Səni kim unudar?

 

...Yenə o illər, yenə o qumlu sahil, bir də ...Dilbər olaydı. Yenə də dəniz sahilində dalğalar kimi qıvrılan saçlara şair könlü şeir ərməğan edəydi. Həyatın yamanlıqlarına yaşamaq eşqi ilə meydan oxuyan gənc yenə sevdalar ölkəsində ürəkləri fəth edəydi. Yenə o Müşfiq olaydı, ancaq nə o şair qəlbini qandallamağa çalışan  “qanun”lar, nə də o cəlladlar olaydı... Kim bilir,  o zaman Mikayıl  Müşfiq qələmi  neçə-neçə ölməz əsərlər yaradardı...

Ömrünün ən qaynar çağında, 29 yaşında sovet repressiyasının qurbanı olmuş istedadlı şair Mikayıl Müşfiqin anadan olmasının 105 illiyi ilə bağlı Bakının Nizami rayonundakı 10 nömrəli orta məktəbdə ədəbi-bədii gecə keçirildi.  Rayon icra hakimiyyətinin başçısı Tahir Budaqovun, rayonun müəssisə və təşkilatlarının rəhbərlərinin,  ictimaiyyət nümayəndələrinin, eləcə  də məktəbin pedaqoji kollektivinin və fəal şagirdlərinin iştirak etdikləri tədbir tamaşaçıları sevgi dolu Müşfiq lirikasına köklədi.

Məktəbin şagirdləri   Əsmər Salamova  və Sadiq Musazadənin aparıcılığı ilə baş tutan tədbirdə Müşfiqin şeirləri ilə yanaşı, əsərlərinə bəstələnmiş  mahnılar da səsləndi. Şairin “Sənə qurban...”,  “Söylə?!” və digər mahnıları Fatimə, Günel və Valentinanın ifasında xoş ovqat bəxş etdi.  Şairin dillər əzbəri olan və nəcib duyğular oyadan  “Yenə o bağ olaydı” şeirini Çilənay Babaşlı və  Əyyub Vəliyev  xüsusi zövqlə səsləndirdilər.  Xalid Musazadə ilə Aysun İsmayılovanın canlandırdıqları Müşfiq və Dilbər obrazları  şairin həyat eşqinin sönməzliyıni nümayiş etdirdi.

Müşfiq o sənətkarlardan idi ki, sovet dövrünün  milli ənənə və musiqi alətlərini tənqid atəşinə tutduğu illərdə “Oxu tar, səni kim unudar?!”-deyə milli kökə sadiqliyini cəsarətlə bildirmişdi.   Bu baxımdan  ədəbi-bədii kompozisiyada  Müşfiqlə (Xalid Musazadə)  tarzən Qurban Pirimovun (Cəlal Mehdiyev) dialoqu xüsusi seçilirdi. Balaca Leylanın ifasında  vaxtilə Müşfiqin dərs dediyi tibb elmləri doktoru Zəhra Salayevanın uşaqlıq obrazının canlandırılması da gözəl  tapıntı idi. Əməkdar artist, müğənni Eyyub Yaqubovun ifasında çəkilmiş “Yenə o bağ olaydı”   klipinin nümayişi isə Müşfiq poetikası ilə musiqinin vəhdətinin lirik örnəyi oldu.

Şagirdlərdən Rübabə Məmmədzadə, Röya Şirinova,  Mehrubə Abdullayeva və digərləri  Müşfiq yaradıcılığında xüsusi yer tutan şeirləri səsləndirdikcə, o lirik misralar könülləri təkrar-təkrar fəth edirdi. Samirin ifasında anasını erkən itirmiş Müşfiqin “Ana” şeiri ədəbiyyatımızda  ananı vəsf edən ən kövrək və təsirli misralardır.

 

  Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən,

 

Onu gözəl anlatamaz

 düşündüyüm satırlar.

 

Ana olmaz bizə hər bir

 “yavrum” deyən gözəldən,

 

 Çünki onun xilqətində

 ayrıca bir füsun var.

 

 Məktəblilərin böyük sevgi və məsuliyyətlə hazırlaşdıqları tədbir maraqla qarşılandı. Uşaqların uğuruna ən çox sevinənlər arasında  tədbirin hazırlanmasına rəhbərlik etmiş ədəbiyyat müəllimələri Familə Aslanlı və Rəfiqə İbrahimova, eləcə də Nüşabə Sadıqova və Sevda Hacıyeva da vardı. Şagirdlərinin uğuruna nə qədər sevinmələrini onların gözlərindəki kövrəklik qarışıq sevincdən duymamaq mümkün deyildi.

Məktəbin direktoru Leyla Məmmədova tədbirin təşkilində əməyi olan şagirdlərə, pedaqoji kollektivə və tədbirdə iştirak edən  qonaqlara təşəkkür etdi. Bildirdi ki, Müşfiq yaradıcılığı ədəbiyyatımızda özünəməxsus yer tutub və hər zaman da belə olacaq.

 

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov ədəbiyyatın insanların dünyagörüşünün formalaşması mənəvi dünyasının zənginləşməsində mühüm rol oynadığını vurğuladı. Bildirdi ki, Müşfiq, eləcə də digər ədəbi şəxsiyyətlərimizin   yaradıcılığına həsr edilən və gənclərimizin milli-mənəvi dəyərlərimizi mənimsəməsi, vətənpərvərlik ruhunda böyüməsi üçün bu cür tədbirlər davam etdirilməlidir. O,  həmçinin ədəbiyyat xadimlərinin yubileylərinin təntənəli şəkildə keçirilməsinin dövlətimizin mədəniyyət və ədəbiyyatımıza olan diqqətinin bir nümunəsi olduğunu vurğuladı. Müşfiqin nəslindən olan və vaxtilə 10 saylı məktəbdə dərs demiş qocaman müəllim İzzət Əhmədova-İsmayılzadə hamıya təşəkkür etdi və şairin Novruz bayramına həsr etdiyi şeiri səsləndirdi. Milli Məclisin deputatı Sədaqət Vəliyeva bu ədəbi-musiqili tədbirin uğurlu alınmasında  şagirdlərlə yanaşı, məktəbin pedoqoji kollektivinin də böyük əməyi olduğunu vurğuladı. Bildirdi ki, dövlətimizin  təhsil və gənclər siyasəti onların məhz  bu cür vətənsevər,  yüksək dünyagörüşlü və intellektual olmaları ilə yanaşı, milli dəyərlərə bağlı vətəndaş kimi formalaşmasına xidmət edir.

 

“Ah, mən gündən-günə bu gözəlləşən

 

İşıqlı dünyadan necə əl çəkim?

 

-deyən Müşfiq poeziyası daim yaşayacaq və yaşadıqca da könüllərə ülvi duyğular bəxş edəcəkdir...

 

 Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2014.- 15 aprel.- S. 8.