Azərbaycan güləşçiləri: Avropa çempionatında bir gündə 1 qızıl və 2 gümüş medal!

 

Finlandiyanın Vantaa şəhərində keçirilən güləş üzrə Avropa çempionatının startında Azərbaycan komandasında günün qəhrəmanı qadınlardan ibarət  yığma kollektivimizin lideri Mariya Stadnik oldu.

Medallarla zəngin idman həyatında bir-birindən yüksək zirvələr fəth etmiş, o cümlədən PekinLondonda son iki Olimpiya oyunlarının müvafiq surətdə bürüncgümüş medallarının sevincini yaşamış, qadın güləşində Azərbaycanın ilk dünya çempionu olmuş Mariya iki gün əvvəl dördüncü dəfə öz çəki dərəcəsində Avropanın bir nömrəli güləşçisi kimi fəxri kürsünün birinci pilləsinə yüksəldi.

Özü də elə bir çətinlik çəkmədən. Mübarizəyə ikinci mərhələdən başlayan Stadnik  (48 kq) rusiyalı Nadejda Frolova, macar Mersedes Deneş,  Rumıniya təmsilçisi Maqdalina LinquraruNatalya Pulkovska (Ukrayna) ilə görüşlərdə rəqibləri üzərində üstünlüyünü inamla sübuta yetirib Avropa çempionatında Azərbaycan yığmasının qızıl medallarının hesabını açdı.

Çempionun komanda yoldaşı İrina Netreba da öz çıxışından və nəticəsindən razı qala bilər. Finaladək bütün sədləri uğurla dəf edən bu güləşçimiz bolqarıstanlı Viktoriya Bobeva, Belarus idmançısı Anastasiya Huçok üzərində qələbələrdən sonra yalnız həlledici görüşdə Valeriya Jolobovaya (Rusiya) uduzaraq 58 kq çəki dərəcəsində gümüş mükafatçı oldu.

Azərbaycan komandasına daha bir gümüş medalı isə sərbəst üsulla güləşən kişilərin turnirində  üç dəfə Avropa çempionu Xetaq Qazyumov (97 kq) qazandırdı. İvan Yankovski (Belarus), Kamil  Skazikeviç (Polşa) və Pavel Oleyniklə (Ukrayna) görüşlərdən qalib ayrılan Olimpiya oyunlarının ikiqat bürünc  müküfatçısı finalda rusiyalı Əbdüsalam Hədisova məğlub olsa da, fəxri kürsüdən kənarda qalmadı, Avropa çempionatlarında növbəti medalını qazandı.

Həmin gün xalça üzərinə çıxan dörd güləşçimizdən təkcə London Olimpiadasının çempionu Toğrul Əsgərov (65 kq) uğursuzluğa məruz qaldı. O, elə ilk görüşdə bolqar Borislav Novaçkova uduzdu.

Dünən, Avropa çempionatının ikinci günü  daha dörd güləşçimiz Qalib Əliyev (57 kq), Hacı Əliyev (61 kq), Patimat Baqomedova (53 kq) və Yuliya Ratkeviç (60 kq) yarış meydanına dəvət olunmuşlar.

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 3 aprel.- S. 7.