Səbaildə “Yaşlı nəslin təcrübəsindən faydalanaqmövzusunda maarifləndirici görüş keçirilmişdir

 

Səbail Ryon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Yaşlı nəslin təcrübəsindən faydalanaqmövzusunda genişmiqyaslı ailə maarifləndirməsi layihəsi çərçivəsində tədbir keçirilmişdir.

Səbail Rayon Gənclər və İdman İdarəsinin, VeteranlarAğsaqqallar şuralarının, gənc ailələrin nümayəndələrinin, tələbələrin və gənc müəllimlərin iştirakı ilə keçirilən görüşü Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Vilayət Əliyev giriş sözü ilə açaraq, layihənin məramı barədə məlumat vermişdir. Natiq dövlət ailə siyasətinin dəstəklənməsi, milli-mənəvi və ümumbəşəri dəyərlərin ailədə qorunub gələcək nəsillərə ötürülməsi, yeni nəslin yaşlılara hörmət, kiçiklərə qayğı ruhunda tərbiyə olunması, gənclərin ailə həyatına hazırlığı ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsinə verilən önəmdən, bu sahədə rayonda görülən işlərdən danışmışdır.

Bildirilmişdir ki, milli dəyərlərimizin və mədəniyyətimizin fəal təbliğatçısı, ümummilli problemlərin dünya müstəvisinə çıxarılmasında əvəzsiz xidməti olan Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanın bəşəri prinsiplərə söykənən çoxşaxəli fəaliyyəti qadınlar üçün örnəkdir. Cəmiyyət kiçik ailələrdən ibarətdir və burada yaranan problemlərin həllində, normal münasibətlərin formalaşmasında qadının rolu böyükdür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd etmişdir ki, qloballaşan dünyada ən həssas və aktual məqamlardan biri sosial-mənəvi mühitin saflığının təmin olunmasıdır. Qarşımızda duran əsas məsələ gənclərdə özünümüdafiə sosial instinktinin formalaşdırılmasıdır. Bu istiqamətdə alimlərimizin, ziyalılarımızın, ağsaqallarımızın, ağbirçəklərimizin üzərinə böyük məsuliyyət düşür. Layihə yaşlı və gənc nəsil arasında dialoq funksiyası daşıyır, ailənin, xüsusən, yaslıların xalqın ən yaxşı adət- ənənələrinin saxlayıcısı, daşıyıcısı və gələcək nəsilə ötürücüsü olduğunu cəmiyyətə anlatmağa xidmət edir.

Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova aprelin 28-də 91 yaşı tamam olan görkəmli oftalmoloq-alim, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın nəsillərə nümunə sayılan həyat və fəaliyyətindən, gözəl həkim, nəcib qadın, sədaqətli həyat yoldaşı və qayğıkeş ana olmasından danışmışdır.

Daha sonra bildirilmişdir ki, gənclərin tapmaqda çətinlik çəkmələri, gənc ailələrin mənzil problemləri, məktəbəqədər tərbiyə müəssisələrində yerlərin azlığı, gənclərin bəzilərinin nigaha hazır olmamaları, bir sıra hallarda validyenlərin gənc ailələlərin həyatına müdaxilələri və s. səbəblərdən ailədaxili konfliktlər artır, nəticədə, ailələrin dağılmasına səbəb olur. Bu tendensiya ölkənin bir çox rayonlarında müşahidə olunur. Səbail rayonunda 2013-cü ildə 873 nikah və 222 boşanma qeydə alınmışdır. Əvvəlki illə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı 6,1-dən 9,1-ə qalxmış, boşanmalar isə 2,3 olaraq eyni səviyyədə olmuşdur. İlin ilk 3 ayında isə 225 nikah və 51 boşanma qeydə alınmışdır. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayının 4,7-dən 9,5-ə qalxması, boşanmaların isə 2,5-dən 2,1-ə enməsi deməkdir.

İctimaiyyət, RİH-də fəaliyyət göstərən müvafiq komissiyalar ailələrin möhkəmliyinin qorunması ilə bağlı maarifləndirici işlər aparır, rayonda müxtəlif tədbirlər təşkil olunur. Bu işlərin gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulmuşdur. Sonda tədbir iştirakçılarına ailə həyatı ilə bağlı məlumatlandırma vəsaitləri paylanılmışdır.

 

R.TAHİR

 

Xalq qəzeti.- 2014.- 25 aprel.- S. 6.