Masallı: Qarşıda duran vəzifələr müəyyənləşdirildi

 

Son illərdə sürətlə inkişaf edən, abadlaşan rayonlarımızdan biri də Masallıdır. Cari ilin ilk rübünün yekunlarına həsr olunan hesabat yığıncağında bu fikir konkret fakt və rəqəmlərdə ifadə ilə bir daha təsdiqini tapıb.

İcra hakimiyyətinin başçısı Rafil Hüseynov  məruzəsində vurğuladı ki, respublikamızın hər yerində olduğu kimi Masallıda da 2014-cü ilin birinci rübü sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuşyeni yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.

Hazırda rayonun inkişaf proqramında nəzərdə tutulmuş  bir sıra sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Masallı şəhərinin H.Aslanov, Azərbaycan küçələrində və Talışxanov prospektində geniş abadlıq və quruculuq işləri davam etdirilir.  Eyni zamanda, Masallı Tarix-Diyarşünaslıq muzeyi, Uşaq İncəsənət məktəbi, Bayraq meydanı inşa olunur.    Masallı şəhər 1 saylı, Kolatan, Bədəlan kənd tam orta məktəblərinin əsaslı təmiri və Mahmudavar kənd əsas məktəbinin tikintisi aparılır. Masallı şəhərində 2 uşaq bağçası üçün yeni binanın tikintisinə başlanmışdır. 

Hesabat dövründə rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi   artaraq 94,2 milyon manat olmuşdur. Rüb ərzində adambaşına düşən pul gəlirləri 443,3,  bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 262,1 manatdır.

Masallı mühüm kənd təsərrüfatı rayonudur. Birinci rübdə rayonun kənd, meşə, balıqçılıq təsərrüfatında 14,8 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz çoxdur.  Aprelin 1-nə qədər rayonda iri buynuzlu mal-qaranın sayı 73724 başa, xırda buynuzluların sayı 83177 başa çatmışdır. Birinci rübdə süd istehsalı 12099 ton, ət istehsalı 1514 ton, yumurta istehsalı 19,211min ədəd olmuşdur.   Rayonda xeyli taxıl, kartof, bostan bitkisi və tərəvəz əkilmişdir.

Sosial infrastruktur şəbəkəsinin miqyası genişlənir, inkişafı təmin olunur.  Dövlət Proqramı əsasında rayon mərkəzinin və 22 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi layihəsi ilə əlaqədar hazırda Təklə kəndində və Ərkivan qəsəbəsində köhnə  xətlər yenilənir.   Rüb ərzində Dəlləkli kəndi təbii qazla təmin olunmuşdur. Yaxın vaxtlarda Qədirli və Xallıcallı kəndlərində yeni qaz xətləri çəkiləcək.

Artıq 2 ildir ki, möhtərəm Prezidentin xeyir duası ilə Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. İcra başçısı ümid etdiyini bildirdi ki, bu layihə vaxtında və yüksək keyfiyyətlə tamamlanacaq.   Prezident İlham Əliyevin müvafiq qurumlara verdiyi tapşırıqlara əsasən, rayonun Muğan zonası və Qızılağac istiqamətində olan 42 kəndinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılmış və “Viləşçay” su dəryaçasından həmin kəndlərə   su xəttinin çəkilməsinə başlanılmışdır. İndiyədək  su mənbəyindən Şərəfə-Həsənli-Təklə istiqamətində 19 kilometrə yaxın magistral xətt çəkilmişdir. İlin sonuna qədər layihə çərçivəsində bəzi kəndlərə suyun verilməsi nəzərdə tutulur.  Rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi-texniki bazasını möhkəmləndirmək üçün  ardıcıl işlər görülür. Əhalinin icbari tibbi müayinəsi uğurla davam etdirilir. İmtiyazlı qrupa daxil olan xəstələr daim diqqət mərkəzindədir. Mərkəzi Rayon Xəstəxanası, Boradigah qəsəbə, Kalinovka kənd sahə xəstəxanalarının əsaslı təmiri, rayonun müxtəlif ərazilərində 6  həkim məntəqəsinin tikintisi  davam edir.

Masallı rayonunda fəaliyyət göstərən 31 turizm obyektinin böyük əksəriyyəti müvafiq lisenziya ilə təmin edilmişdir. Bu istirahət mərkəzlərində 1176 turist yeri vardır. Cari ilin 3 ayı ərzində bu turist obyektlərində 3145 nəfər turist istirahət etmişdir ki, onlardan 320 nəfəri xarici turist olmuşdur.

Rüb ərzində rayon İcra hakimiyyətinə 456 ərizə-şikayət daxil olmuşdur ki, bunun da 234-ü vətəndaşların, 222-si yuxarı təşkilatların payına düşür. Bu dövr ərzində İcra Hakimiyyətində keçirilən qəbullar zamanı 275 nəfər şikayətçi qəbul edilmişdir. Səyyar qəbullarda 580 nəfər iştirak etmişdir. 

Sonra məruzəçi qarşıdakı vəzifələrdən bəhs etdi. Dedi ki, Masallı şəhərində abadlıq işlərinin və su-kanalizasiya sisteminin qurulmasının yüksək  səviyyədə həyata keçiriməsi, həmçinin rayon ərazisində qazlaşdırılmanın və elektrik xətt təsərrüfatının yenilənməsinin başa çatdırılması günün vacib problemləridir. Viləş çayının Masallı səhəri ərazisindən keçən hissəsində bənd-bərkitmə işlərinin aparılması və burada park-bulvar kompleksinin inşası ən böyük layihələrdəndir. Bu layihənin başa çatdırılması şəhərin simasını tamamilə dəyişəcək və ona xüsusi gözəllik verəcək.

Yığıncaqda çıxış edənlər - təhsil şöbəsinin müdiri Astan İbişov, Masallı elektrik şəbəkəsinin direktoru Famil Yaqubov, DSMF rayon şöbəsinin müdiri Nahid Şəmşirov və başqaları   rüb ərzində qazanılmış nailiyyətlərdən danışdılar, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı fikirlərini söylədilər.

 

Əli ƏLİYEV

 

Xalq qəzeti.- 2014.- 20 aprel.- S. 5.