Samuxda şəhidlərin xatirəsi bir daha yad edildi

 

31 Mart-Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Samux Rayon İcra Hakimiyyəti ictimaiyyət nümayəndələrinin iştirakı ilə maraqlı tədbir təşkil etmişdir. Heydər Əliyev Mərkəzində keçirilən toplantıda əvvəlcə ermənilərin ötən əsrin müxtəlif dövrlərində törətdikləri vəhşilikləri əks etdirən film nümayiş olunmuşdur.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək demişdir ki, bu gün bütün dünyanın erməni qəsbkarlarının vəhşiliklərindən xəbərdar olması ulu öndər Heydər Əliyevin, daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Artıq dünya ictimaiyyəti ermənilərin qondarma soyqırımına, onların göz yaşlarına inanmır. Azərbaycanın haqq işi  qalib gəlir və bu, tezliklə öz bəhrəsini verəcək, torpaqlarımız düşməndən azad olunacaqdır.

Daha sonra Alı Qocayev rayon icra hakimiyyətinin təşəbbüsü ilə nəfis şəkildə yenicə çapdan çıxmış “Samux şəhidləri” kitabının təqdimatını etmişdir. Tədqiqatçı alim, fəlsəfə doktoru Amalya Qasımovanın müəllifi olduğu kitab maraqla qarşılanmışdır. Toplantıya dəvət olunmuş şəhid ailələrinin bir qrup nümayəndəsinə “Samux şəhidləri ” kitabı verilmişdir.

Toplantıda rayon ağsaqqallar şurasının üzvü Nizami Əliyev, rayon təhsil şöbəsinin metodisti Nərgiz Bədəlova, şəhərdəki 3 saylı tam orta məktəbin müəllimi Samir Qurbanov və başqaları çıxış edərək 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tarixi faktlardan söz salmış, şəhid ailələrinə və müharibə veteranlarına göstərdikləri qayğıya görə rayon icra hakimiyyətinə öz minnətdarlıqlarını bildirmişlər.

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2014.- 3 aprel.- S. 7.