Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni xidməti binası istifadəyə verilmişdir

 

Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni xidməti binası istifadəyə verilmişdir.

 

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova raport vermişdir.

 

Ali Məclisin sədri şəxsi heyəti salamlamışdır.

 

Fövqəladə hallar naziri Şamı Abdullayev tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin ardan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son illər nazirliyin maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilmiş, zabit və gizirlərin xidmət və sosial-məişət şəraiti yaxşılaşdırılmışdır. Hazırda Naxçıvan şəhərində 48 mənzilli yaşayış binasının tikintisi aparılır. Bu il nazirliyin müvafiq qurumları tərəfindən 5 təhlükə potensiallı obyekt, 57 avadanlıq və qurğu sertifikatlaşdırılmış, 56 tikinti obyektində mühəndis-geoloji axtarış işləri aparılmışdır. Şamı Abdullayev yaradılan şəraitə və göstərilən qayğıya görə kollektiv adından minnətdarlıq etmişdir.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni xidməti binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: – Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt bu gün ölkəmizdə uğurla davam etdirilir. Bunun da nəticəsində bütün sahələrdə inkişaf və tərəqqiyə nail olunmuşdur. Hər il ölkəmizdə yeni müəssisələr və istehsal sahələri yaradılır, yerləri açılır, əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, müasir evlər tikilir. Tikilənlərin, qurulanların qorunub saxlanılmasında isə təhlükəsizlik tədbirlərinə əməl edilməsi vacib şərtdir. Bu işlər ölkəmizdə Fövqəladə Hallar Nazirliyionun yerli struktur qurumları tərəfindən həyata keçirilir.

 

Ali Məclisin sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirmiş, kollektivə xidmətlərində uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.

 

Məlumat verilmişdir ki, şöbənin inzibati binası zirzəmidən və iki mərtəbədən ibarətdir. Zirzəmidə fərdi mühafizə vasitələri yerləşdirilmiş, ərazidə 75 kubmetr həcmində yeraltı ehtiyat su hovuzu, hündürlüyü 17 metr olan təlim qülləsi və 2 anbar tikilmişdir. Binanın birinci mərtəbəsində növbətçi yanğınsöndürmə xidmətinin fəaliyyətini təmin edən otaqlarqaraj, eləcə də sinif otağı, yataqxana, yeməkxana, istirahət otağı, çamaşırxana və qazanxana, ikinci mərtəbədə isə otaqları və müşavirə zalı vardır. Müşavirə zalı proyektor və kompyuterlə təchiz olunmuş, sinif otağında şəxsi heyətin təlimatlandırılması üçün lazımi şərait yaradılmış, məlumat stendləri və kitabçalar qoyulmuşdur.

 

Rayonun yanğından mühafizə planı ilə tanışlıq zamanı Ali Məclisin sədrinə məlumat verildi ki, Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yaradılmış müasir şərait rayondakı təsərrüfat subyektlərində, fərdi təsərrüfatlarda, taxıl və yaşıllıq sahələrində yanğın təhlükəsizliyinin qarşısının alınmasını təmin edəcəkdir. Şöbənin tabeliyində 3 yanğınsöndürən və 1 əməliyyat avtomobili, eləcə də 2 su pompası vardır. Şəxsi heyətin fərdi mühafizəsi də nəzərə alınmış, şöbəyə 80 dəst xüsusi yanğında mühafizə geyimi verilmişdir. Dispetçer otağında quraşdırılan radiorabitə sistemi fövqəladə hadisələr zamanı 25 kilometr məsafədə şəxsi heyətin hərəkət qrafikinin müəyyənləşdirilməsi və idarə olunmasına imkan verəcəkdir. Şöbənin əhatə etdiyi 1 qəsəbə və 3 kənddə yaşayan 15 mindən artıq əhalinin və onların əmlakının yanğından mühafizəsi məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir.

 

Sonra Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinə yeni “MAN” markalı yanğınsöndürən avtomobil verilmişdir.

 

Qeyd olunmuşdur ki, Almaniya istehsalı olan “MAN” markalı avtomobil yanğınsöndürmə və xilasetmə işlərini həyata keçirir. 9 nəfər heyətlə hərəkət edən avtomobil 2,3 ton su və 300 kiloqram köpükyaradan maye tutur. Yüksək texniki göstəricilərə malik olan avtomobil siyirtməli nərdivan və yanğından mühafizə vasitələri ilə təmin olunmuşdur.

 

Binanın həyətində də abadlıq işləri aparılmış, idman meydançası yaradılmışdır.

 

Sərhəd yaşayış məntəqələrimizin müdafiə qabiliyyəti gücləndirilir

 

Naxçıvan Muxtar Respublikasının hərbi potensialının möhkəmləndirilməsi və müdafiəsinin etibarlı təşkili daim diqqət mərkəzində saxlanılır. Əlahiddə Ümumqoşun Ordusunun döyüş hazırlığının yüksəldilməsi, hərbi hissələrin maddi-texniki təminatı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməyə imkan verir. Görülən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikanın düşmənlə təmas xəttində yerləşən hərbi hissələrində etibarlı müdafiə sistemi yaradılmışdır.

 

Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Sədərək rayonunda Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə gəlmiş, xidmətin təşkili və şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanmışdır.

 

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun Komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin sədrinə raport vermişdir.

 

Ali Məclisin sədri şəxsi heyəti salamlamış, xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə onlara təşəkkürünü bildirərək demişdir: Sədərək rayonu işğalçı Ermənistanla sərhəddə yerləşir. Lakin ölkəmizin digər sərhəd yaşayış məntəqələri kimi, Sədərək rayonu da bu gün inkişaf edir, abadlaşır, insanların rahat və təhlükəsiz yaşayışı üçün lazımi tədbirlər görülür. Bu tədbirlərin içərisində ən vacibi isə sərhədlərimizin müdafiəsini təmin etmək, burada xidmət keçən əsgər və zabitlərimizin məişət şəraitini yaxşılaşdırmaq, bölmələrin silahsursat təminatını həyata keçirməkdən ibarətdir.

 

Ali Məclisin sədri şəxsi heyətin bundan sonra da öz xidməti fəaliyyətlərini uğurla yerinə yetirəcəklərinə əminliyini bildirmiş, onlara xidmətdə uğurlar arzulamışdır.

 

Sonra Ali Məclisin sədri tabor mərkəzində şəxsi heyətin xidməti-məişət şəraiti ilə maraqlanmışdır.

 

Məlumat verilmişdir ki, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və təşkili yüksək səviyyədədir. Əsas komanda heyətinin fizikipsixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi istənilən hərbi vəzifəni uğurla icra etməyə imkan verir. İnzibati, tədris və digər xidməti otaqların da yerləşdiyi binanın dəhlizində döyüş fəaliyyətinin gücləndirilməsi ilə bağlı təlimatlar və məlumat stendləri asılmışdır. Burada xidmətin nümunəvi təşkili ilə yanaşı, əsgərlərin yüksək səviyyədə qidalanması və sağlamlıqlarının qorunması üçün də hər cür şərait vardır.

 

Tabor mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin sədri komanda-müşahidə məntəqəsində olmuşdur.

 

Bildirilmişdir ki, muxtar respublikanın düşmənlə təmas xəttində yerləşən strateji əhəmiyyətli zirvə və yüksəkliklərində etibarlı müdafiə sistemi formalaşdırılmışdır. Bu yüksəkliklərdə xidmət aparan əsgər və zabitlərimiz yüksək döyüş hazırlığına malikdirlər. Döyüş növbətçiliyini aparan şəxsi heyətin istifadəsində olan cihazlar ən çətin hava şəraitində belə qarşı tərəfin mövqelərinin müşahidə edilməsinə imkan verir. Burada mühəndis - istehkam qurğuları və maneələr yaradılmış, müdafiə rayonunun qorunmasının təşkili sahəsində mühüm tədbirlər görülmüşdür. Müasir döyüş texnikaları, artilleriya qurğuları və atıcı silahlarla təczihat isə bölgənin etibarlı müdafiəsinə təminat verir.

 

Ali Məclisin sədri xidmətin nümunəvi təşkili və döyüş qabiliyyətinin yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

 

Gətirilmiş ərzaq, meyvə, şirniyyat və digər məhsullar mətbəxə təhvil verilmişdir.

 

Sədərək rayonunda

 

yeni ictiami-iaşə obyekti istifadəyə verilmişdir

 

Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Sədərək kəndinə gəlmiş, burada inşa olunan yeni ictimai-iaşə obyekti ilə tanış olmuşdur.

 

Məlumat verilmişdir ki muxtar respublikamızda sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı digər sahələrlə yanaşı, xidmət sektorunun inkişafına da hərtərəfli şərait yaratmışdır. Bu da insanların rahatlığının təmin olunması, onların istirahətinin və asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır. Sədərək kəndində yaradılan yeni ictimai-iaşə obyektirayon sakinlərinin tələbatı nəzərə alınaraq inşa olunmuşdur.

 

İstifadəyə verilən şadlıq sarayı 350 yerlikdir. Burada toy mərasimlərinin keçirilməsi üçün lazımi şərait yaradılmış, binanın interyeri müasir dizayn əsasında qurulmuşdur. Həmçinin ərazidə 7 kabinə və kiçik mərasimlərin keçirilməsi üçün ziyafət zalı istifadəyə verilmiş, 15 nəfər işlə təmin olunmuşdur.

 

Binanın həyətində də abadlıq işləri aparılmış, güllüklər salınmışdır.

 

Xalq qəzeti”.-2014.-15 avqust.-S.2.