Bəyzadə nəslinin sənətçi qızı

 

Barat Şəkinskaya – 100

 

Həyat da axar su kimidir. Gecəli-gündüzlü hey axır və yaxşılı, pisli taleləri də özü ilə aparır.

Nəsillər dəyişdikcə Azərbaycanın nəhəng sənət korifeyləri də həyatın axar selinə qovuşaraq əbədiyaşarlıq qazanırlar. Elə Barat Həbib qızı Şəkinskaya kimi. O da öz bənzərsiz sənəti ilə xalqımızın əbədi yaddaşına köçüb. Bu günlər xalqımız onun 100 illiyini qeyd etməyə hazırlaşır.

Prezident İlham Əliyev bu barədə sərəncam da imzalayıb. Ömrünün 85 ilinin 60-dan coxunu sənətin əzablı yollarında keçirən xalq artisti öz xalqı üçün yaradıb, onun mənəvi dünyasının zənginləşməsinə xidmət edib. O, dünyaya gələndə doğulduğu torpaqdan çox-cox uzaqlarda I Dünya müharibəsi başlamışdı. Və nə biləydi ki, doğma Şuşasını da Qarabağ müharibəsində, 1992-ci ilin 8 may tarixində itirəcək. Deyirdi ki, mən 100 il yaşayardım, məni Şuşanın dərdi aparacaq.

Barat Şəkinskaya 28 iyun 1914 - ildə Şuşada, bəyzadə ailəsində anadan olmuşdu. Anası Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. Böyüdüyü mühit onun gələcək taleyinə güclü təsir göstərmişdi. O, ilk təhsilini də doğma Şuşada almışdı.

1923 - ildə o da ailəsi ilə birlikdə Gəncəyə köçərək oradakı 2 saylı qız məktəbində oxuyub. Şuşada Sultan xanımdan, Gəncədə Sayalı xanım Dilbazidən və Həmid Araslıdan dərs almışdı. 13 yaşından Gəncə Qadınlar Klubunun dram dərnəyində iştirak etməyə başlayıb. Burada teatrla,onun yaradıcıları ilə tanış olub. İlk rollarını da elə Gəncədə yaratmışdı. 1935-ci ildə o, Bakıya köçəndən sonra Akademik Milli Dram Teatrında fəaliyyət göstərməyə başlayıb. Bu teatrın güclü yaradıcı kollektivi aktrisanın formalaşmasında müstəsna rol oynayıb. Yenidən Gəncəyə qayıdan Barat xanım 1943-1945-ci illərdə burada aktyorluq edib. Bakıda müəyyən təcrübə toplayan aktrisa ikinci gəlişində Gəncə səhnəsində Afaq (“Nizami”, Mehdi Hüseyn), İntizar (“Vəfa”, Rəsul Rza),Gülnar (“Vaqif”, Səməd Vurğun), Bahar (“Bahar”, Məmmədhüseyn Təhmasib), Hürü (“Məhəbbət”, Mirzə İbrahimov) rollarını yaradıb. Barat Şəkinskaya bəzən vaxt oğlan rollarını ifa edən travist aktyor kimi çıxış edirdiçox da uğurlu alınırdı. Onun Gəncə teatrında Kostya, Bakıda 1939-cu ildə oynadığı Napoleon obrazı yüksək bədii-estetik məziyyətləri ilə teatr tariximizə yazılıb. Aktrisa həm də çox sayda uşaq rolları oynayıb. Son dəfə uşaq rolu oynayanda Barat xanımın 37 yaşı var idi. Bu, Məhəmmədhüseyn Təhmasibin “Çiçəklənən arzular” pyesində 7-ci sinif şagirdi Nazlı rolu olub.

Onu tanıyır və sevirdilər. Səhnəyə gəlişi həmişə alqışlarla qarşılanırdı. Barat xanımı “Azərbaycan səhnəsinin Cülyettası” deyə çağırırdılar.

1935-ci ildə xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunan aktrisanın iştirak etdiyi uşaq rolları balaca tamaşaçıların sevimlisinə çevrilmişdi. Onun iştirakı ilə hazırlanan “Arxip babaLyonka”, “Ad günü”, “Köhnə qala”, “Çippolino”, “Buratino”, “Sirk gəlir” və onlarca bu səpkili tamaşalar Teleradio şirkətinin qızıl fondunda qorunub saxlanılır. Sənətə böyük ehtiramı olan Barat Şəkinskaya elə bu məhəbbət üzündən də səhnəni tərk edib.

Aktrisanın 70-ci illərdə hələ “formadaolduğu səhnə ilə vidalaşma səbəbini İlham Rəhimli belə izah edir: “Səbəbini bir dəfə ondan soruşdum. Dedi ki, bir gün məşqdə idim. Məşq gedirdi. Mən birgördüm yuxu məni basır. Əsnədim möhkəm. Çöndüm sağa baxdım, sola baxdım ki, məni görən olmadı ki? Öz-özümə dedim ki, hə, Barat, səninki burada qurtardı”. Onu filmlərə də tez-tez çəkirdilər. 50-ci illərin ortalarından başlayaraq o, filmlərdə bir neçə yaddaqalan rol oynayıb. İndi o filmlərə baxanda Barat xanımın necə güclü istedad sahibi olduğunu müəyyənləşdirmək çətin deyil. 1955-ci ildə Barat Səkinskaya kinorejissor Tofiq Tağızadə “Görüş” filmində Şövkət roluna dəvət alır. Bu rol, əslində, o qədər də sadə personaj deyildi. Barat xanım bu kolxozçu qadınının obrazını çox ustalıqla yaradıb. O, filmin qəhrəmanlarından biri Əbülfəzin həyat yoldaşıdır. Əliağa Ağayevin oynadığı Əbülfəz tənbəl, özünü işə verməyən kəndin çayxanasında gün keçirən bir tüfeylidir. Amma həyat yoldaşı Şövkət, onun əksinə olaraq işgüzar qadındır. Kolxozun bütün işlərində fəal iştirak edir. Barat xanım Şövkətin daxili dünyasını açır, onu əsl Azərbaycan qadını kimi təqdim edir. “O olmasın, bu olsun” filminə isə 1956-cı ildə çəkilmişdi. O, filmdə qulluqçu Sənəmi oynayırdı. maraqlı obraz idi. Aktrisa, həmçinin ,“Qızmar Günəş altında”(1956), “ Qəribə əhvalat” (1961), “Telefonçu qız” (1962), “Azərbaycan teatrının ustaları” (1966) , “Evin kişisi” (1978) , “Onun bəlalı sevgisi” (1980) , “Üzeyir ömrü” (1982) və digər filmlərdə yaddaqalan rollar ifa etmişdir.

Aktrisa xalq artisti Mehdi Məmmədovun həyat yoldaşı olmuşdu. Oğlu Elçin Məmmədov gözəl rəssam və aktyor idi.

Barat Şəkinskaya 14 yanvar 1999-cu ildə dünyasını dəyişib. Onun nurlu xatirəsini xalqımız heç zaman unutmayacaq.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 20 aprel.- S. 7.