Naxçıvanda Abbasqulu ağa Bakıxanovun özü, sözü və izi haqqında eşitdiklərimiz

 

Naxçıvan şəhəri, ilıq yay səhəri,  “Təbriz” mehmanxanasının 13-cü mərtəbəsindəki yeməkxana. Görkəmli Azərbaycan ziyalılılarından olan Tofiq Bakıxanovla üzbəüz əyləşib səhər yeməyi gözləyirik. Bir neçə dəqiqədən sonra iki gənc - bir oğlan, bir qız  yemək məcməyiləri ilə gəlirlər.  Qız xeyli aralıda dayanır. Oğlan əlindəki məcməyidə olanları süfrəyə düzəndən sonra  ehtiramla geri çəkilir və ...qızın əlindəki məcməyini  alır.

 

“Təbriz”dən Araza baxırdı ustad ...

 

Çöhrəsindən abır-həya, ailə tərbiyəsi süzülən qız ehtiram əlaməti olaraq bizə biri 60-ı, o biri isə 80-i  geridə qoymuş qonaqlara yaxın gəlmir. Sonra növbəti təamlar gətirilir və həmin qayda təkrar olunur. On illərdən bəri  Azərbaycanın heç yerində şahidi olmadığım bu mənzərə beynimdə təxminən əlli il əvvəlki xatirələri canlandırır. Bizim 8-10 yaşımız olanda anam evə gələn qonağın qabağına yemək aparmaz, əlindəki tabağı qapıya qədər gətirib ya bizə, ya da atama verərdi...

 

Ani olaraq atalı-analı günlərimin xatirələrinə qovuşuram və Tofiq müəllimin  pəncərədən baxaraq xidmətçi oğlandan soruşduğu “Bu, hansı göldür?” — sualıyla yenidən “süfrəyə qayıdıram”.

 

— Bu, göl deyil, Araz çayıdır. Burada qabağına bənd vurulub deyə, göl kimi görünür, — deyə oğlan cavab verir.

 

Tofiq müəllimin Araza baxıb hansı hissləri keçirdiyini bilmirəm. Amma o yadımdadır ki, həmişə Arazdan o biri taya baxan ağsaqqalın həmin məqamı olduqca maraqlı  idi: “Təbriz”dən Araza baxırdı ustad.

 

Bərəkətin, firavanlığın, xoş növrağın təməli

 

İlkin təəssüratlar  milli-mənəvi dəyərlərin qorunub saxlanılmasından, abır-həyanın hələ də öz yerində olmasından, qonağa, xüsusən, yaşlı adamlara ehtiram göstərilməsindən ibarət olur. Düşünürəm ki, bu ab-hava mövcuddursa, deməli, ölkədə bin-bərəkət, firavanlıq,  xoş güzaran da olacaq ...

 

Cəmi iki saatdan sonra isə öyrənirəm ki, 14 il bundan əvvəl, 2000-ci ildə Naxçıvan Muxtar Respublikasında 15 adda məhsul istehsal olunurdu. Bu gün istehsal olunan məhsulların sayı 23 dəfə artaraq 349-a çatdırılmışdır.  Hazırda muxtar respublikada 334 növ məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. İstehsal olunan  ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi tutmuşdur. 2003-cü ildə ölkəmizdə işsizliyin səviyyəsi 49 faiz təşkil edirdisə, ötən il bu rəqəm 5,2 faizədək düşmüşdür. Muxtar respublikada isə hazırda işsizlik sıfır səviyyəsindədir. Xatırladaq  ki, bəzi inkişaf etmiş ölkələrdə işsizliyin səviyyəsi 25 faizdir, gənclər arasında isə bu rəqəm 50 faizə çatır.

 

 İndi Naxçıvandakı bin-bərəkətin təməlini və səbəblərini  hörmətli oxucunun özü qiymətləndirsin. Təbii ki, bütün uğurların təməlində xalqa xidmət məramı üzərində qurulmuş idarəçilik dayanır. Muxtar respublikanın dövlət sərhədindən o yanda — Ermənistanda nə üçün əhali acından qırılır? Çünki rəhbərlərlə xalq arasında dərin, dibi görünməyən uçurumlar var.

 

Səfərimizin səbəbi və əvvəlcədən bildiklərimiz

 

Hələ Naxçıvan səfərimizdən xeyli əvvəl, aprel ayında “Şərq qapısı” qəzetində oxumuşdum ki, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin “Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında” 12 fevral 2014-cü il tarixli sərəncamından sonra  həmin  yubileyin Naxçıvan Muxtar Respublikasında  da əhatəli şəkildə keçirilməsi ilə əlaqədar  Muxtar Respublika Ali Məclisi sədrinin sərəncamı ilə Tədbirlər Planı təsdiq edilmişdir. Biz Naxçıvana məhz həmin tədbirlər silsiləsinin sonuncusunda iştirak etmək üçün getmişdik.  Muxtar Respublikaya səfərimizdən iki gün əvvəl isə  dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilmişdi. Sessiyada 2014-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları müzakirə edilmiş, Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası təsdiq olunmuş, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilmişdi. Qəzetdə oxumuşdum ki, Ali Məclis sədri sessiyada Naxçıvan əhalisinin həyat şəraitinin daha da yaxşılaşdırılması məqsədilə məsul vəzifəli şəxslərin qarşısına çox mühüm vəzifələr qoyub: “Yerlərdə məskunlaşmaya və məşğulluq səviyyəsinin yüksəldilməsinə xidmət edən sahələrin, o cümlədən xalq tətbiqi sənətinin müxtəlif növlərinin, eləcə də yerli təsərrüfatçılıq ənənələrinə əsaslanan kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmalıdır. Sahibkarlığın inkişafı və əhalinin işgüzar fəaliyyətinin artırılması sahəsində dövlət maliyyə yardımının göstərilməsi məqsədilə qısamüddətli və kiçikhəcmli kreditlərin verilməsi davam etdirilməlidir. Təqdim olunan biznes layihələr ciddi təhlil olunmalı, onların səmərəliliyi düzgün qiymətləndirilməli, ayrılmış kreditlərin təyinatı üzrə istifadəsinə və vaxtında qaytarılmasına nəzarət olunmalıdır”. Yəni, “hər şey insan üçün”  çağırışı həyata keçirilməlidir. Doğrusu, düşündüm ki, yəqin muxtar respublikada insanların sosial həyatının  yaxşılaşdırılmasına  ehtiyac var.

 

Şahidi olduq ki...

 

Muxtar Respublika Ali Məclisi sədrinin sərəncamı,  AMEA Naxçıvan bölməsinin və Muxtar Respublika Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə hazırlanmış yubiley tədbirinə  Bakıdan 7 nəfərlik heyətlə gedirdik. Bakıxanovlar nəslinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanov, xalq artisti, professor Ağaverdi Paşayev, mətbuat eksperti Vüqar Xəlilov, Tofiq müəllimin ailə üzvləri və bu sətirlərin müəllifi. Xatırladım ki, Tofiq müəllimi Naxçıvanla bağlayan çox zəngin tellər vardır. Hələ 2012-ci ildə  “Mütərcim” nəşriyyatında nəşr olunmuş “Tofiq Bakıxanov. “Naxçıvan" mahnı məcmuəsi” adlı kitaba yazdığım ön sözdə bu barədə geniş  danışmışdım. Orada qeyd edilirdi ki, Tofiq Bakıxanovun 75 və 80 illik yubileylərinin Naxçıvanda yüksək səviyyədə təşkil olunması həm görkəmli sənətkarın yaradıcılığına verilən ədalətli qiymət, həm də onun Naxçıvana həsr olunmuş əsərlərinin layiqincə dəyərləndirilməsi idi. Ustadın “Naxçıvan” simfonettası, ulu öndərin əziz xatirəsinə həsr olunmuş “Həmişə bizimləsən”simfonik poeması, naxçıvanlı şair Ramiq Muxtarın sözlərinə yazılmış “Naxçıvan” mahnısı  təkcə Bakıda deyil, Muxtar Respublikanın musiqi kollektivləri tərəfindən də yüksək səviyyədə ifa olunub. Yeri gəlmişkən , bu gün Naxçıvan musiqi kollektivlərində həm Tofiq Bakıxanovun, həm də yol yoldaşımız, professor Ağaverdi Paşayevin çoxsaylı tələbələri vardır.

 

Görməli yerlər nə qədərmiş...

 

Yubiley tədbirindən əvvəlki gün biz  Muxtar Respublika Ali Məclisinin şöbə müdiri Rəhman Məmmədovun müşayiəti ilə — yeri gəlmişkən,  bu qonaqpərvər və səmimi insan bizi hava meydanında qarşılayıb  yenə də oradan yola salanadək istənilən məsələni elə şəkildə həll etdi ki, heç bir yarımçıqlıq və ya problem yaşamadıq — bir sıra görməli məkanlarda olduq. Təbii ki, ilk üz tutduğumuz ünvan Naxçıvan Dövlət Universiteti oldu. Bu ali təhsil ocağı Azərbaycan Respublikasının ali məktəblər ailəsində özünəməxsus yer alan universitetlərindən biridir. Universitetin 108  hektarlıq ərazisində  hər cür imkanlara malik müasir tipli tədris korpusları qurulmuşdur. Burada yeni informasiya texnologiyaları ilə, müasir avadanlıqla təchiz edilmiş elektron siniflər, laboratoriyalar, internet mərkəzləri, elektron kitabxana müəllim və tələbələrə xidmət edir. Universitetdə bütün ərazini əhatə edən Wi-Fi simsiz internet sistemi mövcuddur.

 

Dünyanın dörd qitəsində 50-dən çox universitetlə əməkdaşlıq müqavilələri imzalamış Naxçıvan Dövlət Universitetinin beynəlxalq aləmdə geniş əlaqələri, etibarlı tərəfdaşları və səmimi dostları vardır. Universitetdə TEMPUS proqramı üzrə üç qrant layihəsi həyata keçirilməkdədir.  Avropa Universitetlər Assosiasiyası, Avropa Rektorlar Klubu, Asiya Universitetlər Assosiasiyası, Qaradəniz Universitetlər Birliyi, Qafqaz Universitetlər Assosiasiyası, İpək Yolu Universitetləri Rektorlarının Birliyi ilə əməkdaşlıq Naxçıvan Dövlət Universitetinin əlaqələrinin genişlənməsində və birgə layihələrin, beynəlxalq simpoziumların təşkilində mühüm rol oynayır. Universitetdəki televiziya studiyası, “Nuhçıxan” radiosu, teatr studiyası, rəqs və vokal qrupları, xor kollektivləri burada mədəni mühitin inkişafına uğurla  xidmət edir. Universitetdə tələbə idmançılar üçün ən müasir imkanlar yaradılmışdır.

 

“Araz”ı da təbrik etdim

 

 XXI əsrin universiteti adlandırılan  bu təhsil ocağında  müəllimlərlə  görüşümüz oldu.  Tofiq Bakıxanov, Ağaverdi Paşayev,  rektor Saleh Məhərrəmov, universitetin professor və müəllimləri  Abbasqulu ağa Bakıxanovun və ümumiyyətlə, Bakıxanovların  milli mədəniyyət tariximizdəki yerindən, bu mötəbər yubileyin Naxçıvanda da keçirilməsinin əhəmiyyətindən söz açdılar.  Mən isə qeyd etdim ki, Naxçıvanda sonuncu dəfə 1995-ci ilin yanvar ayında olmuşdum. Yəni 19 il əvvəl. İndiki səfərdə  isə elə bildim ki,  burada yüz il əvvəl olmuşam. O vaxtkı Naxçıvan yüz il əvvəlki Naxçıvana oxşamırdı. Sadəcə,  bu qısa müddətdə Naxçıvan elə bir inkişaf yolu keçib ki, bu yolu ancaq yüz ilə qət eləmək mümkündür.  Televiziyada Muxtar Respublikanın 90 illiyi münasibətilə təşkil olunan yubiley tədbirinə tamaşa edəndə oradakı musiqi ifaçılarının paytaxtdakı musiqiçilərdən qətiyyən geridə qalmadığının şahidi oldum. Deməli, sosial-iqtisadi inkişaf mədəni inkişafa da mühüm stimul olub.  “Araz” futbol klubunun “Topaz” Premier Liqasına çıxması da elə həmin inkişafın nəticəsidir.  Avqustun ortalarından etibarən ölkənin ən yüksək futbol  liqasında  çıxış edəcək “Araz” komandasını da, onun naxçıvanlı azarkeşlərini də bu münasibətlə təbrik etdim.

 

 Universitetin Elmi Kitabxanasında 

 

1968-ci il aprel ayının 23-də -  cəmi 370 kitabla fəaliyyətə başlayan kitabxana indi böyük bir elm -bilik  xəzinəsinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qayğısı sayəsində Naxçıvan Dövlət Universitetinin kitabxanası üçün yeni beşmərtəbəli bina inşa edilmişdir. Beləliklə, kitabxana 2004-cü ilin may ayında Avropa standartlarına uyğun binaya köçürülmüşdür. Bundan sonra kitabxananın tarixində yeni inkişaf mərhələsi başlanmış, oxuculara xidmət işində mütərəqqi üsullar tətbiq edilmişdir.

 

Görkəmli şəxslərin kitabxanaya kitab hədiyyə etməsi artıq ənənə halını almışdır. Belə ki, akademik İsa Həbibbəyli , AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, mərhum Zöhrab Vəliyev, akademik Budaq Budaqov, akademik Məmməd Cəfər Cəfərov, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Gültac Əliyeva və başqaları öz şəxsi kitab fondlarından kitabxanaya xeyli kitab hədiyyə etmişlər. Hətta akademik İsa Həbibbəyli şəxsi kitabxanasındakı 21 000  kitabdan 5000-ini bu  kitabxanaya hədiyyə etmişdir. Muxtar Respublikada elm sahələri üzrə ən iri elmi kitabxana sayılan NDU Elmi Kitabxanasının fondunda dünyanın 30-dan çox dilində 200 000-dən artıq ədəbiyyat saxlanılır. Hazırda bu  zıgin xəzinəyə filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova rəhbərlik edirakademik İsa Həbibbəyli ,AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, mərhum Zöhrab Vəliyev, akademik Budaq Budaqov, akademik Məmməd Cəfər Cəfərov, pedaqogika üzrə fəlssəfə doktoru, dosent Gültac Əliyeva və başqaları öz şəxsi kitab fondlarından kitabxanaya xeyli kitab hədiyyə etmişlər. Hətta akademik İsa Həbibbəyli şəxsi kitabxanasındakı 21 000  kitabdan 5000-ni bu  kitabxanaya hədiyyə etmişdir. Muxtar Respublikada elm sahələri üzrə ən iri elmi kitabxana sayılan NDU Elmi Kitabxanasının fondunda dünyanın 30-dan çox dilində 200 000-dən artıq ədəbiyyat saxlanılır. Hazırda bu  zəngin xəzinəyə filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova rəhbərlik edir.

 

 Abbasqulu ağa Bakıxanovun izi

 

 Sonra yolumuzu “Xan sarayı”na saldıq. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2010-cu il 23 oktyabr tarixli sərəncamı ilə yaradılmış “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində bələdçi danışdı ki, Naxçıvan xanlığının əsası 1747-ci ildə Heydərqulu xan tərəfindən qoyulub. Bu xanlıq 81 il  mövcud olub. 1828-ci il fevral ayının 10-da imzalanmış Türkmənçay sülh müqaviləsinə əsasən, fəaliyyəti dayandırılıb. 1828-ci il martın 21-də Naxçıvan və İrəvan xanlıqları rəsmi şəkildə ləğv edilərək Rusiyanın tərkibinə qatılıb. Naxçıvan xanlığının fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur. O dövrdə Naxçıvana rəhbərlik etmiş xanlar içərisində Kalbalı xanın xidmətləri xüsusi qeyd edilməlidir. Xan Sarayını da Kalbalı xan tikdirmişdir. 1820-ci ildən sonra Kalbalı xanın oğlanları Ehsan xan və İsmayıl xan bu binada Naxçıvan xanlığını idarə ediblər. 9429 kvadratkilometr ərazini əhatə edən Naxçıvan xanlığı özünün dövlətçilik ənənələri, torpaqlarımızın qorunması ilə Azərbaycan dövlətçiliyinə çox böyük töhfələr verib.

 

Bu əhatəli məlumatları verən bələdçi sarayın ayrı-ayrı otaqlarının funksiyaları haqqında da  danışırdı. Xanın qonaq otağı deyilən ən böyük zaldakı məlumat isə Tofiq Bakıxanovu ayaq üstdə “dondurdu”. Bələdçi xanım dedi  ki, xan bu  zalda çoxsaylı qonaqları qəbul etsə də,  ən yaddaqalan qonaqlar  XIX əsrin birinci yarısının ən görkəmli ziyalılarından olan  Aleksandr Qriboyedov və Abbasqulu ağa Bakıxanov idi: - Burada Abbasqulu ağanın ayaq izləri var. Sonra məlum oldu ki, bələdçi xanım qonaqlar arasında Abbasqulu ağa Bakıxanovun nəslini təmsil edən ziyalının  da olduğunu bilmirmiş.

 

  Məmməd Səid Ordubadi adına  kitabxanada

 

 Naxçıvan  mühiti  Azərbaycan maarifçilik hərəkatına və kitab mədəniyyətinin inkişafına mühüm töhfələr vermişdir. 1837-ci ildə Naxçıvan şəhərində açılmış rus-tatar məktəbində ilk kitabxana təşkil edilmişdir.  Eynəlibəy Sultanovun, Bəhruz Kəngərlinin, Mirzəlibəy Bəktaşinin, Şahbaz ağa Kəngərlinin, Rza Təhmasibin və başqa ziyalıların şəxsi kitabxanaları xalqın maariflənməsinə xidmət etmişdir.  1922-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Naxçıvan Şəhər Kitabxanası təsis edilmiş, 1930-cu ildə həmin kitabxananın bazasında Naxçıvan Muxtar Respublika Kitabxanası yaradılmışdır. Hazırda böyük ədibin adını daşıyan  Muxtar Respublika Kitabxanası 2007-ci ildə əsaslı təmir olunmuş və kompüter sistemi ilə təchiz edilərək oxucuların istifadəsinə verilmişdir.  Burada Azərbaycan, rus, türk, ingilis, alman, fransız, fars və sair dillərdə ədəbiyyat nümunələri vardır.  “Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında  Ali Məclisin sədri 19 aprel 2012-ci il tarixli sərəncam imzalamış və həmin sərəncamla təsdiq edilən “Tədbirlər Planı”na uyğun olaraq, burada Elektron Kitabxana yaradılmışdır.  Tofiq Bakıxanov bu kitabxanaya da bir neçə kitab hədiyyə etdi. Mənim üçün maraqlı olan məqamlardan biri isə o idi ki, kitabxananın foyesində A.A.Bakıxanovun 220 illik yubileyi  münasibətilə yaradılmış kitab sərgisinin ən görkəmli yerində məhz bu sətirlərin müəllifinin tərtib etdiyi “Qüdsi əbədiyyəti” kitabına yer ayrılmışdı.

 

Əshabi-Kəhf, dağdağan meyvəsi və professorun namazı

 

Maraqlıdır, Naxçıvanda olduğumuz müddətdə Tofiq müəllim universitet, kitabxana və muzeylərə getmək istəyir,  mən Memar Əcəminin əsərlərinə və Hüseyn Cavidin məqbərəsinə baş çəkməyə tələsirdim. Hacı Ağaverdi Paşayev isə Əshabi-Kəhfin ziyarətini arzulayırdı. Rəhman müəllim elə qrafik tutub planlaşdırma apardı ki, hamımızın istəyi reallaşdı. Qısa müddətdə Hüseyn Cavidin məqbərəsini,  Möminə Xatun və Yusif Küseyroğlu türbələrini,  Nuhun (ə.) məzarını və bir sıra başqa yerləri ziyarət etdik və şəhərdən 13 kilometr aralıda olan Əshabi-Kəhfə yola düşdük. Elə bilirəm ki, həmin 13 kilometrlik yolun rahatlığını və ziyarətgah ətrafında aparılmış abadlıq işlərini tam ifadə edə bilməyəcəm və ona görə də hamıya həmin ziyarəti arzu edirəm.

 

 Ərəb dilində “mağara adamları”  mənası verən eyniadlı yerin Kiçik Asiya və ya Fələstin ərazisində olması haqqında dini ədəbiyyatlarda, o cümlədən Quranda məlumat var. Əfsanəyə görə isə, Allaha inanan gənclər təqiblərdən yaxa qurtarmaq üçün bir itlə birlikdə mağarada gizlənmişdilər. Allah onları yatırtmış, bir neçə yüz ildən sonra oyatmış, lakin gənclər özlərinə yad dünyanı görüb, yenidən əbədi yuxuya getmişlər. Rəvayətə görə həmin gənclər yatmazdan əvvəl dağdağan ağacının toxumlarını yeyiblərmiş. Naxçıvan ərazisində yayılmış əfsanə də təqribən eyni məzmunludur.  Ulu öndər  Heydər Əliyevin tapşırığı və himayəsi ilə Əshabi-Kəhfdə abadlıq-bərpa işləri aparılmış, zəvvarlar üçün şərait yaradılmış, rahat yol salınmış, məscid tikilmiş, kitabə qoyulmuşdur. Ziyarətgahın ərazisində “Qonaq evi”, “Bələdçi otağı” və hədiyyələr mağazası da fəaliyyət göstərir. Azərbaycanın bölgələrindən və müxtəlif müsəlman ölkələrindən bu dini ocağa gələn zəvvarların sayı ildən-ilə artır. Kompleks bu gün həqiqi zəvvarlıq mərkəzinə çevrilib. Tofiq müəllimgil pilləkənlərin əvvəlinə qədər getsələr də, Ağaverdi Paşayevlə mən ən sonuncu məqama qədər qalxdıq və professor mağaranın girəcəyində tikilmiş məsciddə namaz qıldı.

 

Sonda isə bizi Naxçıvana aparan səbəbin üzərinə qayıdaq

 

 Böyük mütəfəkkirin 220 illik yubileyinin  keçirildiyi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrının binasındakı təm-təraq, cah-cəlal həm A.Bakıxanovun, həm C. Məmmədquluzadənin, həm də Naxçıvanın bugünkü sosial-iqtisadi inkişafının adına layiq idi.  AMEA Naxçıvan bölməsinin sədri,  akademik İsmayıl Hacıyev Abbasqulu ağa Bakıxanovun şəxsiyyəti, ictimai-siyasi fəaliyyəti,  səfərləri, tarix elminə verdiyi töhfələr, elmi yaradıcılığı barədə, Azərbaycan Yazıçılar Birliyi Naxçıvan filialının sədri Azim Yadigar isə böyük mütəfəkkirin ədəbi yaradıcılığı mövzusunda əhatəli məruzələrlə çıxış etdilər. Sonra Naxçıvan Dövlət Filarmoniyası Xalq Çalğı Alətləri Orkestri Tofiq Bakıxanovun Abbasqulu ağa Bakıxanovun sözlərinə yazılmış əsərlərindən ibarət konsert proqramı ilə çıxış etdi.  Tədbirdən sonra isə Ali Məclisin sədri Vasif Talıbov Bakıdan gəlmiş qonaqlarla kiçik çay süfrəsi ətrafında söhbət etdi və yadigar şəkil çəkdirdi.

 

İttifaq MİRZƏBƏYLİ,

 

“Xalq qəzeti”.-2014.-10 avqust.-S.5.