İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və perspektivləri”

 

Müasir dövrdə ölkəmizdə rabitə və informasiya-kommunikasiya texnnologiyaları sürətlə inkişaf edir, demək olar ki, müxtəlif sahələri özündə birləşdirir. Bu fikir dünən HAPPY İNN otelində “Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri” İctimai Birliyinin Beynəlxalq Rabitə Akademiyası ilə birlikdə keçirdiyiİnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və perspektivləri” mövzusunda elmi konfransda səsləndirildi.

Tədbiri giriş sözü ilə açan “Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri” İctimai Birliyinin sədri Sirus Abasbəyli sürətlə qloballaşan dünyada rabitə və informasiya-kommunikasiya texnologiyalarının inkişafına toxundu və ölkəmizdə də bu sahənin inkişafı ilə bağlı görülən işlərdən, əldə edilmiş nailiyyətlərdən söhbət açdı. Bildirdi ki, bu yaxınlarda dövnlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə nazirliyin adının dəyişdirilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlandırılması, 2013-cü ilinİnformasiya-Kommunikasiya Texnologiyaları ilielan edilməsi bu sahənin dövlət üçün vacib və əhəmiyyətli sahə olduğunu göstərir. Bu baxımdan müasir dövrdə rabitə və informasiya-kommunikasiya texnologiyalarının inkişaf perspektivlərini araşdırmaq və yenilikləri tətbiq etmək aktuallıq kəsb edir.

Tədbirdə çıxış edən Beynəlxalq Rabitə Akademiyasının prezidenti, akademik Anastasiya Ositis İKT-nin artıq həyatımızın ayrılmaz tərkib hissəsi olduğunu vurğuladı. Qeyd etdi ki, ölkəmizdə İKT mütəxəssislərinin bu sahə ilə bağlı fəaliyyəti, gördüyü işlər rabitə və kommunikasiya texnologiyalarından səmərəli istifadəyə geniş imkanlar açır. Bir sıra azərbaycanlı İKT mütəxəssisinin Beynəlxalq Rabitə Akademiyasına üzv olduğunu xatırladan natiq bunun əməkdaşlıq və təcrübə mübadiləsi baxımından vacib olduğunu vurğuladı.

Azərbaycan Dövlət Texniki Universitetinin kafedra müdiri, texnika elmləri doktoru, professor Famil Məmmədov ölkəmizdə İKT-nin inkişaf perspektivləri ilə bağlı məruzə ilə çıxış etdi. Bildirdi ki, son illər İKT-nin sürətli inkişafı və müxtəlif sahələri əhatə etməsi müşahidə edilir. Son illərin ən böyük uğuru kimi milli telekommunikasiya peyki olan “Azerspace-1” in orbitə buraxılmasını qeyd edən natiq bunu böyük hadisə adlandırdı. Sözügedən peyk səs, internet, televiziyaradio yayımı xidmətlərini göstərir. Artıq ölkəmizdə İKT müxtəlif sahələrdə uğurla tətbiq edilməklə, əhaliyə keyfiyyətli xidmət təklif edilir. Telefon sisteminin elektronlaşdırılması, mobil şəbəkədə 3G-nin tətbiqi, distant təhsilin azərbaycanlı gənclərə nüfuzlu xarici universitetlərdə təhsil alma imkanları, “elektron hökümət” Dövlət Proqramının həyata keçirilməsi, dövlət orqanlarında müasir İKT-dən istifadəni genişləndirməklə idarəetmənin metod və mexanizmlərinin təkmilləşdirilməsi, elektron imzanın tətbiqi, “elektron hökumət” portalının yaradılması kimi yeniliklər fəaliyyətin operativ və keyfiyyətlə icrasına geniş imkanlar açır.

Tədbirdə çıxış edən digər İKT mütəxəssisləri müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları sahəsində gedən proses və yeniliklərlə bağlı səmərəli fikir mübadiləsi apardılar. Qeyd edildi ki, dövlətin informasiya-kommunikasiya texnologiyaları ilə bağlı yürütdüyü siyasət bu sahənin daha dolğun inkişafına şərait yaradır və bundan sonra da belə olacaq.

Sonda Beynəlxalq Rabitə Akademiyasına ölkəmizdən yeni seçilmiş üzvlərə diplom və vəsiqələr təqdim edildi.

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2014.- 18 aprel.- S. 6.