“Əsrin müqaviləsi” çərçivəsində

neft hasilatı ixracı davam edir

 

Azərbaycanın neft strategiyasının uğurla reallaşdırılması ölkənin dinamik sosial-iqtisadi  inkişafı üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan Respublikası özünün zəngin karbohidrogen ehtiyatları hesabına hazırda regionun ən sabitdinamik inkişaf edən ölkəsinə çevrilmişdir. Artıq uzun illərdir ki, özünün enerji təhlükəsizliyini tam təmin etməyə nail olan Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təminatında da mühüm rol oynayır.

 

Ötən illərdə  neftqaz ixracından əldə edilən gəlirlər hesabına Azərbaycanın iqtisadi imkanları xeyli artmış, ölkəmiz bir sıra regional layihələrin təşəbbüskarı və əsas iştirakçısına çevrilmişdir. Bununla yanaşı, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, xüsusən də qeyri-neft sektorunun inkişafı üçün əlverişli imkan yaranmışdır. İqtisadiyyatın şaxələndirilməsi isə öz növbəsində ölkənin neftdən asılılığının azalmasına və yeni yerlərinin yaradılmasına səbəb olur.

Bununla belə, Azərbaycanda neft-qaz sektoru hələ uzun illər iqtisadiyyatın aparıcı sahəsi olaraq qalacaqdır. Bu baxımdan ölkəmizin karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə işlənməsini nəzərdə tutan hasilatın pay tipli sazişlər xüsusi əhəmiyyət kəsb edir. Əvvəlki illərdə olduğu kimi, cari ilin ötən dövründə də “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi – “Əsrin müqaviləsi” çərçivəsində mühüm nailiyyətlər əldə olunmuşdur. bp-nin açıqladığı hesabata əsasən, 2014-cü ilin doqquz ayı ərzində “Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyat xərclərinə təqribən 720 milyon dollar, əsaslı xərclərinə isə 1 milyard 741 milyon dollar vəsait sərf olunmuşdur. Bütövlükdə isə il ərzində layihənin əməliyyat və əsaslı məsrəfləri üçün müvafiq olaraq 1 milyard 52 milyon dollar  2 milyard 68 milyon dollar vəsaitin xərclənməsi nəzərdə tutulmuşdur.

Məlum olduğu kimi, 2014-cü il sentyabrın 20-də “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin – “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümü tamam oldu. Yubiley ilində Azərbaycanın iqtisadi müstəqilliyinin təməl daşı sayılan bu nəhəng neft sazişi üçün daha bir əlamətdar hadisə baş verdi. Belə ki, bu il “Əsrin müqaviləsi” çərçivəsində yeni bir nailiyyətə imza atan konsorsium iştirakçıları “Çıraq” neft layihəsi üzrə ilk neftin əldə olunmasını qeyd etdilər. Xatırladaq ki, Azərbaycanın yeni neft strategiyası çərçivəsində əldə olunmuş zəngin təcrübəyə əsaslanan “Çıraq” neft layihəsinə başlamağa dair qərar 2010-cu ilin mart ayında verilmişdi. Ötən müddətdə layihə çərçivəsində nəzərdə tutulmuş tikinti-quraşdırma işləri uğurla yerinə yetirilmiş, Xəzər dənizində unikallığı ilə seçilən “Qərbi Çıraq” platforması quraşdırılmışdır. Bu il yanvar ayının 28-də öncə qazılmış quyuların birindən hasilata başlanması ilə platforma işə salınmışdır.

2014-cü ilin ötən dövründə müqavilə sahəsində hasilat sabit şəkildə davam etmiş,  altı platformadan birlikdə gündə orta hesabla 655 min 700 barrel  ya ümumilikdə 179 milyon barrel, yəni təqribən 24,2 milyon ton neft çıxarılmışdır. Cari ilin üçüncü rübünün sonunadək “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda 77 quyudan neft hasil olunmuş, 36 quyudan isə texniki (injektor quyuları) məqsədlər üçün istifadə edilmişdir. Ayrı-ayrı platformalar üzrə hasilata gəlincə isə, ilin ötən dövründə “Çıraq” da 11 hasilat quyusundan orta hesabla gündə 63 min 600 barrel neft çıxarılmışdır. Bundan əlavə, burada 5 suvurma quyusu istismarda olmuşdur.

İlin əvvəlindən “Azəri” yatağında da neft hasilatı uğurla davam etdirilmişdir. Hesabat dövründə “Mərkəzi Azəri” platformasında 17 hasilat quyusundan gün ərzində 169 min 600 barrel neft hasil olunmuş, 6 quyudan isə texniki məqsədlər üçün istifadə edilmişdir. “Qərbi Azəri” platformasında 19 hasilat və 6 suvurma quyusu istismarda olmuş, burada gündəlik neft istehsalı orta hesabla 159 min 600 barrel təşkil etmişdir.  “Şərqi Azəri” platformasında istismarda olan 15 quyunun 11-dən neft hasil olunmuş,  4 quyudan isə laylara su vurulmasında istifadə olunmuşdur. Oradan ilin birinci  rübündə sutka ərzində orta hesabla 77 min 300 barrel neft çıxarılmışdır.

Ötən dövrdə “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində istismarda olan 14 hasilat quyusundan gündəlik neft hasilatı 147 min 200 barrel təşkil etmiş, burada 14 quyudan laylara suvurma əməliyyatı həyata keçirilmişdir. “Qərbi Çıraq” platformasında isə ilin ötən dövrü ərzində istismara daxil edilmiş beş quyudan gündəlik orta hesabla 38 min  400 barrel neft çıxarılmışdır. İlin sonunadək digər öncəqazma quyularının istismara verilməsi ilə burada hasilat daha da artacaq.

“Azəri-Çıraq-Günəşli” layihəsinin  illik proqramının bir hissəsi olaraq “Mərkəzi Azəri” platformasında planlaşdırılmış profilaktik işlər görülmüşdür. Həyata keçirilən bu tədbirlər isə platformalardakı qurğu və avadanlıqların ümumi yüksək səmərəliliyini təmin etməyin mühüm hissəsidir. Xatırladaq ki, sözügedən proqrama gəmilərin daxili təftişi və yeniləşdirilməsi, məşəl uclarının dəyişdirilməsi və ümumi mexaniki, cihaz, nəzarət sistemi, eləcə də elektrik sahəsində işlər daxil olduğundan “Mərkəzi Azəri”  platformasında hasilat bir müddət dayandırılmışdır. Digər hasilat platformalarının,  həmçinin Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərlərinin normal fəaliyyəti davam etmişdir. Bundan əlavə, Səngəçal terminalında əməliyyatlar və Ceyhan terminalında tanker yükləmələri qrafik üzrə həyata keçirilmişdir.

2014-cü ilin ötən dövründə müqavilə sahəsindən səmt qazının 28 düyməlik sualtı kəmər vasitəsilə Səngəçal terminalına, oradan isə Azərbaycanın daxili istifadəsi üçün “Azəriqaz” İstehsalat Birliyinin qaz şəbəkəsinə göndərilməsi davam etmişdir. Belə ki, “Azəri” yatağındakı üç hasilat platformasından səmt qazı yataqdaxili sualtı boru kəmərləri vasitəsilə “Mərkəzi Azəri” kompressorsuvurma platformasına göndərilmiş, burada  onun bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuş, qalan hissəsi isə Səngəçal terminalına nəql edilərək ölkənin qaz şəbəkəsinə təhvil verilmişdir. Hazırda “Azəri” yatağındakı altı quyudan laya qazvurma əməliyyatları davam edir. Bununla yanaşı, “Qərbi Çıraq” platformasından hasil edilən səmt qazının da böyük hissəsi Səngəçal terminalına göndərilmişdir. Bütövlükdə isə 2014-cü ilin doqquz ayı ərzində “Əsrin müqaviləsi” çərçivəsində xam neftlə bərabər çıxarılan səmt qazının 2 milyard kubmetri (gündə təqribən 7,3 milyon kubmetr) təmənnasız olaraq Dövlət Neft Şirkətinə təhvil verilmişdir.

Ötən müddətdə “Qərbi Çıraq”  platformasında qaz kondensasiyakompressiya sistemlərinin istismar sınaqları uğurla başa çatdırılaraq yenidən istifadəyə verilmişdir. Bu da öz növbəsində “Qərbi Çıraq” qazının tam həcmdə terminala göndərilməsini təmin etmişdir. İlin ötən dövründə “Çıraq” platformasında hasil edilmiş səmt qazının əksər hissəsi isə mövcud 16 düyməlik sualtı boru kəməri vasitəsilə Neft Daşlarındakı kompressor stansiyasına göndərilmişdir. Layihənin əməliyyatçısı olan bp şirkəti buxarlanan qaz kompressorları və boru kəmərləri üçün cari ilə planlaşdırılmış işləri də uğurla başa çatdırmışdır. Bu isə “Çıraq” platformasında məşəldə yandırılan qaz həcminin xeyli azalmasına imkan yaratmışdır.

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunda qazmatamamlama fəaliyyətləri də qrafik üzrə davam etdirilmiş, yanvar-sentyabr ayları ərzində burada 10 neft və 3 suvurma quyusu qazılmışdır. Ayrı-ayrı yataqlara gəldikdə isə, mart ayında “Çıraq”da  A06X hasilat quyusu tamamlanaraq istismara verilmiş, apreldə isə yoxlamaintervensiya əməliyyatları, eləcə də bir aylıq profilaktika işləri aparılmışdır. Sonra isə A05y quyusunda qazma işləri başlanmış və ötən ay tamamlanmışdır. Hazırda  platformada iki aylıq profilaktik işlər proqramı həyata keçirilir.

May ayında “Mərkəzi Azəri” də B28 hasilat quyusu tamamlanaraq  istismara verildikdən sonra dörd quyuda intervensiya əməliyyatları və qazma qurğusunda profilaktik işlər aparılmış, dörd ötürücünün quraşdırılması həyata keçirilmişdir. Daha sonra B29 quyusunda ilkin dərinlikdə qazma əməliyyatları aparılmışdır. Bu quyunun lay hissəsində qazma işləri və tamamlama əməliyyatları isə gələn il davam etdiriləcək. Bundan əlavə, “Qərbi Azəri” platformasında C28 hasilat quyusu tamamlanaraq 2014-cü ilin mart ayında istismara verilmiş, daha sonra isə bir sıra intervensiya və digər quyu əməliyyatları aparılmışdır. Hazırda C06 quyusunda qazliftötürücünün quraşdırılması əməliyyatları həyata keçirilir. “Şərqi Azəri” platformasında bu ilin ilk ayında D03 quyusunda intervensiya əməliyyatları bitirildikdən sonra oktyabr ayında D25 hasilat quyusunda qazma işləri tamamlanmışdır.

Yanvar ayında “Dərinsulu Günəşli” platformasından bəzi quyularda lazımi texniki tədbirlər başa çatdırıldıqdan sonra E09y quyusunda yanaqazmatamamlama işləri aparılmış, eləcə də qazma qurğusunun profilaktikası və əlavə intervensiya əməliyyatları həyata keçirilmişdir. Avqust ayında isə E19 suvurma quyusunun qazılması tamamlandıqdan sonra E14 quyusunda yoxlama işləri aparılmış və E20 hasilat quyusunun qazılmasına başlanmışdır. Həmin quyunun gələn ilin yanvarında tamamlanacağı gözlənilir.

Bu ilin yanvar ayında istismara verilmiş “Qərbi Çıraq” platformasında altı hasilat quyusu tamamlanmış və istismara verilmişdir. Hazırda isə şlamların laya vurulması üçün nəzərdə tutulmuş quyuda qazma əməliyyatları davam etdirilir.

Əvvəlki dövrlərdə olduğu kimi, cari ilin ötən dövründə də “Əsrin müqaviləsi” çərçivəsində xam neftin sualtı boru kəməri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir. Xatırladaq ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel nefti qəbul edib ixrac sisteminə  vurmağa imkan verir. Bu ilin doqquz ayında Səngəçal terminalından 227 milyon barreldən çox  neft ixrac olunmuşdur. Xam neftin 198 milyon barreli Bakı-Tbilisi-Ceyhan, 24 milyon barreli Bakı-Supsa ixrac boru kəmərləri, 4 milyon barreli isə dəmir yolu vasitəsilə daşınmışdır. Bundan əlavə, cari ilin doqquz ayında Azərbaycandan dünya bazarına 1,4 milyon barrel kondensat  ixrac edilmişdir.

Göründüyü kimi, Azərbaycan neftinin dünya bazarına daşınmasında əsas yeri Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri tutmuşdur. Yeri gəlmişkən, cari ilin yanvar-sentyabr ayları ərzində sözügedən kəmər üzrə əməliyyat xərclərinə 152,4 milyon dollar, əsaslı xərclərə isə 84,3 milyon dollar vəsait sərf olunmuşdur. 2014-cü il üçün isə kəmərin əməliyyat xərclərinin təxminən 230 milyon dollar, əsaslı xərclərin 119 milyon dollar təşkil edəcəyi gözlənilir.

Xatırladaq ki, uzunluğu 1768 kilometr olan Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri  2006-cı ilin iyun ayında istismara verilib. Hazırda kəmərin gündəlik ötürmə gücü 1,2 milyon barrel təşkil edir. 2014-cü ilin doqquz ayı ərzində  Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə təqribən 26,4 milyon ton (199 milyon barrel)  xam neft ixrac olunaraq Ceyhanda 276 tankerə yüklənmişdir. Yeri gəlmişkən, avqust ayında kəmərlə daşınmış 2 milyardıncı barrel xam neft Türkiyənin Ceyhan terminalından dünya bazarına yola salınmışdır. Bütövlükdə isə 2006-cı ilin yayından indiyədək Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Ceyhan terminalına təxminən 2 milyard 30 milyon barrel (272 milyon ton) xam neft  nəql edilmiş, oradan da 2665 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

Hazırda sözügedən boru kəməri ilə Azərbaycandan, əsasən, “Azəri-Çıraq-Günəşliyataqlar blokundan çıxarılan xam neft Şahdənizyatağından hasil edilən kondensat daşınır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan nefti nəql olunur. 2013-cü ilin oktyabr ayından başlayaraq BTC vasitəsilə müəyyən həcmlərdəTengizneftinin nəql olunması bərpa olunmuşdur. Eyni zamanda, 2014-cü ilin fevral ayında ARDNŞ-in əməliyyatçısı olduğu Şimal boru kəmərinin axın istiqaməti uğurla dəyişdirilmişdir. Bu, bp ilə ARDNŞ-in adıçəkilən boru kəməri boyunca bir neçə obyektin yenidən işə salınması üçün birgə səylərinin nəticəsi idi. Kommersiya razılaşmalarının uğurla yekunlaşması isə öz növbəsində Şimal boru kəmərindən neft həcmlərinin Bakı-Tbilisi-Ceyhan vasitəsilə ixracına imkan yaratmışdır.

Göründüyü kimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının əsasını təşkil edənƏsrin müqaviləsiçərçivəsində neftin hasilatı ixracı uğurla davam etdirilir. Bununla yanaşı, ulu öndərin adını daşıyan Bakı-Tbilisi-Ceyhan kəməri ilə Qazaxıstan Türkmənistan neftinin daşınmasına marağın getdikcə artması Azərbaycanı regionun tranzit ölkəsinə çevirir.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2014.- 5 dekabr.- S.3.