Tikdim ki, izim qala...

 

Tarixən, Kür-Araz ovalığı babalarımızın davamlı yaşayış məskəni olmuşdur. Bol sulu KürAraz çayları bu yerlərdə əkinçilik və heyvandarlıqla məşğul olmağa imkan versə də, geniş düzənlikdə istənilən tikinti işləri aparmaq insanların xoş arzusu olaraq qalmışdır. Əsrlər boyu bir-birini əvəzləyən işğalçı yürüşlər az-çox tikilib-qurulanları da yerlə-yeksan etmişdir. Balaca Mirzəcan dünyaya göz açandan ata-babaların bu tarixi nisgilini duyub-anlamış və beləliklə, tikib-quran bir insan olmaq arzusu ilə böyümüşdür.

Həmin illərdə Qərbi Azərbaycandan növbəti erməni hiylə və qəsdinin qurbanı olaraq Kür-Araz arası boş çöllərə tökülmüş soydaşlarımızı yerbəyer etmək üçün zəruri tikinti işlərinə başlanmışdı. Yerli əhali didərgin salınmış qardaş -bacılarına ev tikməkdə, məskunlaşmaqda hər cür kömək göstərirdi. Bunu görən uşaqların qəlbində tez böyüyüb inşaatçı olmaq arzusu ən böyük istək kimi yuva qururdu. Sürətlə məskunlaşan, tikilib-qurulmağa böyük ehtiyacı olan bölgədə yollar, kanallar, su kəmərləri çəkmək, evlər, məktəblər, xəstəxanalar, mədəniyyət evləri tikmək arzusu ilə böyüyən yeniyetmələrdən biri də ağıllı və zirək oğlan Mirzəcan idi. İllər keçdikcə bu düşüncələr onun inşaatçı olmaq arzusunu qarşısıalınmaz bir zərurətə çevirdi.

Mirzəcan Xəlilov 1954-cü il aprelin 19-da Sabirabad rayonunun Kovlar kəndində dünyaya göz açıb. Qəlbindəki böyük arzular1970-ci ildə orta məktəbi 16 yaşında bitirən gənci Bakı şəhərinə gətirdi. Məqsədi paytaxtın gur, qaynar həyatına qoşulub, həm istehsalatda çalışmaq, həm də ali təhsil almaq idi. Orta məktəbdə yaxşı oxuması, çalışqan olması hər iki arzusunu gerçəkləşdirməyə yaşıl işıq yandırdı. Beləliklə, Mirzəcan elə məktəbi qurtaran il Politexnik İnstitutunun (indiki Texniki Universitet) inşaat fakültəsinin axşam şöbəsinə daxil oldu. Gündüzlər isə Bakı Şin Zavodunda çilingər işləməyə başladı. İlk vaxtlar bir qədər çətin olsa da, uşaqlıqdan zəhmətə, çətinliyə alışmış diribaş gənc hər iki işin öhdəsindən asanlıqla gəldi. İşdə bacarıqlı çilingər, ali məktəbdə isə savadlı tələbə kimi seçildi, hər iki kollektivdə hörmət qazandı.

1974-1976-cı illərdə ordu sıralarında xidmət keçən Mirzəcan Xəlilov burada da fəallığı ilə seçilir, nümunəvi əsgər kimi dəfələrlə qulluq etdiyi hərbi hissə komandirlərinin təşəkkürnamələrinə layiq görülür. Hərbi xidməti başa vurduqdan sonra Bakıya qayıdan Mirzəcan Xəlilov ali təhsilini yenicə yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda davam etdirir. Gənc inşaatçı 1977-ci ildə doğma Sabirabad rayonuna qayıdır və “MuğanmeliosutukintiTrestinin 10 saylı səyyar mexanikləşdirmə dəstəsində işə qəbul olunur. Burada əvvəlcə fəhlə, sonra isə briqadir işləyir, az müddətdə bacarıqlı mütəxəssis kimi tanınır.

Yeri gəlmişkən deyim ki, həmin illərdə bir sıra bölgələrdə olduğu kimi Mil-Muğan rayonlarında da kəskin içməli su qıtlığından əziyyət çəkən əhali KürAraz çaylarının bulanıq sularından istifadə etmək məcburiyyətində qalırdı. Bu tarixi problemi həll etmək üçün respublika rəhbəri Heydər Əliyev qrup su kəmərlərinin tikintisi ideyasını irəli sürür. Məhz bu təşəbbüsün məntiqi nəticəsi olaraq 1976-cı ilin sonu-1977-ci ilin əvvəlində Sabirabad-Saatlı qrup su kəmərinin tikintisinə start verilir. Mirzəcan Xəlilov 1978-ci ildə burada işə qəbul edilir.

1979-cu ildə ali təhsilini çay qurğularının və su elektrik stansiyalarının hidrotexniki tikintisi ixtisası üzrə başa vuran M. Xəlilov “Azərkəndsutəchizattikinti” İstehsalat Birliyinin 20 saylı səyyar mexanikləşdirmə dəstəsində hidrotexnik-mühəndis kimi əmək fəaliyyətini davam etdirir. Ayrı-ayrı vaxtlarda burada briqadir, usta, icraçısı, baş mühəndis və rəis vəzifələrində çalışır. M. Xəlilov o illəri belə xatırlayır: – Ötən əsrin 70-ci illərində təşəbbüskar və qurucu lider Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda geniş quruculuq işləri həyata keçirilirdi. Respublika rəhbəri həmin işlərin gedişi ilə tanış olmaq, eləcə də obyektlərin açılışında iştirak etmək məqsədilə tez-tez rayonlarda olurdu. Ulu öndərin Sabirabadda həyata keçirilən layihələrlə tanışlığının dəfələrlə şahidi olmuşam, onun inşaatçılara verdiyi dəyərli tövsiyələri dinləmişəm. Onun hər bir tövsiyəsini özümüzə fəaliyyət proqramı kimi qəbul etməyimizin nəticəsi olaraq rayonumuzda körpü, mədəniyyət evi və ayrı-ayrı qurğuların tikintisini vaxtından əvvəl başa çatdırmaq mümkün olurdu.

1980-ci ildə Sabirabad-Saatlı qrup su kəmərinin tikintisini başa çatdırdıq. Bununla da, həmin rayonlarda içməli su təchizatı məsələsi həllini tapdı. Ulu öndər qurğunun açılışında iştirak etmək üçün rayonumuza gəlmişdi. Yeri gəlmişkən, obyektin vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirməyimiz o zamankı SSRİ rəhbərliyinin diqqətini cəlb etdiqurğu SSRİ Nazirlər Sovetinin xüsusi mükafatına layiq görüldü... Yeri gəlmişkən, açılışa gələn ulu öndər obyektin tikintisində çalışanları təbrik edir, onların əllərini sıxır. İnşaatçılar arasında 26 yaşlı gənc mühəndis, icraçısı Mirzəcan Xəlilov da var idi. Ulu öndər inşaatçılara dəyərli tövsiyələr verir. Bu tövsiyələr sanki respublika inşaatçıları kimi gənc Mirzəcanı da peşəsinə daha yaxından bağlayır, onda qurub-yaratmaq əzmini gücləndirir. Məhz o vaxtdan respublikamızda qrup su kəmərlərinin tikintisi bir qədər də sürətləndirilir: Salyan-Astara, Mil-QarabağŞivan qrup su kəmərləri qısa müddətdə inşa olunaraq istismara verilir.

Sovet dövlətinin süqutu ilə əlaqədar olaraq əvvəllər SSRİ MeliorasiyaSu Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliiyət göstərmiş “Azərkəndsutəchizattikinti” İB ləğv olunduqdan sonra onun bazasında müstəqil “Azərkəndsutəchizattikinti” Konserni yaradılır. Bir neçə ildən sonra respublikamızda özəlləşdirmə proqramlarının icrasına başlanması ilə əlaqədar konsern ləğv edilərək “Sabirabadsutəchizattikinti” ATSC-yə çevrilir. Mirzəcan Xəlilovun rəhbərlik etdiyi həmin qurum 2003-cü ildə mülkiyyət formasını dəyişərək “Azərsutəchizattikinti” ASC kimi fəaliyyətini davam etdirir. Elə həmin ildən başlayaraq əhatə dairəsini xeyli genişləndirən bu qurum ölkəmizdə reallaşdırılan bir sıra yerli və beynəlxalq layihələrin iştirakçısına çevrilir.

1997-ci ildə Füzuli rayonunun işğaldan azad edilmiş 22 yaşayış məntəqəsinin içməli su ilə təchizatı Mirzəcan Xəlilovun rəhbərlik etdiyi tikinti təşkilatna həvalə edilir. Cəbhə bölgəsində bu işləri görmək çətin olsa da, kollektiv bunun öhdəsindən layiqincə gələ bilir. Sonradan Ərazilərin Bərpası Agentliyinin sifarişi ilə bütün cəbhəyanı ərazilərdə bu kimi işlər davam etdirilir, işğaldan azad olunmuş kəndlərin su təchizatı məsələsi müsbət həllini tapır.

Məlum olduğu kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması proqramı çərçivəsində 2002-ci ildə ilk qəsəbələrin salınmasına başlanır. M. Xəlilovun rəhbərlik etdiyi tikinti kollektivi də podratçı təşkilat kimi Biləsuvar və Füzuli rayonlarının ərazilərində qəsəbələrin salınmasında fəal iştirak edir. Sonralar ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində bu işlər sürətlə davam etdirilir, ölkə ərazisində çadır şəhərciklərinin ləğvi intensivləşir. Həmin işlərin davamı olaraq hazırda paytaxt ərazisindəki yataqxanalarda və digər obyektlərdə müvəqqəti məskunlaşmış məcburu köçkünlərin yerləşdirilməsi həyata keçirilir. Bu məqsədlə hər cür infrastruktura malik yeni şəhərciklər salınır. Məcburi köçkünlər üçün salınmış yeni yaşayış məskənlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yaradılması işlərini də məhz Azərsutəchizatikintikinti" ASC-nin kollektivi həyata keçirir. Bundan əlavə, inşaatçılar yeni qəsəbələrdə məktəb və digər soisal obyektlər tikirlər. Bu işdə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi onlara hər cür kömək göstərir. Hazırda həmin proqramın davamı olaraq Göygöl, Beyləqan, Saatlı və Ağdam rayonlarında bu işlər davam etdirilir.

 Son illər ölkəmizdə su təchizatı və kanalizasiya şəbəkələri, demək olar ki, tamamilə yenidən qurulur. Ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə paytaxt Bakıda, eləcə də Azərbaycanın 52 şəhər və rayonunda su təchizatı və kanalizasiya sistemlərinin yaradılması layihələri həyata keçirilir. “Azərsutəchizatikinti” ASC də podratçı təşkilat olaraq bu işlərin önündə gedir. Hazırda kollektiv Qusar, Xaçmaz, Saatlı və Xızı rayonlarının, eləcə də Gəncə şəhərinin bir hissəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası sahəsində çalışır.

Ümummilli lider Heydər Əliyevin xalqımıza yadigarı sayılan Kür sutəmizləyici qurğular kompleksindən içməli suyun aran bölgəsində yerləşən rayonlara verilməsi də “Azərsu” ASC-nin sifarişi ilə reallaşdırılan nəhəng layihələrdəndir. Layihə çərçivəsində Hacıqabul rayonunun Talış kəndindən Saatlı-Sabirabad istiqamətinədək uzunluğu 62 kilometr olan magistral su kəmərinin çəkilişini Mirzəcan Xəlilovun rəhbərlik etdiyi tikinti təşkilatı həyata keçirir. Kəmərin çəkilişi ilə Saatlı və Sabirabad rayonlarının 270 min nəfərə yaxın sakini keyfiyyətli içməli su ilə fasiləsiz təmin olunacaq, susuz çöllərə yeni nəfəs veriləcək. Oğuz-Qəbələ su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması zərurətini yaratmışdır. “Azərsutəchizatikinti” inşaatçıları ötən müddətdə paytaxtın Nizami və Xətai rayonlarında bununla bağlı tapşırılan işi yüksək səviyyədə yerinə yetirmişlər. Bununla yanaşı, inşaatçılar hazırda Abşeron rayonunun Məhəmmədi qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərini həyat keçirirlər.

Ötən müddətdə “Azərsutəchizattikinti” ASC-nin kollektivi meliorasiya sistemi ilə bağlı bir sıra sifarişləri də uğurla yerinə yetirib. Belə ki, Ağdaş, Göycay və İsmayıllı rayonlarındakı bəndlərdə lazımi sahilbərkitmə işləri aparıb.

 2005-ci ildə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkədə inşa olunmuş 132 məktəb binasının altısı da bu təşkilatın təhsilimizin inkişafına verdiyi töhfədir. Göründüyü kimi, çoxsahəli fəaliyyət dairəsinə malik olan “Azərsutəchizattikinti” ASC-nin kollektivi ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi proqramlar çərçivəsində sosialinfrastruktur obyektlərinin tikintisində yaxından iştirak edir.

...Mirzəcan Xəlilov daim qızğın tikinti-quruculuq işləri aparılan inşaat meydançalarındadır. Kabinetdə oturub göstəriş vermək onun təbiətinə əsla yaddır. İnşaatçı peşəsi Mirzəcan Xəlilova ad-san, şərəf gətirib, onu el-obasının, rəhbərlik etdiyi kollektivin sevimlisinə çevirib. O, həm də fəal ictimaiyyətçi və xeyriyyəçiliyi ilə tanınır. Yeri gəlmişkən, 2010-cu ilin may ayında məcrasından çıxan Kür çayı bir sıra ətraf rayonlar kimi, Sabirabadın da bəzi kəndlərini sel təhlükəsi ilə üz-üzə qoymuşdu. Həmin çətin günlərdə el-obasının harayına gələn tanınmış xeyriyyəçi və inşaat mütəxəssisi dövlət başçısının tapşırığı ilə daşqınların törətdikləri fəsadların aradan qaldırılması, təbii fəlakətin daha geniş sahələri əhatə etməsinin qarşısını almaq məqsədilə kollektivi səfərbər edir. Sabirabad rayonu ərazisində, Kürün sol sahilində 17 kilometr uzunluğunda bənd inşa edərək 6 kəndi gözləyən təhlükədən xilas etməyə müvəffəq olur. Mirzəcan Xəlilov, həm də YAP Sabirabad rayon təşkilatı idarə heyətinin üzvü kimi burada həyata keçirilən bir sıra partiya tədbirlərində fəal iştirak edir. Onu da deyək ki, M. Xəlilov xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarından bəhs edən “Xalqa bağışlanan ömür” kitabının tərtibçisi və ön sözünün müəllifidir.

...Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkədə geniş miqyaslı tikinti-quruculuq işlərinin aparılmasında inşaatçılara həmişə yüksək etimad göstərib, onlara güvənib. Təsadüfi deyil ki, hələ ötən əsrin 70-ci illərində respublikamızın iqtisadi inkişafının təmin edilməsini, rayonlarda genişmiqyaslı quruculuq işlərinin aparılmasını daim diqqət mərkəzində saxlayan ulu öndər sadə zəhmət adamları, zəka sahibləri ilə tez-tez görüşür, onlarla səmimi söhbətlər edir, dəyərli məsləhət və tövsiyələrini verirdi. Məhz həmin görüşlərin birində respublika rəhbəri Heydər Əliyev demişdir: “Kolxozçunun və inşaatçının işi ağır işdir, həm də halal işdir”. Məhz halallığa söykənən zəhmət aid olduğu sənət və peşə sahiblərinə daim ucalıq, şan-şöhrət gətirmiş, ad-san qazandırmış, onları el-obasının, xalqının sevimlisinə çevirmişdir. Belələri isə hər kəsin layiq olduğu qiyməti vaxtında verən Heydər Əliyevin diqqətindən heç zaman kənarda qalmamışlar.

Ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev bütün sənət və peşə sahibləri kimi inşaatçıların da əməyini həmişə yüksək qiymətləndirir. Təsadüfi deyil ki, Azərbaycan inşaatçılarının ölkə iqtisadiyyatının inkişafındakı xidmətlərini nəzərə alan dövlət başçısı 16 dekabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycanda “İnşaatçılar günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalamışdır. Həmin sərəncama əsasən, hər il aprelin 10-u ölkə inşaatçılarının peşə bayramı günü kimi qeyd olunur.

Bu il aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzalıdığı sərəncamlarla ölkənin bir qrup qabaqcıl inşaatçısına “Tərəqqi” medalı və “Əməkdar mühəndis” fəxri adları veridi. Onların sırasında “Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilovun da adı vardır. Bu, çətin və şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının növbəti təzahürüdür. Elə söhbət əsnasında Mirzəcan Xəlilov da dövlət başçısının sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülməsini inşaatçı peşəsinə, ölkənin bütün inşaatçılarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdi. Müsahibimiz sonda bildirdi ki, 60 yaşının tamamında möhtərəm Prezident tərəfindən layiq görüldüyü bu fəxri ad onu daha böyük zəfərlər üçün səfərbər edir, ölkəmizin tikinti komleksinin inkişafı, sosial infrastruktur layihələrinin icrasına istiqamətləndirir. Bütün bunlara görə Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə edən Mirzəcan Xəlilov yüksək dövlət təltifinə daha sanballı işlərlə, geniş quruculuq əməlləri ilə cavab verəcəyini söylədi.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2014.- 19 aprel.- S. 6.