Xatirəsi daim anılacaq və əbədi yaşayacaq...

 

Görkəmli akademik Zərifə xanım Əliyevanın  anadan olmasının 91-ci ildönümü qeyd edilmişdir

 

Binəqədi  rayonu

 

Görkəmli oftalmoloq alim, qayğıkeş insan Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə Binəqədi rayonunda akademik Zərifə Əliyevanın adını daşıyan parkda  keçirilən tədbir görkəmli elm və ictimai-siyasi xadim, müasir Azərbaycan qadınları üçün, sözün əsl mənasında, ideal sayılan Zərifə xanımın əziz, nurlu xatirəsinə olan ehtiramın, sonsuz məhəbbətin parlaq təcəssümü idi.

Rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxışında bildirdi ki, Zərifə xanım Əliyeva qədirbilən xalqımızın, onu tanıyanların, qohum və doğmalarının yaddaşında görkəmli ziyalı, elm xadimi, gözəl insan, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, bənzərsiz vətəndaş kimi qalmışdır. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım, həm də körpələri, balacaları sonsuz məhəbbətlə sevir, onları Tanrının ən müqəddəs payı hesab edirdi. Məhz bütün bu keyfiyyətlərinə görədir ki, Zərifə xanım hər zaman hamı tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad olunur.

Rayon icra hakimiyyəti başçısının müavini  Aygün Əliyeva Azərbaycan elminə, səhiyyəsinə misilsiz töhfələr vermiş tanınmış oftalmoloq alimin, cəmiyyətimiz üçün layiqli vətəndaş, görkəmli ictimai-siyasi xadim yetişdirən bir ananın doğum gününü təqvimin ən əlamətdar günlərindən biri kimi dəyərləndirdi. Natiq bildirdi ki, bütün şüurlu ömrünü insanların sağlamlığının qorunmasına, neçə-neçə xəstəyə dünya işığı bəxş etmiş Zərifə xanım gələcəyimiz olan uşaqları bir ana kimi sevir, onlara xüsusi qayğı və nəvazişlə yanaşırdı.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyd etdi ki, görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində doğulub boya-başa çatmış Zərifə xanım nəsillərə örnək olan bir ömür yaşadı. Bu gün ömür-gün yoldaşı, ulu öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycanın inkişaf edib çiçəkləndiyinə, cəmiyyətimizə layiqli vətəndaş kimi böyüdüb boya-başa çatdırdığı övladı, möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizə layiqincə rəhbərlik etdiyinə görə Zərifə xanımın ruhu şaddır.

Tədbirdə çıxış  edən YAP Qadınlar Şurasının sədri, tanınmış oftalmoloq alim, bənzərsiz insan, sədaqətli ömür-gün yoldaşı, gözəl, mehriban ana Zərifə xanım Əliyevanın nəsillərə örnək olan ömür yolunun bəzi məqamlarından söhbət açdı. Natiq qeyd etdi ki, Zərifə xanım xalqımızın yetişdirdiyi elə şəxsiyyətlərdən olub ki, o, təkcə elmi fəaliyyəti ilə deyil, bütün mənəvi keyfiyyətləri, nəcib xüsusiyyətlərinə görə də hər zaman sevilir. Çünki yüksək əxlaqi və mənəvi dəyərlərə malik bir ailədə göz açmış Zərifə xanım işıqlı bir ömür yaşadığı kimi insanlara da nur bəxş etdi, onlara diqqət və qayğısını heç zaman əsirgəmədi.

Tədbir iştirakçıları parkda  Zərifə Əliyevanın ucaldılmış abidəsi önünə tər çiçəklər düzmüş, ömrünün ayrı-ayrı anlarını əks etdirən rəsmlərdən ibarət sərgiyə baxdılar.

Sonda akademik Zərifə xanım Əliyeva haqqında mahnılar  dinlənildi.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 29 aprel.- S. 9.