Elman Həmid oğlu Araslı

 

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış diplomat, şərqşünas alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Elman Həmid oğlu Araslı 2014-cü il avqust ayının 22-də ömrünün 81-ci ilində vəfat etmişdir.

Elman Araslı 1933-cü ildə Bakı şəhərində görkəmli ədəbiyyatşünas alim Həmid Araslının ailəsində anadan olmuşdur. 1956-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, 1961-ci ildə Moskva Dövlət Universiteti nəzdindəki AsiyaAfrika İnstitutunda ərəb filologiyası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. O, daha sonralar SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və SSRİ Xarici İşlər Nazirliyində işləmişdir. 1975-1980-ci illərdə Sovet Dostluq Cəmiyyətlərinin və Xarici Ölkələrlə Mədəni Əlaqələr Birliyinin Yaxın və Orta Şərq şöbəsinə rəhbərlik etmiş Elman Araslı Sovet-Ərəb Dostluq Assosiasiyasının baş katibi, AfrikaAsiya ölkələri ilə Sovet Həmrəylik Komitəsinin idarə heyətinin üzvü olmuşdur.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Elman Araslı 1993-2006-cı illərdə Səudiyyə Ərəbistanı Krallığında, 2006-2012-ci illərdə İordaniya Haşimilər Krallığında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmış, eyni zamanda, Bəhreyn, Qətər, İraqOmanda səfir kimi akkreditə olunmuşdur. O, İslam Konfransı Təşkilatında Azərbaycan Respublikasının daimi nümayəndəsi idi.

Azərbaycanı bir sıra ölkələrdə səfir qismində layiqincə təmsil edən Elman Araslının ölkəmizin ərəb və İslam dünyası ilə əlaqələrinin inkişaf etdirilməsində xüsusi əməyi vardır.

Elman Araslı özünün zəngin bilik və təcrübəsini daim böyük həvəslə bölüşərək diplomat kadrların hazırlanması işinə töhfələr vermişdir. O, ictimai-siyasi həyatda baş verən taleyüklü hadisələrə münasibətdə hər zaman vətəndaş və ziyalı mövqeyi nümayiş etdirməklə bərabər, Azərbaycan haqqında həqiqətlərin çalışdığı ölkələrin ictimaiyyətinə çatdırılmasında da mühüm xidmətlər göstərmişdir.

Yaxın Şərq regionunun problemləri ilə bağlı çoxsaylı məqalələrin, elmi-publisistik yazıların müəllifi olan Elman Araslının əlli illik diplomatik fəaliyyətindən bəhs edən “Yaxın Şərqdə yarım əsr” kitabı peşəkar diplomatlar, şərqşünas və ərəbşünas mütəxəssislər, həmçinin geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanmışdır.

Tanınmış diplomat, şərqşünas alim və səmimi insan Elman Həmid oğlu Araslının əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

 

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

 Xalq qəzeti.- 2014.- 26 avqust.- S.5.