Qaz təsərrüfatında yenidənqurma işləri davam etdirilir

 

Son illər iqtisadi inkişaf sahəsində mühüm nailiyyətlər əldə edən Azərbaycan Respublikasında mühüm infrastruktur layihələri icra olunur, əhəlinin elektrik enerjisi, içməli su və “mavi yanacaq”la təminatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz işlər görülür. Bütün bunlara baxmayaraq, dinamik inkişaf yolunu davam etdirən ölkəmizdə daha möhtəşəm uğurlar qazanmaq üçün yeni-yeni addımlar atılır, genişmiqyaslı layihələr icra olunur. Bu isə digər qurumlarla yanaşı, ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyinin də üzərinə mühüm vəzifələr qoyur.

Ölkə Prezidenti İlham Əliyev bu ilin fevral ayında Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda ötən illərdə əhalinin “mavi yanacaqla təminatı sahəsində həyata keçirilmiş tədbirlərdən bəhs edərək demişdir:Son on il ərzində qazlaşdırma ilə bağlı böyük işlər görüldü. Bu, həm sosial, eyni zamanda, iqtisadi məsələdir. Çünki qaz olmayan yerlərdə insanlar daha çox elektrik enerjisindən istifadə edirlər. Bu, həm onlar üçün iqtisadi cəhətdən çox səmərəsizdir, eyni zamanda, elektrik enerjisinə tələbat artır. Belə olan halda əlbəttə ki, qazlaşdırma layihələrinə üstünlük verildi. Hazırda ölkəmizin bütün şəhərləri, kəndlərin əksəriyyəti qazlaşdırılıb və ümumilikdə Azərbaycanda təqribən 90 faizə yaxın qazlaşdırma təmin edilibdir... Növbəti beş il ərzində qazlaşdırmanın səviyyəsi 95-96 faizə çatdırılmalıdır”.

Dövlət başçısının söylədiyi bu fikirlər ölkənin qaz təsərrüfatında görülmüş işlərlə yanaşı, “Azəriqaz” İB-nin qarşısına qoyulan yenidaha mühüm vəzifələri müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Xatırladaq ki, ölkə Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın tələblərini uğurla yerinə yetirən “Azəriqaz” İstehsalat Birliyi Prezident İlham Əliyevin bu və digər tapşırıqlarından irəli gələn məsələlərin həlli istiqamətində səylərini artırır. İndiyədək əldə olunmuş nəticələri ölkə rəhbərinin qazlaşdırmaya göstərdiyi böyük diqqət və qayğının məntiqi nəticəsi hesab edən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev demişdir: “2004-cü ildə ölkənin yalnız 49 şəhəri, rayon mərkəzi və bu mərkəzlərə yaxın kənd və qəsəbəsi təbii qazla təmin olunurdu. Ölkə üzrə qazlaşma səviyyəsi cəmi 39,8 faiz təşkil edirdi. Bu gün respublikanın bütün rayon mərkəzlərində, hətta sovet dövründə qazlaşdırılmayan 663 qəsəbə və kənddə qazlaşdırma işləri tam başa çatdırılmışdır. 2013-cü ildə qazlaşma səviyyəsi 89,8 faizə, o cümlədən Bakı şəhəri üzrə 99 faizə, regionlar üzrə 83,4 faizə çatdırılmışdır. Ölkə üzrə real qazla təmin olunan əhali abunəçilərinin sayı 2004-cü ildə 700 mindən aşağı olduğu halda, bu gün 1 milyon 600 mindən artıqdır. Bunun üçün ümumi uzunluğu 4 min 800 kilometrdən artıq magistral qaz kəməri, 25 min kilometrdən çox müxtəlif diametrli daşıyıcı xətt çəkilmiş, 8 min kilometrə yaxın boru xətti isə əsaslı təmir olunmuşdur. Qazlaşdırılma layihələri çərçivəsində 18 yeni qazpaylayıcı stansiya inşa olunmuş, 41 qazpaylayıcı stansiya yenidən qurulmuş, ölçü qovşaqları istismara verilmiş və təmir edilmiş, ən müasir qurğularla təchiz olunmuşdur”.

Cari il aprelin 1-nə olan məlumata görə, “Azəriqaz” İstehsalat Birliyi üzrə abonentlərin sayı 1 milyon 685 min nəfərə çatmışdır. Hazırda ölkənin qaz təsərrüfatı işçiləri “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində işləri davam etdirirlər. İndi qarşıya qoyulmuş başlıca vəzifələr qazlaşdırmanın səviyyəsini daha da artırmaq, şəbəkənin imkanlarını gücləndirmək, “Azəriqaz” İstehsalat Birliyini beynəlxalq standartların tələblərinə tam cavab verən bir quruma çevirməklə istehlakçıların fasiləsiz, keyfiyyətli və təhlükəsiz qaz təminatına nail olmaqdan ibarətdir.

Cari ilin birinci rübü ərzində “Azəriqaz” İB tərəfindən abonentlərin fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, həmçinin qaz itkilərinin daha da azaldılması istiqamətində mühüm tədbirlər görülmüşdür. Belə ki, hesabat dövründə əhali sektoru üzrə 1 milyard 71 milyon 216 min kubmetrdən artq təbii qaz satılmış və bunun müqabilində 92,44 faiz vəsait toplanmışdır. İlin ilk üç ayı ərzində hüquqifiziki şəxslərin müraciətləri araşdırılaraq müvafiq sənədləri təqdim olunan 45 çoxmərtəbəli binanın qazının açılması da təmin edilmişdir. Bu isə ümumilikdə 5565 mənzili əhatə edir.

2014-cü ilin ilk günlərindən etibarən müştəri məmnunluğunun artırılmasına təkan verən xidmətlərə də start verilmişdir. Belə ki, fevral ayından başlayaraq abonentlərə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində xidmətlər təklif edilir. Yaşadığı ərazidən asılı olmayaraq, bütün abonentlərin müraciət edə bildiyi bu mərkəzdə hazırda heç bir müddət müəyyənləşdirilmədən dərhal icra olunan beş növ xidmət göstərilir. Həmin xidmətlərə isə itirilmiş “smart-kart”ın bərpası, artıq qeydiyyatda olanyerli qaz istismar sahələrində təsdiq olunmuş məcburi köçkün abonentlərinin limitlərinin verilməsi, saldoların çap olunması və borc haqqında məlumatın verilməsi, “smarttipli sayğaclardan istifadə edən abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi və bu tip sayğacların istismarı ilə bağlı məlumatın verilməsi daxildir.

Yeri gəlmişkən, “smart-karttipli sayğaclardan istifadə edən abonentlər üçün nəzərdə tutulan bu xidmətlərdən biri - saldoların çap olunması və borc haqqında məlumat verilməsi xidmətindən mexaniki sayğaclardan istifadə edən abonentlər də yararlana bilər. “Azəriqaz” İB-dən verilən məlumata görə, yaxın vaxtlarda bu xidmətlərin əhatə dairəsi də genişləndiriləcək, nəticədə Bakı şəhərində yerləşən 2, 3 və 4 saylı, eləcə də Gəncə və Sumqayıt şəhərlərində yerləşən “ASAN xidmət” mərkəzlərini əhatə edəcəkdir. Eyni zamanda, abonentlərə göstərilən xidmət növləri sırasına daha bir neçəsi əlavə ediləcəkdir. Həmin xidmətlərin sırasına isə mexaniki sayğacların “smarttipli sayğaclarla əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, “smarttipli sayğacların dəyişdirilməsi ilə əlaqədar yenismart” kartların verilməsi, yeni qazlaşdırma nəticəsində quraşdırılmış “smarttipli sayğacın kartının verilməsi, səbəbindən asılı olmayaraq istənilən ödəniş provayderi vasitəsilə həyata keçirilmiş qüsurlu ödənişin bərpa edilməsi daxildir.

 “ASAN ” mərkəzlərində xidmətlərin əhatə dairəsi genişləndikdən və yenilərinin tətbiqindən sonra Bakı şəhərindəki qaz istismar sahələri tərəfindən bu xidmətlərin göstərilməsi dayandırılacaq. Göründüyü kimi, bütün bu tədbirlər “Azəriqaz” İB-nin istehlakçılarla münasibətlərinin daha da möhkəmlənməsinə, eləcə də göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə səbəb olacaq. Bakı şəhərində “Azəriqaz” İB-nin ayrıca fəaliyyət göstərən müştəri xidmətləri ofisinin açılması bu istiqamətdə həyata keçiriləcək mühüm addımlardan olacaq.

İlin mühüm yeniliklərindən biri də ölkədəki müxtəlif dini konfessiyalara məxsus bütün məscid, kilsə və digər ibadət ocaqlarına təbii qazın pulsuz verilməsidir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı və Dövlət Neft Şirkəti şurasının 63 nömrəli 30 dekabr 2013-cü il tarixli qərarına əsasən, məscidlərə və digər konfessiyalara məxsus dini məbədlərə ayrılmış illik limit daxilində təbii qazın əvəzsiz verilməsi nəzərdə tutulmuşdur. 2013-cü il ərzində məbəd və ziyarət yerlərinin istifadə etdikləri qazın orta illik sərfiyyatının 1953 kubmetr olmasına baxmayaraq, hazırda təbii qazla təmin olunmuş ibadət və ziyarət yerlərinin hər birinə illik 5 min kubmetr limitin tətbiq olunması qərara alınmışdır. “Azəriqaz” İB-dən verilən məlumata görə, gələcəkdə təbii qazdan istifadə etmək üçün birliyə müraciət edən islam dini təyinatlı ibadət, digər konfessiyalara məxsus məbəd ziyarət yerlərinə öz vəsaitləri hesabına layihə-smeta sənədləri əsasında qaz xətləri çəkilib sayğac quraşdırıldıqdan və müvafiq qeydiyyatdan keçməsini təsdiq edən sənədlər təqdim etdikdən sonra nəzərdə tutulmuş limit tətbiq olunmalıdır. 2014-cü il aprelin 1-nə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 190 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün limit ayrılmışdır.

2014-cü ilin yeniliklərindən biritexniki baxışlarla bağlıdır. “Azəriqaz” dan bildirirlər ki, texniki baxışlar keçirən qaz təsərrüfatı işçiləri bəzi hallarda mənzillərə buraxılmırlar. Nəticədə mənzildaxili xətlərdəki cüzi sızma halları xoşagəlməz hadisələrə gətirib çıxarır. “Azəriqaz” İB tərəfindən evdaxili xətlərə texniki baxışların keçirilməsinin vacibliyi nəzərə alınaraq yaxın vaxtlarda Bakı şəhəri üzrə yoxlamaları həyata keçirən yeni bir operativ mərkəzləşmiş qurumun yaradılmasına qərar verilmişdir. “Azəriqaz” İB-də hesab edirlər ki, bu və digər işlər abonentlərlə münasibətləri daha da möhkəmləndirəcək və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan yaradacaq.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2014.- 23 aprel.- S. 5.