El şairi ilə görüş keçirildi

 

Bu günlərdə Atatürk Mərkəzində yazıçı-publisist Nəsibə İsrafilqızının təşkilatçılığı ilə tanınmış şair, on iki kitab müəllifi Mirəfsəl Təbibin (Əfsəlağa Miraslan oğlu Babayev) yaradıcılıq gecəsi keçirildi. Tədbirdə respublikanın məşhur alim, şair və ziyalıları iştirak edirdilər. Giriş sözü ilə Atatürk Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov çıxış edərək bildirdi ki, Azərbaycan ictimaiyyəti Mirəfsəl Təbibi həkim-şair kimi yaxşı tanıyır.

Onun sözlərinə görə, Mirəfsəl müəllim hələ uşaq yaşlarından bədii ədəbiyyata maraq göstərib, Azərbaycan xalqının ədəbi simalarının yaradıcılığını dərindən mənimsəyib, eyni zamanda, dünya ədəbiyyatına yaxşı bələddir. Hazırda 76 yaşına gəlib çatmış olsa da, Mirəfsəl müəllim ensiklopedik biliyə malikdir. Bunu onun bir-birindən dəyərli əsərlərində də görmək mümkündür. Mirəfsəl Təbibin yaradıcılığını dərindən izlədikcə onun nə qədər kövrək hissələrlə yaşayan bir qəlb adamı, incə ruhlu şair olduğunu görürsən. O, təkcə ədəbi yaradıcılıqla kifayətlənmir, həm də publisistik yazıları ilə geniş oxucu kütləsinin rəğbət və məhəbbətini qazanır.

Nizami Cəfərov xüsusilə qeyd etdi ki, şair Mirəfsəl Təbib Azərbaycanın mütəfəkkir yazıçısı və dramaturqu Nəriman Nərimanov kimi həm həkim kimi millətinin xidmətində dayanır, həm də bədii əsərləri, gözəl şeirləri ilə onların ruhunu oxşayır. Mirəfəsəl müəllimin şeirlərində mövzu qıtlığı yoxdur, O, Azərbaycanın zəngin və bənzərsiz təbiətini, milli-mənəvi dəyərlərimizi, xalqımızın quruculuq-yaradıcılıq ruhunu məhəbbətlə tərənnüm edir. Qarabağ mövzusu isə onun yaradıcılığının ana xəttini təşkil edir. Son illərdə Ermənistanın ölkəmizə təcavüzü, torpaqlarımızın işğal altına düşməsi Mirəfsəl müəllimin ürəyinə sağalmaz yara vurubbunu onun şeirlərinin əksəriyyətində görmək olur. Ancaq xalqımızın başına gələn bütün bəlalarla bərabər, şairin əsərlərində bir nikbinlikduyulur. Bu, qələbəyə inam hissidən doğan nikbinlikdir. Mirəfsəl müəllim Azərbaycan xalqının haqq-ədalət uğrunda vuruşduğunabu savaşdan qalib çıxacağına inanır. Bu sarsılmaz inamla da o, hər gün masa arxasına keçir və oxucularını gözlənilən qələbəmizə inandırmaq üçün qələmə sarılır.

Vedibasar” qəzetinin təsisçisi və baş redaktoru, yazıçı-publisist Sərtib İslamoğlu şairin həyatı haqqında bir qədər müfəssəl məlumat verərək dedi ki, Mirəfsəl Təbib 1938-ci ildə Salyan rayonunun Parça Xalac kəndində anadan olub. Uşaqlığı da məhz bu yerlərdə, dəli Kürün sahillərində keçib. O, 1957-ci ildə Əlibayramlı (indiki Şirvan şəhəri) rayonundakı Muğangəncəli kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olub. Ali təhsilini uğurla başa vuran gənc Mirəfsəl həkim kimi xalqına xidmət etməyə başlayıb.

Bununla yanaşı, o, Bakının ədəbi mühiti, Azərbaycan Yazıçılar İttifaqı ilə daim əlaqə saxlayaraq ədəbi prosesləri diqqətlə izləyib. Ədəbiyyatla dərindən məşğul olmaq həvəsini nəzərə alaraq onu hətta Moskvadakı Ədəbiyyat İnstitutuna göndərmək də istəyiblər. Lakin o, həkimliklə məşğul olmağı qərara alır.

Belə bir vaxtda ailəsinə üz verən bədbəxtlik səbəbindən şair Bakı ədəbi mühitindən uzaqlaşaraq Əlibayramlı şəhərinə gəlir, kiçikyaşlı bacı-qardaşlarına himayə durmağa başlayır. Bir müddət Şirvan Şəhər Mərkəzi Xəstəxanasında baş həkimin müavini vəzifəsində çalışır. Bu illərdə daha çox həkimlik peşəsinə bağlı olsa da, Mirəfsəl həkim bədii yaradıcılıqdan uzaq düşməməyə çalışır. Nəhayət, qayğıkeş həkim, bacarıqlı tibb işçisi olduğu nəzərə alınaraq xəstəxanaya baş həkim vəzifəsinə təyin olunur. Bu vəzifədə çalışdığı müddətdə, eləcə də sonrakı illərdə Heydər Əliyev ideyalarının fəal müdafiəçisi kimi tanınır, insanlara təmənnasız xidmət nümunələri göstərir. Bir çox insanı ağır xəstəlikdən xilas edir, ağır xəstələrə həyata qayıtmaqda yardımçı olur.

Hazırda Şirvanda yaşayıb yaradan Mirəfsəl Təbibin aşağıdakı kitabları işıq üzü görüb: “Təbibim, obaya-elə arxalan” (2001), “Bir ömür sürmüşəm, dünya görmüşəm” (2002), “Fikirlərim, mülahizələrim, xatirələrim” (2004), “Dünya ola bilmir daha tamaşa” (2005), “Daha üz çevirmək mümkün deyildir” (2007), “250 sonet” (2008), “Rübailər” (2008), “Uşaqlar, ay uşaqlar, həmsöhbəti sizsiniz” (2009), Gəraylılar” (2011), “250 sonets” (ingilis dilində, 2012), “Söz yatmış dünyanı oyada bilər” və s.

Sonra Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Əsgər Zeynalov, Bakı Dövlət Universitetinin müəllimləri, filologiya elmləri doktorları Leyla Gərayzadə və professor Hacı Əyyub Əzizov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Süleyman Məmmədov, Tibb Universitetinin professoru Südeyf İmamverdiyev, həmin təhsil ocağının dosenti Azər Şadlinski, şair-publisist Ramiz Duyğun, İqtisad Universitetinin müəllimi Nailə Yusifova, “Kür-Xəzər” Xeyriyyə Cəmiyyətinin prezidenti Akif Kərimov və başqaları çıxış edərək şairin yaradıcılıq məziyyətləri haqqında ətraflı söhbət açdılar.

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2014.- 19 aprel.- S. 8.