Azərbaycan xalça sənətinin himayədarı

 “...yada satmaram!”

 

Mir Cəlal PAŞAYEV

 

O insan xoşbəxtdir ki, öz gözəlliyi, zəkası, istedadı, əxlaqı, səmimiliyi, təəssübkeşliyi, vətənpərvərliyi ilə xalqına başucalığı gətirir. Sadalanan cəhətləri ilə artıq bir ailənin, bir xalqın, bir ölkənin deyil, bütövlükdə bəşəriyyətin mənəvi sərvətinə çevrilə bilir. Ondan ibrət götürürlər, onu ilahiləşdirirlər. Və bu ilahi obraz dünyanın hansı yerində olursa-olsun daim öz ünvanını, öz vətənini qürurla təmsil edir.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu gün mənəvi dəyərə çevrilmiş tarixi simalardandır. Bəşəri olduğu qədər də milli, yeni-yeni zirvələr fəth etdikcə xalqına daha da sıx bağlanan, onun sevincini, kədərini bölüşən, irqindən, milliyyətindən, dinindən asılı olmayaraq dünyanın istənilən yerində istənilən vaxt ehtiyacı olan insanların yanında var olan xanımdır Mehriban Əliyeva! Onun insanlara sevgisi, qayğısı, diqqəti sərhəd tanımır. Olduğu bütün məkanlara özü ilə bərabər nur, işıq daşıya bilir. Məkanlar isə o qədər müxtəlif, rəngarəngdir ki!

 

Bu gün şərqli-qərbli bütün dünya onun haqqında “Mehriban Əliyeva dünyanı gözəlləşdirməyə çalışır” fikrində yekdildir. Bu fikirdə böyük həqiqət var. Mehriban xanım dünyanı Azərbaycan mədəniyyəti, incəsənəti ilə zənginləşdirməyə, gözəlləşdirməyə çalışır. “Əsl gözəllik Azərbaycandadır!” deyərək bəşəriyyətin, ən böyük elm, mədəniyyət, incəsənət mərkəzlərinin diqqətini bilavasitə məmləkətimizə cəlb edir. Son illərdə respublikamızda keçirilən beynəlxalq səviyyəli konfranslar, simpoziumlar, forumlar, yubileylər, festivallar, sərgilər və s. bu diqqətin ən bariz təzahürləridir. Çəkilən zəhmət hədər deyil. Azərbaycanın ideoloji mübarizədə nə dərəcədə irəlilədiyi göz önündədir. Şəxsən Mehriban xanımın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti bilavasitə Azərbaycanın haqq işi uğrunda mübarizəsinə həsr olunmuşdur. O keçirdiyi müxtəlif səviyyəli görüşlərdə Dağlıq Qarabağ münaqişəsini, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində maddi-mədəniyyət abidələrinin vəhşicəsinə məhv edilməsini diqqət mərkəzində saxlayır, xoşməramlı səfir kimi bəşəriyyəti dialoqa və qarşılıqlı anlaşmaya çağırır. Dinlərarası və sivilizasiyalararası dialoqa töhfələri, milli-mənəvi dəyərlərə ehtiramı ilə həm də yeni minillikdə qədim dəyərlərin hamisi kimi çıxış edir. Sivilizasiyalararası dialoqda gənclərin, elm və mədəniyyət xadimlərinin roluna hər zaman önəm verən Mehriban xanım azərbaycançılıq ideyası ətrafında minlərlə, milyonlarla insanı bir araya gətirə bilir.

 

O, dünyanın hər yerində Azərbaycanı təblig edir, millətin və məmləkətin şərəfini ucaldır. Mehriban xanım üçün Azərbaycan yalnız müasir Azərbaycan Respublikasının inzibati sərhədləri ilə məhdudlaşmır. Əsrlər boyu yadellilərin diqqət mərkəzində olan Vətənimizin tarixini, unikal mədəni nümunlərinin izlərini dünyanın nüfuzlu muzey və kolleksiyalarında axtaran, tapan və onların Azərbaycana qaytarılmasına nail olan Mehriban xanımın xalqımız qarşısında xidmətləri əvəzsizdir. Dünyanın bir sıra ölkələrində tarixi, mədəni, etnoqrafik abidələrin bərpası, məktəblərin, uşaq bağçalarının, xəstəxanaların tikintisi, münaqişə ocaqlarında ehtiyacı olan insanlara göstərdiyi maddi-mənəvi yardımlar dünya ictimaiyyətinin Mehriban xanımın simasında Azərbaycan qadınına olan hörmətini və rəğbətini birə-min artırır.

 

 Mehriban xanım xalq yaradıcılığının inkişafına və təbliğinə xidmət edən layihələri uğurla reallaşdırmaqdadır. O, Azərbaycan muğamlarının bütün dünyada tanınması, yeni istedadların üzə çıxarılması, ustad sənətkarların layiqincə təbliği işinə dəstək verir. Muğam ifaçıları arasında həm yerli, həm də beynəlxalq müsabiqələrin təşkili milli irsin daşıyıcıları olan gənc nəslin yüksək peşəkarlığının nümayişinə, bu sənətin təbliğinə xidmət edir.

 

Muğamlarımızın toplandığı “Qarabağ xanəndələri” adlı albomun məhz UNESCO-nun xətti ilə işıq üzü görməsi Qarabağ torpağının və muğam sənətinin  Azərbaycan xalqına məxsus olması faktının dünya ictimaiyyəti tərəfindən bir daha təsdiqlənməsi deməkdir. Bakıda Muğam Mərkəzinin yaradılması milli mədəniyyət incilərimizə verilən yüksək dəyərin ifadəsidir. Mehriban xanımın muğamlarımızın yalnız bir incəsənət nümunəsi kimi deyil, həm də bir elm sahəsi kimi öyrənilməsi istiqamətində göstərdiyi fəaliyyət onun milli-mənəvi dəyərlərimizə bağlılığından xəbər verir. Bu, torpaqlarımızın, abidələrimizin, xalçalarımızın, musiqimizin və digər milli mədəniyyət nümunələrimizin başqaları tərəfindən mənimsənilməsi cəhdlərinə qarşı atılmış ən vacib siyasi addım kimi dəyərləndirilməlidir. Onun rəhbərlik etdiyi “Azərbaycan Mədəniyyətinin Dostları” Fondunun səmərəli fəaliyyəti nəticəsində Azərbaycanın  Şirvanşahlar sarayı, Atəşgah və Qobustan qoruğu kimi tarixi abidələri UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilmişdir.

 

Mehriban xanım unudulmuş, itib-batmaqda olan ayrı-ayrı xalq sənət sahələrinin yenidən dirçəldilməsi, gənc nəslə öyrədilməsi, milli mədəniyyətimizin klassik və müasir ənənələr zəminində inkişafı, onun nailiyyətlərinin dünya ictimaiyyətinə çatdırılması, təbliği sahəsində qazanılan uğurlara imza atmışdır. Yalnız paytaxt Bakıda deyil, onun hüdudlarından kənarda da - əyalətlərdə, ucqar dağ rayonlarında, kəndlərdə, qəsəbələrdə səciyyəvi xalq sənəti sahələrinin yenidən bərpası ilə dünya ictimaiyyətinin diqqəti bu bölgələrə, orada yaşayan insanların həyatına və məişətinə, təsərrüfat sahələrinə, adət və ənənələrinə, qayğılarına cəlb edilmişdir.

 

Ən müasir texnologiyaların tətbiq olunduğu müstəqil respublikamızda incəsənətimizin digər sahələri kimi xalçaçılıq da dövlət qayğısı sayəsində yaşayır və inkişaf edir. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin həm paytaxtda, həm də bölgələrdə ayrı-ayrı sənət sahələrinin inkişafına yönəltdiyi diqqət öz layiqli bəhrələrini verməkdədir. Hələ 2004-cü il dekabrın 7-də “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq olunmuş, 2005-ci il fevralın 7-də həmin qanunun tətbiqi barədə fərman imzalanmışdır. Azərbaycan xalçalarının təbliği və nümayiş etdirilməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında, Bakıda - Dənizkənarı Milli Parkın ərazisində nadir memarlıq üslubuna malik Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi inşa olunmuşdur. Azərbaycan mədəniyyətinin, o cümlədən, xalçaçılığın inkişafı və onun nailiyyətlərinin dünya miqyasında təbliği sahəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətləri misilsizdir.

 

Yaşı əsrlərlə hesablanan, zaman-zaman sərt qadağalar və qaydalar məngənəsində sıxılan, sənət mahiyyətini itirərək daha çox istehsal sahəsi kimi mövcud olan milli xalçaçılıq sənətimizin dirçəliş dövrü 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin sabit iqtisadi-sosial mühiti, sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitlə bağlıdır. Həmin dövrdən etibarən, tarixi ənənələrini bərpa edən, yolu ayrı-ayrı evlərdə qurulan hanalardan, boyanan iplərdən, ana-bacılarımızın əl əməyindən, göz nurundan, duyğularından, yaşantılarından başlanan, Vətən tarixinin şahidi, yol yoldaşı olan Azərbaycan xalçaçılığı dövlət himayəsində addım-addım irəlilədi. 2004-cü ildə Heydər Əliyev Fondu yaradıldıqdan sonra isə Mehriban xanım bu əvəzsiz xalq sənətinin əsl hamisinə çevrildi.  O, Azərbaycan xalçasını yerdən göylərə qaldıra bildi. Və bu heç də təsadüfi bir hal deyil - onun mənsub olduğu ailə ilə birbaşa bağlıdır. Hələ sovet dönəmində görkəmli yazıçımız Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsərində ehtiyac ucbatından toxuduğu xalçasını satışa çıxarmalı olan, lakin müqabilində yüksək məbləğ təklifi alsa belə “...yada satmaram!” deyərək milli qürurunu hər şeydən uca tutan Sona xanım əbədiləşərək ölümsüzlük qazanmış mübariz Azərbaycan qadınının tipik nümayəndəsidir. Sona xanım obrazı milli koloriti, sadəliyi, mübarizliyi, övlada sevgisi ilə yadda qalır. Və onu oxucuya sevdirən ən gözəl cəhəti xalqına bağlılığıdır. Əslində xalça onun ailəsinin, mənsub olduğu xalqın, torpağın rəmzidir. Ustad sənətkar Azərbaycan qadınının obrazını qədim və ənənəvi bir sənət sahəsi xalçaçılıqla dolğunlaşdırmış, onun qəhrəmanlığını, cəsarətini bu yolla ön plana çəkmiş və beləliklə də yaddaşlarda əbədiləşməsinə nail olmuşdur.  Mir Cəlal ocağından pərvazlanan Mehriban xanımın xalçaya, xalçaçılığa bağlılığı da babasının əsərlərindən başlayır. O, xalçanın yalnız gözəlliyinə deyil, həm də onun tarixi mənsubiyyətinə, simvolikasına, daşıdığı yükə yaxşı bələddir. Bu təkrarsız gözəlliyin - Azərbaycan xalçasının yaradıcıları ölkənin birinci xanımının sevgisini daim hiss edirlər. O, bu sənətin çətinliyini, cəsarət, dözüm, səbr tələb etdiyini yaxşı bilir. Toxucularla hər bir görüşündə onların işi, qayğıları, uğurları, gələcək perspekivləri ilə şəxsən maraqlanır. Dəfələrlə “Azər-İlmə”də olmuş Mehriban xanımın xalçaçılarla hər görüşü əlamətdar bir hadisəyə çevrilir. Onun sadəliyi, təvazökarlığı, xalçaçı qadınlarla xoş ünsiyyəti unudulmazdır. Birinci xanım hər bir xalçanın çeşnisi, toxunma üsulu, rəngləri ilə yanaşı, onun hansı bölgəyə aid olması ilə də maraqlanır. Azərbaycana səfər etmiş neçə-neçə mötəbər qonaq məhz Mehriban xanımın şəxsi dəvəti və təşəbbüsü ilə “Azər-İlmə”yə baş çəkmişdir. O, qonaqları burada həm Azərbaycan xalçaları, həm də onların necə toxunması ilə tanış edir. Bu görüşlər qonaqlara həm də Azərbaycan qadınının əməyi, istedadı ilə tanışlıq imkanı yaradır. Bəzən hana arxasında toxuculara qoşularaq xalçaya bir neçə ilmə vurmaq istəyən qonaqlarımız qadınlarımızın bu çətin işin öhdəsindən necə gəldiklərinə təəccüblənirlər. Xarici qonaqlarla ünsiyyətdə bir qədər çəkinən və təvazökarlıq göstərən xalçaçılarımıza izahatları, şərhləri, məlumatları ilə dəstək olan Mehriban xanım hər görüşə özünəməxsus bir gözəllik əlavə edir.

 

O, hananı, xalçanı işğal altında olan torpaqlarımızın bir yadigarı, tərənnümçüsü kimi təqdim etməyi bacarır. Dünyaya xalçanı, ilk növbədə, milli mentalitet, ruh və əxlaq daşıyıcısı kimi nümayiş etdirir. Qızıl barmaqları ilə mədəniyyət tariximizi xalçalara ilmə-ilmə köçürən xalçaçıların əməyinə bundan yüksək qiymət ola bilməz. Mehriban xanımın xarici ölkələrdə təşkil etdiyi elə bir sərgi yoxdur ki, Azərbaycan xalçası orada təmsil və təbliğ olunmasın. O, bu xalçaları Azərbaycan torpağının bir parçası kimi şərəflə təqdim edir. Beynəlxalq aləmdə Azərbaycan naminə mübarizədə xalçalarımız ideoloji silaha çevrilir. Fəaliyyətini Azərbaycan dövlətinin yürütdüyü mədəni siyasət əsasında quran “Azər-İlmə” Heydər Əliyev Fondu tərəfindən xaricdə keçirilən tədbirlərdə, sərgilərdə müntəzəm şəkildə iştirak edir. “Azər-İlmə”də toplanan Bakı, İrəvan, Naxçıvan, Qarabağ, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı, Təbriz kimi bölgələri təmsil edən qədim Azərbaycan xalça və xalça məmulatları dünyanın nüfuzlu elm və mədəniyyət mərkəzlərində uğurla nümayiş etdirilmişdir.

 

Xalça ilə hər görüş Mehriban xanım üçün mühüm əhəmiyyət kəsb edir. O, xüsusilə Azərbaycanın hüdudlarından kənarda bu gözəl sənət nümunələrinin təsir effektini layiqincə dəyərləndirir. Onların sadəcə bir sənət nümunəsi kimi deyil, bir tarixi mənbə kimi qəbul edilməsi və araşdırılması istiqamətində bütün səyləri səfərbər edir. Mehriban xanımın gərgin və yorulmaz fəaliyyəti nəticəsində milli mədəniyyətimizin ən layiqli təmsilçiləri kimi dünyanın bir sıra ölkələrində sərgilənən Azərbaycan xalçaları 16 noyabr 2010-cu il tarixdə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Onun xalçaları nəvazişlə və sevgi ilə təqdim etməsi, dünya ictimaiyyətinə onlar haqqında dolğun və hərtərəfli informasiya verməsi bizi qürurlandırır. “Azər-İlmə” indiyədək Heydər Əliyev Fondu ilə birlikdə London, Paris, Moskva, Berlin, Roma, Vatikan, San-Trope, Kann, Davos və s. kimi şəhərlərdə keçirilən tədbirlərdə Azərbaycan xalça sənətini təmsil və tərənnüm etmək şərəfinə nail olmuşdur. Bu tədbirlərin hər biri bizim üçün unudulmazdır. Azərbaycan mədəniyyətinin ən bariz və özünəməxsus nümunələri olan xalçalarımızın əcnəbilərin ürəklərini və düşüncələrini necə fəth etdiyinin dönə-dönə şahidi olmuşuq. Xalçalarımız hətta ən soyuq ürəkli insanları belə öz gözəlliyi və milli koloriti ilə duyğulandırır, onları uzaq Avropadan, Amerikadan, Asiyadan Azərbaycana bağlaya bilir. Azərbaycan haqqında düşündürməyi “bacarır”. Zərif üslubu, naxışları, rəngləri ilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır.

 

Bununla biz Vətəndən uzaqlarda gördüyümüz işlərin zəruriliyinin bir daha fərqinə varmışıq, öz məsuliyyətimizi daha dərindən dərk etmişik. İstər respublikamızda, istərsə də xarici ölkələrdə səfərlər zamanı Mehriban xanımın dəstəyini, himayəsini daim öz üzərində hiss edən “Azər-İlmə” fəaliyyətini müasir beynəlxalq elmi və mədəni standartlar əsasında genişləndirməkdədir. “Xalçanı yaratmaq azdır! Onu yaşatmaq və araşdırmaq lazımdır!” prinsipini əsas tutaraq milli xalçaçılıq sənətinin tədqiqi və təbliği sahəsində araşdırmalara start verən “Azər-İlmə” son illərdə dünya ictimaiyyətini Azərbaycan xalçaçılıq tarixinin ayrı-ayrı mərhələlərini, qruplarını əks etdirən, bir-birindən maraqlı kitablarla, broşürlərlə, tele-filmlərlə tanış etmişdir. Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ivrit, ərəb dillərində işıq üzü görmüş nəşrlərimiz Heydər Əliyev Fondunun təşkil etidyi beynəlxalq görüşlərdə, tədbirlərdə, sərgilərdə xarici qonaqlara təqdim olunur, məşhur kitabxanaların kataloqlarına daxil edilir.

 

Azərbaycan, rus, ingilis dillərində nəşr olunan “Azərbaycan xalçaları” jurnalı da milli xalçaçılığımızın təbliğatçısıdır. Dövlət qayğısı jurnalın inkişafını, onun mövzu dairəsinin daha da genişlənməsini stimullaşdırmışdır. Azərbaycan xalçalarının tarixi keçmişi, texnologiya və üslub təkamülü “Azərbaycan xalçaları” jurnalının apardığı tədqiqatların, ekspedisiyalarının əsas obyektini təşkil edir. Ekspedisiya qruplarımız respublikamızda və Azərbaycan türklərinin yaşadığı tarixi torpaqlarda İrəvan, Qarabağ, Bakı, Naxçıvan, Gəncə, Qazax-Borçalı, Şirvan, Quba, Təbriz kimi xalçaçılıq məktəblərinə dair dəyərli məlumatlar əldə etmiş, hər məktəbin özünəməxsus bədii xüsusiyyətlərini, təmsilçilərini, rəng, üslub, kompozisiya fərqlərini və təsir dairəsini müəyyənləşdirmişdir. Tədqiqatlarımız zamanı respublikamızın müxtəlif yerlərində dövlət dəstəyi ilə yenidən bərpa olunan xalça sexləri, burada fəaliyyət göstərən xalçaçılarla tanış oluruq. İstər xalçaçılar, istərsə də digər sənət sahələrinin nümayəndələri yaradıcılıq, sağlam rəqabət, təbliğat imkanlarına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, ölkəmizin yürütdüyü daxili və xarici siyasətdə daim ona dəstək olan Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

 

Mehriban xanım həyatı, fəaliyyəti ilə Azərbaycan qadınının ən gözəl cəhətlərini özündə cəmləşdirmişdir. O, ölkənin birinci xanımı kimi şərəfli bir missiyanı yerinə yetirməklə yanaşı, həm də hər bir azərbaycanlının doğması, əzizi, ümid yeridir. Xalq cəsarətli, əzmkar olduğu qədər də zərif və kövrək övladı ilə fəxr edir! Xalçaçılarımız qazandıqları bütün nailiyyətlərlə, toxunan hər xalça ilə Mehriban xanımın adını, obrazını ən gözəl və bənzərsiz naxış kimi Azərbaycan xalçaçılıq tarixində əbədiləşdirirlər! Bu, onun misilsiz əməyi  və sərhədsiz sevgisi, qayğısı müqabilində bizim vətəndaşlıq borcumuzdur!

 

Vidadi MURADOV,

 

“Azər-İlmə”nin rəhbəri,  əməkdar incəsənət xadimi, professor

Xalq qəzeti.-2014.-20 avqust.-S.5.