Sağlam gələcəyə hesablanan aksiya

 

Dünən Xətai Rayon İcra Hakimiyyəti başçısının yanında şuranın iclasında müzakirəyə çıxarılan əsas məsələ əhalinin pulsuz tibbi müayinədən keçirilməsinin vəziyyəti ilə bağlı idi. Məsələ ilə bağlı çıxış edən rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il fevralın 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığının milli genefondumuzun sağlamlığı üçün necə mühüm əhəmiyyət daşıdığının şərhə elə bir ehtiyacı yoxdur.

Bu tapşırığın icrasına xüsusi diqqətlə yanaşan Xətai Rayon İcra Hakimiyyətinin aparatı operativ tədbirlər görmüş, 12 fevral 2014-cü il tarixdə başçının sərəncamı ilə komissiya yaradılmış, dərhal idarə, müəssisə, təşkilat rəhbərlərinin və YAP Xətai rayon təşkilatı fəallarının iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə səhiyyə müəssisələrinin rəhbərlərinə müəssisələrdə tibbi avadanlıqların işlək vəziyyətdə olması, tibbi heyətin hazırlığı, eləcə də rayon ərazisində yaşayan əhali arasında təşkilati-izahat işini aparmaqla tədbirin yüksək mütəşəkkilliklə keçirilməsi barədə müvafiq tapşırıqlar verilmişdir.

R.Məmmədov qeyd etdi ki, əhalinin sağlamlığının qorunması, sağlam həyatın təmin edilməsi daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olmuşbununla əlaqədar son illər bir çox tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər nəticəsində ölkəmizin hər bir bölgəsində olduğu kimi, Xətai rayonunda da müasir səhiyyə müəssisələri yaradılmış, mövcud müalicə ocaqları yenidən qurulmuş, əhaliyə ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün şərait yaradılmışdır. Məhz bu şərait dövlət başçısının son tapşırığının yüksək səviyyədə yerinə yetirilməsində özünü göstərmişdir.

Qeyd olundu ki, əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı rayon ərazisindəki tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar isə məktəblərdə, uşaq bağçalarında, istehsal müəssisələrində, həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmişlər. Son məlimatlara görə 17 fevraldan 3 aprel 2014-cü il tarixinə rayonun 268 mindən çox sakininin 121 min 148 nəfəri tibbi müayinədən keçirilmiş, bunlardan 16 min 492 nəfər ambulator müayinəyə, 1129 nəfər isə stasionar müəlicəyə qəbul edilmişdir. Aşkar olunan xəstəliklərdən böyüklər arasında ən çox tənəffüs, həzm, əsəb, diabet kimi xəstəliklər, uşaqlar isə faringit, anomiya, piylənmə, karies, konyuktivitodenoid üstünlük təşkil edir.

Eyni zamanda, rayon ərazisində müvəqqəti olaraq məskunlaşmış məcburi köçkün ailələrinin tibbi müayinədən keçirilməsi də nəzərdə tutulmuşdur. Bununla əlaqədar, rayon icra hakimiyyəti başçısının tapşırığına əsasən qrafik tərtib olunaraq ərazi üzrə poliklinikalara göndərilmişdir. Bu tədbirin aprel ayında tam icrası nəzərdə tutulmuşdur.

 Şurada qeyd olundu ki, rayon ərazisində təşkil olunan bu aksiyada YAP Xətai rayon təşkilatının üzvləri xüsusi fəallıq göstərmişlər. Təşkilatın sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov çıxış edərək bildirdi ki, ölkə Prezidentinin bu tədbiri sadəcə bir aksiya yox, xalqın sağlam gələcəyinə hesablanmış strategiyanın vacib bəndlərindən biridir. Şuranın iclasında iştirak edən rayon tibb müəssisələrinin rəhbərləri də Prezidentin tapşırığının mühüm əhəmiyyət daşıdığını, xalqın dövlət başçısının bu tədbirindən böyük razılıqla danışdığını qeyd etdilər və bu məsələyə tibb işçilərinin daha böyük məsuliyyətlə yanaşmalarının vacibliyini vurğuladılar.

 

 İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2014.- 5 aprel.- S. 7.