərək layihəyə dəstək verir, eyni zamanda öz təhlükəsizliyini nisbətən təmin etmiş olur.

Paytaxtın şimal qapısı sayılan Binəqədi rayonunda keçirilən tədbirin ümumilikdə 15 mindən artıq orta məktəb şagirdini və xüsusilə də ibtidai sinifdə təhsil alan məktəbliləri əhatə etməsi nəzərdə tutulmuşdur. Rayonun bütün orta məktəblərini əhatə edəcək tədbirin gerçəkləşməsi üçün gənclərdən ibarət könüllülər komandası işıqqaytarıcıların paylanmasında yaxından iştirak edir, həmçinin məktəbliləri məlumatlandırırlar.

Binəqədi rayonunda ATGTİ-nin layihəsi əsasında  silsilə tədbirlərə bu  il aprel ayının 2-də 83 saylı məktəb-liseydə başlanmışdır. Layihə digər bölgələrdə həyata keçirilsə də, kütləvi şəkildə ilk dəfə olaraq Binəqədi rayonunda reallaşdırılır. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, ATGTİ-nin sədri Şahin İsmayılov, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov, “İşıqlı həyat” sosial layihəsinin koordinatoru Tuqay Kərimov və məktəblilər iştirak etmişlər.

Binəqədi RİH başçısının müavini A.Əliyeva tədbirin əhəmiyyətinə toxunaraq məktəblilərin yol təhlükəsizliyinin təmin edilməsində belə layihələrin vacibliyini vurğulamışdır. Gənclər və İdman Nazirliyinin sektor müdiri E.Hüseynov, ATGTİ-nin sədri Ş.İsmayılov çıxışlarında layihənin məqsəd və əhəmiyyətindən danışmışlar.

Tədbirin gedişində yol təhlükəsizliyindən bəhs edən videoçarx da nümayiş etdirilmişdir. Layihənin koordinatoru T.Kərimov isə tədbir iştirakçılarına layihə barədə geniş və ətraflı məlumat vermişdir.

Sonda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məktəblilərin yol təhlükəsizliyi ilə bağlı suallarını cavablandırmış və layihə təşkilatçıları məktəblilərə işıqqaytarıcılar paylamışlar.

 

V. BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 3 aprel.- S. 5.