“Yaxşı cərrah olmaq

Tanrının verdiyi istedaddır...”

 

İnsan yaranandan bəri gözəllik daim onun ruhunun qidası olub. Sanki, Tanrı  öz şah əsərini gözəllik aşiqi olaraq kodlaşdırıb.  Bəli, insan gözəl olan hər şeyi sevir. Yaradanını təqlid  edərək özü də gözəlliklər yaradır. Kimi bunu rənglərin köməyi ilə edir, kimi səslərin, kimi də  sözlərin və s. İnsanın gözəllik yaratmaq vasitələri onun hissləri qədər saysız-hesabsızdır. Zənnimcə, bunlardan ən çətini və ən iddialısı cərrah bıçağının  köməyi ilə yaradılan gözəllikdir. Ona görə ki, cərrah Tanrının şah əsəri üzərində işləyir. Yəqin ki, söhbətin plastik və rekonstruktiv cərrahiyyədən getdiyini anladınız.

Bəzən tibbin bu sahəsinə münasibət birmənalı olmur. Bəziləri  bunu gərəksiz  iş hesab edir, hətta günah olduğunu deyirlər. Onlar unudurlar ki, hər an dünyada minlərlə insan qəzaların, xəstəliklərin  qurbanı olur, xarici görkəmləri deformasiyaya uğrayıb eybəcərləşir. Belə insanların həyatı kökündən dəyişir. Onlar özlərini bədbəxt, gərəksiz hiss edir, çox zaman intihara belə əl atırlar. Belə insanlara yalnız plastik və rekonstruktiv cərrahiyyə, bu sahədə ixtisaslaşmış istedadlı cərrah kömək edə bilər.

Hazırda  tibbin bu sahəsi bütün dünyada sürətlə inkişaf edir, yeni üsullar tapılır, nailiyyətlər əldə edilir. Bəs bu sahə  ölkəmizdə necə inkişaf edib, hansı səviyyədədir? Bu və digər  suallarla  Azərbaycan Plastik Cərrahiyyə Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Konfederasiyası, idarə heyətinin üzvü, bu sahənin ölkəmizdə ən məşhur mütəxəssisi olan istedadlı həkim Vaqif Qələndərə müraciət etdik:

 – Plastik və rekonstruktiv cərrahiyyə  dünyada son zamanlar həm dəbdə olan, həm də yüksək səviyyədə inkişaf edən sahədir.  Burda söhbət, əlbəttə ki, yalnız estetik əməliyyatlardan getmir. Bu, çox geniş sahədir və plastik, rekonstruktiv və mikrocərrahiyyədən ibarətdir. Bizim ölkəmizdə də tibbin bu sahəsinin çox yüksək səviyyədə inkişaf etdiyini deyə bilərik. Çünki bir elm sahəsinin inkişaf etməsinin meyarları o sahədə peşəkar mütəxəssislərin olması, onların gördüyü işlərin, apardığı əməliyyatların nüfuzlu beynəlxalq konfranslarda dəyərləndirilməsi, həmçinin ölkədə elmi konfransların keçirilməsidir. Bunları nəzərə alaraq deyə bilərik ki, plastik və rekonstruktiv cərrahiyyə sahəsi Azərbaycanda dünya standartlarına uyğun şəkildə inkişaf edib. Məsələn, Azərbaycan Plastik Cərrahiyyə Assosiasiyasının təşkilatçılığı ilə bu il may ayında ölkəmizdə III Beynəlxalq Plastik Cərrahiyyə Konfransı keçirildi.  Bu konfransa Türkiyə, Almaniya, Fransa, İngiltərə, Avstraliya, İran, Rusiya və digər ölkələrdən  tanınmış tibb alimləri, mütəxəssislər gəlmişdilər. Konfransın məqsədi Azərbaycanda plastik cərrahiyyənin inkişafı, ölkəmizdə aparılan əməliyyatlar,  dünyada aparılan əməliyyatların yeni üsullarının birlikdə təqdimatı və dəyərləndirilməsi idi. Tədbirin  yüksək səviyyədə keçməsi təşkilat komitəsinin sədri kimi məni çox sevindirdi.

Biz  Beynəlxalq  Plastik Cərrahiyyə Asssosiasiyasının  illik konfranslarında iştirak edirik. Son konfrans sentyabr ayında Braziliyada gerçəkləşdi. Tədbirin gedişatında son iki il ərzində müxtəlif ölkələrdə keçirilən konfransların elmi və sosial səviyyəsi, özəllikləri  haqda məlumat verildi, 6 ölkə müsbət yöndə  fərqləndirildi. Azərbaycanın bu altılığa düşməsi mənim üçün xoş sürpriz oldu. Beynəlxalq  Plastik Estetik Cərrahiyyə Cəmiyyətinin rəsmi orqanı olan “ISAPS NEWS”   jurnalında  bizim haqqımızda, Azərbaycan Tibb Universiteti haqda çox gözəl məqalə dərc olundu.  Onu da qeyd edim ki, estetik cərrahiyyənin, demək olar, vətəni sayılan Braziliyanın bir çox klinikalarında  mənim metodlarımla  əməliyyatlar  aparılır. Bütün bunlar onu göstərir ki, ölkəmizdə plastik və rekonstruktiv cərrahiyyə sahəsində çox yüksək səviyyədə addımlar atılmış və dünya standartlarına uyğun inkişaf var.

– Amma uğurlarla yanaşı neqativ hallar da yox deyil. Məsələn,  son vaxtlar  bu sahədə dırnaqarası mütəxəssislər də yağışdan sonra çıxan göbələklər kimi durmadan artır. Oxucularımız üçün maraqlı olar, pasiyent bu sahə üzrə həkim seçərkən nəyə diqqət etməlidir?

– Belə hallara dünyanın hər yerində rast gəlmək olur. Təbii ki, bizdə də var. Plastik və rekonstruktiv cərrahiyyə ayrıca bir ixtisas sahəsidir. Dünya standartlarına görə bu ixtisas üzrə təhsilin müddəti 5 ildir. Yəni ümumi tibbi təhsil aldıqdan sonra daha 5 il bu sahə üzrə təhsil almaq lazımdır. Bizim ölkəmizdə artıq 3 ildir ki bu sahədə rezidentlər hazırlanır. Onların kuratoru mənəm. Azərbaycanda son zamanlar plastik cərrahiyyə sahəsində çox yaxşı kadrlar  yetişir. Amma bəzi qeyri-peşəkarlar da var ki,  2-3 ay hansısa kursa gedirlər və bununla da özlərini plastik cərrah adlandırıb əməliyyatlar edirlər. Onlara mütəxəssis demək olmaz. Plastik cərrahiyyə çox çətin sahədir. Burda rekonstruktiv cərrahiyyə var, mikrocərrahiyyə var. Bunları bilmədən estetik cərrahiyyə əməliyyatlarını uğurla aparmaq olmaz. Bu problemlər daha çox xaricdən gəlib ölkəmizdə əməliyyatlar edən həkimlərlə bağlıdır. İnsanlarımız bilməlidirlər ki, yaxşı mütəxəssisin hər zaman kifayət qədər pasiyenti olur və onun hansısa xarici ölkəyə getməyə nə zamanı, nə də ehtiyacı olur.

– Başqa ölkələrdən müraciət edən xəstələr necə, varmı?

– Əlbəttə ki, müraciət edənlər çoxdur. Bunların əksəriyyəti xaricdə yaşayan həmvətənlərimizdir.

–Vaqif Qələndər “imzasını” başqalarından fərqləndirən cəhətlər hansılardır?

Bu suala mən deyil, pasiyentlərim cavab versə daha yaxşı olardı. Amma yenə də cavab verməyə çalışacağam. Bizim bir müəllimimiz var idi, deyərdi ki, yaxşı  cərrah olmaq üçün  əsas 3 şərt var. İlk növbədə çox dərin tibbi biliyin olmalıdır. İkinci, xəstəylə ünsiyyətə girməyi bacarmalısan, xəstə həkimə etibar etməlidir. Üçüncü isə  Allah səni o sahə üçün yaratmalıdır. Yəni anadangəlmə istedadın olmalıdır.

Mən  artıq uzun  illərdir ki, respublikamızda əməliyyatlar aparıram. İnsanlar məni tanıyır, dəyərləndirirlər. Xalqın gözü isə, necə deyərlər, tərəzidir.

–Onu da deyırlər ki, estetik cərrah bir az da psixoloq olmalıdır...

Doğru fikirdir. Ümumiyyətlə, hər hansı bir həkimin müalicədəki ilk uğuru xəstə ilə ünsiyyətə girə bilməkdən ibarətdir. Xəstənin psixoloji durumunu anlamadan dərdinə dərman tapmaq çətindir. Bizim sahədə isə bu, xüsusilə önəmlidir. Çünki insanın xarici görkəmində yaranan qüsurlar çox vaxt psixoloji narahatlıqlara səbəb olur. Biz o qədər belə xəstələrlə ünsiyyətdə oluruq ki, artıq onların xarakterini, psixoloji vəziyyətini anlaya bilirik və onlara xüsusi həssaslıqla yanaşırıq. Bəzən elə hallar da olur ki, psixoloji baxımdan zəif olan,  depressiyada olan pasiyent heç bir ehtiyac duyulmadan xarici görkəmində dəyişiklik etdirmək istəyir.  Əlbəttə, bizə müraciət edən insanların hamısını əməliyyat etmirik. Bəzən mütəxəssis gözü ilə pasiyentin əməliyyata ehtiyacı olmadığını görüb onu çəkindirməyə çalışırıq. Hətta bəzi hallarda onu psixoterapevtə yönəldirik.

– Əməliyyatın uğurlu alınması, pasiyentin arzuladığı görkəmə qovuşması həkimin peşəkarlığından başqa, daha hansı amillərdən asılıdır? Həkim nəticə üçün əvvəlcədən təminat verə bilərmi?

- Ümumiyyətlə, həyatda heç nəyə 100 faiz təminat vermək mümkün deyil. Eləcə də təbabətdə.  Əlbəttə, müəyyən şeyləri əvvəlcədən görmək mümkündür. Amma tam təminat vermək olmaz. Çünki burada orqanizmin fərdi xüsusiyyətləri də böyük rol oynayır. İnsanlar xarici görkəmcə, xaraktercə müxtəlif olduğu kimi, orqanizmlərin də xüsusiyyəti   fərqlidir.  Elə orqanizm var ki, toxuması çapığa meyillidir, regenrasiya prosesi ləng gedir, gec sağalır. Təbii ki, bütün bunları maksimum müəyyən etmək üçün əməliyyatdan qabaq müxtəlif müayinələr, təhlillər aparılır.

– Siz həm də xeyriyyəçi həkim kimi tanınırsınız...

– Xeyriyyəçilik, yaxşılıq eləmək hər birimizin insanlıq borcumuzdur. Biz həkimlər isə bu borcu ikiqat daşıyırıq. Çünki insanlar həyatını və sağlamlığını bizə etibar edirlər. Bəzən elə pasiyentlər olur ki, maddi vəziyyəti yaxşı olmur. Onlara klinikamızda çox böyük güzəştlər edilir. Bəzən də elə ağır durumda xəstələr gəlir ki, təmənnasız əməliyyat eləyirik. Bir uşaq gətirmişdilər rayondan. Anadangəlmə ağız qüsuru ilə doğulmuşdu. Qidalana bilmirdi. Valideynləri çox çarəsiz durumdaydı. Onu təmənnasız əməliyyat elədik. Kaş ki, valideynin sevincini görə biləydiniz. Bu sevincin verdiyi xoş enerjini heç bir madiyyatdan almaq mümkün deyil. Əlbəttə, maddi dəyəri olan estetik əməliyyatlar da var. Amma rekonstruktiv əməliyyatlar həyati əməliyyatlardır.

Heydər Əliyev Fondu tərəfindən bizə mütəmadi olaraq xəstələr göndərilir. Mən həm bir həkim, həm də vətəndaş kimi onları təmənnasız əməliyyat eləyirəm.

– Kimisə, sanki, yenidən yaradanda hansı hissləri  keçirirsiniz?

– O hissləri sözlə  ifadə etmək mümkün deyil. Sanki, kiməsə yenidən həyat verirsən . Bu hissləri necə sözə sığdırmaq olar ki...

– Ən çətin əməliyyatınızı xatırlayırsınızmı?

–Əməliyyatların hamısının çətinlik dərəcəsi var. Hamısının məsuliyyəti var. Ən çətin və ən qürurlandığım əmliyyatım isə Türkiyə vətəndaşı üzərində apardığım ilk qol replantasiyası idi. Xəstəxanalar qəza nəticəsində qolu bədənindən ayrılmış  bu xəstəni  qəbul etməmişdi. Mənim üçün çox önəmli əməliyyat oldu bu. O zaman Türkiyədə aparıcı qəzetlər manşet xəbəri etmişdilər bu hadisəni.

– Heç riskə getdiyiniz olubmu?

İnsan həyatıyla risk eləmək olmaz.

– Bəs peşə marağı?

– Əgər həyati təhlükə yaranmırsa və vəziyyətdən alternativ çıxış yolu yoxdursa, bunu etmək olar. Məsələn, Saatlı rayonundan bir uşaq gətirmişdilər klinikamıza. Valideynlərinin 21 illik övlad həsrətindən sonra doğulan körpənin ana bətnində ayağına göbək ciyəsi dolandığından limfastaz olmuşdu. Çox xəstəxanaları gəzmiş, tanınmış xarici mütəxəssislərə müraciət etmişdilər. Cavab isə bir idi-ayaq kəsilməlidir. Mən  əməliyyatla  şişi götürdüm. Ayaq  xilas olundu. Valideynlərinin sevinci yerə-göyə sığmırdı.

Bu yaxınlarda keçirilən Bakı elm festivalında çıxış edərkən bu əməliyyat barədə də danışdım. AMEA-nın prezidenti, akademik Akif Əlizadə  çox təəccübləndi. İnana bilmirdi ki, bu cür unikal əməliyyat bizim respublikamızda baş tutub.

O əməliyyat zamanı mən doğrudan da, riskə getmişdim. Ananın illərdən sonra tapdığı tək övladı, narkoz riski var, əməliyyat prosesi bir neçə mərhələdən ibarətdir. Çox çətin əməliyyat idi. Bilirsiniz, əgər içimdəki hiss mənə bacaracağımı deyirsə, riskə gedirəm. Görəndə ki, o da tərəddüd edir, getmirəm.

– Yetirmələriniz arasında özünüzə rəqib olaraq gördükləriniz varmı?

– Mənim yetişdirdiyim və hazırda müstəqil şəkildə fəaliyyət göstərən mütəxəssislər var. Hazırda rezidentlərim də var. Vaxtilə müəllimlərimin mənə dediyi söz var ki, mən də indi öz tələbələrimə deyirəm. Mən istəyirəm ki, yetişdirdiyim mütəxəssis ən azı mənim qədər, hətta məndən daha bacarıqlı olsun.  Çünki bu həm də mənim adımdır. Onlar mənə  övladlarım qədər  əzizdirlər. Mənim üçün rəqib yox,  qürur mənbəyidirlər. Hazırda ATU-nun plastik və rekonstruktiv cərrahiyyə üzrə  rezidentlərini mən hazırlayıram. Çox gözəl yetişirlər, çox razıyam onlardan. Onları əməkdaşlıq etdiyim  universitetlərə  də göndərirəm. Məsələn, biri bu yaxınlarda Almaniyaya getmişdi. Bir başqası İstanbul Universitetində təcrübədə oldu. Orada bir-iki il təhsillərini   artırıb dönürlər. İstəyirəm ki, mənim  keçdiyim yolları  onlar da keçsinlər.

  Son dövrlər plastik və rekonstruktiv cərrahiyyə sahəsində dünyada hansı mühüm yeniliklər baş verib?

– XXI əsr başqa sahələrdə olduğu kimi, tibbdə də inqilablara imza atır. Hazırda dünyada təbabət sahəsində çox önəmli yeniliklər  var. Bunlardan ən əhəmiyyətlisi  kök hüceyrələrinin orqanizmdə rolunun öyrənilməsi və onların xəstəliklərin, toxumaların deformasiyalarının aradan qaldırılmasında tətbiqi ilə bağlıdır. Mən hesab edirəm ki, bu əsrin ən önəmli inqilablarından biri kök hüceyrələri ilə bağlı olacaq.

-Maraqlı söhbət üçün təşəkkür edirik.

 

Müsahibəni hazırladı:

Aida AYSA

 

Xalq qəzeti.- 2014.- 3 dekabr.- S.9.