Azərbaycan Dağlıq Qarabağ ərazisində anti-terror əməliyyatı keçirmək hüququndan yararlana bilər

 

Son 25 il ərzində müşahidələrim deməyə əsas verir ki, Ermənistanın inkişaf etmiş dövlətlər tərəfindən himayə olunması bizim etiraz səsimizi ucaltmağımız üçün kifayət qədər əsasdır. Heç bir hüquq normalarını tanımayan Ermənistan sərgilədiyi işğalçılıq siyasətinin qarşılığında, əslində, çoxdan bu ölkəyə qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi. Təsəvvür edin, bir ölkənin dövlət gerbində Türkiyə Cümhuriyyətinin ərazisində olan Ağrı dağı öz əksini tapmışdırsa, daha bu ölkədən hansı konstruktiv mövqe gözləyirlər?

Üstəlik, bir ölkə bütün qonşularına qarşı açıq-aşkar ərazi iddiaları edən separatçılarını dəstəkləyirsə, onunla hüquqi dildə necə danışmaq olar? Bu ölkə rəsmən beynəlxalq hüququ tanımır. Bu ölkə artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisinin 20 faizini işğal altında saxlayır. Dinc əhaliyə qarşı soyqırımı törətmişdir. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparmışdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozmuşdur.

Bütün bunların müqabilində Qərb ölkələrinin və beynəlxalq təşkilatların Ermənistana qarşı loyallığı, təbii ki, heç bir halda anlaşılan deyilbu, ölkəmizə münasibətdə qərəzli mövqe tutulduğunun sübutudur. Qərb ekspertləri özləri etiraf edirlər ki, Ermənistanla Azərbaycanın mədəniyyət, iqtisadiyyat, tolerantlıq sahəsində müqayisə edilməsi, ümumiyyətlə, gülüncdür. Azərbaycan bütün parametrlərdən Ermənistandan dəfələrlə üstün mövqeyə malikdir.

Xüsusilə, tolerantlıq məsələsində üstünlüyümüz son beynəlxalq humanitar forumların ölkəmizdə keçirilməsi ilə bir daha nümayiş etdirildi. Belə olduğu təqdirdə Qərb dövlətlərinin və beynəlxalq təşkilatların bu qədər laqeydliyi, susqunluğu, əlbəttə ki, onlar bunu etiraf etməsələr də, Ermənistana olan isti münasibətin, təəsübkeşliyin mövcudluğunu təsdiqləyir. Azərbaycanın səbri tükənməz deyil.

Fikrimcə, Azərbaycan Dağlıq Qarabağ ərazisində anti-terror əməliyyatı keçirmək hüququndan birmənalı şəkildə yararlana bilər. Ermənistanın himayədarları bilsinlər ki, Azərbaycan Ordusu istənilən vaxt öz ərazisində anti-terror əməliyyatı apararaq torpaqlarını separatçılardan və işğalçılardan təmizləyə bilər. Əminliklə deyirəm ki, bu məsələnin gündəmə gətirilməsi vacibdir. Çünki biz sülh istəsək də, görürük ki, qarşı tərəf və beynəlxalq təşkilatlar pozulan hüququmuzun bərpası üçün heç bir cəhd göstərmirlər.

 

Rauf ZEYNİ,

 

Milli Qeyri-Hökumət Təşkilatları

 

Forumunun prezidenti

 

Xalq qəzeti.- 2014.- 20 aprel.- S. 3.