Prezident İlham ƏLİYEV:

Mən şadam ki, bizim gənclərimiz vətənpərvərdirlər

və milli ruhda böyüyürlər, tərbiyə alırlar

 

İyirmi üç ildir ki, Azərbaycan Respublikası azadlıq, suverenlik, müstəqillik yolu ilə inamla irəliləyir. Hərçənd bu yolun başlanğıcı son dərəcə təlatümlü, qatma-qarışıq olmuşdur. Lakin tarixin sınaqlarından həmişə ləyaqətlə çıxan müdrik xalqımız, ən çətin məqamlarda belə öz mənliyini qoruyub saxlaya bilmiş, vəziyyətdən çıxış yolunu düzgün müəyyənləşdirmişdir.

 

1993-cü ilin iyun ayında ölkədə vətəndaş müharibəsi təzəcə başlayanda xalq elliklə ayağa qalxaraq Heydər Əliyevi Azərbaycanın xilaskarı kimi təkidlə hakimiyyətə dəvət etdi. Ona görə ki, bu xalq hələ sovetlər dönəmində tarixi şəxsiyyət kimi tanınan dövlət xadiminin bacarığına, insanlarla dil tapmaq qabiliyyətinə, mürəkkəb məsələləri həll etmək məharətinə yaxşı bələd idi.

Azərbaycana rəhbərlik etdiyi müxtəlif illərdə ümummilli liderimiz Heydər Əliyev böyüməkdə olan gənc nəslə hər cür qayğını ön planda saxlamışdır. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə respublikanın dayağı, gələcəyi adlandıran ulu öndər ölkədə gənclər siyasətini dövlətin ən ümdə vəzifəsi hesab etmişdir. Hazırda Azərbaycana rəhbərlik edən möhtərəm Prezidentimiz cənab İlham Əliyev də fəaliyyəti dövründə gənclərlə məsələlərinə həmişə önəm vermiş, onların problemlərinin vaxtında həll edilməsini vacib saymışdır. Buna görə də Azərbaycan gəncləri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara nail olurlar.  

Son vaxtlar ölkəmizin müxtəlif bölgələrində gənclər mərkəzlərinin yaradılması çox sevindirici haldır. Çünki ölkədə aparılan gənclər siyasəti ardıcıldır, dəqiqdir, olduqca səmərəlidir və gözəl nəticələr verir. Ölkə başçısının konkret tapşırığı var: hər bir şəhərdə müasir Gənclər Mərkəzi tikilsin. Burada gənclər həm istirahət etsinlər, həm öz biliklərini artırsınlar və bir-biri ilə ünsiyyətdə olsunlar.

Məlumdur ki, Azərbaycanda əvvəlki illərdə Olimpiya idman komplekslərinin tikintisi ilə ciddi məşğul olunurdu. Bu proses indidavam edir. Qərara alınıb ki, şəhər və rayonların hamısında Olimpiya idman kompleksləri tikilib istifadəyə verilsin. Artıq bunların 40-dan çoxu fəaliyyət göstərir. Vəzifə aydındır,  gənclərimiz fiziki cəhətdən sağlam, eyni zamanda, bilikli, savadlı olmalıdırlar. İndi iftixarla deyə bilərik ki, yerlərdə Olimpiya komplekslərinin yaradılması nəticəsində bu gün Azərbaycanda peşəkar idman sürətlə inkişaf edir, gənclər, yeniyetmələr idmana böyük maraq göstərirlər və yüksək nəticələr əldə edirlər. Azərbaycan hazırda dünya miqyasında idman ölkəsi kimi tanınır. Son Olimpiya Oyunlarında böyük qələbə — 10 medal qazanılmışdır və komanda hesabında Azərbaycan dünyada 30-cu yeri tutmuşdur.

Qeyd etmək lazımdır ki, bu ilin avqust ayında Çin Xalq Respublikasında keçirilmiş yeniyetmələrin Olimpiya Oyunları da ölkəmiz üçün uğurlu olmuş, gənc idmançılarımız böyük qələbələr əldə etmişlər. Bu Olimpiya Oyunlarında 200-dən çox ölkə təmsil olunurdu. Azərbaycan komanda hesabında 10-cu yeri tutmaqla, Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri arasında isə 1-ci yerə çıxmışdır. On iki medal qazanılmışdır, onlardan 5-i qızıl medaldır. Cari ilin ortalarında Ümumdünya Şahmat Olimpiadası da keçirilib. Orada da Azərbaycan idmançıları ən yüksək yerlərə qalxıblar. Fəxrlə qeyd edə bilərik ki, həm Ümumdünya Şahmat Olimpiadasında, həm yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycan mənfur qonşularımız Ermənistandan qat-qat yüksək pillədə durmuşdur. Bu, bir daha onu göstərir ki, ölkəmizin gəncləri nə qədər istedadlıdır, güclüdür və Vətənə bağlıdırlar.

Azərbaycanla Ermənistanın iqtisadiyyatları müqayisəedilməzdir. Bizim iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından, təxminən, 20 dəfə böyükdür. İdmanda həm Londonda keçirilmiş son Olimpiya Oyunlarında, həm yeniyetmələrin Çindəki Olimpiya Oyunlarında, həm də intellektual oyunlarda - hər yerdə biz üstünlüyü əldə etmişik. O cümlədən, döyüş meydanında da Azərbaycan üstündür və təmas xəttində öz iradəsini dəfələrlə göstərmişdir.

Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, avqust ayının əvvəlində Ermənistan təmas xəttində təxribat törətmək istəmişdi. Ancaq Azərbaycan Ordusu düşmənə layiqli cavab vermişdir. Onlarca işğalçı məhv edilmişdir və ermənilərin təxribatı baş tutmamışdır. Həmin təxribatın səbəbləri də aydındır. Məlum olduğu kimi, hər iki ölkə rəhbərinin Soçi görüşü ərəfəsində Ermənistan çalışırdı ki, özü üçün daha münasib mövqe əldə etsin və Azərbaycanı qane etməyən hansısa məsələyə razı sala bilsin. Ancaq bu, baş tutmadı və əksinə, Azərbaycanın mövqeyi Soçidə daha güclü səsləndi, qəhrəman Azərbaycan əsgərləri və zabitlərinin cəsarəti nəticəsində düşmənə sarsıdıcı zərbə vurulmuşdu. Elə bu günlərdə baş verən hadisəni götürək. Təmas xəttində təxribat törədən Ermənistana məxsus helikopterin sərrast atəşlə məhv edilməsi bir daha göstərdi ki, ermənilər döyüş meydanında da Azərbaycandan zəifdir, məğlubiyyətə məhkumdurlar.

Neçə illərdir Ermənistanda təlaş, təşviş hökm sürür, ən yüksək səviyyədə etiraf olunur ki, ölkədən kütləvi şəkildə köç başlamışdır. Təmas xəttindəki son hadisələr isə bu prosesi daha da sürətləndirmişdir. On minlərlə erməni vətəndaşı ölkəni həmişəlik tərk edir. Doğrudur, Ermənistan rəhbərliyi bunu izah etmək üçün müxtəlif bəhanələrə əl atır. Bu yaxınlarda hətta etiraf edilmişdir ki, bunun əsas səbəbi Qarabağ münaqişəsidir. Yəni, artıq Ermənistan rəhbərliyi etiraf edir ki, demoqrafik böhranın başlıca səbəbi qorxu hissidir, sabaha inamın olmamasıdır. Getdikcə güclənən Azərbaycan, onun qüdrətli ordusu, qəhrəman əsgəri ermənilər üçün daim qorxu mənbəyidir. Bu qorxudan qurtarmağın yalnız bir yolu var:  Ermənistan beynəlxalq hüquq normalarına əməl etməli və işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını qeyd-şərtsiz çıxarmalıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də bunu tələb edir. Beynəlxalq hüquq normaları Azərbaycanın  mövqeyini dəstəkləyir. İftixarla demək olar ki, bu gün Azərbaycanın beynəlxalq nüfuzu yüksək səviyyədədir.

Ordumuzun peşəkarlığı durmadan artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir: Azərbaycan cəmiyyəti bir amal uğrunda birləşibdir: bu, ölkənin ildən-ilə inkişafı, müasir dövlət quruculuğu prosesiişğal edilmiş ərazilərimizin qaytarılması məsələləridir. Həmin məsələlərin həllində gənclərin xüsusi rolu vardır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin avqust ayında Beyləqan rayonunda Gənclər Mərkəzinin təntənəli açılış mərasimində nitq söyləyərkən fəxrlə demişdir: “Mən şadam ki, bizim gənclərimiz vətənpərvərdirlər və milli ruhda böyüyürlər, tərbiyə alırlar. Bu, çox önəmlidir, gənclərlə çoxsaylı görüşlərim əsnasında mən bu məsələlərə xüsusi diqqət yetirirəm. Bizim gənclərimiz bilikli, savadlı olmalıdırlar. Çünki müasir dünyada bilik, savad, demək olar ki, hər şeyi həll edir”.

İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, qazanılmış uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsilin səviyyəsi dayanır. Gələcəkdə də bu amillər daha böyük rol oynayacaq. Çünki bu gün istər iqtisadi sahədə, şübhəsiz, sənaye istehsalının inkişafında, hər bir sahədə müasir texnologiyalar hər şeyi həll edir. Ona görə gənclərimiz yaxşı oxumalıdır, hərtərəfli dərin bilik sahibi olmalıdır, öz işinin peşəkarı sayılmalıdırlar. Azərbaycanda indi bütün imkanlar var. İqtisadiyyat inkişaf edir, yeni yerləri, sənaye müəssisələri, xidmət sahələri açılır, peşəkar kadrlara tələbat gündən-günə artır. Əgər biliyin, savadın varsa, sən gələcəkdə özün üçün layiqli yer tapa bilərsən, yaxşı işlə təmin olunarsan, yüksək maaş alarsan, həm özünə, həm ölkəyə daha çox fayda verərsən.

Gənclər fiziki cəhətdən sağlam olmalıdırlar. Bu işdə həm idmanın inkişafının, həm Olimpiya komplekslərinin tikintisinin mühüm rolu var. Əlbəttə, hər bir insan gənc yaşlarından öz sağlamlığına fikir verməlidir. İndi ölkəmizin bütün yerlərində müasir diaqnostika mərkəzləri, xəstəxanalar fəaliyyət göstərir. Hər bir insan gərək ildə bir dəfə tibbi müayinədən keçsin. Bu il ölkə rəhbərinin tapşırığına əsasən Azərbaycanda ilk dəfə olaraq yüz minlərlə insan pulsuz həkim müayinəsindən keçmişdir. Aparılan müayinələr nəticəsində müxtəlif xəstəliklər aşkarlanmış və onların müalicəsi təmin edilmişdir. Unutmaq olmaz ki, fiziki sağlamlıq, bilik, savad, həm də mənəvi sağlamlığın əsasını təşkil edir.

Xalqımızın gözəl ənənələri, milli dəyərləri mövcuddur. Yaşlı nəsil onları qoruyub saxlayırsa, gənclər bunu yaşatmalıdırlar. Milli-mənəvi dəyərlər ata-babalardan qalan böyük bir mirasdır, mədəni irsdir, xalqımızın zənginliyidir. Azərbaycanın musiqisi, xalçaçılıq sənəti, incəsənəti, ədəbiyyat, ana dili - bütün bunlar xalqımızın ən qədim sərvətləridir. Biz bu sərvətləri bütün dövrlərdə - çar Rusiyası, Sovet İttifaqı zamanı qoruyub saxlamışıq, inkişaf etdirmişik. Gənclərin də vəzifəsi onları gələcək nəsillərə layiqincə çatdırmaqdır. Bütün sərvətlərinin qədir-qiymətini bilən bir xalq kimi biz bu gün inkişaf edirik, özümüzü dünyaya tanıtmışıq. Müstəqillik dövründə milli-mənəvi dəyərlər, adət-ənənələr daha sanballı şəkildə qorunmalıdır. Dövlət siyasəti var, Prezident İlham Əliyev bu məsələlərə xüsusi diqqət yetirib, bütün dövlət qurumları, eyni zamanda, ictimai təşkilatlar bu işlərlə məşğul olurlar. Burada yalnız ardıcıllıq təmin edilməlidir. Bu məsuliyyət də gənclərin öhdəsinə düşür. Ona görə gənclər milli ruhda tərbiyə almalıdırlar, məktəblərdə, ailələrdə bu yüksək səviyyədə təşkil edilməlidir.

Gənclər Vətənə bağlı olmalıdırlar. Bu gün Azərbaycan o qədər sürətlə inkişaf edir ki, Vətəni sevən hər bir insan qürur hissi ilə deyir: “Fəxr edirəm ki, mən Azərbaycan vətəndaşıyam!” Ümumiyyətlə, hər bir insan öz Vətənini sevməlidir. Vətənpərvərlik, bilik, savad, fiziki hazırlıq, öz keçmişinə bağlılıq, milli ruhda tərbiyə gənclərimiz üçün əsas amillər olmalıdır. Ölkəmizdə gənclər dövlət siyasəti bu istiqamətdə aparılır. Azərbaycanda azad cəmiyyət formalaşıbdır, bütün demokratik təsisatlar varonlar uğurla fəaliyyət göstərirlər. Bütün azadlıqlar - söz, vicdan, mətbuat, internet azadlığı var, heç bir senzura yoxdur. İndi bir milyondan artıq Azərbaycan vətəndaşı internetdə fikirlərini paylaşır və yaxud hansısa məlumat əldə edir. Heç də hər ölkədə belə deyil, senzuralar, məhdudiyyətlər vardır. Bizdə isə bu, sərbəstdir, azaddır. Çünki Azərbaycan cəmiyyəti azad cəmiyyətdir və bu, bizim böyük nailiyyətimizdir.

Ermənistandan fərqli olaraq Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir. Hər il orta hesabla 170-180 min körpə dünyaya gəlir. Əhalinin artımı xalqımız üçün böyük güc mənbəyidir. Demoqrafik vəziyyətin ildən-ilə yaxşılaşması hökuməti də düşündürür. Çünki yerlərinin, yeni müəssisələrin açılması gərək elə sürətlə getsin ki, işsizlik həmişə aşağı səviyyədə olsun. Hazırda ölkəmizdə işsizlik beş faiz səviyyəsindədir, bəzi bölgələrdə bu rəqəm bir qədər yüksəkdir. Hökumət bunu bilir, bu məsələlər üzərində işləyir. Yəni, bütün sahələr üzrə islahatlar aparılır və ölkəmizin uğurlu inkişafı təmin edilir.

 

Telman ƏLİYEV,

Xalq qəzeti”

 

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə təqdim olunur.

 

Xalq qəzeti.- 2014.- 2 dekabr.- S.3.