Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi: möhtəşəm uğurlara doğru

 

Öz xalqının taleyində müstəsna rol oynayan fenomenal şəxsiyyətlər xüsusilə cəmiyyətin milli və mənəvi birliyinə xidmət edən ideyaları və əməlləri ilə tarixdə əbədi yaşamaq haqqı qazanırlar. Millətə sevgiona xidmət etmək zərurətindən qaynaqlanan bu ideyalar cəmiyyətin inkişafı  prosesində prioritet amilə çevrilməklə yanaşı, həm də tarixi şəxsiyyətlərə xalqı öz ətrafında birləşdirmək, milli ideallar uğrunda səfərbər etmək imkanı verir.

Dünya sivilizasiyasına mühüm töhfələr vermiş Azərbaycan xalqı tarixin sərt sınaqları üzündən ötən əsrin 90-cı illərinədək vahid ideologiya əsasında təməli qoyulan dövlətçilik ənənələri formalaşdırmaq, milli mənafelər ətrafında birləşməkdən uzaq düşmüşdü. Hələ 1991-ci ilin oktyabrında müstəqilliyə nail olmuş Azərbaycanda cəmiyyətin parçalanma təhlükəsi, milli birlik və həmrəylik ideyalarının özünə yer tapmaması ciddi problemə, dövlətin inkişafını əngəlləyən amilə çevrilmişdi. Məhz bu səbəbdən 1993-cü ilin iyun ayınadək Azərbaycanda vətəndaş həmrəyliyi mövcud olmamış, cəmiyyətdəki qarşıdurmalar daha da kəskinləşərək siyasi böhrana gətirib çıxarmışdı. O vaxtlar dövlətə rəhbərlik edən naşı qüvvələr xarici siyasətin prioritet istiqamətlərindən biri kimi diaspor quruculuğuna diqqət yetirməmiş, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın Azərbaycan ilə əlaqələrinin genişləndirilməsi, problemlərin həllində onların geniş potensialından istifadə edilməsinə etinasızlıq göstərmişlər.

1991-1993-cü illərdə müstəqil Azərbaycanın ideoloji-siyasi, təbliğati müstəvidə Ermənistana uduzması, bir-birinin ardınca baş verən ağır faciələri dünya ictimaiyyətinə vaxtında və obyektiv çatdıra bilməməsi məhz bu laqeydliyin nəticəsi kimi yaddaşlarda qalıb. Həmin illərdə informasiya blokadasını aradan qaldırmaq üçün Azərbaycan diasporunun imkanlarının səfərbər edilməməsi və lobbi quruculuğu sahəsində heç bir ciddi addımın atılmaması xarici siyasətdə problemlər yaratmışdı. Belə bir vəziyyətdə dövlətçiliyi xilas etmək məqsədilə özünün qüdrətli siyasətçi təcrübəsini əsirgəməyən ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin yayında xalqın tələbi ilə hakimiyyətə qayıdışı tarixin Azərbaycan dövlətinə və xalqına zamanında yetirdiyi bir bəxşiş idi. Yalnız bu qayıdış Azərbaycan xalqını qarşıda gözləyən bəlalardan, uçurumlardan hifz etdi. Hakimiyyətə qayıtdıqdan sonra ulu öndərimiz Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli-mənəvi dəyərlər ətrafında birləşməsinə, onların malik olduğu güclü potensialın milli problemlərin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirmişdir.

Ümummilli liderimiz cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüş, xalqın birliyinin siyasi və nəzəri əsaslarını irəli sürmüşdür. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gun də fəxr edirəm ki, mən azərbaycanlıyam”—deyən ulu öndərimiz yeritdiyi siyasətlə dünya azərbaycanlılarının liderinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifidir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığını təmin edən azərbaycançılıq ideologiyasının müəyyənləşdirilməsi də ulu öndərin tarixi xidmətləri sırasına daxildir.

Bu gün azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilmişdir. Ümummilli lider bütün dünyada yaşayan soydaşlarımıza bu ideya ətrafında birləşməyi təlqin edirbildirirdi ki, azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafını təmin etməkdən ibarətdir.

Ulu öndərimiz xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış, Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına böyük həssaslıqla yanaşmışdır. Diaspor təşkilatlarına öz tövsiyələrini verən ulu öndər həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal olmağa istiqamətləndirmişdir. Heydər Əliyev xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini bəyan etmişdir. Ulu öndər öz uzaqgörənliyi və müdrikliyi ilə xarici siyasətin strateji hədəflərini müəyyənləşdirərkən, müasir dövrdə hər bir dövlətin qüdrətinin yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diasporlobbinin gücü ilə ölçüldüyünü nəzərə almışdır. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, eyni zamanda, milli məsələlərin beynəlxalq müstəviyə çıxarılmasına nail olmaq mümkün deyil. Elə bu səbəbdən də ulu öndərimizin təməlini qoyduğu siyasəti bu günuğurla davam etdirən Azərbaycan hakimiyyəti dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirmiş, bu sahədə ardıcıl siyasət yürütmüşdür. 15 il bundan əvvəl Azərbaycanın milli bayramları sırasına bir möhtəşəm tarix də əlavə olunmuşdur: 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü. Müstəqil Azərbaycan dövlətçiliyi üçün əlamətdar olan bu günün müəllifi də xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Əslində bu tarix 1991-ci ilin 16 dekabrından başlanır. Həmin ağır dövrdə blokada şəraiti ilə üzləşərək mərkəzdən uzaq düşmüş Naxçıvan Muxtar Respublikasında Ali Məclisin sədri vəzifəsində çalışdığı vaxt ulu öndər Heydər Əliyev dünyanın bütün qütblərində yaşayan soydaşlarımızın milli maraqlar ətrafında bir araya gələrək düşdüyü çətin vəziyyətdən çıxmaqda Azərbaycana dəstək verməsi dahi siyasətçinin təsəvvüründə respublikanın xilasına yol açacaq vasitələrdən biri ola bilərdi. Elə bu məqsədlə də Heydər Əliyev Naxçıvan Ali Məclisinin 1991-ci il tarixli iclasında dünya azərbaycanlılarına üz tutdu. Onları birliyə, həmrəyliyə, Azərbaycanın köməyinə səslədi. Heydər Əliyev dünya azərbaycanlılarına müraciətində deyirdi: “Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir... Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, Vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır”. Azərbaycanlıların yaşadığı bütün ölkələrdə əks-səda verən bu çağırış azərbaycançılıq adlı kamil bir ideologiyaya, müstəqil Azərbaycan dövlətinin xilas yoluna çevrildi. Məhz ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi hər il 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi barədə qərar çıxardı. Beləliklə, bu gün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi tarixə həkk olundu.

Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsinin ətraflı müzakirəsinin zəruriliyini nəzərə alaraq 2001-ci ilin may ayının 23-də xüsusi sərəncam imzalamış, həmin sərəncama uyğun olaraq 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı soydaşlarımızın azərbaycançılıq ideyası ərtafında sıx birləşməklə təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etmişdir. Bu addım diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Ümummilli lider Heydər Əliyev həmin tarixi tədbirdəki çıxışında dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurəti ilə bağlı fikirlərini söyləmişdir. Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkar siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr kimi diqqəti cəlb etmişdir.

Qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoydu. Ümummilli lider Heydər Əliyev bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə” fərman imzaladı. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar verdi. Dövlət Komitəsinin yaradılması dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Artıq dünya azərbaycanlıları istədikləri vaxt öz paytaxtlarına gələ və öz problemlərini müzakirə edə bilərdilər. Komitə qısa bir müddətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası və Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində xeyli görməyə müvəffəq oldu. 2002-ci ildə Milli Məclisdə qəbul olunmuş “Xaricdə yaşayan soydaşlarımıza dövlət qayğısı haqqında” Qanun xaricdəki azərbaycanlılara dövlət qayğısının hüquqi əsaslarını müəyyənləşdirdi. Qanuna əsasən, xaricdə yaşayan, fəaliyyət göstərən soydaşlarımızın hüquqları Azərbaycan dövləti səviyyəsində qorunur. Həmçinin, imkanlı azərbaycanlıların ölkə iqtisadiyyatına sərmayə qoyması üçün qanunda vergi, gömrük güzəştləri nəzərdə tutulur. Bu qanun ölkəmizin diasporlobbi quruculuğu sahəsindəki fəaliyyətinin hüquqi əsaslarını və prinsiplərini müəyyənləşdirən mühüm sənəd kimi təqdirəlayiqdir. Hazırda Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində 300-dən çox birlik, cəmiyyət və assosiasiyası fəaliyyət göstərir.

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu bu gün onun layiqli varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 8 fevral 2006-cı il tarixli sərəncamında vurğulanmışdır ki, dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi məhz ümummilli lider Heydər Əliyevdir.

Prezident İlham Əliyev hər zaman bildirmişdir ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər. Diaspor quruculuğunu xarici siyasətin prioritet istiqamətlərindən biri kimi qiymətləndirən və bu fəaliyyətin getdikcə daha da gücləndirilməsini vacib sayan dövlət başçımız milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə çatdırılması baxımından hər zaman xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edir, onların daha da təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil mücadilə aparması ilə bağlı dəyərli tövsiyələrini verir. Ölkə Prezidenti Azərbaycan diasporunun fəaliyyətini keyfiyyətcə yeni, daha yüksək səviyyəyə qaldırmaq niyyətindədir.

Cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, ümummilli liderimizin irəli sürdüyü azərbaycançılıq ideologiyası milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamağa, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnməyə, hər bir insanın inkişafını təmin etməyə yönəlmiş universal və milli-fəlsəfi dünyagörüşü formasıdır. Azərbaycançılıq dövrün, zamanın tələbindən irəli gələn, günümüzün gerçəkliklərini özündə əks etdirən hakim dövlət ideologiyasıdır. Bu ideya möhkəm dayağa çevrilərək son 10 illikdə Azərbaycan diasporunun təşkili işini sürətləndirmiş, xaricdə fəaliyyət göstərən müxtəlif ictimai birliklərin, cəmiyyətlərin, dərnəklərin ideoloji-siyasi cəhətdən təkmilləşməsini stimullaşdırmışdır. Dövlət başçısı Azərbaycanın beynəlxalq arenadakı nüfuz və mövqelərinin daha da gücləndirilməsini, respublikamız haqqında tam obyektiv, dolğun informasiyaların dünya ictimaiyyətinə çatdırılmasını diaspor təşkilatları qarşısında vacib məsələ kimi müəyyənləşdirmişdir. Məhz Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində dünyanın bütün ölkələrindəki Azərbaycan diasporu mütəşəkkil birləşib və onların fəaliyyət dairəsi daha da genişlənib.

Bu gün ölkəmizdə həmin yolla irəliləyən təşkilatlar sırasında Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi (prezidenti xalq şairi Söhrab Tahirdir), eləcə də Sabitlikİnkişaf Mərkəzi də vardır. Bu təşkilatlarda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulanbu gün Prezident İlham Əliyev tərəfindən günün reallıqlarına uyğun həyata keçirilən diaspor siyasəti milli ideologiyamıza sıx bağlılıqla təbliğ edilir, diaspor təşkilatlarının əhatə dairələrinin genişləndirilməsinə qayğı ilə yanaşılır və beləliklə də, ölkəmizin beynəlxalq imicinin yaxşılaşmasına, soydaşlar arasında mədəni bağların daha da möhkəmlənməsinə, qürbətdə yaşayan həmvətənlərimizin tarixi Vətən üçün həmişə qiymətli olmasına sağlam milli-mənəvi təminat yaradılır. Yaxın və uzaq xaricdə yaşayan soydaşlarımız bu təşkilatların rəhbərlərini–Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, xalq şairi Söhrab Tahiri, həmin mərkəzin birinci vitseprezidentiSabitlikİnkişaf Mərkəzinin sədri bu sətirlərin müəllifini   yaxşı tanıyırlar. Çalışırıq ki, insanlarla çox asanlıqla ünsiyyət yaradaq, onları adət–ənənələrimizə, mədəniyyətimizə,  milli-mənəvi dəyərlərimizə sahib çıxmağa sövq edək. Şəxsən mən hər görüşdə belə bir həqiqəti həmsöhbətlərimin diqqətinə çatdırıram ki, “Azərbaycanın nicatı, onun sabitliyi və inkişafı yalnız Heydər Əliyev ideologiyasına xidmətdədir”.

Biz diaspor təşkilatları ilə görüşlərdə Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini, erməni separatizminin xalqımıza qarşı törətdiyi Xocalı soyqırımının günahkarlarının beynəlxalq miqyasda tanınmasında dövlət qurumlarının, xüsusilə də Heydər Əliyev Fondunun gördüyü böyük işlərdən ürəkdolusu söhbət açırıq. Ümumiyyətlə, bu istiqamətdə aparılan məqsədyönlü dövlət siyasətinin təbliği hər iki qurumun fəaliyyətinin əsas mövzusudur.

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi tarixi Vətənə bağlılıq, respublikamızın iqtisadi-siyasi sahələrdə qazandığı uğurları xaricdə yaşayan həmvətənlərimiz önündə qürurla təbliğ edən qurumdur. Mərkəz həmin işlərə ölkəmizin xalq arasında hörmətlə tanınan, məşhur ziyalılarımızdan ibarət müxtəlif qrupları cəlb etməklə xaricdə tez-tez görüşlər təşkil edir, dövlətçilik tariximizin şanlı səhifələrinə aid yubiley gecələri, mədəniyyət günləri keçirir. Bu tədbirlərin ən təntənəlisi ulu öndər Heydər Əliyevin 90 illiyi şərəfinə təşkil olunmuşdu. Həmin tədbirlərdən birinin məşhur neftçilər şəhəri olan uzaq Nijni Vartovskda (Rusiya Federasiyası) keçirilməsi təsadüfi deyildi. Rusiyanın neftqaz sənayesi mərkəzlərindən biri olan bu şəhərin dünya xəritəsində yer almasında Azərbaycan oğullarının əməyi böyükdür. Hazırda bu şəhərdə xeyli soydaşımız yaşayır və çalışır. Onlarla tez-tez görüşmək, diaspor təşkilatı kimi onların daha da güclənməsi və genişlənməsi üçün həmvətənlərimizin tarixi Vətəndən güc alması həmişə faydalıdır.

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təcrübəsi də göstərir ki, diaspor təşkilatları ilə bağlı tədbirlərə ancaq soydaşlarımızın deyil, yerli insanların da məmnuniyyətlə qoşulmalarında təşəbbüskar olmaq strateji maraqlara xidmət edən niyyətdir. Ona görə də həmin tədbirlərin keçirilməsində əsas məqsəd, sadəcə, günün ictimai-siyasi nəbzini tutmaq deyil, həmin məkanı qısa müddətə də olsa, lakin sanballı özüllə azərbaycanlılaşdırmaq, həmvətənlərimizə, onların yerli dostlarına, qohumlarına, hətta qonşularına belə Azərbaycanı tanıtmaqla onları sabahkı həyatımıza bağlamış oluruq. Mərkəz məhz bu yolla bizim üçün doğma olan insanlarımızın öz kökündən, tarixindən, ana dilindən, dostluq ruhundan ayrı düşməsinə imkan vermir, hətta bəzi problemlərin çözülməsi üçün səlahiyyətli söz sahibləri qarşısında da məsələ qaldırmağı, söz açmağı da bacarır.

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi Vətənimizin Qarabağ problemibununla bağlı digər məsələlər bərədə diaspor nümayəndələrinin müraciətlərinin yaşadıqları ölkələrin dövlət orqanlarına çatdırılması istiqamətində yardımçı olmağa təşəbbüs göstərir, diaspor təşkiatlarının fəallığına, tədbirlərinə kütləvilik xarakteri verməyə çalışır. Mərkəz təşkil etdiyi görüşlərə təkcə həmin regionun nümayəndələrinin cəlb edilməsi ilə kifayətlənmir, ətraf rayonlardan diaspor təşkilatlarının, din adamlarının, idmançıların qatılması ilə tədbirlərinin maraqlı və yaddaqalan olmasını təmin edir.

Hər iki mərkəzin fəaliyyətində kitab nəşri işi ilə təşviqat aparmaq xüsusi maraq doğurur. Çünki həmin çap məhsulları ancaq Azərbaycanın deyil, həmin ölkənin ictimai-siyasi həyatı ilə də bağlı olur və belə bir qarşılıqlı əlaqələr hər iki ölkənin mədəni həyatına eyni ucalıqdan işıq saçır, yadigar söz kimi yaşayır. Məsələn, bu yaxınlarda Ukraynada çapdan çıxmış “1900-1917-ci illərdə Ukraynada təhsil almış azərbaycanlı tələbələrin Ukrayna hökumətinin qurulmasında rolu” kitabı hər iki ölkənin ziyalıları tərəfindən maraqla qarşılanmışdır.

Mərkəzin təsis etdiyi “Əbədi lider” qızıl döş nişanı və Fəxri diplomla tanınmış zıyalılarımızın, elm-mədəniyyət xadimlərimizin ümummilli lider Heydər Əliyevin şərəfinə təltif olunmaları ictimaiyyət tərəfindən hörmətlə qarşılanır.

Mərkəzdə tanınmış insanların fəaliyyəti bir daha belə qənaətə gəlməyə imkan verir ki, bu qurum dispor fəaliyyətində hələ çox möhtəşəmliklərə imza atacaq. Bu gün mərkəzdə təmsil olunan Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, professor, İctimai Siyasi Universitetinin rektoru, DAMM-ın vitse-prezidenti Rasim Nəbiyev, Milli Məclisin deputatı, professor Jalə Əliyeva, tibb elmləri doktoru, Heydər Əliyev Fondunun “Qızıl Çinar  mükafatı laureatı Rəşad Mahmudov, yazıçı Nəsibə Tahir, Azərbaycan Respublikasının əməkdar artisti Aygün Zeynalova, jurnalist-publisist, DAMM-ın Qadınlar Şurasının sədri Fəridə Ləman, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Dövlət Musiqili Komediya teatrının direktoru Əliqismət Lalayev kimi ziyalılarımız Azərbaycanın adını ən yüksək zirvələrə qaldırmaqda davam edirlər.

Beləliklə, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi keçirdiyi möhtəşəm tədbirləri ilə öz sözünü uğurla deməkdədir. Hazırda isə  Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin 91-ci ildönümü, Heydər Əliyev Fondunun 10 illik yubileyi münasibətilə may ayının 3-də əsrarəngiz bəyaz gecələr şəhəri Sankt-Peterburqda təntənəli tədbir keçirməyə ciddi hazırlıq gedir. Bu tədbirin ən yüksək səviyyədə baş tuması üçün gərgin işlər aparılmaqdadır. Sankt-Peterburq şəhərinin məşhur Akademik Filarmoniyasında baş tutacaq bu möhtəşəm gecəyə maraq indidən böyükdür. Tədbirin keçirilməsi üçün təşkilatçılıq işləri artıq yekunlaşır. Söz yox ki, növbəti möhtəşəmliyə imza atacaq həmin tədbir dünya azərbaycanlılarının səsini bəşəriyyətə çatdırmaq üçün maksimum imkanlarından yararlanacaq.

 

 

Rasim MƏMMƏDOV,

 

Sabitlikİnkişaf Mərkəzinin sədri, DAMM-ın birinci vitse-prezidenti

 

Xalq qəzeti.- 2014.- 27 aprel.- S. 5.