CAVANŞİR – görkəmli dövlət xadimi, cəsur sərkərdə, mahir diplomat

 

(əvvəli qəzetin 12 aprel 2014-cü il tarixli sayında)

 

Bizansla hərbi-siyasi ittifaqda olması, Albaniyanın və sərkərdə - hökmdar kimi Cavanşirin nüfuzunu daha da artırmışdı. Hər iki tərəf bu ittifaqa və dostluğa çox böyük əhəmiyyət verirdi. Tərəflər dostluq və ittifaqı daha da möhkəmləndirmək naminə əllərindən gələni edirdilər. 661-ci ilin yazında alban hökmdarının imperator II Konstantla Vaqarşapatda olan növbəti görüşü də bu məqsədə xidmət edirdi. Salnaməçinin yazdığına görə, Bizans imperatoru bu dəfə də Cavanşiri xüsusi bir hörmətlə qarşılayıb: “İmperator əmr etdi ki, bütün saray xadimləri və əyanlar onun qarşısına çıxsınlar. O, imperator kimi təntənə ilə II Konstantın sarayına daxil oldu. Cavanşiri görən kimi II Konstant onu qucaqladı və bütün əyanlarından yuxarıda oturtdu... İmperator əmr etdi ki, Cavanşirin qabağına çara layiq süfrə açsınlar, bu isə onunla həmsüfrə olanları həddindən artıq təəccübləndirdi. Bundan başqa, imperator Cavanşirin belinə öz babası İraklinin və ulu nənəsi Niketanın çar kəmərini bağladı, çiyninə öz əbasını saldı və iki bayraq bağışladı. Cavanşirin iki gənc oğlunu patrik rütbəsinə layiq gördü. O, Albaniyanın ilk çarlarına məxsus olan bütün kənd və mülklərini Cavanşirə irsən nəsildən-nəslə keçmək şərtilə bağışladı və çar kimi bütün Şərq xalqına hökmran təyin etdi”.

Fikrimizcə, burada diqqəti daha çox cəlb edən önəmli məqamlardan birisi də uzun illər ərzində dünyaya meydan oxuyan böyük bir imperiyanın başında duran bir şəxsin - imperator II Konstantın bir dövlət olaraq Albaniyaya, onun dövlət başçısı Cavanşirə olan rəğbətidir. Bu isə Albaniya dövlətinin və onun başçısının nüfuzuna dəlalət edirdi. Əlbəttə, bütün bunlar Vətən tarixinin çox şanlı səhifələri kimi yad edilməyə və daha dərindən öyrənilməyə layiqdir. Bu yerdə M.Kalankatuklunun qeydlərindən daha bir məqamı yada salmaq istərdik: “İmperator heç bir fikrini ondan gizlətmirdi və ondan müdrik məsləhətlər eşidəndə heyran olurdu”. Təsadüfi deyildir ki, 661-ci il Vaqarşapat görüşü başa çatandan sonra Cavanşirlə vidalaşarkən Bizans imperatoru belə demişdi: “Cismən sən həmişə mənimləsən, mənim qəlbim səninlədir, salamatlıqla qayıt!”.

Maraqlı, həm də ibrətamiz haldır ki, ölkədə və Vətəndən uzaqlarda hörməti və nüfuzu artdıqca Cavanşirin öz təbəələrinə sevgi və qayğısı da artırdı. Məsələn, o, Bizans imperatoru ilə görüşdən qayıdandan sonra əmr edir ki, “xalq tiksin, əksin, kef çəksin və əmin-amanlıqda yaşasın”. Hökmdar özü isə salnaməçinin xəbər verdiyi kimi, çoxlu saraylar tikdirdi.

Cavanşirin ölkə üçün, xalq üçün etdikləri, onun müasirlərini heyran edən insanı keyfiyyətləri barədə söz-söhbətlər az qala ildırım sürəti ilə dünyanın hər tərəfinə yayılmaqda idi. M.Kalankatuklunun yazdığına görə, “hətta Hindistan çarı da ondan əmin-amanlıq və dostluq gözləyirdi və Cavanşirə hədiyyə olaraq seçmə atlar, nökər və xadimlər, sürünən heyvanların dərisini göndərdi. Suriyadan, Atrpatakandan, Ayraratdan, Gürcüstandan və hətta Hindistandan adamlar gəlirdi ki, onu görüb, səsini eşitsinlər. Bütün ölkələrdə onun idrakı barəsində söhbətlər gedirdi və onun hər gələnə qarşı məhəbbəti hər bir ölkədə gözəl əfsanəyə çevrilirdi”.

Cavanşirin diplomatik səylərinə baxmayaraq, Albaniya ərazilərinin xilafət ordusu tərəfindən istila olunmasının qarşısını almaq mümkün olmadı. Salman ibn Rəbiənin hərbi dəstələri qısa vaxt ərzində Bərdə, Beyləqan, Uti, Şəki, Qəbələ və Şamaxını ələ keçirərək yerli hakimlərlə sülh sazişi bağladı. Xəlifə Əbu Bəkr (632-634) orduya əmr etmişdi ki, kiçik uşaqları, qocaları, qadınları öldürməyin, meyvə ağaclarını tələf etməyin, yemək üçün lazım olandan başqa qoyun, inək və dəvələri kəsməyin, hücrələrdə dini ayinlə məşğul olan adamları rahat buraxın, sizi qəbul edən hər bir şəhər və xalq ilə müqavilə bağlayın, onlara verdiyiniz vədlərə sadiq olun, qoy onlar biz gələnədək əməl etdikləri qayda və qanunlarla yaşasınlar". Bütün bunlara görə də uzun müddət yadelli zülmündən və istilalardan əziyyət çəkən Albaniya əhalisi ilk vaxtlar ərəbləri bir növ xilaskar kimi qarşıladı. Maraqlıdır ki, xilafət qüvvələri yerli əhalinin müqaviməti olmadan ələ keçirdikləri yerlərdə torpaqları əvvəlki sahiblərinin ixtiyarında saxlayırdılar, bu şərtlə ki, onlar torpaq vergisini ödəsinlər. Müqavimətlə rastlaşdıqları yerlərdə isə torpaqları hərbçilər, yaxud da yerli əhali arasında bölüşdürürdülər. Bunun müqabilində isə yerli əhali və torpaq sahibləri cizyə və xərac ödəməli idi. Vaxtilə ərəblərin məskunlaşdığı, yaxud da sahibi mənşəcə ərəb olan neçə-neçə kənd bu gün də Azərbaycan ərazisində qalmaqdadır. Bu kəndlər görünür, vaxtilə əhalisi xilafət ordularına müqavimət göstərən kəndlərdir. Ona görə də ərəblər həmin yaşayış məntəqələrinin torpaqlarını ərəb mənşəli hərbçilərə veriblər. Həmin yaşayış məntəqələrinin yeni adları da məhz bu zəmində meydana gəlib.

 

Şimal təhlükəsi – Cavanşirin fəlsəfəsi

 

Azərbaycan ərazisi tarix boyu çoxsaylı hərbi toqquşmalar meydanı olub. Sasanilər və ərəblər cənubdan, şimaldan isə köçəri xalqlar zaman-zaman bu yerlərə basqın və yürüşlər edərək qətl və qarətlər törətmişlər. Xəzərlərin timsalında şimaldan olan basqın və yürüşlər xüsusilə amansız olmuşdur. Onların 627 və 630-cu illərdəki yürüşləri zamanı Albaniya, sözün əsil mənasında, viran edilmişdir.

Cavanşirin hakimiyyəti illərində də xəzərlər tərəfindən dəfələrlə Albaniya ərazilərinə dağıdıcı yürüşlər olmuşdur. Alban tarixçisi M.Kalankatuklu xəzərlərin 662-ci il hücumunu belə xatırlayır: “Xəzərlər qarət və talan məqsədilə Albaniyaya basqın etdilər. Belə halda Albaniyanın knyazı yaraq-əsləhəsini geyib hər şeyə qalib gələn xaçın qabağına gələrək Allaha dualar edir. Sonra da ordusunu götürüb... Kür çayının o biri sahilinə keçdi və xəzərlərə hücum etdi. Atı büdrəyib onu yerə yıxsa da, o, cəld ayağa qalxır və düşmənlərə hücum edib o günü böyük qələbələr qazandı və barbar qəbilənin başçısına bu sözləri dedi: “Get və Çola darvazasından geriyə çəkil və bir daha buraya qayıtma!..

Amma xəzərlər iki il sonra yenidən böyük qüvvə ilə Albaniya ərazisinə basqın etdilər. Onlar Araz sahillərinədək irəliləyərək çoxlu qənimət və əsir apardılar. Nəticədə Albaniya Xəzər xaqanlığının vassallığını qəbul etməklə hesablaşmalı oldu. Lakin bu şəraitdə də Cavanşirin diplomatik məharəti öz tarixi rolunu oynamış oldu. Belə ki, o, Xəzər xaqanının qızı ilə evlənməklə, bundan belə xəzərləri də özünə dost və müttəfiq edə bildi.

Tarixi mənbələrdə hun hərbi birləşmələrinin zaman-zaman Albaniya ərazilərinə basqın və yürüşləri barədə məlumatlar yetərincədir. 664-cü ilin dekabrında çoxminli atlı hun qoşunları növbəti dəfə Albaniyaya basqın etdi. Onlar geniş əraziləri çapıb talayaraq Araz çayınadək irəlilədilər. Mənbələrin yazdığına görə, istilaçılar, hətta, Ararat vilayətində və Sünik ölkəsində aldığı əsirləri, Cənubi Qafqazın qış otlaqlarından ələ keçirdikləri çoxlu qoyun və mal-qara sürülərini də Araz sahilində qərarlaşdıqları düşərgələrinə apardılar. Maraqlıdır ki, ölkənin içərilərinə qədər irəliləmiş Hun çarı Cavanşirdən yenə də ehtiyat edirdi. Ona görə də, o, Cavanşirlə vuruşmaq yox, görüşmək arzusunda idi. Elə bu məqsədlə də o, öz qardaşlarını Cavanşirin yanına elçi göndərərək onunla görüşmək və qardaşlıq münasibətləri qurmaq arzusunda olduğunu bildirib. M.Kalankatuklunun yazdığına görə, “bu vaxta qədər heç bir... hökmdar Türküstan çarı ilə üzbəüz çıxmağa cəsarət etmirdi, lakin igid və mərd Cavanşir ondan heç qorxmadı. O, cürətlə və mərd ürəklə... bütün əyanları ilə onun yanına getdi. Hun çarı da qayıqla çayın... bu sahilinə gələrək Cavanşirin qabağına çıxdı”. Beləliklə, həmin görüşdə Albaniya hökmdarı ilə Hun çarı dostluq və qardaşlıq barədə saziş imzaladılar. Onlar mehribançılıqla ayrıldılarsa da, Cavanşir gecəni rahat yata bilmədi. Ölkəsinin vətəndaşlarının və mal-mülkünün hunların əlində qalması onu rahat buraxmırdı. Odur ki, elə ertəsi günü Cavanşir növbəti hünər göstərir. Alban tarixçisi M.Kalankatuklu bu barədə belə yazır: “On yeddi döyüşçü ilə o, çayın o biri sahilinə keçib hunların düşərgəsinə gəldi və burada çarın qızını aldı, əsarətdən 120 min baş qoyun, 8 min at və öküz qurtardı, 1200 əsri azad etdi”. Hökmdarın əmri ilə düşmənin qarət etdiyi mallar öz sahiblərinə qaytarıldı. Onun bu növbəti hünəri ilə bağlı xəbərlər çox-çox uzaqlarda – “Şərqdən-Qərbə və Şimaldan-Cənuba qədər, arilər və qeyri-arilər arasında geniş yayıldı”.

Alban hökmdarı ölkədə və onun hüdudlarından çox-çox uzaqlarda böyük hörmət və nüfuz sahibi olmuşdu. Cavanşiri “Şərqin hökmdarı” kimi vəsf edən, onu “Cənub hökmdarı”, “Şimal hökmdarı” və “Qərb hökmdarı” ilə müqayisə edən M.Kalankatuklu belə yazır: “Cavanşir dünyaya gələn gündən şan-şöhrət üçün yaranmışdı və bu günə kimi Allah-təala onu bütün işlərdə əzəmətli olmağa layiq gördü. Elə bunlara görə biz onu heç bir çardan əskik görmürdük”.

Qeydlərindən göründüyü kimi, Alban tarixçisi Cavanşiri döyüşlərin qəhrəmanı, Bizansla, xəzərlərlə, ərəblərlə normal diplomatik münasibətlər qura bilən mahir siyasətçi və nəhayət, öz ölkəsində böyük quruculuq işləri görmüş olan görkəmli dövlət xadimi kimi təqdim edir.

 

Sui-qəsd

 

680-ci ilin qızmar yay günlərindən birində Cavanşir öz əyanları və cangüdənləri ilə birlikdə yüksək dağların ətəyindəki gül-çiçəkli çəmənliklərdə dincəlməyə gəlmişdi. Bir çox çətin və qeyri-bərabər döyüşlərdə qələbələr qazanan, ölkəsinin ərazi bütövlüyünü və dövlətinin siyasi cəhətdən müstəqilliyini qoruyub-saxlaya bilən, xalqına əmin-amanlıq və firavanlıq bəxş etmiş olan bu insan da, nəhayət ki, dincəlməyə vaxt tapmışdı. Xaçqaldırma bayramı (bu, təqribən 680-ci ilin 16 sentyabrına düşür) gələndə o, istirahətini bitirib Bərdəyə qayıtdı. Məqsədi kilsəyə gedərək Allaha ibadət etmək, qurbanlar vermək idi. Təəssüf ki, bu, baş tutmadı. Əksinə, bayram ərəfəsində olan ölkə dəhşətli faciə yaşamalı oldu. Dəhşətə bir baxın! Dünyanı lərzəyə salan, neçə-neçə cahangiri döyüş meydanlarında atdan salan, onlara hünər və igidlik dərsi verən şir ürəkli, pəhləvan cüssəli qəhrəman son məqamda bir xainin zərbəsi ilə dünyadan köçməli oldu. Görün, M.Kalankatuklu bu səhnəni necə də ürək yanğısı ilə qələmə alıb: “Şanlı Cavanşir orada (yəni sarayın bağçasında) zövqlə istirahət etdiyi vaxt adı bilinməyən bir namussuz, şərli və murdar adam hökmdarın ona qarşı olan məhəbbətini, hədsiz ehtiramını və atasının evinə göstərdiyi qayğını unudaraq onu öldürmək fikrinə düşdü... Artıq gecənin yarısı keçmişdi və Cavanşirin keşiyini çəkən silahlı gözətçiləri rahat yuxudaydılar. O, gül-çiçəklər arasında olan cığıra çıxdı. Zirehsiz olub, təkcə belində qılıncı var idi. Elə bu vaxt kənardan qabağına sanki onun silahdarı imiş, əlində knyazın əsası, belində polad qılıncı və qalxanlı şər ürəkli xain Varazo çıxdı. Bundan əlavə bu insafsız caninin kaftanı altında zirehi də var idi... Onlar bağın ortasını keçib geniş çar həyətini əhatə edən divara çatanda hər şeydə tədbirli olan qüdrətli Cavanşir qəddar qatilin niyyətini anladı. O, görünmədən sakitcə saraya qayıtmaq istədi. Lakin qılıncını yarıya qədər qınından çıxaran insafsız qatil buna hazır idi və dönüb igid knyazın belinə zərbə endirdi və onu ağır yaraladı... Cavanşir şir kimi nərildəyib qatilin üstünə cumdu, amma... Qatil isə zəhərli ilan və qudurmuş vəhşi heyvan kimi zərbə üstə zərbə endirib Cavanşirin bədənini doğram-doğram edərək öz ağasını yerə sərdi”.

Cavanşirin qardaşı oğlu knyazın şəxsi gözətçilərindən 50 atlı götürərək qatili təqib etsə də, onu ələ keçirə bilməyib. Qohum-əqrəbasından qisas almaq məqsədi ilə Arcahunik mahalına gələrək qatilin atasının evini talan edir, yandırır, sonra da kor-peşman geri dönür. Cavanşir isə hələ də nəfəs alırdı və bir neçə gün yaşadı da. O, oğullarını çağıraraq hər birinin xəzinə payını və rütbələrini təyin etdi, hər birinə malikanə ayırdı və ağır yaralardan taqətdən düşərək vəfat etdi. Beləliklə, qüdrətli alban hökmdarı Cavanşir 680-ci ildə 64 yaşında sui-qəsd nəticəsində dünyaya göz yumdu.

Hökmdarın xaincəsinə qətlə yetirilməsi Albaniyada ümummilli matəmə çevrildi. O vaxtdan əsrlər ötsə də, Cavanşir xalqımızın yaddaşında qəhrəmanlıq simvolu olaraq yaşamaqdadır.

Mehranilərin sarayında yaşayan və M.Kalankatuklunun məlumatına görə, görkəmli filosof, gözəl natiq və ustad şair kimi tanınan Dəvdək Cavanşirin ölümü ilə əlaqədar 140 misralıq qəsidə yazıb. Alban tarixçisi “Böyük hökmdar Cavanşirin ölümünə ağı” adlanan həmin qəsidəni də öz əsərinin ikinci kitabına daxil edib.

Qəribədir ki, o vaxtdan 1364 il keçməsinə baxmayaraq, erməni alimləri hələ də sübut etməyə çalışırlar ki, guya, Dəvdək ermənidir və Erməniyyədən xüsusi sifariş əsasında gələrək Cavanşirin ölüm səhnəsini nəzmə çəkib. Lakin bu çirkin niyyət sahibləri anlamırlar ki, Albaniyada yaşamayan, Cavanşiri yaxından tanımayan, onun ruhunu duymayan, hünərlərindən xəbəri olmayan hansısa bir əcnəbi şair (o da ki, erməni ola) heç vaxt sifarişlə belə bir təsirli əsər yarada bilməzdi. Bu əsərdə təkcə şairin deyil, bütövlükdə Albaniya məmləkətinin niskili, kədəri bədii surətdə ifadə olunmuşdur.

 

İgid ölər – adı qalar

 

Görkəmli dövlət xadimi, bacarıqlı diplomat və cəsur sərkərdə olan Cavanşir 43 il ərzində Albaniya dövlətinə başçılıq edib. Onun hərbi, sıyasi və diplomatiya sahəsindəki misilsiz xidmətləri barədə çox deyilib, çox yazılıb. M.Kalankatuklunun “Albaniya tarixi” əsərinin 18-19, 22-31, 36-38-ci fəsilləri bilavasitə Cavanşirin hünər və xidmətlərinə həsr edilib. Slavyan-rus, rus-sovet, erməni-gürcü və xüsusilə də İran və Azərbaycan tarixşünaslığında Cavanşirin Albaniya dövlətçiliyinin qorunması və daha da qüdrətlənməsi sahəsindəki xidmətlərinə kifayət qədər geniş yer verilib. Azərbaycanda və Şərqin bir çox digər ölkələrində Cavanşirin xidmətlərindən bəhs edən çoxsaylı ədəbi əsərlər meydana gəlib. Əfsuslar olsun ki, onun xidmətlərinin tarixi mənbələrdə göstərildiyi qədər möhtəşəm olduğuna şübhə edənlər də tapılıb. Məsələn, rus alimi K.V.Trever M.Kalankatuklunun Cavanşirin timsalında “döyüşlərin qəhrəmanı”, “Bizansla, xəzərlərlə və xilafətlə münasibətləri tənzimləməyi bacaran mahir diplomat”, “dağıntılar içərisində olan ölkəsini quran və bərpa edən” görkəmli şəxsiyyət obrazı yaratdığını qeyd edərək yazır: “Alban tarixçisi, sözsüz ki, Cavanşiri ideallaşdırıb, lakin bununla belə o, həmçinin Zaqafqaziya xalqlarının tarixində ən ağır dövrlərdən biri olan VII əsrin ortalarına aid görkəmli dövlət xadiminin maraqlı və həm də parlaq portretini yarada bilib”.

 Tədqiqatlar göstərir ki, Cavanşirin hakimiyyəti dövründə ölkənin nəinki maddi mədəniyyəti, həm də mənəvi mədəniyyəti yüksək inkişaf səviyyəsinə çatıb. Məhz Cavanşirin hakimiyyəti illərində və çox güman ki, bilavasitə onun tapşırığı ilə M.Kalankatuklu tərəfindən “Albaniya tarixi” əsəri yazılıb. Girdiman qalasında Cavanşirin şəxsi təşəbbüsü ilə zəmanəsinin ən təmtəraqlı məbədlərindən biri ucaldılıb və s. Onun cəsur sərkərdə, görkəmli dövlət xadimi, mahir diplomat və ən nəhayət, Vətənini və xalqını ürəkdən sevən böyük bir insan olduğu barədə məgər təkcə M.Kalankatuklu yazıb? Elə isə Cavanşirin misilsiz xidmətləri ilə bağlı əsrlər boyu xalqın yaddaşında, çoxsaylı folklor nümunələrində yaşayan parlaq səhnə və obrazları kim yaradıb?! Fikrimizcə, K.V.Treverin M.Kalankatuklu tərəfindən Cavanşir obrazının “ideallaşdırılması” barədə yazdıqları ən azı velikorus şovinizmindən irəli gələn qısqanclıq hissinin ifadəsi kimi başa düşülə bilər. O, sadəcə Rusiya imperiyasının təmsilçisi və velikorus şovinizminin nümayəndəsi olaraq qeyri-xalqların təmsilçiləri içərisində bu cür parlaq şəxsiyyətlərin olduğunu qəbul edə bilmədiyindən belə yazıb. Əslində isə, Cavanşir həqiqətən dövrünün böyük şəxsiyyəti olub. Onun xidmətlərini ideallaşdırmağa ehtiyac olmadığı kimi, onu danmaq da qeyri-mümkündür.

On üç əsrdən çox bir müddətdir ki, Cavanşirin hünəri və xidmətləri xalqın yaddaşında yaşamaqdadır. İsmayıllı rayonu ərazisində VII əsrin yadigarı olan Cavanşir qalası, alban hökmdarlarının yay iqamətgahı kimi tanınan Girdiman qalası, Cavanşirin təşəbbüsü ilə orada tikilmiş müqəddəs Allah evi, onun şəxsi feodal mülklərindən hesab edilən Ağsu rayonu ərazisindəki Cavanşir kəndi (ötən əsrin 50-ci illərində həmin kənd köçürülərək yerində su anbarı tikilib), Ağsu, İsmayıllı, Qəbələ və Oğuz rayonları ərazisindəki bir sıra qədim toponimlər də qüdrətli alban hökmdarının adının və xidmətlərinin bu günə qədər yaşadığından və xalq tərəfindən unudulmadığından xəbər verir. Bütün bunları qeyd etməklə yanaşı, böyük təəssüf hissi ilə onu da etiraf etməliyik ki, qədim dövlətçililik tariximizin parlaq simalarından olan Cavanşirin hünəri və xidmətləri bu günədək yetərincə tədqiq və təbliğ olunmayıb. Təbiidir ki, zaman-zaman tərkibində və ya təsir dairəsində olduğumuz nəhəng imperiyaların ideologiyası Azərbaycan xalqının görkəmli simalarının, o cümlədən Cavanşirin real obrazının olduğu kimi cəmiyyətə və dünyaya təqdim olunmasına imkan verməmişdir. Mən özüm bunun şahidiyəm. 1976-cı ildə Tarix İnstitutunun aspiranturasına qəbul olarkən namizədlik dissertasiyası yazmaq üçün bütün uşaqlığımı, necə deyərlər, beş addımlığında keçirdiyim Cavanşir qalası ilə bağlı mövzu götürmək arzusunda idim. Amma elmi rəhbərim məsləhət bilmədi. Məni inandırdı ki, Cavanşirlə bağlı yazacağım dissertasiyanı Moskva təsdiq etməyəcək. Bəli, o illərdə Moskvada – SSRİ Ali Attestasiya Komissiyasında ermənilərin sözü keçirdi. O zaman belə idi. Bəs indi necə? İndi kim əlimizi tutub?! Yəni, artıq öz dövrünün cəsur sərkərdəsi, mahir diplomatı və görkəmli dövlət xadimi kimi Albaniyadan çox-çox uzaqlarda məşhur olan Cavanşirin xidmətlərindən bəhs edən sanballı və elmi və bədii əsərlərin işlənməsi, filmlər çəkilməsi zamanı yetişib. Nəhayət, Bakıda və İsmayıllıda Cavanşirin adına və xidmətlərinə layiq möhtəşəm abidələr ucaldılması da yerinə düşərdi. Hesab edirəm ki, İsmayıllı rayonu ərazisində, təbiətimizin dilbər guşələrindən birində yerləşən Cavanşir qalasının arxeoloji cəhətdən öyrənilməsi, orada zəruri konservasiya işlərinin görülməsi, qalaya gedən yolun qaydaya salınaraq abidənin turizm marşrutuna daxil olunması da bu gün üçün qarşıda duran mühüm vəzifələrdəndir.

Sonda xüsusi vurğu ilə qeyd etmək istərdim ki, olanlarımızın, o cümlədən, görkəmli tarixi şəxsiyyətlərimizin dəyərini və qədrini hər kəsdən öncə özümüz bilməliyik. Yalnız bundan sonra yadların da həmin dəyərlərdən xəbərdar olması və onlara sayğı ilə yanaşması barədə düşünməliyik. 

 

Qafar CƏBİYEV,

 

Azərbaycan Respublikasının əməkdar jurnalisti,

 

tarix elmləri doktoru

 

Xalq qəzeti.- 2014.- 13 aprel.- S. 5.