Prezident İlham ƏLİYEV: Bizim xarici siyasətimiz tam müstəqildir və Azərbaycan xalqının milli maraqlarına söykənir

 

Respublikamız 1991-ci ildə  dövlət müstəqilliyini bərpa etdikdən sonra digər postsovet ölkələrindən fərqli olaraq müstəqil xarici siyasət yürütməyə başladı. 70 il SSRİ tərkibində müttəfiq respublikalardan biri hesab olunan ölkəmiz, əslində, mərkəzdən - Moskvadan idarə olunurdu. Yenicə azadlığa çıxmış bir ölkənin müstəqil xarici siyasət yürütməsi isə asan məsələ deyildi. Dağlıq Qarabağda erməni separatizminin artması, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, müxtəlif ölkələrin müstəqilliyimizi həzm etməməsi dövlətimizi ciddi dilemmalarla qarşı-qarşıya qoymuşdu. Böyük dövlətlərin qəzəbinə tuş gəlməmək, Ermənistanın işğalçı siyasətini diplomatik fiaskoya uğratmaq, suverenliyimizi qəbul etdirmək və digər məsələlər problem olaraq qalırdı.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xarici siyasətimizdə yeni dövr başlandı. Ulu öndərin Qərb dövlətlərinə, qardaş Türkiyəyə, Rusiyaya, Çinə, İrana... ardıcıl səfərləri ölkəmizin xarici siyasətinin özünəməxsus xəttini və balanslaşdırılmış formasını müəyyənləşdirirdi. Qardaş Türkiyə Cümhuriyyəti ilə münasibətlər yeni, daha böyük müstəvidə inkişaf etməyə başladı. Azərbaycanın haqq səsinin dünyada tanıdılması üçün yorulmaz fəaliyyət göstərən ümummilli lider Heydər Əliyev düşmən ölkə üzərində diplomatik qələbəni təmin etdi. ATƏT-in 1996-cı ilin dekabr ayında keçirilən Lissabon sammitində 54 iştirakçı dövlət tərəfindən “Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli” adlı Bəyannamə qəbul edilmişdir. Bəyannamədə üzv ölkələrin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilmiş və onları aradan qaldırmaq üçün birgə əməkdaşlığın vacibliyi xüsusi vurğulanmışdır. Lissabon Zirvə görüşündə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in iştirakçı dövlətləri tərəfindən (Ermənistandan başqa) aşağıdakı prinsiplərə razılıq verilmişdir:

1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;

2. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusunun verilməsi;

3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı.

Azərbaycan  Respublikasının milli mənafelərinin qorunmasını başlıca məqsəd hesab edən ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində bu sammitdə ermənilər bir daha anladılar ki, işğal etdikləri torpaqlardan gec-tez çıxmalıdırlar.

ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların hələ konkret nəticə verməməsinə baxmayaraq, dünya birliyində artıq yekdil bir fikir formalaşmışdır ki, münaqişənin həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması, azərbaycanlı məcburi köçkünlərin və qaçqınların öz doğma yurd-yuvalarına qayıtması ilə başlanmalı, bunun ardınca münaqişə tərəfləri arasında əməkdaşlıq, etimad mühitinin formalaşmasına xidmət edən qarşılıqlı addımlarla işğalın ağır nəticələri aradan qaldırılmalıdır.

Ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan xarici siyasət strategiyası, ilk növbədə, respublikamızın milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını, eyni zamanda, Avratlantik inteqrasiya xəttini, uğurlu enerji və nəqliyyat infrastrukturları diplomatiyası vasitəsilə perspektiv inkişafın əldə edilməsini, xarici siyasətimizin manevr imkanlarının və strateji dərinliyinin artırılmasını, ən əsası, Ermənistanın Azərbaycana qarşı təcavüzünün beynəlmiləlləşdirilməsini, Ermənistana qarşı beynəlxalq siyasi təzyiqin gücləndirilməsini və son hədəf olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının təmin olunmasını özündə ehtiva etmişdir.

Xarici siyasətimizin hücum strategiyasını müəyyən edən Prezident İlham Əliyev diplomatiyamız tərəfindən bütün imkanlardan istifadə edilməklə erməni yalanlarının ifşa edilməsi və dünya miqyasında yayılması istiqamətində Azərbaycan diplomatları qarşısında ciddi vəzifələr qoymuşdur. Dövlət rəhbəri bildirmişdir ki, diplomatlar işlədikləri ölkələrdə Qarabağ problemini hər fürsətdə qaldırmalı, bu problemə dair həqiqətləri həmin ölkələrin ictimaiyyətinə daha fəal şəkildə çatdırmalı və Azərbaycana qarşı aparılan informasiya müharibəsində önə keçmək üçün əsl həqiqətləri yaymalıdırlar.

Prezident İlham Əliyev diplomatik xidmət orqanları rəhbərlərinin 2012-ci il sentyabrın 21-də keçirilmiş dördüncü müşavirəsində inkişafımızın hazırkı mərhələsinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə yeni vəzifələr müəyyən etmişdir: Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunması; Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində fəaliyyətin daha aktiv şəkildə davam etdirilməsi; Ermənistanın siyasi, iqtisadi, enerji və nəqliyyat layihələrindən təcridinin davam etdirilməsi; Azərbaycan haqqında həqiqətlərin dünya miqyasında yayılmasının daha da gücləndirilməsi, erməni yalanlarının ifşa edilməsi və Azərbaycana qarşı olan məqsədyönlü bəzi əks-təbliğat əməllərinin qarşısının alınması; ikitərəfli əsasda dünya ölkələri ilə əlaqələrin inkişafına xüsusi önəm verilməsi və ikitərəfli siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin daha da inkişaf etdirilməsi; Azərbaycanın qeyri-daimi əsasda üzv seçildiyi BMT Təhlükəsizlik Şurasında ədalət və beynəlxalq hüququn prinsiplərinə uyğun səmərəli fəaliyyətin davam etdirilməsi, yeni üzv qəbul olunduğumuz Qoşulmama Hərəkatında fəaliyyətin artırılması və çoxtərəfli çərçivələrdə də çevik diplomatik fəaliyyətimizin davam etdirilməsi; xarici iqtisadi əlaqələrin genişləndirilməsinin dəstəklənməsi və Azərbaycan məhsullarının ixracı üçün yeni bazarların müəyyən edilməsi;  Azərbaycan xalqının əsrlərdən bəri formalaşmış zəngin irsi əsasında dünya miqyasında multikulturalizm və tolerantlıq meyillərinin inkişafına töhfə verilməsi; mədəni diplomatiya siyasətinin davam etdirilməsi və dünya miqyasında Azərbaycan xalqının sahib olduğu zəngin mədəni irsin tanıdılması; dünya azərbaycanlıları və diaspor təşkilatları ilə əlaqələrin daha da gücləndirilməsi və onların fəaliyyətinin dəstəklənməsi.

Bütün bu prinsiplər, əslində, həm də Azərbaycan xarici siyasətinin dinamikliyinimilli maraqlara əsaslandığını nümayiş etdirdi.

Erməni yalanlarına qarşı dünya miqyasında Azərbaycan tərəfindən aparılan uğurlu diplomatik hücum strategiyasının bariz nəticəsi kimi, qeyd edə bilərik ki, Ermənistanın ölkəmizə qarşı təcavüzü artıq Meksika, Pakistan, Kolumbiya, Panama, Peru, Çexiya, Bosniya-Herseqovina, İordaniya parlamentləri və ABŞ-ın on dörd ştatının yerli qanunverici orqanları səviyyəsinə çıxarılmış, insanlıq əleyhinə cinayət kimi tanıdılmışdır. Bu da Azərbaycanın artan ikitərəfli əlaqələrinin inkişafından xəbər verir.

Məhz bu baxımdan Azərbaycan Prezidenti tərəfindən müxtəlif ölkələrlə ikitərəfli münasibətlərin inkişafı prioritet vəzifələrdən biri kimi müəyyən edilmişdir. Hazırda Azərbaycanın xarici ölkələrdə 80-dən artıq diplomatik nümayəndəliyi fəaliyyət göstərir və onların sırasına yaxın vaxtlarda yeniləri də əlavə olunacaqdır. 2013-cü il ərzində isə Azərbaycanın AvstraliyaVyetnamda səfirlikləri fəaliyyətə başlamışdır.

Bu nümayəndəliklər ölkəmizin milli maraqlarının təmin olunmasında, xarici siyasətin həyata keçirilməsində, iqtisadi əlaqələrimizin coğrafiyasının genişləndirilməsində, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsində, eləcə də respublikamızın xarici ölkələrdə təbliği, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiə edilməsi işində onların qarşısında qoyulan vəzifələri icra edirlər.

Azərbaycanın xarici siyasəti üçün qismən yeni ünvanlar olan Latın Amerikası və Afrika qitəsində son dövrlərdə səfirliklərimizin açılması qısa müddət ərzində bu ölkələrlə əlaqəlimizin inkişafında mühüm rol oynamışdır.

Etibarlı tərəfdaş olan  münasibətlərə beynəlxalq hüququn prinsipləri çərçivəsində yanaşan Azərbaycan ikitərəfli münasibətlərin fəlsəfəsinə, xoşməramlı, tarazlı siyasətinə görə dünya dövlətlərinin etimad və rəğbətini qazanmışdır.

Bu məqam Azərbaycanın 2011-ci ilin oktyabrında BMT Baş Assambleyası çərçivəsində Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə 155 üzv dövlətinin dəstəyini qazanaraq Şərqi Avropa qrupundan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində özünü göstərmişdir. Azərbaycanın bu seçkilərdə mütləq qələbəsinin qaçılmaz olduğunu dərk edən Ermənistan eyni qrupdan namizəd olsa da, biabırçı məğlubiyyətdən xilas olmaq üçün prosesin ilkin mərhələsində namizədliyini geri götürmüşdür. Azərbaycan Avropa İttifaqı ölkələrinin himayəsi ilə seçkilərdə iştirak edən Sloveniya və Macarıstan ilə rəqabət şəraitində dünya birliyinin tam dəstəyini qazanmışdır.  Azərbaycanın xarici siyasətinin parlaq qələbəsi, daha doğrusu, müstəqilliyimizin bərpasından üzü bəri diplomatiyamızın ən böyük müvəffəqiyyəti məhz Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi hadisəsi oldu.

Azərbaycanın BMT TŞ-da sədrliyi dövründə Afrika regionu üzrə Sudan və Cənubi Sudan, Konqo Demokratik Respublikası, Qvineya-Bisau, Liviya, Qərbi Afrika, Somali, Asiya regionu üzrə Əfqanıstan, Avropa üzrə BMT-nin Kosovoda Müvəqqəti İdarəçilik Missiyası (UNMİK), BosniyaHerseqovina kimi ölkələrdə beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradan məsələlərlə bağlı görüşlər keçirilmişdir. Ölkəmizin TŞ-də sədrliyi dövründə qəbul olunmuş üç qətnamənin hər biri Afrika ölkələri (SudanQvineya-Bisau) haqqındadır. Bu da Azərbaycanın Afrika qitəsində baş verənlərə qarşı biganə qalmadığının və sözügedən regionda baş verən hadisələri yaxından izləməsinin göstəricisidir.

Əlavə olaraq, ölkəmiz siyasi və təhlükəsizlik baxımdan dünyanın ən qaynar regionlarından sayılan Yaxın Şərq regionu üzrə şuranın iclas və görüşlərində iştirak etmiş, xüsusən, Fələstin, Suriya, Liviya, Livan, Yəmən və dünyanın gündəmində olan bu kimi digər məsələlərin müzakirəsində öz töhfəsini vermişdir. BMT TŞ-yə üzvlük ölkəmizə, xüsusilə, Afrika və Latın Amerikası kimi regionlarda yeni tərəfdaşlar qazandırmış, iqtisadi, siyasi, mədəni və sosial-humanitar sahələrdə yeni əməkdaşlıqlara yol açmışdır.

Çoxtərəfli diplomatiyamızın tərkib hissəsi kimi Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Şurası, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər universalregional beynəlxalq təşkilatların üzvü olaraq da fəal aparır. Etiraf olunmalıdır ki, bir çox hallarda məhz Azərbaycanın təklifləri bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni formalarının müəyyən edilməsində başlıca rol oynayır. Təbii ki, müstəqil xarici siyasətin həyata keçirilməsində iqtisadi potensialın yüksək və davamlı olması önəmli amildir. Ölkəmizin təkcə son on il ərzində iqtisadi sahədə sürətlə inkişafına nəzər yetirsək, xarici siyasətimizin uğurlarının təsadüfi olmadığının şahidinə çevrilərik. Ölkə iqtisadiyyatı üç dəfədən çox artmışdır. Böyük sosial layihələr, sosial proqramlar icra edilir, iqtisadi islahatlar həyata keçirilir.

Prezident İlham Əliyevin öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, bu gün sosial cəhətdən az təmin edilmiş vətəndaşlara da Azərbaycan dövləti öz yardımını əsirgəmir. İqtisadi potensialımızın artırılması üçün  gözəl imkanlar vardır. Çünki biz artıq iqtisadiyyatımızı şaxələndirə bilmişik. Keçən il qeyri-neft sektorumuz təxminən 10 faiz, bu ilin iki ayında təxminən 9 faiz artmışdır. Yəni bu, onu göstərir ki, iqtisadiyyatla bağlı qarşıda duran əsas vəzifələr uğurla icra edilir. Gələcək illərdə bu sahədə islahatlar davam etdiriləcəkdir. Azərbaycanda çox güclü sənaye potensialı yaradılacaqdır. Bundan sonra Azərbaycan iqtisadiyyatı qeyri-neft sektoru hesabına inkişaf edəcəkdir. Artıq biz bunu görürük və bölgələrdə aparılan işlər, sənayenin, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı olan təşəbbüslər öz səmərəsini verməkdədir.

Ölkəmiz iqtisadi sahədə apardığı islahatlarla dünyanın aparıcı iqtisadi qurumlarının da yüksək qiymətlərinə layiq ola bilmişdir. Bu gün dünyanın aparıcı iqtisadi qurumu olan Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 39-cu yerə layiq görmüşdür. Bu, islahatlar nəticəsində əldə edilmiş uğurlardır. Ancaq istənilən islahat ilk növbədə, insanların həyat şəraitinin yaxşılaşmasında özünü büruzə verməlidir və bu, özünü göstərir. Bu gün yoxsulluq şəraitində yaşayan soydaşlarımızın sayı getdikcə azalır, işsizlik aradan götürülür. Ölkə iqtisadiyyatı inkişaf edir. Bu uğurlar öz növbəsində Azərbaycanın dünyada çox önəmli enerji təchizatçısı kimi rolunu artırmağa imkan verir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xarici siyasətlə bağlı addımlarımız beynəlxalq hüquqa və ədalətə söykənir. Bu iki anlayış bizim üçün əsasdır. Bəzi hallarda  münasibətlərdə beynəlxalq hüquq və ədalət ziddiyyət təşkil edir. Ancaq buna baxmayaraq, Azərbaycan bütün məsələlərdə öz prinsipial mövqeyini ifadə edir, bu mövqeyə sadiqdir. Bundan sonra da Azərbaycan bütün məsələlərin beynəlxalq hüquq çərçivəsində ədalətli şəkildə həll edilməsində öz sözünü deyəcəkdir.

Bizim xarici siyasətimiz tam müstəqildir, Azərbaycan xalqının milli maraqlarına söykənir. Biz milli maraqlarımızı şərəflə, uğurla qoruyuruq. Deyə bilərəm ki, bu gün bölgədə gedən proseslərdə Azərbaycan dövlətinin təsiri artır. Bir çox hallarda beynəlxalq layihələrin təşəbbüskarı da məhz Azərbaycan dövlətidir.

Beləliklə, dövlətin maraqlarını məharətlə müdafiə etmək üçün xarici siyasətin qarşısında duran vəzifələr düzgün müəyyənləşdirilmişdir. Strateji məqsədlərə çatmaq üçün səmərəli və müasir diplomatik mexanizmlərdən yararlanmaq gərəklidir və ölkə rəhbərliyi bu imkanlardan maksimum istifadə etməyə çalışır. Bu baxımdan Azərbaycanın xarici siyasət kursunun prioritetləri dövlətin maraqları ilə müasir geosiyasi vəziyyətin xüsusiyyətlərinin maksimum dərəcədə nəzərə alınmasına əsaslanır.

 

Anar TURAN

 

Xalq qəzeti.- 2014.- 22 aprel.- S. 1; 3.