Azərbaycan dövləti daha bir mühüm strateji konsepsiyanın icrasına start verdi

 

Bu gün dünyanın sürətlə inkişaf edən ölkələrində belə sosial-iqtisadi inkişafın  Azərbaycan modeli  ilə bağlı xüsusi müzakirələr aparılır,  təqdiredici fikirlər səsləndirilir.  Mötəbər beynəlxalq təşkilatlar və Avropanın aparıcı reytinq mərkəzləri  səmimiyyətlə etiraf edirlər ki, cəmi 23 il müstəqillik tarixi olan gənc bir dövlətdə cəmiyyətin demokratikləşdirilməsi, insanların sosial-rifah halının yüksəldilməsi, işsizliyinyoxsulluğun azaldılması, müasir informasiya-kommunikasiya texnlogiyalarının tətbiqində və bu kimi bütün sahələrdə möhtəşəm uğurların əldə edilməsi bu modeli gündəmə gətirən əsas amillərdəndir.

Təbii ki,  bütün bunlar ölkənin elmi şəkildə əsaslandırılmış mühüm əhəmiyyətə malik strateji dövlət proqramları ilə idarə olunmasının nəticəsidir.

Respublikamız  təbii sərvətlərlə, xüsusən,  neftqaz ehtiyatları ilə zəngindir. Buna görə də həmin sahənin gəlirləri  möhtəşəm uğurların əldə edilməsi, ümumilikdə, ölkəmizin sürətli yüksəlişi üçün geniş imkanlar açır. Bununla belə, Azərbaycan hökuməti müasir dövrün tələblərini nəzərə alaraq,  neft-qaz sektorundan əldə edilən gəlirlərin qeyri-neft sektoruna istiqamətləndirilməsi yolu ilə həmin sahədən asılılığın  azaldılması yolunda konkret addımlar atır.  Bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdən biri  informasiya-kommunikasiya texnologiyaları sektorunun durmadan inkişaf etdirilməsi, bu sahənin ən yeni nailiyyətlərinin ölkə iqtisadiyyatına tətbiq olunmasıdır. Bu mənada, əminliklə deyə bilərik ki, Azərbaycanın qeyri-neft sektorunda qazandığı uğurlar sırasında informasiya-kommunikasiya texnologiyaları sahəsindəki yeniliklər məxsusi yer tutur.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin müəllifi olduğu “Azərbaycan 2020: gələcəyə baxış’’ inkişaf  konsepsiyası ölkəmizdə bütün sahələrin inkişaf strategiyasını müəyyənləşdirən əsaslı sənəddir. Azərbaycanın qarşıdakı sosial-iqtisadi inkişaf platformasını və  innovativ iqtisadiyyata keçidi uğurla başa çatdırmağa imkan verən bu sənəd yeni onillikdəki yüksəlişimizi təmin edəcəkdir. “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi” konsepsiyada əsas istiqamətlərdən birini təşkil edir. Burada qoyulan məqsədlərə görə, 2020-ci ilə qədər informasiya cəmiyyətinə keçid təmin edilməli, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyat qurulmalı, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyət genişləndirilməlidir. İKT-nin ölkədə inkişaf etdirilməsi sahəsində qarşıya qoyulan məqsədlərə həmçinin, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi, yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması da daxildir. Eyni zamanda, ölkə əhalisinin İKT və rabitə xidmətlərindən istifadə imkanları daha da genişləndiriləcək, informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində etibarlı təhlükəsizlik sistemi yaradılacaq, milli standartlar formalaşdırılacaq, ölkə üzrə tam rəqəmli televiziya yayımı tətbiq olunacaq. Eləcə də 2020-ci ilə qədər “elektron hökumət” xidmətlərinin 100 faiz tətbiqi nəzərdə tutulur ki, bununla da əhali hökumət orqanları tərəfindən qısa zaman ərzində göstərilən daha asan, keyfiyyətli xidmətlərlə təmin olunacaq.

 Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun qeyd etdiyi kimi, hər bir ölkənin informasiya məkanı və informasiya mühiti,  informasiya ehtiyatları və texnologiyaları cəmiyyətin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafının  səviyyəsini və dinamikasını müəyyənləşdirir. Bu baxımdan,  Azərbaycanın inkişafı naminə informasiyakommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər) gerçəkləşdirilməsi ölkəmizdə informasiya cəmiyyətinin formalaşdırılması üçün müvafiq hüquqi baza yaratmışdır. Bununla yanaşı, həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmışdı”. Azərbaycan bu istiqamətdə kifayət qədər layihələr həyata keçirdiyinə görə beynəlxalq aləmdə özünəməxsus nüfuz qazanmışdır. Əlavə edək ki, biz bu addımları atmaqla BMT Baş Assambleyasının qəbul etdiyiMinilliyin Bəyannaməsi” və “İnformasiyakommunikasiya texnologiyalarından inkişaf naminə istifadə” adlı qətnamələrin həyata keçirilməsinə də xüsusi töhfələr vermişik. Bu il aprelin 2-də  Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” isə  informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, müasir və çoxtəyinatlı infrastrukturun formalaşmasına,  həmçinin hərtərəfli sosial-iqtisadi tərəqqiyə əsaslı stimul verəcəkdir. Sənəddə də deyildiyi kimi, bu gün İKT respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluqişsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilmişdir. İnternet mediasının inkişafı, internetdə fikirsöz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xaricidaxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır.

Azərbaycanın  hədəfi  İKT-nin tətbiqinin  illik artımını təxminən 18-20 faiz ətrafında saxlamaqla, qarşıdakı səkkiz ildə sektorun gəlirlərini 8-9 milyard ABŞ dollarına çatdırmaqdır. Buna əsasən rəqabət mühitinin yaxşılaşdırılması, sektora olunan fiskalmonetar güzəştlər, ixrac potensialının artırılmasına yönəlmiş siyasət, regional İKT resurslarının, yüksək texnoloji məhsul və xidmətlərin yaradılması, güclü insan kapitalına əsaslanan innovativ sahibkarlığın inkişafı hesabına nail olunması planlaşdırılmışdır. Konsepsiyada müəyyən edilmiş əsas hədəfə çatmaq üçün növbəti on ildə İKT sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi, İKT-nin iqtisadi potensialının gücləndirilməsi, cəmiyyətin İKT ehtiyaclarının ödənilməsi tələb olunur. Bunlara nail olmaq üçün innovativ, rəqabətqabiliyyətli və ixracyönlü İKT potensialının formalaşdırılması, ölkənin regional informasiya xidmətləri mərkəzinə çevrilməsi, kosmik sənayenin inkişaf etdirilməsi və peyk texnologiyalarının geniş tətbiqi, vətəndaşların və cəmiyyətin mövcud imkanlardan, məhsul və xidmətlərdən səmərəli bəhrələnməsi üçün şərait yaradılması və onların İKT biliklərinin, bacarıqlarının və hazırlığının yüksəldilməsi, “elektron hökumət”in inkişaf etdirilməsi və dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərdən istifadə edilməsi, həmçinin mövcud İKT infrastrukturunun və İKT istifadəçilərinin informasiya təhlükəsizliyinin təmin edilməsi, yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması, görülən işlərə elmi dəstək verilməsi, ölkənin qlobal informasiya məkanına sıx inteqrasiyası vacibdir.

Gənc müstəqil dövlətimizin 23 illik həyatında tarixi hadisə kimi qiymətləndirilən çoxsaylı yeniliklər baş vermişdir. Ancaq qəbul edək ki, 2013-cü il fevralın 8-də - bütün dünyanın gözü qarşısında, Azərbaycan, AvropaAmerika mütəxəssislərinin birgə səylərinin nəticəsi olan, fəqət, Azərbaycan adıyla ərsəyə gəlib, Azərbaycan bayrağının təsviri ilə kosmosa göndərilən yeni telekommunikasiya peykinin orbitə çıxarılması hər birimizdə daha böyük fəxarət hissləri yaratmışdı.  Hər birimiz fəxr edirdik ki, biz  dünyanın 50-dən artıq ölkəsini birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaq, fəqət, siyasi əhəmiyyəti və mənəvi dəyəri ondan qat-qat artıq olan bir nailiyyətə imza atmışıq. Kosmosa göndərilən telekommunikasiya peykinin ərsəyə gətirilməsi ilə yanaşı Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” Səhmdar Cəmiyyətinin təsis edilməsi və ən müasir tələblərə cavab verən şəkildə formalaşdırılması da böyük səy və vəsait tələb edirdi. Azərbaycan dövləti bu layihəni də böyük uğurla reallığa çevirmişdir.

“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”sının uğurlu icrası isə ölkəmizin daha böyük nailiyyətlərə imza atmasına şərait yaradacaqdır. İKT-nin, o cümlədən internet iqtisadiyyatının inkişaf etdirilməsi ənənəvi iqtisadi sahələrin inkişafında da mühüm rol oynayacaqdır. Məhz internet iqtisadiyyatı yeni istifadə və iştirak mühitlərinin yaranmasına, məhsuldarlığın artırılmasına, rəqiblər üzərində strateji üstünlüyün əldə olunmasına, tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsinə, informasiya resurslarından optimal istifadəyə və bütövlükdə cəmiyyətin rifahının yaxşılaşdırılmasına şərait yaradır.

 Bu mənada, yeni-yenu uğurlara imza atmaq, qlobalregional çağırışlara cavab verərək ölkəmizin dünya nizamında öz mövqelərini daha da gücləndirmək  üçün elmi əsaslara söykənən strateji konsepsiyalar mühüm əhəmiyyətə malikdir. Çünki tarixin hər bir inkişaf mərhələsinin özünəməxsus xüsusiyyətləri, hədəfləri və çağırışları var. Hazırda dünyada gedən əsas inkişaf tendensiyaları və trendləri daha çox informasiya kommunikasiya texnologiyaları amilinə söykənir. Ona görə də “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyamühüm bir sənəddir və onun icrası  müasir dövrün çağırışlarından irəli gəlir.

 

 

Rauf  KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2014.- 6 aprel.- S. 3.