Azərittifaq Şurasının yığıncağı keçirilmişdir

 

Dünən Azərbaycan Kooperasiya Universitetinin iclas zalında iyirmi ikinci çağırış Azərittifaq Şurasının ikinci yığıncağı keçirilmişdir. Yığıncağın gündəliyi və qaydası təsdiq edildikdən sonra “2013-cü ilin maliyyə təsərrüfat fəaliyyətinin yekunları və 2014-cü ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının qarşısında duran vəzifələr haqqında” Azərittifaqın idarə heyətinin sədri, Milli Məclisin deputatı Eldar Quliyevin hesabatı dinlənilmişdir.

Məruzəçi bildirmişdir ki, 2013-cü il ölkəmizin həyatında son dərəcə əhəmiyyətli ictimai -siyasi hadisə olan növbəti Prezident seçkilərinin keçirilməsi ilə yadda qalmışdır. Kooperasiya üzvlərinin də yüksək fəallıqla iştirak etdiyi bu seçkilərdə xalq öz doğru seçimini etmiş, İlham Əliyevə yenidən etimad göstərmişdir. İlham Əliyevin respublikaya rəhbərlik etdiyi son on ildə iqtisadi inkişaf və xalqın həyat səviyyəsinin yüksəldilməsi sahəsində gördüyü möhtəşəm işlərdən, əldə olunan nailiyyətdən danışan natiq bildirmişdir ki, 2003-2013-cü illərdə ümumi daxili məhsul 3,2 onun qeyri-neft sektoru 2,6, sənaye məhsulu istehsalı 2,7, kənd təsərrüfatı məhsulu 1,5, rabitə xidməti 8,1 və əsas kapitala qoyulan investisiyalar 4,5 dəfə artmışdır. Həmin müddətdə əhalinin gəlirləri 6,5, orta aylıq əməkhaqqı 5,5, minimum əməkhaqqı 11,7  pensiyaların orta məbəlği 7,2 dəfə yüksəlmiş, yoxsulluq 4 dəfə azalmışdır. Bir sözlə, Azərbaycan həm iqtisadiyyat, həm də siyasət sahəsində görünməmiş uğurlar qazanmış, inkişaf etmiş, qabaqcıllar sırasına çıxmış, dünya dövlətləri sırasında özünə layiqli yer tutmuşdur. Bu uğurların qazanılmasında kooperasiyanın da rolu olduğunu deyən Eldar Quliyev vurğulamışdır ki, hesabat ilində kooperativ təşkilatları tərəfindən 2022,2 min manatlıq istehlak malları satılmış, 487,2 min manatlıq iaşə xidməti göstərilmiş, 447,4 min manatlıq kənd təsərrüfatı məhsulları tədarük olunmuş, 39 min manatlıq məhsul istehsal edilmişdir. Ticarət dövriyyəsindən 65,4, iaşə xidmətindən  14,5, tədarük fəaliyyətindən 3,7 min manat mənfəət əldə olunmuşdur. Ağcabədi, Quba, İsmayıllı, İmişli, Masallı, TovuzGöyçay rayon kooperativ təşkilatları ticarət, ictimai iaşə və tədarük sahəsində dövriyyə və mənfəət planlarını yerinə yetirmiş, tədavül xərclərinə qənaət etmişlər.

Daha sonra natiq bəzi kooperativ təşkilatlarının işindəki nöqsanlardan danışmış, kooperasiyanın qarşısında duran vəzifələri geniş təhlil etmişdir.

Məruzə ətrafında çıxış edən Tovuz Rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin sədri Mücəməddin Axundov, Goranboy Rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin sədri Məhərrəm Həsənov, Lerik Rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin sədri Zahid Hacıyev, Saatlı Rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin sədri Müzahət Soltanov və başqaları 2013-cü ilin kooperatorlar üçün uğurlu il olduğunu qeyd etmiş, müxtəlif problemlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.

Daha sonra Şura üzvləri Təftiş Komissiyasının sədri Sədi Mehdiyevin hesabatını dinləmişlər.

Şura yığıncağında 2014- il üçün Azərittifaqın Mərkəzi İdarəetmə Aparatının saxlanılması xərclərinin smetası, iyirmi birinci çağırış Azərittifaq Şurasının altıncı yığıncağından keçən dövr ərzində əsas vəsaitlərin və tikintisi yarımçıq qalmış obyektlərin satışına dair Azərittifaqın idarə heyətinin qəbul etdiyi qərarlar təsdiq edilmişdir.

Sonra Şura yığıncağında “Fəxri kooperatır”, “Kooperasiya əlaçısı” və Azəitttifaqın “Fəxri fərmanı” barədə Əsasnamələrə dəyişikliklər edilmiş, təşkilat məsələlər müzakirə olunmuşdur.

Bununla da iyirmi ikinci çağırış Azərittifaq Şurasının ikinci yığıncağı öz işini başa çatdırmışdır.

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2014.- 27 aprel.- S. 6.