Xatirəsi daim anılacaq və əbədi yaşayacaq...

 

Görkəmli akademik Zərifə xanım Əliyevanın  anadan olmasının 91-ci ildönümü qeyd edilmişdir

 

Sabirabad rayonu

 

Aprelin 28-də Sabirabad rayonu Heydər Əliyev Mərkəzində  görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 91 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdən əvvəl iştirakçılar Heydər Əliyev Mərkəzinin ekspozisiya zalında Zərifə xanım Əliyevanın ömür yolundan bəhs edən guşə ilə tanış olmuşlar.

 Rayon ictimaiyyətinin, ziyalıların, gənclərin iştirak etdikləri tədbirdə rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov  geniş məruzə ilə çıxış etmişdir. Natiq bu günlər respublikanın hər yerində olduğu kimi, Sabirabadda  da görkəmli ictimai xadim və oftalmoloq alim Zərifə Əliyevanın 91 illik yubileyi ilə bağlı silsilə tədbirlərin, konfransların keçirildiyini bildirmiş, alimin oftalmologiya elminin inkişafına verdiyi dəyərli töhfələrdən söz açmışdır.

Natiq bildirmişdir ki, dünya təbabətində özünəməxsus yeri olan, tibb elmində gur çıraq kimi şölələnən Zərifə Əliyeva fitri istedada malik alim, Tanrının xalqımıza bəxş etdiyi pak və nadir insan idi. Onun mənalı ömrü, keçdiyi şərəfli həyat yolu bu gün də, gələcəkdə də hər bir alim və həkim, hər bir Azərbaycan vətəndaşı üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Təbiətin bəxş etdiyi nadir keyfiyyətlər, yorulmaq bilmədən çalışmaq əzmi onu hərtərəfli bir şəxsiyyətə çevirmişdir. Zərifə Əliyeva, eyni zamanda, Azərbaycan xanımlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirən insanlıq, qadınlıq meyarı idi. İşıqlı bir həyat yaşayan Zərifə Əliyeva görkəmli oftalmoloq alim, qayğıkeş həkim, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürmüşdür. Zərifə xanım ulu öndər Heydər Əliyevin layiqli həyat yoldaşı, sadiq dostu və məsləkdaşı olmuşdu. Ulu öndərin əsasını qoyduğu geniş quruculuq işləri və Zərifə xanımın çoxşaxəli humanitar missiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Tədbirin sonunda akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən  sənədli film nümayiş olunmuşdur.

 

S.HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2014.- 29 aprel.- S. 9.