Hərbi-vətənpərvərlik tərbiyəsi ümumdövlət işinin mühüm sahəsidir

 

Bu gün Xətai Rayon İcra Hakimiyyəti Aparatının diqqət mərkəzində olan əsas məsələlərdən biri də yeniyetmələr və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsinin yerlərdə yüksək səviyyədə təşkili və gücləndirilməsidir. Rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyevanın iştirakı ilə 138 saylı orta məktəbin geniş akt zalında keçirilən toplantı da məhz bu sahədə həyata keçirilən növbəti tədbirlərdən biri idi.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin, həmçinin rayon gənclərvə idman  idarəsi və Qarabağ Müharibəsi Veteranları Təşkilatının nümayəndələrinin də iştirak etdiyi toplantıda çıxış edən J.Abdıyeva qeyd etdi ki, hərbi-vətənpərvərlik hissi min illərlə insanların şüurunda möhkəmləndirilmiş ülvi bir hissdir. Vətənin müdafiəsi kimi ümdə bir vəzifəyə xidmət edən hərbi-vətənpərvərlik tərbiyəsi bütün ictimai formasiyalarda dövrün zəka sahiblərinin və liderlərinin həmişə diqqət mərkəzində olmuşdur. Hərbi-vətənpərvərlik tərbiyəsi hər bir ölkə vətəndaşının Vətənin müdafiəsinə şəxsi hazırlığı ilə müəyyən edilir. Ona görə də həmişə hərb sənətinə, düşmənə qarşı silahlı mübarizəyə yiyələnmək yeniyetmələrin və gənclərin əsas vəzifələrindən biri hesab olunubbu gün də belədir.

Amma indi yeniyetmə və gənclərimizin bu ruhda tərbiyəsi bizə daha çox lazımdır. Çünki müqəddəs Vətənimizin ərazilərinin 20 faizindən çoxu düşmən tapdağı altındadır. Məhz buna görə də hazırki şəraitdə hərbi-vətənpərvərlik tərbiyəsi ümumdövlət işinin mühüm bir sahəsinə çevrilmişdir.

Rayonun bir çox məktəblərinin yeniyetmə və gənclərinin toplaşdığı tədbirdə çıxış edən digər natiqlər də qətiyyətlə bildirdilər ki, yaşadığımız dövr gənc nəslin kiçik yaşlarından hərbi ruhda böyüdülməsini tələb edir. İndi hər bir Azərbaycan vətəndaşı ilk növbədə Vətənin əsgəri olmalı, onun etibarlı müdafiəsi üçün hərb sənətinin sirlərinə yiyələnməli və yüksək fiziki hazırlığa malik olmalıdır.

Tədbirdə xüsusi qeyd olundu ki, gənc nəsldə erkən yaşlardan hərb sənətinə maraq oyatmaq və gələcəkdə bu maraqlardan çıxış edib onları Azərbaycanın hərbi məktəblərində təhsil almağa yönəltmək lazımdır. Bu işdə orta ümumtəhsil məktəblərinin üzərinə böyük vəzifələr düşür. Təhsil ocaqları şagirdləri xalqımızın ənənələri, Vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyələndirməli, onlarda yüksək vətənpərvərlik hissini inkişaf etdirməlidirlər.

Xüsusi qeyd edildi ki, hərbi-vətənpərvərlik tərbiyəsinin ən mühüm tərkib hissəsi kimi gənclərdə Azərbaycan ordusuna məhəbbət aşılamaq, onların Vətənimizin müdafiəsi uğrunda mübarizəyə hər an hazır olmaq əzmini gücləndirmək lazımdır. Hər bir gənc Vətənin müdafiəsi naminə, onu çətinliklər gözləsə də, əlindən gələni əsirgəməməli, ona xidməti şərəf işi hesab etməlidir.

Çıxışlarda orta təhsil ocaqlarında bu istiqamətdə aparılan işə də qiymət verildiqeyd edildi ki, son dövrlər qabaqcıl məktəblərimizdə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət xeyli artırılıb. Hərbi-vətənpərvərlik tərbiyəsinin faktlar və zəngin əyani vasitələr əsasında aparılması, bir çox məktəblərdə “Döyüş şöhrəti” muzeylərinın, guşələrinin yaradılması, məktəblərlə hərbi hissələr arasında əlaqələrin yaradılması bu sahənin diqqətdən yayınmadığını göstərir.

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2014.- 18 aprel.- S. 7.