Milli dövlətçilik tariximizin

Heydər Əliyev zirvəsi

 

Bəşər tarixində elə nəhəng şəxsiyyətlər olub ki, onların adı dünya durduqca daim yaşayacaq və nəsillərə örnək olacaqdır. Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin də böyüklüyü və əzəməti, onun xalqı naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür.

 

 Xalqımız, nəhayət, müstəqil dövlətdə yaşadığına, demokratik  dəyərləri uca tutan vətəndaş cəmiyyətinə qovuşduğuna, xoşbəxt gələcəyinin sahibi olduğuna görə ümummilli liderimiz Heydər Əliyevə borcludur. Azərbaycan tarixinə dahi qurucu və böyük xilaskar kimi daxil olmuş, ölkə həyatının bütün sahələrində misilsiz nailiyyətlərin əsasını qoymuş ümummilli lider Heydər Əliyev xalqa təmənnasız xidmətin uca timsalına çevrilmişdir.

Azərbaycanın XX əsrdən XXI əsrə adlayan 34 illik tarixi Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, uzaqgörənliyini, onun dövlətçiliyimizin möhkəmləndirilməsi üçün göstərdiyi misilsiz xidmətləri bir daha nümayiş etdirir.

Tale elə gətirmişdir ki, ulu öndər birinci dəfə SSRİ-nin müttəfiq respublikasına, ikinci dəfə isə müstəqil Azərbaycana rəhbərlik etmişdir. Bu qüdrətli lider hər iki mərhələdə öz Vətənini hərtərəfli inkişaf yoluna çıxarmışdır. Ən mühümü isə budur ki, 1993-cü ildə o, milli xilaskar kimi dövlətçiliyimizin taleyinin həll olunduğu çətin bir vaxtda tarixi qayıdışı ilə müstəqil Azərbaycan dövlətini məhv olmaqdan qurtarmışdır.

Ulu öndər Heydər Əliyev, həqiqətən, nadir şəxsiyyət, Azərbaycan xalqının yetirdiyi ən böyük dahidir. Keçən əsrin 70-ci illərindən bəri Azərbaycanın əldə etdiyi uğurlar tamamilə ümummilli liderin fəaliyyəti ilə   bağlıdır.  Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yol, əslində, 1969-cu ildən – məhz onun hakimiyyətə gəlişindən sonra başlamışdır. Bu mənada azərbaycançılığın təməl səhifələri də elə həmin illərdən yazılmışdır. Heydər Əliyev o dövrdə mövcud olan ideologiyanın qəlibləri çərçivəsində Azərbaycanda milli ruhun sıxışdırılmasına yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan istifadə etməyi bacarmışdır.

Bu baxımdan ulu öndərin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir.

Müasir dövrün görkəmli siyasətçilərindən biri kimi Heydər Əliyev, şübhəsiz ki, zəmanəmizin tarixi simaları sırasında xüsusilə seçilirdi. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ulu öndərin bənzərsiz fəaliyyəti barədə demişdir: “Öz tənqidçilərindən və siyasi opponentlərindən fərqli olaraq, Heydər Əliyev ölkənin bir çox problemlərinin – siyasətin, iqtisadiyyatın və ictimai həyatın məğzini və mahiyyətini müəyyənləşdirən problemlərin həllinin açarını tapmışdır. Yalnız həmin problemlərin həllindən sonra Azərbaycan üçün gələcək inkişafın perspektivləri açılmış və bu perspektivlər bizdən ötrü nikbinlik və daha yaxşı gələcək üçün ümidlər mənbəyi olmuşdur. Onun şəxsiyyətinin və fəaliyyətinin mahiyyətinin dərk olunması on illərlə Azərbaycan ətrafında cərəyan etmiş hadisələrin təbiətinə, son dərəcə mürəkkəb ümummilli problemlərin həlli yollarına işıq salır. O, azərbaycanlıların necə güclü iradəyə və ruha malik olduqlarını, onun xalqının necə böyük enerji potensialına və intellektual potensiala sahib olduğunu öz timsalında bütün dünyaya nümayiş etdirmişdir”.

Yada salaq ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində ölkədə baş verən ictimai-siyasi proseslər çox mürəkkəb və təhlükəli xarakter daşıyırdı. Azərbaycanın bu təhlükələrdən qurtulmasına ən təcrübəli dövlət xadimləri də inana bilmirdilər. Artıq parçalanmaqda olan ölkəni yaxınlaşan fəlakətdən qurtarmaq çox çətin bir vəzifə idi. Lakin ulu öndər nəinki Azərbaycanın bütövlüyünü qoruyub saxladı, həm də ölkəni sabit inkişaf yoluna çıxardı. İnkişafımızın konsepsiyasını, strategiyasını işləyib hazırladı.

Bu yolda ən uğurlu addımlardan biri “Əsrin müqaviləsi” oldu. 1994-cü ildə imzalanmış bu müqavilə görkəmli siyasətçi kimi Heydər Əliyevin uzaqgörən neft strategiyasının məhsulu idi. “Əsrin müqaviləsi”ndən sonra dünya ölkələrinin Azərbaycan iqtisadiyyatına marağı artdı. Alternativ enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən “Əsrin müqaviləsi” Azərbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına da təkan vermişdir.Çox qısa zaman kəsiyində bir çox inkişaf etmiş dövlətlərin əsrlərlə keçdiyi inkişaf yolunu inamla qət edən respublikamızın inanılmaz iqtisadi və siyasi nailiyyətlərinin bazisinə çevrilən bu layihə, eyni zamanda, Azərbaycanın yüksək siyasi iradəsini, milli maraqlarını sonadək müdafiə etmək, təbii sərvətlərinə sahib çıxmaq əzminin təntənəsi kimi tarixə düşmüşdür.

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı  öz strateji seçimini və inkişaf yolunu – insan hüquq və azadlıqlarının ali dəyər hesab edildiyi demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçdi və bu məqsədə nail olunması üçün qısa müddətdə dövlət və cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar aparıldı.  Ulu öndərin banisi olduğu, onun bilavasitə iştirakı ilə ərsəyə gəlmiş və ümumxalq səsverməsi yolu ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş ilk milli konstitusiyamız, şübhəsiz ki, bütün bu islahatların istiqamətini müəyyənləşdirmişdir. Bu ali siyasi-hüquqi sənəd Azərbaycanın müstəqillik yolunda daha inamla addımlamasının, ərazi bütövlüyümüzün, təbii sərvətlərimizin, dinimiz və ana dilimizin, mədəniyyətimizin və digər dəyərlərimizin toxunulmazlığının, insan və vətəndaş azadlığının, firavanlığın çağdaş təminatçısı olmuşdur.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində iqtisadiyyatımızın sürətli inkişafı ilə yanaşı, böyük intellektual, kadr, iqtisadi və enerji potensialının yaradılmasına da nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə də  Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanılması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə ulu öndərə minnətdardır.

Xarizma, yüksək nüfuz, təşkilatçılıq bacarığı, müdriklik, yüksək intellektuallıq, milli-mənəvi dəyərlərin daim uca tutulması, novatorluq, qətiyyətlilik, prinsipiallıq və bu qəbildən olan digər keyfiyyətlər həm də ümummilli liderin ölkəmizin inkişafında oynadığı rolu müəyyən edən əsas dəyərlərdir. Fəaliyyəti ilə tarix yaradan bu dahi şəxsiyyət beynəlxalq siyasətdə də heyranlıqla qarşılanmış, daim böyük hörmət və ehtiramla anılmışdır. Bu mənada Azərbaycan xalqı  özünü xoşbəxt saya bilər ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrdə 34 illik müddətdə Heydər Əliyev kimi xarizmatik lider ölkəmizə rəhbərlik etmişdir.

Məhz  bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycan sürətli,  dönməz inkişaf yoluna qədəm qoymuşdur. Müstəqil Azərbaycanın qurucusu və banisi, dövlətçiliyimizin qarantı olmuş bu əzəmətli şəxsiyyətin ölkəmiz və xalqımız üçün etdikləri əsrlər keçsə də tarixi dəyərini itirməyəcəkdir. Heydər Əliyev siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, eyni zamanda, bəşəriyyətin zəngin xəzinəsinə çevrilmişdir.

Heydər Əliyevin böyüklüyünü, Azərbaycan üçün gördüyü işləri dünyanın tanınmış şəxsləri yüksək qiymətləndirirlər. Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl onun mənalı fəaliyyətini belə qiymətləndirmişdir: “Heydər Əliyev Azərbaycanı israrla demokratik yollarla müstəqil olaraq məqsədinə çatdırmaq üçün canını sipər edib qeyrət göstərən oğuldur”. Türkiyənin hazırki Prezidenti Rəcəb Tayyib Ərdoğan isə demişdir: “Heydər Əliyev Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi”.

Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer də Heydər Əliyevdən danışarkən qeyd etmişdir: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”. ABŞ, Rusiya, Gürcüstan və digər ölkələrin də dövlət başçıları Heydər Əliyevi dahi şəxsiyyət və siyasətçi, böyük dövlət xadimi kimi qiymətləndirmişlər.

Ümummilli lider Heydər Əliyev deyirdi: “Doğma, canım, varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram”. Bu gün əminliklə demək olar ki, Azərbaycanın siyasi suverenliyinin, iqtisadi müstəqilliyinin əsası məhz 70-80-ci illərdə qoyulmuş möhkəm təmələ, güclü intellektual və iqtisadi potensiala söykənir. Bu potensial müstəqillik illərində də möhkəmlənmiş, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına güclü təkan vermişdir.

 Prezident İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında deyilir: “Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır”.

Gündən-günə inkişaf edən ölkəmizin çiçəklənməsi göz qabağındadır. Əsası odur ki, Heydər Əliyevin dövlətçilik ənənələri yaşayır və inkişaf edir. Xoşbəxtik ki, ulu öndərimiz Heydər Əliyevin müdrik siyasəti bu gün onun ən layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasirləşən dünyanın tələblərinə uyğun olaraq yeni keyfiyyətdə uğurla davam və inkişaf etdirilir. Ölkəmiz günbəgün müasirləşir, inkişaf dinamikası sürətlənir. Siyasi və iqtisadi islahatları uğurla reallaşdıran Azərbaycan son on bir ildə regionun aparıcı dövlətlərindən  olmaqla, transmilli layihələrin fəal iştirakçısıdır.

 Müstəqil Azərbaycan dövlətinin sürətli inkişafında, dünyaya inteqrasiyasında nəqliyyat sektorunun əhəmiyyəti danılmazdır. Azərbaycan nəqliyyatında həm sərnişin, həm də yükdaşıma sahələrində əsas yerlərdən birini də dəmir yolu tutur. Ölkəmizin müstəqilliyinin ilk illərində digər sahələrlə yanaşı, dəmir yolu nəqliyyatı da böyük maddi çətinliklərlə üzləşmişdi. 1993-cü ilə qədər respublikamıza rəhbərlik edən o zamankı səriştəsiz iqtidarlar bu mühüm sahənin inkişafı üçün, əslində, heç bir iş görməmişdilər. Belə ki, bütün sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da ağır böhran yaşanırdı.

 Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra bütün sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da canlanma başladı. Həm tikilən yeni dəmir yolu stansiyaları, həm də alınmış yeni lokomotivlər, sərnişin və yük vaqonları bu sahənin dirçəlməsinə və inkişafına güclü təkan verdi. Az bir müddət ərzində nəqliyyat sektoru öncül yerlərdən birini tutdu. Uzaqgörən dövlət xadimi Heydər Əliyev yaxşı bilirdi ki, nəqliyyat sistemi iqtisadi inkişaf üçün olduqca vacibdir. Məhz bu səbəbdən də nəqliyyatın bütün sahələrinə qayğı göstərirdi.

Nəqliyyat sektoruna, onun əsas strukturlarından olan dəmir yoluna diqqət və qayğı, sahənin inkişafı üçün həyata keçirilən işlər hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daha intensiv şəkildə davam etdirilir. Azərbaycanın sürətli inkişafı bu sahənin müasir tələblər səviyyəsində təkmilləşdirilməsinə güclü təkan verib. Prezident İlham Əliyev nəqliyyat sistemi haqda danışarkən bildirmişdir: “Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir. Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin həyata keçirilməsində fəal rol oynayır. Hesab edirəm ki, gələcəkdə tranzit ölkə kimi bölgədəki və dünyadakı mövqelərimiz daha da möhkəmlənəcəkdir. Beləliklə, indi Azərbaycanda bütün sferaların, o cümlədən də nəqliyyatın inkişafı üçün münbit şərait var”.  

Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət artıq bir çox mühüm sahələr üzrə Azərbaycanı dünya birincisinə çevirib. Son illər iqtisadi artım dinamikasına, sürətli inkişaf səviyyəsinə görə Azərbaycan dünya dövlətlərinin reytinq cədvəlinə başçılıq edir, aparılan iqtisadi islahatlarda yenə də Azərbaycan ən islahatçı ölkə elan olunub. Qlobal maliyyə böhranı başlandıqdan sonra Azərbaycan iqtisadiyyatı yenə də dayanıqlığına və inkişaf səviyyəsinə görə fərqlənənlər sırasında idi. Elə bu da böhran şəraitində belə ölkə əhalisinin maddi rifah halının əvvəlki kimi yüksələn xətt üzrə inkişaf etməsinə səbəb olub.

Ölkəmizin nəqliyyat-yol kompleksinin müasir səviyyədə qurulması, bu sahədə islahatların aparılması, nəqliyyat qurumlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, ölkə iqtisadiyyatının və əhalinin daşımalara olan tələbatının ödənilməsi, nəqliyyat qanunvericiliyinin təkmilləşdirilməsi, texniki yeniləşmə və müasir texnologiyaların tətbiqi üzrə müəyyən edilmiş tədbirlər ötən illər ərzində ardıcıl olaraq davam etdirilmişdir.

Azərbaycanın Cənubi Qafqazda mühüm nəqliyyat qovşağı və dəhlizlərin keçdiyi məkan olduğunu nəzərə alsaq, regionda həyata keçirilən layihələr həm də mühüm beynəlxalq mahiyyət daşıyır. Avropa və Asiyanı birləşdirən dəmir yolu xəttinin çəkilməsi də regional əməkdaşlığı daha da sürətləndirir. Azərbaycan müstəqillik qazandıqdan sonra müxtəlif növ nəqliyyat şəbəkələrinin yaradılmasını təmin edən qlobal layihələr reallaşmağa başlamışdır.

Dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyul 2009-cu il tarixli “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" sərəncam imzalaması bu istiqamətdə yeni bir mərhələnin başlanğıcı idi. 15 fevral 2010-cu ildə Nazirlər Kabineti tərəfindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsi və strukturu təsdiq olundu və bu işlər sürətləndi. Bununla da gələcəkdə Azərbaycanın dəmir yolunda islahatların aparılması və restrukturizasiyası, habelə dəmir yolu nəqliyyatında mövcud infrastrukturun və dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsi istiqamətində yeni islahatlar prosesinə start verildi.

Görülən işlərin məntiqi davamı kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Proqramda Azərbaycan polad magitstralının sürətli inkişafını təmin edən bütün məqamlar nəzərə alınıb. Vaqon və lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə, rabitə və digər təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramının icrası üçün tədbirlər planında öz əksini tapıb. Dövlət Proqramının əsas məqsədi əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə artan tələbatının və dövlətin müdafiə ehtiyaclarının təmin olunması, Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini və onun ölkənin sosial-iqtisadi tərəqqisində daha fəal iştirakını təmin etməkdir.

“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” dəmir yolunda aparılan islahatların sürətlə başa çatdırılması üçün çox böyük imkanlar açır. Proqramda nəqliyyat sisteminin əsas sahələrindən olan dəmir yolunun bütün təsərrüfatlarının inkişaf etdirilməsi, modernləşdirilməsi nəzərə alınıb.  Bütün bu görüləcək işlər nəticəsində qatarların hərəkətnin təhlükəsizliyi təmin ediləcək və hərəkət sürətinin yüksəldilməsi təmin olunacaqdır. Azərbaycan bu gün Bakı-Tbilisi-Qars və Şimal-Cənub beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində fəal iştirak edir.

Ölkə iqtisadiyyatı üçün çox vacib sahələrdən birinə çevrilmiş nəqliyyat sektoru əsas infrastrukturlardan biri olaraq hazırda sürətlə inkişaf edir. Azərbaycan Respublikasının Nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi ilə bu sahədə böyük nailliyyətlər əldə olunur. Əvvəlki illərdə olduğu kimi, 2014-cü ilin 10 ayında da yol-nəqliyyat sektoruna investisiyaların yönəldilməsi, körpülərin və yol qovşaqlarının dövlət nəzarətində olduğunun təsdiqidir. 

Müstəqil Azərbaycan hazırda öz siyasi və iqtisadi qüdrətilə seçilən dövlətlər sırasındadır. Siyasət, iqtisadiyyat, nəqliyyat-yol infrastrukturu, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə də görülən işlər Azərbaycanın beynəlxalq arenada mövqelərinin daha da güclənməsinə gətirib çıxarıb. Bu siyasətə Azərbaycanda alternativ yoxdur.

 Heydər Əliyev Azərbaycanda elə bir dövlətçilik ənənəsinin əsasını qoymuşdur ki, bu prinsiplər əslərlə yaşayacaq və müstəqil dövlətimizi uğurlu gələcəyə doğru aparacaq. İndi ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar məhz ulu öndərin müəyyənləşdirdiyi düşünülmüş siyasi və iqtisadi kursun nəticəsidir. Müxtəlif sahələrdə müəyyənləşdirilmiş konsepsiyalar Azərbaycanın davamlı inkişafının sarsılmaz təminatıdır.

Heydər Əliyevin adı və şərəfli həyatı öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə xidmətin əsl nümunəsi kimi daim yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsillərinə əbədi örnək olacaqdır. Ulu öndər dəfələrlə bəyan etmişdir ki, bütün varlığı ilə Vətəninə, onun insanlarına bağlıdır: “Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrünün bundan sonrakı hissəsini harda olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”.

Bu gün ulu öndər Heydər Əliyev cismən aramızda olmasa da onun əziz xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayır, Azərbaycana təmənnasız xidmət nümunəsi kimi milyonları nəhəng quruculuq işlərinə səfərbər edir.

12 dekabr ulu öndərin xatirəsinin rəsmi anım günüdür. Amma türk dünyasının böyük oğlunun xatirəsini hər gün yad edirik, müstəqil Azərbaycan dövlətinin qurucusunun Vətən və xalq qarşısındakı xidmətlərinihər an anırıq. Biz hamımız bu gün böyük qürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti ulu öndərimizin şah əsəridir, onun öz xalqı qarşısında əvəzsiz tarixi xidmətidir.

Heydər Əlıyev məhz adı və əməlləri ilə də müstəqil dövlətimiz yaşadıqca, dünnya durduqca daim xatırlanacaq.

 

Məhərrəm MƏMMƏDOV,

iqtisadçı-ekspert, respublikanın fəxri dəmiryolçusu

 

Xalq qəzeti.- 2014.- 3 dekabr.- S.5.