Mənalı yaşanmış ömür

 

Şeir-sənət ocağı sayılan, igidlər diyarı ulu Göyçə Azərbaycan tarixinə və mədəniyyətinə təkrarsız şəxsiyyətlər, dahi sənətkarlar bəxş etmişdir. Adları dillər əzbəri olmuş Miskin Abdal, Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Musa, Aşıq Aydın, Növrəs İman kimi sənətkarlar Göyçə mahalının xalqımıza verdiyi ölməz şəxsiyyətlərdir. Ulu Göyçənin tarixində, ictimai həyatında misilsiz qeyrət və dəyanət göstərmiş ərənlər, igidlər də az olmamışdır. O böyük şəxsiyyətlərin sırasında Zodlu Səməd ağa, Qaraimanlı Məşədi İsa bu gün də ürəklərdə yaşamaqdadır.

Göyçədə doğulub boya-başa çatmış və erməni daşnakları ilə mübarizədə yenilməz iradə ortaya qoymuş Yunis Rzayevin, Qəşəm Aslanovun, Talıb Musayevin, Tapdıq Əmiraslanovun, Mikayıl Bayramovun, Cəmşid Hənifəyevin və başqalarının ömür yolları artıq tarixə çevrilmişdir. Həmin şəxsiyyətlərdən biri – 90 illik yubileyini qeyd etməyə hazırlaşdığımız Yunis Qəhrəman oğlu Rzayev 1924-cü il mayın 2-də qədim Göyçə mahalının Şişqaya kəndində anadan olmuşdur. Yunis Rzayevin keçdiyi həyat yolu heçhamar olmamışıdır. O dövrün çətinlikləri, siyasi sistemin qadağaları, erməni daşnaklarının millətçilik ideyaları hər tərəfdən onu sıxmışdır.

Yunis Rzayevin həyat və fəaliyyətini iki hissəyə bölüb səciyyələndirmək olar. Birinci hissəsi təlatümlər, ziddiyyətlər məskəni olan Ermənistan dövrü, ikinci hissəsi sakit, lakin gərgin və səmərəli Azərbaycan dövrü. O, doğulub boya-başa çatdığı kənddəki məktəbdə əmək fəaliyyətinə başlamış, 1943-1945-ci illərdə ordu sıralarında xidmət etmişdir. Ordudan tərxis olunduqdan sonra dinc quruculuq işlərinə başlamışdır. Basarkeçər Rayon Partiya Komitəsində təlimatçı, şöbə müdiri, 1953-1957-ci illərdə rayon soveti icraiyyə komitəsinin sədri, 1957-1960-cı illərdə Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1960-1962-ci illərdə Moskvada Ali Partiya Məktəbində oxumuşdur. 1963-1965-ci illərdə Basarkeçər Rayon Kolxoz-Sovxoz İstehsalat İdarəsi partiya komitəsinin katibi işləmişdir. Rayon inzibati-ərazi bölgüsü bərpa olunduqdan sonra 1965-1968-ci illərdə Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi, 1968-1970-ci illərdə Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədr müavini vəzifələrində işləmişdir. Bu vəzifələrin hər birində o, prinsipiallığı və cəsarəti ilə seçilmişdir.

Göründüyü kimi, Y.Rzayev gənc yaşlarından özünün bacarığı və qabiliyyəti ilə o dövr üçün çox şərəfli sayılan pillələrlə irəliləmişdir. Dəfələrlə Ermənistan KP MK-nın üzvü, Ermənistan SSR Ali Sovetinin deputatı, VII çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Bacarığı, qabiliyyəti, işgüzarlığı, savadı və peşəkarlığı olmayanların o illərdə pillə-pillə bu cür yüksəlməsi, irəli getməsi mümkün deyildi. O ki ola, azərbaycanlının Ermənistanda, ermənilərin içərisində.

Yunis Rzayevin rəhbər vəzifələrdə işlədiyi Basarkeçər və Krasnoselo rayonlarındakı kəndlərin əksəriyyətində azərbaycanlılar yaşayırdılar. Ona görə də hər iki rayonun iqtisadiyyatının yüksəldilməsində, adamların güzəranının yaxşılaşdırılmasında, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafında onun çox böyük zəhməti və rolu olmuşdur. Onun rəhbərliyi ilə kəndlərdə abadlıq işləri genişləndirildi, yollar qaydaya salındı, kəndlərlə telefon əlaqəsi yarandı, azərbaycanlılar yaşayan bütün kəndlərdə məktəb binaları, klublar, xəstəxanalar tikildi. Bütün bunları o öz milləti üçün, öz xalqı üçün edirdi, çünki o, öz xalqının qeyrətli övladı idi, övlad borcunu yerinə yetirirdi.

Azərbaycanlıların Ermənistandan deportasiyası zamanı və toponimlərin erməniləşdirilməsi dövründə də Yunis Rzayev öz övladlıq borcunu sədaqətlə yerinə yetirmişdir. Ermənilər çalışırdılar ki, Azərbaycanla həmsərhəd olan bu rayonların Azərbaycan əhalisi tezliklə köçürülsün. Lakin Yunis Rzayevin, Tapdıq Əmiraslanovun, Talıb Musayevin, Mikayıl Bayramovun, Cəmşid Hənifəyevin və başqalarının fədakarlığı, qoçaqlığı, təşkilatçılığı nəticəsində bu kəndlərdə yaşayan azərbaycanlı əhalinin həmin illərdə köçürülməsinin qarşısı alındı.

Y.Rzayev Basarkeçər və Krasnoselo rayonlarında işləyərkən azərbaycanlılar yaşayan heç bir kəndin adı dəyişdirilmədi, daha doğrusu, o, buna imkan vermədi. Ermənilər öz məkrli siyasətlərinə ancaq 1988-ci ildən sonra nail ola bildilər. Yalnız 1991-ci ildə Basarkeçər və Krasnoselo rayonlarında Azərbaycan mənşəli 28 kəndin adı dəyişdirildi, erməniləşdirildi. Şişqaya-Qukariç, Məzrə-Masrik, Dərə-Daranak, Bəriabad-Barapet, Toxluca-Draxtik, Qaraiman-Kaxani, Daşkənd-Hayrik, Zod-Sotk, Kəsəmən-Arpunk, Ağbulaq-Axpyurak, Əmirxeyr-Kalavan, Gölkənd-Ayqut, Çaykənd-Dirabak və s. və i.a. oldular.

Yunis Rzayev Basarkeçər rayonunda rəhbər vəzifədə çalışarkən rayonun 38 kəndindən 27-də bütünlüklə azərbaycanlılar, 5-də qarışıq əhali, 6-da ermənilər yaşayırdı. Bu dövrdə rayonun əksər rəhbər vəzifəli şəxsləri, idarə və müəssisə rəhbərləri azərbaycanlılar idi. Lakin o, rəhbərlikdən uzaqlaşdırıldıqdan sonra rayon miqyasında vəzifədə yalnız üç nəfər azərbaycanlı qalmışdı. Hətta rayon xalq maarifi şöbəsinin müdiri vəzifəsinə də erməni təyin edilmişdi. Əhalinin 75 faizindən çoxu azərbaycanlı olan bu rayonda Azərbaycan dilini bilməyən erməninin məktəbləri necə idarə etdiyini təsəvvür etmək elə də çətin deyil. Ermənilərin məkrli siyasətinə bələd olan Yunis Rzayev onların millətçiliyinə qarşı həmişə barışmaz mübarizə aparmış, öz soydaşlarının hüquqlarını müdafiə etmiş, bu yolda həyatını təhlükə altına atmaqdan belə çəkinməmişdir. Məhz buna görə də üzdə özlərini Yunis Qəhrəman oğluna dost kimi, məsləkdaş kimi göstərən erməni daşnakları, əslində, onu fiziki cəhətdən məhv etmək üçün min-bir tələ qurmuş, alçaq hərəkətlərlə onu ləkələməyə çalışmışlar.

Yalnız Azərbaycan xalqının ümummilli lideri, böyük öndərimiz Heydər Əliyevin işə qarışması ilə Yunis Qəhrəman oğlu Rzayev erməni məkrindən, şantajından xilas olmuşdur. Ermənilərin məhv etmək istədikləri Yunis Rzayev 1970-ci ildə artıq Azərbaycanda Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi idi. 1970-1973-cü illərdə bu vəzifədə işləyən Yunis Rzayev ümummilli liderimiz Heydər Əliyevin kənd təsərrüfatını inkişaf etdirmək haqqında qarşıya qoyduğu vəzifələrin müvəfəqqiyyətlə yerinə yetirilməsini təşkil etməyə girişdi. Konkret fəaliyyəti ilə kənd təsərrüfatı sahəsində mahir təşkilatçı olduğunu yenidən sübuta yetirdi. Şamaxı rayonu qısa müddət ərzində üzümçülük, taxılçılıq, heyvandarlıq sahələrində ön cərgəyə çıxdı, aparıcı rayona çevrildi. Ətraf rayonların rəhbər işçiləri və mütəxəssisləri  Şamaxının qabaqcıl təcrübəsini öyrənib tətbiq etməyə başladılar. Aradan xeyli vaxt keçməsinə baxmayaraq, indibu rayonun zəhmətkeşləri Yunis Rzayevi minnətdarlıqla xatırlayırlar.

Çox keçmir, ona daha mühüm vəzifə etibar edilir, 1973-cü ildə Azərbaycan Respublikası Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri təyin olunur. Bu vəzifədə o, 1985-ci ilədək, ömrünün son gününədək vicdanla çalışır, respublikamızı qabaqcıl, aparıcı diyara çevirmək üçün bütün bacarığını sərf edir. Komitənin işini üzüm əkini sahələrinin genişləndirilməsinə və məhsuldarlığın artırılmasına, yeni üzüm sortlarının istehsalatda tətbiqinə, hazır məhsulun emalı və satışının təşkilinə, bu sahələr üzrə səriştəli kadrların hazırlanmasına və əhalinin sosial problemlərinin həllinə yönəldir.

Böyük öndərimiz Heydər Əliyevin daimi qayğısı və nəzarəti sayəsində həmin dövrdə bu sahələrdə böyük uğurlar qazanıldı. Üzüm plantasiyalarının sahəsi 285 min hektara, hektardan orta məhsuldarlıq isə 90 sentnerə çatdırıldı. Süfrə üzümü, şampan şərabı istehsalı üçün keyfiyyətli Avropa sortları, kişmiş üzümü sortları sahələri genişləndirildi, Azərbaycanda üzüm istehsalı 2 milyon tonu ötüb keçdikeçmiş SSRİ məkanında respublikamız 1-ci yerə çıxdı.

İstehsal olunan məhsulu emal etmək üçün bütün iri sovxozlarda üzümün ilkin emalı zavodları tikildi. Dünya standartlarına cavab verən yeni, müasir şampan zavodu tikildi. Bakıda, Xanlarda konyak zavodlarının istehsal gücü artırıldı. Keçmiş SSRİ-nin bir çox şəhərlərində, o cümlədən Moskva, Leninqrad, Rostov, İrkutsk, Kazan, Kemerovo, Snejnyanck, Bratck şəhərlərində Azərbaycan şərabının istehsalı və qablaşdırılması üçün zavodlar tikilərək istifadəyə verildi.

Respublikamızda istehsal olunan yüksək keyfiyyətlə konyak və şərablar dünyanın bir sıra ölkələrində xüsusi mükafatlara layiq görüldü. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu genişləndirildi, mövcud institutlarda üzümçü aqronomların, zərərvericilərə qarşı mübarizə üzrə mütəxəssislərin hazırlanmasına diqqət artırıldı. Tovuz rayonunun Qovlar qəsəbəsində orta pillə aqrotexnik və şərab istehsalı mütəxəssislərinin təhsil mərkəzi – texnikum təşkil olundu. Görülən bütün tədbirlər kənd əhalisinin işlə təmin edilməsinə, əhalinin güzəranının yaxşılaşdırılmasına, sosial problemlərin həllinə yönəldilmişdi. Həmin illərdə üzümçülük sovxozlarında yeni məktəb binalarının, mədəniyyət evlərinin tikintisi genişləndirildi. Yüzlərlə kəndə su çəkildi, fərdi binaların tikintisi geniş vüsət aldı. Bütün bunlar əhalinin maddi vəziyyətinin və həyat səviyyəsinin yüksəldiyini göstərən faktlar idi. Həmin illərdə respublika büdcəsinin üçdə-birini üzümçülükdən və şərabçılıqdan gələn gəlir təşkil edirdi. Bu hesaba respublikamız inkişaf edir, əhalinin həyat səviyyəsi yüksəlirdi.

M.Qarbaçovun “yenidənqurma” adı ilə apardığı alkoqolizmə qarşı “mübarizənin” əsl gizli mahiyyəti bəlkə də Azərbaycanın sürətlə irəliləyən iqtisadiyyatını dağıtmaq, geri salmaq idi. Çünki həmin siyasətin ən ağır zərbəsi Azərbaycana dəydi, çox böyük vəsait və zəhmət hesabına yaradlmış üzüm bağları söküldü, məhv edildi, respublikamız külli məbləğdə valyuta mənbəyindən məhrum edildi. Bunun arxasınca isə məlum Dağlıq Qarabağ hadisələri başlandı...

Yunis Rzayev çox yüksək şəxsi keyfiyyətlərə malik bir şəxsiyyət, mədəniyyət və etik davranış nümunəsi idi. O, təsərrüfatın bir sıra sahələrindən gözəl baş çıxaran təşkilatçı idi, yorulmaqolduğunu bilməzdi. Respublikamızda və o zamankı SSRİ məkanında çox böyük nüfuza, hörmətə malik idi. Onunla işlədiyim 10 il ərzində Moskvada, keçmiş SSRİ Yeyinti Sənayesi Nazirliyində ona qarşı olan hörmətin, diqqətin dəfələrlə şahidi olmuşam. Özünə və tabeliyində olanlara, eyni dərəcədə tələbkar idi. Nə qədər ciddi, zəhmli idisə, o qədər də kövrək, həssas və qayğıkeş idi. İnsanlara əl tutmaq, onların qayğısına qalmaq, dərd-sərinə həyan olmaq onun həyat amalı idi. İnsanlarda həmişə düzgünlüyü, səmimiliyi və etibarı sevərdi, çünki özüdüz, səmimi və etibarlı adam idi. İnsanlarda xoş ünsiyyət, onların arasında səmimiyyət görmək istəyirdi. Həyatı yaxşı bilirdi, hadisələrə analitik fəlsəfi təhlil verməyi bacarırdı. İşi işbilənə, bacarana tapşırardı. Gənc kadrlara diqqət və qayğı ilə yanaşardı. Əsl ağsaqqal idi, xeyirxah və sədaqətli insan, gözəl ailə başçısı idi, həyatda ondan öyrəniləsi çox şey vardı. Əhalinin ev-eşik qurmasına, firavan yaşamasına sevinərdi, bütün bunlarla fəxr edərdi. Respublikamızın müxtəlif yerlərindən onun qəbuluna gəlmiş adamları heç zaman qapı arxasında gözlətməzdi, dərhal qəbul edər, dərd-sərlərini, problemlərini diqqətlə dinləyər və kömək edərdi. Kənd təsərrüfatı problemlərinə həsr olunmuş müşavirələri, kollegiya iclaslarını kabinetlərdə deyil, birbaşa təsərrüfatlarda, istehsalatda keçirməyi xoşlayırdı. Xalq arasında “təsərrüfatçı Yunis” ləqəbini qazanmışdı. Yalnız öz bacarığı, zəhməti sayəsində yüksək mövqeyə ucala bilmişdi. Onun fədakar əməyi o dövrlər üçün çox yüksək sayılan “Lenin”, “Oktyabr İnqilabı”, “Qırmızı Əmək Bayrağı” ordenləri, digər medallar və fəxri fərmanlarla qiymətləndirilmişdir. O, VIII, IX, X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. Yunis Qəhrəman oğlu Rzayev kimi şəxsiyyətlər heç vaxt unudulmur, daim xatirələrdə yaşayır, xoş sözlərlə yad edilir, ruhuna dualar oxunur. O, öz əməlləri ilə tarixdə, onu tanıyan insanların qəlblərində, yaddaşlarında silinməz izlər, xatirələr qoymuşdur.

 

Məhəmməd KÖÇƏRLİ,

 

Abşeron rayonu üzrə Maliyyə İdarəsinin rəisi

 

Xalq qəzeti.- 2014.- 26 aprel.- S. 7.