BMT-də Azərbaycanın məruzəsi yüksək dəyərləndirilmişdir

 

Cenevrədə BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında “Əlillərin hüquqları haqqında” konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan Respublikasının ilk məruzəsi təqdim olunmuşdur. Sessiyada Azərbaycanda əlilliyin səviyyəsinin dünya üzrə müvafiq göstəricidən 2,5 dəfədən çox aşağı olduğu bildirilmişdir.

Məruzə ilə çıxış edən Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri S.Müslümov qeyd etmişdir ki, hazırda Azərbaycan əhalisinin 5,6 faizi, yəni 530 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünya əhalisinin 15 faizi əlilliyi olan şəxslərdir”. O, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkədə əlilliyin artmasında mühüm rol oynamasını, respublikanın ərazi bütövlüyünün müdafiəsi zamanı 11912 nəfər insanın əlil olmasını vurğulamışdır. “Azərbaycan ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş 20 faiz hissəsindən qaçqın düşmüş insanlar arasında əlillik 6,5 faizə çatdığı halda, ölkənin digər əhalisi üzrə bu göstərici 5,5 faizdir”.

Diqqətə çatdırılmışdır ki, əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası, onlara layiqli həyat şəraitin yaradılması həm ölkənin konstitusiyasında, həm əsas strateji sənəd olan “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında, həm də aidiyyəti hüquqi-normativ sənədlərdə təsbit olunub. Eyni zamanda, “Əlillərin hüquqları haqqında” konvensiyaya uyğun olaraq, bu sahədə qanunvericiliyin, həm də praktiki icra mexanizmlərinin təkmilləşdirilməsi üzrə səylər davam etdirilir. Qeyd olunan işlərdə hökumətin əlil təşkilatları ilə sıx əməkdaşlığı, bu əməkdaşlıq şəraitində konvensiyanın müddəalarına uyğun şəkildə hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi, habelə “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Proqramı”nın layihəsi barədə məlumat verilmişdir.

Əlilliyi olan şəxslərin maddi təminatlarının gücləndirilməsi ilə bağlı Azərbaycanda həyata keçirilən fəal siyasət konkret göstəricilər əsasında diqqətə çatdırılmışdır. “2006-2013-cü illər ərzində əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 3,3 dəfə, sosial müavinətlərin məbləği isə 2,6 dəfə artırılmışdır. Cari ilin mart ayında Azərbaycan Prezidentinin imzaladığı, 32 907 nəfər əlili əhatə edən sərəncamlara əsasən əlillərə verilən sosial müavinətlərin məbləği orta hesabla 36 faiz artırılmış, müharibə əlillərinin ödənişli aliorta ixtisas təhsili alan övladlarının təhsil haqlarının dövlət büdcəsinin hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, əmək pensiyasını almaq hüququ olmayan I qrup əlillərin müavinətlərinin məbləği artırılaraq yaşayış minimumunu üstələyən məbləğdə müəyyənləşdirilmişdir”.

Əlillərin dövlət tərəfindən mənzil, minik avtomobili, digər reabilitasiya vasitələri, bərpa-müalicə xidməti, dərman pereparatları ilə təminatından söz açılmış, onların məşğulluq imkanlarının genişləndirildiyi, təhsil almaları və peşə hazırlığı keçmələri üçün lazımi şəraitin yaradıldığı, ölkədə əlil idmanının inkişafına dair məlumatlar da sessiya iştirakçılarının nəzərinə çatdırılmışdır. Məruzəçi konvensiyaya uyğun olaraq, əlilliyi olan şəxslər üçün sosial infrastrukturdan, nəqliyyat, İKT və rabitədən istifadənin təmin olunması məqsədilə Azərbaycanda görülən işlər barədə ətraflı məlumat vermiş, bu məsələnin daim hökumətin diqqətində dayandığını vurğulamışdır.

Sessiyada avropalı ekspertlər “Əlillərin hüquqları haqqında” konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan hökumətinin ilk məruzəsini yüksək dəyərləndirmiş və konvensiyanın icrası ilə bağlı ölkəmizdə görülən işlərdən məmnunluqlarını ifadə etmişlər. Sonra sessiya iştirakçılarının konvensiyanın bir sıra müddəalarının icrası ilə əlaqədar sualları cavablandırılmışdır.

 

Z.BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2014.- 4 aprel.- S. 5.