Səbail çernobılçıları ilə ənənəvi görüş

 

Bəşəriyyətin yaxın tarixinə dəhşətli texnogen fəlakətlərdən biri kimi yazılmış Çernobıl qəzasının   ildönümü ilə bağlı  Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının “Şəhidlər Xiyabanı”ndakı qərargahında Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş səbaillilərin ənənəvi görüşü keçirilmişdir.

Səbail Rayon İcra Hakimiyyətinin başçı  Asif Əsgərov  bildirmişdir ki, hər il aprel aynın 26-da  MDB-nin və Şərqi Avropanın bir sıra ölkələrində XX əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasında 28 il əvvəl baş vermiş  qəza yada salınır. O zaman partlayış və yanğın nəticəsində yaranmış radioaktiv bulud Şərqi Avropanın böyük bir hissəsini bürümüş, cənub istiqamətində də hərəkət edərək xeyli ərazini radioaktiv maddələrlə zəhərləmişdi.

Fəlakət nəticəsində 7 min insan həlak olmuş, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olmuşdur. UkraynaBelorusiyada 300 min nəfər öz yaşayış yerlərini tərk etmişlər. Yaponiyanın XirosimaNaqasaki şəhərlərinə atılmış atom bombalarının  fəsadlarına bərabər tutulan bu qəzanın nəticələrinin aradan qaldırılmasında o dövrdə Azərbaycandan da 7 mindən çox insan iştirak etmişdir. Kəskin radioaktiv mühit soydaşlarımızın da səhhətinə ağır təsir göstərmiş, onların bir çoxu ömürlük şikəstlik, ağrı-acı qazanmışdır. Hadisədən illər keçməsinə baxmayaraq bir çox çernobılçılar bu gün də əziyyət çəkirlər.  Görüşdə bildirilmişdir ki, Çernobıl qəzası zamanı əlil olmuş insanların vəziyyətini qədərincə bilən ümummilli lider Heydər Əliyev bu qəzanın qurbanı olmuş azərbaycanlıların statususosial müdafiəsi haqqında 1993-cü ilin sonlarında sərəncam imzalamışdır. Son illərdə bu insanlara dövlət qayğısı daha da artmış, onların pensiya və müavinətlərin məbləği  ölkə başçısı İlham Əliyevin sərəncamı ilə yüksəldilmişdir. Çernobıl əlillərinin müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Səbail rayonundan Çernobıl qəzasının aradan qaldırılmasına iştirak etmiş 96 nəfərin 46-sı müxtəlif dərəcəli əlildir. Son 2 ildə 3 Çernobıl əlilinə mənzil, 1 nəfərə minik avtomobili verilmiş, 40 nəfər sanatoriyada müalicə almışdır. Bu il daha 20 nəfər belə göndəriş alacaq.

Görüşdə bütün bunlardan razılıqla söz açan Səbail çernobılçıları radiasiya şüalanmasından əziyyət çəkənlər  üçün Mingəçevir şəhərində müalicə mərkəzinin yaradılmasına və Bakı şəhərində yaşayış binasının tikintisinə görə minnətdarlıqlarını bildirmişlər.

Sonda Çernobıl əlillərinə Səbail RİH-in maddi yardımı və ərzaq bağlamaları  təqdim olunmuşdur.

 

R.TAHİR

 

Xalq qəzeti.- 2014.- 26 aprel.- S. 4.