Naxçıvan bu gün, sözün əsl mənasında, xariqələr yaradır

 

Tarixin son beş min ilində Naxçıvan torpağında neçə-neçə sivilizasiyanın izlərini qoyub getmiş insanların çağdaş varisləri bu gün, sözün həqiqi mənasında, qədim diyarda xariqələr yaradırlar. 23 ildir blokada şəraitində qalan qədim diyarımızın çağdaş intibah dövrünü yaşaması, yüksək sürətlə inkişaf etməsi, sözün həqiqi mənasında, möcüzədir. Bu möcüzəni yaradanlar isə ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək qədim diyara diqqət və qayğısını əsirgəməyən Prezident İlham Əliyev və işgüzarlıqları, prinsipiallıqları ilə birlikdə Vətən sevgisinin misilsiz nümunəsini göstərən naxçıvanlılardır.

Dövlət başçımız öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın və ümumilikdə, türk dünyasının mühüm strateji məkanıdır. Qədim yurda göstərilən diqqət və qayğı, Azərbaycanın milli maraqlarının tələbidir. Bu mənada, 2003-cü ildən bu tərəfə dövlət başçımızın muxtar respublikaya 11 dəfə səfər etməsi, burada aparılan genişmiqyaslı, möhtəşəm abadlıq-quruculuq işləri ilə, dahilər yurdunun təhlükəsizliyinə dair məsələlərlə yerindəcə tanış olması, qarşıda duran vəzifələri müəyyənləşdirməsi, lazımi tapşırıqlarını və tövsiyələrini verməsi təsadüfi deyil. Hər səfərdə isə Naxçıvanda aparılan sosial-iqtisadi və mədəni quruculuq, çoxsaylı yeni yerlərinin açılması, əhalinin rifahının yüksəlməsi Prezident İlham Əliyevi həmişə razı salmış, məmnun etmişdir. Çünki ulu öndərimiz Heydər Əliyevin arzuları ölkəmizin bu diyarında xüsusi sevgi və istəklə reallaşdırılır. Dahi şəxsiyyət Vətənimizlə bağlı arzularını belə ifadə etmişdir: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Ümummilli liderimizin müəyyənləşdirdiyi yola daim sədaqətli olan naxçıvanlılar onun arzularının həyata keçirilməsi üçün var qüvvələrini əsirgəməmişlər.

Naxçıvanın qədim tarixi vardır. Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə qeyd etdiyi kimi, dahilər yurdunda tarixi abidələr, dini abidələr, memarlıq abidələri, bütün toponimlər Azərbaycan xalqına məxsusdur. Əsrlər boyu azərbaycanlılar bu gözəl diyarda yaşamış, yaratmışdır. Respublikamızın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın, həm də qədim dövlətçilik tarixi vardır. Naxçıvan şəhəri Azərbaycan xalqının formalaşmasında, elmi-mədəni inkişafında xüsusi rol oynayan Atabəylər dövlətinin paytaxtı olmuşdur. 90 il bundan əvvəl dahilər yurduna muxtariyyət statusunun verilməsi də təsadüfi deyildi. Azərbaycanın əzəli torpağı Zəngəzur Ermənistana verilmiş, beləliklə, Naxçıvan Azərbaycandan ayrı qalmış, düşmən əhatəsinə salınmışdı. Məqsəd də məlum idi: Gec-tez qədim Azərbaycan torpağını zəbt edərək Ermənistana birləşdirmək və beləliklə, Türkiyə ilə türk dünyası arasında, necə deyərlər,birbaşa əlaqəni kəsmək.

Naxçıvanlılar bütün vasitələrdən istifadə edərək düşmənin xain planlarının qarşısını aldılar. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında deyirdi ki, hökumət yaranmış şəraitdə Naxçıvana real yardım göstərə bilmədi: “İgid naxçıvanlılar, şərurlular... bu məsələni özləri həll etdilər. Onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldularbununla da hökumətin işini asanlaşdırdılar. Haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar”. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra da Naxçıvan yenə çox ağır günlər yaşadı. Erməni qəsbkarlar havadarlarına arxalanaraq muxtar respublikanı işğal etmək istəyirdilər. Həmin dövrdəki mərkəzi hakimiyyət isə Naxçıvana ögey münasibət göstərir, naxçıvanlıların taleyi ilə maraqlanmır, Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin planlar həyata keçirirdilər. Məhz belə bir məqamda Moskvadan Naxçıvana qayıdan ümummilli liderimiz Heydər Əliyevin ətrafında sıx birləşən naxçıvanlılar düşmənə sarsıdıcı zərbələr vuraraq, onu geri çəkilməyə məcbur etdi, hər cür çətinliklərə sinə gərərək, muxtar respublikada sabitliyi qorudular. Bununla bərabər, Naxçıvanda müstəqil Azərbaycanın dövlət quruculuğu prosesinə böyük töhfə verən mühüm hadisələr baş verdi. İlk dəfə olaraq, Naxçıvan Sovet Sosialist Muxtar Respublikası adından “sovet sosialist” sözləri çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi, Milli Ordu quruculuğuna başlanıldı, aqrar islahatlar həyata keçirildi. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyində çıxış edən Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun qeyd etdiyi kimi, böyük ömrün Naxçıvanda keçən 3 ili ərzində görülən bütün bu tədbirlər müstəqil dövlətimizin daha da möhkəmlənməsinə yönəlmiş milli inkişaf konsepsiyasının tərkib hissələri idi. Ümummilli liderimiz həmin dövrdə burada baş verən prosesləri xatırlayaraq deyirdi: “1990-1993-cü illərdə Naxçıvanda keçirdiyim dövr mənim həyatımda xüsusi yer tutur. O illər biz Naxçıvanın ağır dövrünü yaşadıq və Naxçıvanı böyük təhlükələrdən, böyük faciələrdən xilas etdik. O dövr böyük sınaq dövrü oldu. İnsanların öz torpağına, Vətəninə sədaqətinin sınaqdan keçməsi dövrü oldu. Biz bu sınaqdan çox böyük şərəflə çıxdıq”.

Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycanda dövlət quruculuğu prosesinə start verildi. Respublikamızda sabitlik təmin olundu. Siyasi-iqtisadi islahatlar aparıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu. Ümummilli lider Naxçıvan Muxtar Rerspublikasının inkişafına da xüsusi diqqət yetirdi. Onun tapşırıq və tövsiyyələri əsasında muxtar respublika iqtisadiyyatının əsas sahələrinin, o cümlədən sənayenin, tikintinin, kənd təsərrüfatının, nəqliyyat və rabitənin inkişafı istiqamətində aparılan məqsədyönlü siyasət qədim diyarımızı sürətli yüksəlişə doğru aparmışdır. Naxçıvan Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun muxtar respublikanın 90 illik yubileyindəki çıxışında qeyd etdiyi faktlara nəzər yetirdikdə biz bunu daha aydın görə bilərik. Belə ki, 1993-2003-cü illər ərzində muxtar respublikada sənaye məhsulunun həcmi 3 dəfə, kənd təsərrüfatında ümumi məhsul istehsalı 4 dəfə artmışdır. Bu dövr ərzində Naxçıvanda 96 təhsil müəssisəsi, 38 səhiyyə, 94 mədəniyyət obyekti, 73 inzibati bina tikilmişya yenidən qurulmuşdur. Bu dövrdə əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri və təbii fəlakətdən zərər çəkmiş əhali üçün 47 fərdi ev tikilmiş, 66 körpü, 74 nasos stansiyası, 386 digər infrastruktur obyektləri istifadəyə verilmişdir.

Azərbaycan Prezidentinin təsdiq etdiyi 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrası paytaxt Naxçıvan şəhəri ilə yanaşı, rayonların və ucqar dağ kəndlərinin də inkişafına səbəb olmuşdur. Ölkə rəhbərinin diqqət və qayğısının nəticəsidir ki, 2013-cü ildə ümumi daxili məhsul istehsalı 2003-cü ildəki göstəricini müqayisəli qiymətlərlə 8 dəfə üstələmişdir. Ötən il hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2003-cü ilə nisbətən 7 dəfə artaraq 5423 manat olmuşdur.

Naxçıvanın yüksəlişi prosesi 2013-cü ildən etibarən yenidaha sürətli mərhələyə qədəm qoymuşdur. Ali Məclisin sədri Vasif Talıbov bildirmişdir ki, 2003-cü illə müqayisədə 2013-cü ildə sənaye məhsulunun həcmi 49 dəfə artmışdır. 2003-cü ilin sonuna muxtar respublikada 66 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, 2013-cü ildə bu göstərici 7 dəfə artaraq 438-ə çatmışdır. Naxçıvanın artıq 100 milyon dollar səviyyəsində ixrac potensialı yaranmışdır ki, bu da blokada şəraitində olan bir məkan üçün çox böyük göstəricidir.

Təbii ki, üç tərəfdən düşmən əhatəsində olanstrateji mövqedə yerləşən Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin gücləndirilməsi Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Fəxrlə deyə bilərik ki, bu gün muxtar respublikada yaradılan əlahiddə ordunun döyüş qabiliyyəti, ümumilikdə, hərbi potensialı kifayət qədər güclənmişdir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, bu gün Naxçıvanda yerləşən ordunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Çünki Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda muxtar respublikadakı ordumuzun döyüş potensialı ən yüksək səviyyədə olmalıdır. Yəni qədim diyarımızın hərbi potensialı elə olmalıdır ki, istənilən təcavüzə tutarlı, layiqli cavab verə bilsin. Bu gün bu, artıq reallıqdır. Dövlət başçımız bildirmişdir ki, gələcəkdə bu potensialın gücləndirilməsi üçün əlavə tədbirlər görüləcəkdir. Buna imkan vardır. Azərbaycan dövləti böyük maliyyə imkanlarına malikdir. Bildiyiniz kimi, bizim dövlət büdcəmizin əsas xərcləri hərbi məqsədlər üçün nəzərdə tutulur. Nə qədər ki, torpaqlarımız işğal altındadır, bu, belə də olmalıdır.

Müasir dövrümüzdə beynəlxalq ekspertlər təhlükəsizlik anlayışları içərisində enerji təhlükəsizliyi məsələsinə daha çox diqqət yetirirlər. Onlar qeyd edirlər ki, istənilən ölkə və ya region enerji təhlükəsizliyini tam təmin edə bilməyibsə, onda bir sıra problemlərlə qarşılaşacağı qaçılmazdır. Bu mənada, ölkə rəhbərliyimizin blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinə xüsusi diqqət yetirməsi alqışa layiqdir. Dövlət başçısının diqqət və qayğısı, naxçıvanlıların əzmkarlığı sayəsində 14 illik fasilədən sonra 2005-ci ildə muxtar respublikaya təbii qazın nəqli bərpa edilmişdir. Bu gün muxtar respublikanın elə bir yaşayış məntəqəsi yoxdur ki, ora təbii qazla təmin edilməsin. Əgər Sovetlər Birliyi dövründə muxtar respublika üzrə cəmi 33 min abonentə təbii qaz verilirdisə, indi artıq 81 mindən çox abonent təbii qazla təmin olunur. Əgər 2003-cü ilə qədər muxtar respublikada 1 su elektrik stansiyası vardısa, indi 6 yeni elektrik stansiyası yaradılmışdır. Ən önəmlisi ondan ibarətdir ki, Naxçıvanın daxili təminatı 100 faiz bərpa olunan enerji növləri hesabına ödənilir. Bu da dünyada çox nadir hallarda müşahidə edilən bir mənzərədir.

Hər bir ölkənin inkişafını göstərən əsas amillərdən birimüasir infrastrukturun mövcudluğudur. Bu gün muxtar respublikamızda yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də kompleks tədbirlər görülür. Son illər Naxçıvanda 725 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış, 16 körpü tikilmişdir. Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ölkə başçısının tapşırıq və tövsiyələrinə əsasən, qədim diyarımızda kənd təsərrüfatının inkişafına da xüsusi diqqət göstərir. Burada əhalinin 70 faizdən çoxunun kənddə yaşaması da bu amili xüsusi məsələ kimi gündəmə gətirir. Kənd təsərrüfatının inkişafı naminə məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlər verilir, torpaq istifadəçilərinin suvarma suyu, gübrə, müasir texnika və avadanlıqla təmin olunması ciddi nəzarətdə saxlanılır. Bunun nəticəsidir ki, 2003-cü illə müqayisədə taxıl istehsalında 41 faiz, tərəvəz istehsalında 25 faiz, meyvə və giləmeyvə istehsalında 46 faiz artım əldə olunmuşdur. Tələbata uyğun olaraq quşçuluğun və balıqçılığın inkişafı dəstəklənmiş, ötən 10 il ərzində 60 yeni quşçuluq, 11 balıqçılıq təsərrüfatı istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikanın 90 illik yubileyindəki çıxışında digər bir sevindirici faktı da qeyd etmişdir. O demişdir ki, hazırda muxtar respublikada 106 növdə ərzaq, 226 növdə qeyri-ərzaq məhsullarına olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Sahibkarlığın inkişafı hesabına məhsul istehsalının həcmi daha da artırılmış, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi 87 faiz təşkil etmişdir. Yeni istehsal sahələrinin yaradılması hesabına məşğulluq səviyyəsi yüksəlmiş, ötən 10 il ərzində 59 min yeni yeri açılmışdır ki, bunun da 43 minə yaxını daimi yeridir.

Qədim diyarımız, alınmaz qalamız Naxçıvanda əldə edilən böyük nailiyyətləri saymaqla bitirmək mümkün deyildir. Yuxarıda qeyd etdiyimiz kimi, bütün bunları yalnız yüksəlişin Naxçıvan möcüzəsi adlandırmaq olar. Naxçıvan nümunəsindən də gördüyümüz kimi, yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, insanların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq mümkündür.

Azərbaycan Prezidenti İlham Əliyev də qədim diyarımızda əldə edilən bu uğurları yüksək qiymətləndirmişdir. Dövlət başçısı demişdir:“...Son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm”.

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2014.- 20 aprel.- S. 3.