Xatirəsi daim anılacaq və əbədi yaşayacaq...

 

Görkəmli akademik Zərifə xanım Əliyevanın  anadan olmasının 91-ci ildönümü qeyd edilmişdir

 

 Xətai rayonu

 

Aprelin 28-də XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü  münasibətilə Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Xətai rayon təşkilatının akt zalında xatirə gecəsi keçirildi. Tədbiri rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, XX əsr Azərbaycan tarixinin tanınmış simalarından olan Zərifə xanım Əliyeva gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim idi. Onun həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca gözlərimiz önündə  Ulu Tanrının verdiyi yüksək mənəvi xüsusiyyətləri özündə birləşdirən böyük insan obrazı canlanır.

Natiq görkəmli akademikin həyat və fəaliyyəti, yüksək insani keyfiyyətləri haqqında geniş məlumat verərək bildirdi ki, Zərifə xanım Əliyeva  respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqojiictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.

Xatirələrin geniş ifadə edildiyi tədbirdə “Görkəmli adamların həyatı” seriyasında “Molodaya qvardiya” nəşriyyatında nəşr olunan “Zərifə Əliyeva” kitabının müəllifi, Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmov çıxış edərək bildirdi ki, Zərifə xanım, sözün həqiqi mənasında, bütün insani dəyərləri özündə birləşdirən bir mələk idi. Onun haqqında xatirələri toplayarkən bir daha şahidi oldum ki, Zərifə xanımla bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirlər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm mücəssəməsi və saf ürək sahibi kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi.

Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub.

Təkcə bumu? Əlbəttə yox. Zərifə xanım Əliyeva həm də  Azərbaycana  ləyaqətli, dəyanətli və istedadlı övladlar bəxş etmiş böyük anadır. Bu ananın taleyinə təkcə ulu öndərin silahdaşı, sədaqətli ömür-gün yoldaşı olmaq yox, həm də bu gün Azərbaycanın müstəqilliyini şərəflə və dəyanətlə qoruyan, inkişaf etdirən İlham Əliyev kimi bir oğul tərbiyə edib, böyütmək nəsib olub. Bax, bu mənada Zərifə xanım həyatdan tez getsə də, xoşbəxt tale yaşamış bir insan olub. Professor V.V.Şmelyeva haqlı olaraq deyirdi ki, əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz, onu “Əvəzolunmaz insan haqqında povest” adlandırardım.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavili Jalə Abdıyeva, YAP Xətai rayon təşkiladı qadınlar şurasının sədri  Vüsalə Məcidova, Neftçilər Xəstəxanasının baş həkimi Leyla Seyidbəyova və başqaları çıxış edərək akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlardan, onun həkimin peşə vəzifəsi ilə bağlı mövqeyindən, xəstəyə münasibətindən, insani keyfiyyətlərindən  humanist əməllərindən geniş danışdılar. Sonda qeyd olundu ki, Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

Xatirə tədbirinin sonunda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən qısametrajlı sənədli film nümayiş etdirildi.

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2014.- 29 aprel.- S. 9.