Humanizm prinsipləri ölkəmizin daxili siyasətinin prioritetlərindən biridir

 

Demokratik cəmiyyət və ya hüquqi dövlət dedikdə, ilk növbədə, insan hüquq və azadlıqlarının müdafiəsi  yada düşür. İnsan hüquqları müasir dünyamızın hər bir demokratik dövləti tərəfindən prioritet hesab edilən mövzulardan hesab edilir. Müstəqil Azərbaycanda da insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi dövlətin ən ali məqsədi elan edilib.

 

Ulu öndər Heydər Əliyev Azərbaycanın müasir dövlətçiliyinin banisidir. Həm də ona görə ki,  Azərbaycanda əfv, amnistiya və humanizm siyasətinin başlanğıcı məhz Heydər Əliyev tərəfindən qoyulub. Düzdür, 1993-cü ilə qədər də əfv və amnistiya aktları tətbiq olunurdu. Amma, hansı formada? Təsəvvür edin ki, 1992-ci ilin dekabrında o zamankı Prezident Əbülfəz Əliyev və qısa bir müddətdə  prezident səlahiyyətlərini icra edən İsa Qəmbər tərəfindən 1993-cü ilin fevral ayında ölüm cəzasının bağışlanması barədə müraciətlər ləğv olundu və özü də bu, tələm-tələsik, heç bir ehtiyac olmadan edildi. Nəticədə həmin dövrdə bir neçə şəxs haqqında ölüm cəzası icra olundu. Onu da qeyd edək ki, Azərbaycanın ictimai-hüquqi mühiti 1992-1993-cü il ölüm cəzası ilə yadda qalıb.

 

AXC-Müsavat hakimiyyəti dövründə əfvlə bağlı ikinci qanunsuz bir addım 1992-ci ildə o zamankı Daxili İşlər Nazirliyi tərəfindən edildi. Bu haqda parlamentin heç bir amnistiya qərarı olmadan ağır cinayət törətmiş 600-dən çox şəxs azadlığa buraxıldı. 1992-93-cü illər mühiti bu idi - ölüm cəzasının icrası və... bir qədər də şübhəli icrası. Sonradan o insanların valideynləri bu məsələni araşdırdılar və məlum oldu ki, bu cəzanın tələm-tələsik icrasında o vaxtkı məmurlardan kiminsə şəxsi marağı olub. Digər tərəfdən, o amnistiya qeyri-qanuni bir amnistiya idi. Ağır cinayət törətmiş yüzlərlə şəxs azadlığa çıxdı, yenidən amansız cinayətlər törətdilər. Onların çoxunu heç 90-cı illərin sonuna qədər axtarıb tapmaq mümkün olmadı. Çünki əksəriyyəti başqa ölkələrə qaçmışdı.

 

Təsəvvür edin ki, belə bir mühitdə Heydər Əliyev xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə gəldi və onun ilk qərarlarından biri də ölüm cəzasının icrasına monitorinq tətbiq edilməsi oldu.

 

Azərbaycan Respublikasında 1993-cü ildən etibarən ölüm cəzasının icrasına veto qoyulmuş, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq, Azərbaycanda bu cəza növü ləğv edilmiş, respublikamız dünya birliyinin tamhüquqlu subyekti kimi insan hüquq və azadlıqlarının qorunması sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşulmuşdur. Bu, ümummilli lider Heydər Əliyevin humanist ideyalara sadiqliyini bir daha təsdiq edir.

 

Ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan əfv institutu 1995-ci ildə yenidən, tamamilə fərqli şəkildə bərpa olundu.  İlk dəfə hərbi xidmətdən, xidmət yerlərindən yayınan təxminən 1000-ə yaxın əsgər əfv olundu. Onlar fərariliyə görə məhkum olunmuşdular. Amma, araşdırmalar göstərirdi ki, onların fərariliyinin əsasında o dövrdə ordudakı hərc-mərclik, özbaşınalıq və intizamsızlıq dururdu. Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda fərariliyə son qoyuldu. Söz yox ki, hərbi hissələrdə nöqsanlar olur, ona qarşı isə dərhal tədbir görülür. Amma orduda artıq fərarilik cinayəti yoxdur. Halbuki, AXC-Müsavat hakimiyyəti dövründə  bu, kütləvi hal almışdı. Nəticədə gənclər uzun müddətlik məhkum olunurdular.

 

İnsan hüquqları sahəsində məqsədyönlü həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 1998-ci il fevral ayının 22-də imzaladığı “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı mühüm rol oynamış, ölkəmizdə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilərək həyata keçirilməyə başlanılmışdır.

 

 Azərbaycanda humanist siyasətin əsasını qoyan ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə amnistiya haqqında 7 qanun imzalamış, 21325 məhkum azadlığa buraxılmış, ümumilikdə 78 mindən artıq məhkuma bu amnistiya aktları şamil edilmişdi. Bəzi iddiaların əksinə olaraq bu humanist addımlar ciddi tərbiyəvi əhəmiyyət daşıdı, ölkədə cinayətkarlığın səviyyəsinin daha da azalmasını təmin etdi.

 

1995-ci ildən bəri imzalanan 54 əfv sərəncamı 60 mindən artıq  məhkuma şamil edilib. Heydər Əliyev cəzanın adekvatlığı və humanistliyi məsələlərinə daim diqqətlə yanaşıb, bu məqsədlə hüquq-mühafizə orqanlarında yeni dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılmasını daim nəzarətdə saxlayıb. İnsanlara böyük sevinc bəxş edən, onlara səmimi, ülvi hisslər aşılayan əvf və amnistiya aktları ümummilli lider Heydər Əliyevin xalq və dövlət maraqları naminə reallaşdırdığı misilsiz işlər sırasında daim xüsusi qeyd olunur.

 

Heydər Əliyevin humanizm siyasəti  sahəsində ən böyük əməyi məhz müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanması və qəbuludur. 1995-ci il noyabrın 12-də xalq ümummilli liderin bu təşəbbüsünü dəstəklədi. Müstəqil dövlətimizin ilk Konstitusiyası keçmiş sovet konstitusiyalarından əsaslı surətdə fərqli oldu. İlk dəfə Konstitusiyamızda dövlət hakimiyyətinin bölgüsü prinsipi həyata keçirilib. Ümumiyyətlə, Konstitusiyanın III fəsli  bütövlükdə, yəni 158 maddədən 48-i insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilib. Konstitusiyanın 71-ci maddəsində insan və vətəndaş hüquqlarına və azadlıqlarına təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu hesab edilir. Həmin maddədə daha sonra göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra, konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Beləliklə, Konstitusiyanın qeyd edilən normalarının təhlili göstərir ki, bu normalar hüquqi dövlət quruculuğu prinsipinin mahiyyətindən irəli gəlməklə cəmiyyətdə qanunun aliliyinə xidmət edir. Ölkəmizdə həmin vaxtdan başlayaraq, ciddi sosial-iqtisadi islahatlarla yanaşı, hüquq islahatı, həmçinin onun tərkib hissəsi olan məhkəmə-hüquq islahatı həyata keçirilməyə başlayıb. İlk dəfə olaraq üçpilləli məhkəmə sistemi yaradılıb.

 

 Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının təmini və müdafiəsi istiqamətində gördüyü işlərin ən vaciblərindən biri də “İnsan Hüquqları üzrə Müvəkkil (ombudsman) haqqında” Qanunun qəbul edilməsi və Ombudsman Aparatının yaradılmasıdır. Ölkədə Ombudsman Aparatı yaradıldıqdan sonra vətəndaşların hüquqlarının müdafəsi sahəsində daha ciddi nailiyyətlər əldə edilməyə başlandı.

 

Ulu öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu siyasəti bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətini təmin edir. Hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu qısa müddətdə tam sübuta yetirmiş dövlətimizin başçısı, hətta cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə deyildir: məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan Hüquqları üzrə müvəkkilin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, bu müddətdə davranışlarını nəzərə alan, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətini önə çəkən Prezident İlham Əliyev vaxtaşırı əfv sərəncamları imzalayır.

 

Dövlət başçısı həmişə vurğulayır ki, insan hüquq və azadlıqlarının, o cümlədən, fikir azadlığının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədi və fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. Prezident bu sahənin inkişafı üçün dövlət tərəfindən hər cür şəraitin yaradılmasına nail olub və bu məsələləri şəxsən diqqətində saxlayır. Müxtəlif cinayət əməllərinə görə məhkum edilmiş jurnalistlərin əfv edilməsi ilə bağlı dövlət başçısının fəaliyyəti təqdirəlayiqdir.

 

İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasətin əsasını təşkil edir.

 

2006-cı il dekabrın 28-də qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət edir.

 

Milli Fəaliyyət Planında əhalinin müxtəlif, o cümlədən həssas qruplarına aid olan şəxslərin - qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər və başqalarının hüquqlarının təmin edilməsində səmərəliliyin artırılması məqsədilə fəaliyyət istiqamətləri müəyyən olunur. Və bu baxımdan qeyd olunur ki, yoxsulluğun azaldılması, məşğulluğun təmin olunması, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və digər sahələrdə artıq qəbul olunmuş müvafiq xüsusi dövlət proqramlarının icrasına Milli Fəaliyyət Planı kontekstindən yanaşılmalıdır.

 

Proqrama uyğun olaraq, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiya ilə mübarizənin gücləndirilməsi potensialının artırılması və bu sahədə institusional islahatların həyata keçirilməsi, əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkil edilməsi, hakimlərin və hakimliyə namizədlərin, hüquq-mühafizə orqanları əməkdaşlarının və vəkillərin tədrisində insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzuların geniş istifadə olunması, məhkəmə qərarlarının vaxtında və dəqiq icra edilməsi üçün icra işinin səmərəliliyinin yüksəldilməsi, habelə vəkillik institutunun gücləndirilməsi üzrə tədbirlərin davam etdirilməsi məsələləri mühüm istiqamətlər sırasındadır.

 

Milli Fəaliyyət Planında insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirilərək əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə ixtisaslaşmış beynəlxalq elmi-tədqiqat və tədris müəssisələri ilə əməkdaşlığın təkmilləşdirilməsi, bu sahədə beynəlxalq sənədlərin, xüsusilə də İnsan Hüquqlarına dair Avropa Konvensiyasının, İşgəncələr əleyhinə Konvensiyanın dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öyrənilməsinin təmin edilməsi nəzərdə tutulub. Bunlarla yanaşı, proqramda BMT-nin müxtəlif təsisatları, o cümlədən insan hüquqları sahəsində ixtisaslaşan qurumları, Qaçqınlar üzrə Ali Komissarlıq, UNESCO, UNİCEF, habelə Avropa Şurası, Avropa İttifaqı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlarla birgə layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulanır.

 

Onu da qeyd edək ki, nüfuzlu beynəlxalq təşkilatlar qarşısında  götürdüyü öhdəlikləri tam yerinə yetirən Azərbaycanda insan hüquq və azadlıqlarının təmini, demokratik hüquqi dövlət quruculuğu ölkəmizin prioritet seçimlərindən biridir. ATƏT-in Bakı ofisinin rəhbəri də Azərbaycanda insan hüquqlarının müdafiəsi yönündə görülmüş işləri müsbət qiymətləndirmiş, bu sahədə Avropa Şurasının tövsiyə və məsləhətlərinə əməl olunduğunu xüsusi vurğulamışdır.

 

Prezident İlham Əliyevin 10 ildə 35 min 160 nəfərdən çox məhkumu azadlığa buraxması, bu müddət ərzində  çoxlu sayda amnistiya aktlarının və əfv sərəncamlarının imzalanması  ölkəmizdə humanizm prinsiplərinə sadiqliyin bariz nümunəsidir. Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirilməsi  dünyanın insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatları tərəfindən də yüksək dəyərləndirilir və dövlətimizin başçısı  İlham Əliyevin insanpərvər dövlət başçısı olduğu bildirilir.

 

Amnistiya qərarlarının qəbulu ilə bağlı ölkədə formalaşmış müsbət ənənənin Heydər Əliyev Fondu tərəfindən də davam etdirilməsi Azərbaycanda humanist dəyərlərin ictimai şüurda möhkəmlənməsinə xidmət edir. Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın son 3 ildə iki dəfə amnistiya təşəbbüsü ilə çıxış etməsi bunun əyani təcəssümüdür.

 

Respublikamızın rəhbəri İlham Əliyev  ümumbəşəri dəyərlərə, demokratik ənənələrə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının reallığı, təminatı və müdafiəsi prinsiplərinə sadiq qalaraq, vətəndaş cəmiyyəti, demokratik, hüquqi, dünyəvi dövlət və buna uyğun insan hüquqları sisteminin yaradılmasını daxili siyasətin prioriteti  kimi bəyan edib. Məhz buna görə də insan hüquqlarına hörmət ölkəmizi demokratik, hüquqi dövlət kimi xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri hesab olunur. Çünki hüquqi dövlət quruculuğunun ən vacib şərti ölkədə insan hüquqlarının və azadlıqlarının təmin edilməsindən ibarətdir. Biz bunu gündəlik həyatımızda görürük.

 

 

 

Əliqismət BƏDƏLOV,

 

Xalq qəzeti.-2014.-28 avqust.-S.4.