Azərbaycan bu gün dünyada həm də turizm ölkəsi kimi tanınır

 

 

 

Azərbaycanda turizmin  inkişafı ümummilli liderimiz  Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə bu sahəyə xüsusi önəm vermiş, Azərbaycanın turizm potensialından səmərəli istifadə edilməsi  işinə qayğı və diqqət göstərmişdir.

 

Bununla bağlı bir fakta diqqət yetirək. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Xəzər dənizinin Azərbaycan sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə müvafiq qərar qəbul edilmiş,  respublikamızda 2000-ci ilədək turizmin inkişaf sxemi qurulmuşdur. Lakin  Azərbaycanda məlum hadisələr baş verdikdən sonra sözügedən sahə diqqətdən kənar qalmış, respublikamıza turistlərin axını azalmışdır.

 

Ulu öndər xalqımızın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra turizmin inkişafına xüsusi əhəmiyyət verildi. Turizmin hüquqi bazasının yaradılmasına başlanıldı. 1999-cu ildə Milli Məclisdə “Turizm haqqında” Qanun qəbul edildi. Həmin il iyul ayının 27-də ulu öndər Heydər Əliyev “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" fərman imzaladı. Bundan əlavə, Azərbaycan Prezidentinin 2002-ci il 27 avqust tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair” Dövlət Proqramı təsdiq olundu.

 

Ölkə Prezidenti İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində isə  turizm sahəsi dinamik inkişaf yolu keçmişdir. “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” respublikamızda  turizm-kurort sahələrinin sürətli inkişafına zəmin yaratmışdır. Vətənimizin hər guşəsində yol infrastrukturunun yenidən qurulması, turizm-istirahət mərkəzlərinin yaradılması, dünya standartlarına cavab verən ən müasir mehmanxana və otellərin inşa olunması, yay turizmi ilə yanaşı, qış turizminin də sürətlə inkişaf etdirilməsi Azərbaycanın dünya turizm mərkəzlərindən birinə çevrilməsinə güclü zəmin yaratmışdır.

 

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Turizm ili” elan edilmiş 2011-ci il artıq tarixə çevrilmişdir. Heç bir mübaliğəyə yol vermədən həmin ili ölkəmizdə turizmin inkişafı yolunda irəliyə doğru sıçrayış dövrü  kimi dəyərləndirmək olar. Bundan başqa, “Eurovision” mahnı müsabiqəsinin 2012-ci ildə Bakıda keçirilməsi, musiqi yarışması ilə əlaqədar Azərbaycana gələn minlərlə qonağın ölkəmizin ecazkar gözəlliyi, burada yaradılan və fəaliyyətdə olan turizm infrastrukturu barədə öz vətəndaşlarını məlumatlandırmaları son nəticədə respublikamızın  dünyanın aparıcı turizm ölkələrindən birinə çevrilməsində mühüm rol oynamışdır.

 

Ümumiyyətlə, son illərdə turizmin inkişafı ölkəmizin əsas prioritetlərindən birinə çevrilmişdir. Qəbul edilən müvafiq dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həyata keçirilən islahatlar  Azərbaycan dövlətinin bu sahəyə diqqət və qayğısını bir daha sübut edir. “2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair” Dövlət Proqramının, turizmin inkişafı ilə əlaqədar geniş Tədbirlər Planının uğurla icra olunması nəticəsində respublikamızda turizm sənayesi yeni mərhələyə qədəm qoymuşdur.

 

Hazırda ölkəmizin təbii sərvətləri, rəngarəng iqlimi, zəngin tarixi-mədəni irsi, bölgələrin inkişafı, infrastrukturun yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər hesabına Azərbaycan nəinki regionda, hətta MDB-də turizmin sürətlə inkişaf etdiyi ölkələrdən biri kimi tanınır. Məhz bunun nəticəsidir ki, 2013-cü il avqustun 24-dən 29-dək keçirilən BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) XX Baş Assambleyasında Azərbaycan qurumun İcraiyyə Şurasına üzv qəbul olunmuşdur. Şübhəsiz, bu uğur Azərbaycanın turizm ölkəsi kimi dünyada nüfuzunun təsdiqi, respublikamızın  bu sahədə beynəlxalq əlaqələrinin, Dünya Turizm Təşkilatı, habelə bir çox tərəfdaş dövlətlərlə ardıcıl, səmərəli işgüzar əməkdaşlığının yüksək göstəricisidir.

 

Azərbaycanda turizmin inkişafı ilə bağlı yazılara xarici mətbuat səhifələrində də tez-tez rast gəlinir.  Məsələn, “Forbes” jurnalının bu ilin avqust sayında  respublikamızda turizmin dinamik inkişafı,  Azərbaycanın postsovet məkanında turizm baxımından ən cəlbedici ölkə olması haqda geniş material verilmişdir. İtaliyanın nüfuzlu “M il Magazine” jurnalında isə  Azərbaycan: turizmin inkişaf və adət-ənənə arasında yeni sərhəd” sərlövhəli məqalə dərc edilmişdir. Həmin məqalədə Avropa ilə Asiya arasında yerləşən və qədim adət-ənənələri özündə birləşdirən Azərbaycanın zəngin təbiətindən bəhs olunur. Adı çəkilən yazıda, həmçinin  bildirilir ki, bu gün dünyanı sürətli inkişafı ilə heyran edən Azərbaycan qədim tarixə malikdir. Tarixən neft ölkəsi kimi tanınan bu respublikada son illərdə turizm sektorunda müsbət dəyişikliklər müşahidə olunmaqdadır.

 

Yazıda vurğulanır ki, tərəqqi və modernləşmənin vəhdət təşkil etdiyi inkişafın Azərbaycan modeli Cənubi Qafqazın digər ölkələri üçün gözəl bir nümunə ola bilər. 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa edən Azərbaycanda son illər dövlət tərəfindən mədəniyyət və turizm sektorunun inkişafına göstərilən diqqət göz qabağındadır.

 

Yazıda daha sonra qeyd olunur ki, yeni tikilmiş möhtəşəm otellər, müasir memarlığın rəmzi sayılan “Alov qüllələri” kompleksi, gözqamaşdıran göydələnlər Bakıya xüsusi gözəllik verir. Paytaxtımızda aparılan yenidənqurma işləri şəhərin simasını sürətlə dəyişir və ona daha müasir görkəm verir. Enerji ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadə nəticəsində Azərbaycan güclü iqtisadiyyata malik bir ölkəyə çevrilmişdir. Ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu artırmışdır. Respublikamızda tikinti, infrastruktur, sənaye, aqrobiznes, alternativ enerji, ətraf mühit və digər sahələrdə fəaliyyət göstərən İtaliya şirkətləri üçün geniş imkanlar yaradılmışdır.

 

Jurnal UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında da məlumat vermişdir. Diqqətə çatdırmışdır ki, İçərişəhər Azərbaycana gələn turistlərin böyük marağına səbəb olur. XV əsrin əvvəllərində inşa olunmuş Şirvanşahlar Sarayı Kompleksi Azərbaycan memarlığının nadir incilərindəndir.

 

Ölkəmizin beynəlxalq turizm sərgilərində iştirakı, dünyanın aparıcı televiziya kanallarında respublikamızın turizm potensialını əks etdirən reklam çarxlarının yerləşdirilməsi, xarici turizm təmsilçiləri və media nümayəndələrinin ölkəmizə infoturlarının təşkili də Azərbaycanın dünyada yeni bir turizm məkanı kimi tanınmasında mühüm rol oynamışdır.

 

Azərbaycana daha çox əcnəbi turistin cəlb olunması üçün bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Bu baxımdan Prezident İlham Əliyevin “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” 2012-ci il 30 noyabr tarixli sərəncamı mühüm əhəmiyyətə malikdir. Belə ki, artıq “onlayn” viza sisteminin tətbiqi ilə Azərbaycana gəlmək istəyən əcnəbilər vizaları elektron qaydada əldə edə bilirlər. Başqa sözlə,  bu sistem sənədləşmənin daha asan aparılmasına və vaxta qənaət edilməsinə şərait yaradır. Belə vəziyyət isə Azərbaycanın beynəlxalq turizm bazarına inteqrasiyası, turizm sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi, ölkələrarası dialoqun və gələcək əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaradır.

 

Bu gün yaradılan müasir ticarət mərkəzləri, restoranlar, muzeylər, beynəlxalq standartlara cavab verən nəqliyyat infrastrukturu, parklar, əyləncə məkanları, Şərq-Qərb üslubunda tikilən və eyni vaxtda 40 mindən çox turist qəbul etmək imkanına malik  otellərin ölkəmizin dünyada turizm mərkəzi kimi tanınması baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan həm məşhur brendlərdən olan otellərin, həm də beşulduzlu otellərin sayına görə regionda liderdir. Təkcə son 10 il ərzində respublikamızda bir-birinin ardınca “Hilton”, “JV Mariott”, “Kempinski”,  “Excelsior”, “Four Seasons”, “Sheraton”, “Jumeirah”, “Fairmont” kimi dünyanın məşhur brendləri altında beşulduzlu otellər istifadəyə verilmişdir.

 

Azərbaycanda qış turizminin inkişafına da mühüm önəm verilir. Şahdağ Qış-Yay Turizm Kompleksi qapılarını qonaqların üzünə açdığı ilk gündən turistlərin böyük marağına səbəb olmuşdur. Xatırladaq ki, Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən bu kompleksin tikintisinə 2009-cu ilin sentyabrında başlanılmışdır. Layihənin reallaşması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açmışdır. Adı çəkilən kompleks MDB məkanında bənzərsiz turizm kompleksinə çevrilmişdir.

 

Azərbaycan ilə turizm sahəsində inkişaf etmiş 21 ölkə arasında “Turizm sahəsində əməkdaşlıq haqqında” hökumətlərarası saziş imzalanıb, 29 ölkə ilə isə saziş layihəsi hazırlanıb. 2011-ci ildə Koreyanın Kendju şəhərində keçirilən Dünya Turizm Təşkilatının (BMDTT) Baş Assambleyasının 19-cu sessiyasının birinci plenar iclasında Azərbaycan Respublikası Baş Assambleyanın iclaslarına sədr müavini təyin edilib. Həmçinin Azərbaycan Turizm Assosiasiyası, Bakı Turizm İnformasiya Mərkəzi və Azərbaycan Turizm İnstitutu BMDTT-yə qoşulmuş üzv (Affiliate member) seçilib. Bu il isə Azərbaycandan daha 18 turizm müəssisəsi DTT-nin assosiativ üzvləri sırasına daxil olub. Bunlardan 2-si otel, 16-sı isə turizm şirkətidir. Bu, o deməkdir ki, Azərbaycan turizmi DTT-nin üzvü olan ölkələrdə kifayət qədər geniş təbliğ oluna biləcək.

 

Turizmin inkişafını sürətləndirən və bu sahədə keyfiyyəti yüksəldən amillərdən biri də sahə üzrə kadr hazırlığı siyasətinin düzgün qurulmasıdır. Prezidentin müvafiq sərəncamına əsasən, Azərbaycan turizmində kadr problemini həll etmək məqsədilə 2006-cı ildə Turizm İnstitutu yaradıldı. Bu təhsil ocağının məzunları Azərbaycanda ilk dəfə olaraq ikili diplom - ATİ-nin və Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomunu ala bilirlər. Hazırda institutda 1700-dən artıq tələbə 11 ixtisas üzrə bakalavr, 143 nəfər magistr, 38 nəfər isə doktorant təhsili alır.

 

Əldə olunan nailiyyətlər Azərbaycanın turizm dünyasında nüfuzunun, ümumilikdə ölkəmizin dünyada imicinin yüksəlməsinin təzahürüdür. Turizm sahəsində statistik göstəricilər də bunu təsdiq edir. 2012-ci və 2013-cü illərin nəticələrinə əsasən, turistlərin sayında artım dünya və Avropa üzrə 5 faiz təşkil etdiyi halda, Azərbaycanda turist axınının artımı 10 faiz səviyyəsində müşahidə olunub.

 

Son dövrlərdə dövlət tərəfindən turizmin inkişafına yaradılan əlverişli şərait nəticəsində respublika ərazisində fəaliyyət göstərən turizm şirkətlərinin sayı 232, mehmanxana və mehmanxana tipli obyektlərin sayı isə 2003-cü illə müqayisədə 5,4 dəfə artaraq 516-ya çatmışdır və fərəhləndirici haldır ki, onların 76 faizi regionlarda yerləşir. Bu isə Azərbaycanın beynəlxalq turizm bazarına inteqrasiyası, turizm sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi, ölkələrarası dialoqun və gələcək əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaradır.

 

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin sözləri ilə desək, “Azərbaycan turizm sahəsində parlayan  ulduzdur. Azərbaycanda istər turizmin, istərsə də digər sahələrin inkişafı üçün mükəmməl imkanlar mövcuddur və bu gün bu imkanlardan kifayət qədər istifadə edilir”.

 

Vaqif BAYRAMOV,

 

“Xalq qəzeti”

Xalq  qəzeti.- 2014.- 23 avqust.- S.1.