Gəncə, sabahın xeyir!

 

Gəncə haqqında yazmaq, burada baş verən yeniliklərdən söhbət açmaq indi çox asanlaşıb. Bilirsiniz niyə? Çünki şəhər göz önündədir. Arayışa, hesabatlara, faktlara,rəqəmlərə ehtiyac yoxdur. Çıx şəhərə, bir-iki saat gəz, kifayətdir, qəzet üçün material var. Qəzetimizin 18 oktyabr 2014-cü il tarixli nömrəsində “Gəncəyə bax,  sonra yaz” sərlövhəli bir replikamız dərc olunmuşdu. Burada söhbət qədim şəhərdə aparılan nəhəng işlərə kölgə salmağa cəhd edən üzdəniraq bəzi mətbu orqanlarından gedirdi. Demək istəyirdik ki, böhtan, şər yazmaq istəyəndə, qələmə sarılmamış, bir şəhərə çıx bax, bəlkə az da olsa, vicdanın oyanar, “dayan!” deyər...

 

Gəncə elə bir şəhərdir ki, burada yaxşı işin də sorağı tez yayılır, pis işin də. Deyə bilmərəm, bəlkə başqa yerlərdə də belədir. Amma, bu, bir faktdır ki, Gəncədə kimin kim olduğunu adamlar daha tez bilir, qədim şəhərin inkişafı, abadlığı, sakinlərin günü-güzaranı üçün çalışanları görür və qiymətləndirirlər.

Son 11 ildə, yəni ölkə rəhbəri olduğu müddətdə görün Prezident İlham Əliyev neçə dəfə Gəncəyə gəlib. Özü də hər gəlişi onlarca obyektin açılışı və yaxud təməlinin qoyulması ilə yadda qalıb.  Adamların sosial şəraiti əməlli-başlı yaxşılaşıb, yeni iş yerləri açılıb, şəhər tanınmaz dərəcədə dəyişib, qonaqlı-qaralı olub. Belə olan halda gəncəlilər bunu necə unuda bilərlər?!

Maraq üçün şəhərdə istənilən müəssisə və təşkilata, hansısa yaşayış sahəsinə, lap elə uşaq baqçasına gedin, görün dövlət başçımızın adı necə yüksək tutulur, ən əziz insan kimi yada salınır. Bu yaxınlarda, daha doğrusu, Aşura günü “İmamzadə” komleksindən qayıdırdım. Ətrafda on minlərlə adam var idi və nələr eşitmirdim. Yalnız razılıq, xoş sözlər, xeyir-dua. 2010-cu ildən başlayaraq ölkə başçısı bu əvəzsiz tarixi memarlıq kompleksinin bərpası və yenidən qurulması ilə bağlı bir neçə sərəncam imzalayıb, vəsait ayrılıb. Nəticədə 1300 illik tarixi olan “İmamzadə” özünün əsl intibah dövrünü yaşamağa başlayıb. Bu müqəddəs məkanda işlər cənab Prezidentimizin qayğısı və köməyi ilə indi də davam etdirilir. Qeyd edək ki,8-ci əsrə aid olan bu tarixi memarlıq abidəsi xalq arasında “Göy günbəz”, “Göy İmam”, “Göy məscid” kimi tanınaraq, nəinki Gəncənin, bütövlükdə Azərbaycanın müqəddəs ziyarətgahına çevrilmişdir. Orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan maraqlı abidə kompleksi Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. Bu abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. İndi bura gələnlər tamamilə başqa mənzərə ilə qarşılaşırlar. Kompleksin ərazisinin 10 min kvadratmetrinə asfalt örtüyü salınıb, səkilərə bəzək daşları döşənib, müasir işıqlandırma sistemi quraşdırılıb, mükəmməl infrastruktur yaradılıb. Burada 42 metr hündürlüyündə 2 minarə, namazgah və ziyarət zalı tikilib. Ərazidə 500 avtomobil üçün 2 dayanacaq inşa olunub. İki zalı olan namazgahda nəfis xəttatlıq işləri görülüb və kaşı materialla örtülüb. Kompleksə daxil olan mehmanxanada, 1000 nəfərlik zalda, mətbəxdə, digər inzibati və yardımçı otaqlarda hər cür şərait vardır...

Yuxarıdakı fikrə bir də qayıdaq. Gəncədə boş vədlər verən, amma heç bir iş görməyən, sakinlərin qayğısına qalmayan, adamların səsinə-sorağına biganə yanaşan, ən çətin anlarda qabaga durmağı bacarmayan rəhbər işçiləri sevmirlər və onlar haqqında hər yerdə mənfi imic formalaşır. Cəsarətli addım, xeyirxah iş isə toyda da danışılır, yasda da. Bu il iyun ayının 10-da şəhərdə güclü qasırğa ilə müşaiyət olunan leysan, sözün əsl mənasında, Gəncədə vahimə yaratmışdı. Tarixçilər, yaşlı nəslin nümayəndələri danışırdılar ki, Gəncənin tarixində zəlzələlər istisna olmaqla, hələ belə fəlakət görünməyib. Adamlar təlaş içərisində nə edəcəklərini bilmirdilər. İşıqlar sönmüş, şəhər zülmətə qərq olmuşdu. Yüz ildən çox yaşı olan çinarlar kökündən qopub yolları bağlamışdı, maşınların üstünə aşmışdı, evlərin dam örtükləri qopmuşdu, qaz xətlərinə ciddi ziyan dəymişdi, zirzəmilər su ilə dolmuşdu. Heç yadımdan çıxmır. Belə bir vaxtda, gecə saat 3 radələrində şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev mətbuat işçilərinin qarşısına çıxdı və onun çox sərbəst, inamlı, təmkinli çıxışı  bütün şəhər əhalisinin sakitləşməsinə, rahatlaşmasına səbəb oldu. Başçı şəhərin fəlakətə düçar olan yerləri haqqında və operativ görülən işlər barədə o qədər dəqiq, həm də hərtərəfli məlumat verdi ki, məəttəl qaldıq. Dedi ki, gecə-gündüz fəaliyyət göstərən qərargah yaratmışıq, təbiətin yaratdığı fəsadlar qısa müddətdə aradan qaldırılacaqdır.

Mən onda bir daha hiss etdim ki, sözün əsl mənasında, şəhərin rəhbəri var və onu belə cəsarətli, inamlı, təmkinli danışmasına daim dəstək olan ölkə Prezidenti cənab İlham Əliyev var!

Sonrakı günlər də göstərdi ki, şəhər rəhbəri həmişə olduğu kimi, bu dəfə də gəlişigözəl sözlər danışmağı xoşlamır, konkret iş görür, verdiyi vədə əməl edir. Təsəvvür edin ki, gün ərzində hər iki saatdan bir zərər çəkənlərlə ayrı-ayrılıqda söhbətlər aparmaq, vəziyyəti qısa zamanda nizama salmaq üçün müvafiq qürumların rəhbərlərinə tapşırıqlar vermək və gecədən xeyli keçənədək davam edən müşavirələrdə onların gün ərzində gördükləri işlərin hesabatını dinləmək nə deməkdir?! Tezliklə şəhər öz əvvəlki ahənginə qayıtdı. Gəncəni o vəziyyətdə görən insanlar cəmi bir neçə gündən sonra gözlərinə inanmaq istəmirdilər ki, şəhər artıq, necə deyərlər, rahat nəfəs alır. Bax dövlətə, dövlətçiliyə sədaqət belə yaranır. Ölkə Prezidentinin etimadı belə doğrudulur.

İki aydan sonra 4 il olacaq ki, Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısıdır. Bu müddətdə onun iş otağında cəmi iki dəfə görüşüb söhbət etmişik. Görüləcək işlərdən danışıb. Dönə-dönə deyib ki, Gəncənin bu inkişafı yalnız cənab Prezidentimizin adı ilə bağlıdır və biz hamımız icraçılarıq.

Bu dəfə isə özümüz belə bir görüşə ehtiyac duymadıq. Əvvəla, şəhərdə hər gün, hətta hər saat o qədər işlər görülür ki, adam qıymır ki, onun vaxtını alsın. Digər tərəfdən, yuxarıda qeyd etdiyimiz kimi, Gəncə haqqında yazmaq üçün heç kimə müraciət etmədən şəhərə çıxmaq kifayətdir. Elə biz  də belə etdik, şəhərə çıxdıq ki, görək ilin sonuna yaxın qədim Nizami yurdunda nə yeniliklər var,nələr gözlənilir.

... Heydər Əliyev Park Kompleksindəyik. Ucu-bucağı görünmür. İlk dəfə mən bu kompleksin layihəsi ilə tanış olarkən inana bilməmişdim ki, onu belə qısa vaxt ərzində, həm də çox yüksək səviyyədə istifadəyə vermək mümkün olacaq. Bəli, bu, o parkdır ki, ölkə rəhbəri bu ilin yanvarında onun açılışını edərkən “Dünyanın beş ən böyük parkı arasında artıq Gəncə parkı da vardır. Bu, əlbəttə ki, bizim hamımızı-nəinki gəncəliləri,bütün Azərbaycan xalqını sevindirir. Bu, doğrudan da möcüzədir”, – dedi. İndi bu kompleks elə bir yerə çevrilib ki, istər yay olsun, istər qış, az qala bütün Gəncə bura axışır. Biz parkda olarkən də havanın xeyli soyuq olmasına baxmayaraq, xeyli adam var idi burada. İstirahət, gəzinti, idman üçün isə hər bir şərait var. Bir qədər də keçəcək, bu ərazidə, təxminən 4 min kvadratmetr sahədə Əyləncə Mərkəzini və Qış Parkını, həmçinin Gəncə Olimpiya Parkını görə biləcəyik. Deyirlər onların da tayı-bərabəri olmayacaq.

Parklardan söhbət düşmüşkən Gəncə tədricən başdan-başa parklar, yaşıllıqlar şəhərinə çevrilir. Görün son 2-3 il ərzində nə qədər yeni park, xiyaban yaradılıb, müxtəlif yerlərdə, o cümlədən yol kənarlarında yüz minlərlə ağac əkilib. Təkcə ulu öndərin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar ümumşəhər iməciliklərində 91 min ağac əkilib. Elə şəhəri gəzərkən də iməciliyə çıxıb ağac əkən çoxlu sayda şəhər sakini gördük. Dedilər ki, dekabrın 24-dək daha 53 min ağac əkiləcək. Parkların sayı isə, dediyimiz kimi, nəinki ilbəil, aybaay artır. Nəhəng parkın adını yuxarıda çəkdik. Bundan başqa, Hacı Zeynalabdin Tağıyev, Fikrət Əmirov, Məhsəti, İstiqlal parkları və digər park və xiyabanlar həm şəhərə ğözəlliklər gətirib, həm də adamların mənalı istrahəti üçün gözəl şərait yaradıb. Qarşıdan Əziz Əliyev, Vazeh, Abbas Səhhət, Cavad xan, Məhəmməd Hadi parklarının... açılışı gəlir. Özü də elə parklardır ki, gözəlliyi ilə göz oxşayır, müasirliyi ilə seçilir, şəraiti ilə adamları razı salır.

Budur, “İstiqlal” Parkındayıq. Yaxınlarda istifadəyə verilib. Nələr yoxdur?! Müasir, milli ornamentli işıq dirəkləri, oturacaqlar, iki bulaq, fəvvarələr, qranit pilləkənlər, “İstiqlal” abidəsi, gül-çiçək kolları... Təxminən 5 hektar sahəni əhatə edir. Əsasən “Gülüstan” yaşayış sahəsinin sakinləri üçün nəzərdə tutulan park sakinlərə əvəzsiz bir hədiyyədir. İndi qalır onu qoruyub saxlamaq.

Şəhərin mərkəzində – Baş meydana yaxın ərazidə inşa edilən Filarmoniya binasının qarşısındayıq. Gəncənin özünəməxsus memarlıq kompleksinə yeni çalarlar gətirəcək və şəhərin mədəni həyatında mühüm hadisəyə çevriləcək Filarmoniya binasının tikintisində işlər xeyli sürətlənib. Bu ilin oktyabr ayında Prezident İlham Əliyev burada işlərin gedişi ilə şəxsən tanış olub, filarmoniya binasının vaxtında və keyfiyyətlə istifadəyə verilməsi üçün öz tövsiyə və tapşırıqlarını verib. Məlumat üçün qeyd edək ki, qülləsi ilə birlikdə hündürlüyü 26 metrə çatan filarmoniya binası 6 mərtəbəlidir. Burada 1200  tamaşaçı yeri olan zaldan əlavə, açıq havada yay kino-teatrı, rəsm qalareyası, urban mərkəzi, baxış qülləsi və sair yaradılır. Binada iaşə obyektləri, yeraltı qaraj, yardımçı xidməti otaqlar olacaq. Bir sözlə, obyekt ölkə rəhbərinin Gəncənin musiqisevərlərinə elə bir töhfəsidir ki, onun möhtəşəmliyi tezliklə hamını heyran edəcəkdir.

Açıq havada muzeyə çevrilən Cavadxan küçəsi ilə bir qədər yuxarı qalxıb Gəncəçayın sağ sahilinə enirik. Burada isə daha bir nəhəng mədəniyyət obyekti tıkilir. Bünövrəsinin qoyuluşunda ölkə başçısı iştirak edib, xeyir-duasını verib. Onun ümumi sahəsi 13 min kvadratmetr olacaq. Bu, yeni teatr binasıdır və ən müasir standartlara cavab verəcək. Burada 520 nəfərlik zal, 150 yerlik yeraltı avtomobil dayanacağı olacaq. Birinci mərtəbədə 100 yerlik restoran, çayxana, kafe və sair nəzərdə tutulub.

Ümumiyyətlə, son vaxtlar Gəncənin mədəni həyatı çox zənginləşib. Dahi şair Nizami Gəncəvinin 870, Məhsəti Gəncəvinin 900, Mirzə Şəfi Vazehin 220 illik yubileyləri keçirilmişdir. Həmin tədbirlərdə dünyanın ən müxtəlif yerlərindən qonaqların iştirakı artıq ənənə şəklini alıb. Özü də təqdirəlayiq haldır ki, yubileylər, tarixi günlər təkcə ədəbi-bədii gecələr, yığıncaqlar, konsertlərlə yekunlaşmır. Bu sənət adamlarının, tarixi şəxsiyyətlərin, ədiblərin adlarına muzeylər, parklar yaradılır, dünyanın ən müxtəlif kitabxanalarından onların əlyazmaları gətirilir, kitablar dərc olunur, bukletlər buraxılır. Mirzə Şəfi Vazehin Gəncədə yaratdığı “Divani-Hikmət”məclisi 100 illik bir dövrü əhatə edən fasilədən sonra şəhər icra hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə yenidən fəaliyyətə başlamışdır. İlin əvvəlindən “Şah Abbas” və “Uğurlu xan” karvansaralarında, “Qızıl Hacılı” məscidində milli-memarlıq ənənələrimizə uyğun şəkildə əsaslı təmir və bərpa işləri uğurla davam etdirilir. AMEA-nın Gəncə bölməsinin sədrı, Əməkdar elm xadimi, akademik Fuad Əliyev deyir ki, Gəncənin elmi,mədəni, ictimai həyatı o qədər mənalı, rəngarəng, maraqlı, işgüzar olur ki, günlərin necə sürətlə gəlib keçdiyini hiss etmirsən.

Gəncədə keçirilən tədbirlər öz səviyyəsinə görə seçilir. Ənənəvi Beynalxalq Şərab Festivalı, müxtəlif elmi-mədəni festivallar, simpoziumlar, toplantılar hamının böyük marağına səbəb olur.

...Gəncə çox dəyişib və inkişaf bir an belə dayanmır. Bir də baxırsan ki, gözəl, möhtəşəm bir bina ucaldılıb. Öz-özünə sual verirsən ki,  görəsən bunu nə vaxt tikib başa çatdırdılar? Təkcə bu ilin əvvəlindən tikilib istifadəyə verilən və ya tikintisi yekunlaşmaq üzrə olan obyektlərin adlarını sadalasaq, uzun bir siyahı alınar. Elə bir sahə yoxdur ki, onun üçün bina tikilməsin. Hətta jurnalistlər də unudulmayıb. Tezliklə burada möhtəşəm bir Mətbuat evi istifadəyə veriləcəkdir.

Belə getsə, şəhərdə bir dənə də bina qalmayacaq ki, bərpa olunmasın, dam örtükləri yenidən qurulmasın, kommunikasiya sistemi yenilənməsin. Düzəldilənlərin sayı-hesabı yoxdur. Şəhərin su və kanalizasiya kimi çox mürəkkəb və çətin bir sistemi tamamilə yenidən qurulur və tezliklə bu iş də başa çatdırılacaqdır. Artıq Göygöl-Gəncə su xətti istifadəyə verilib,şəhərə saniyədə 200 litr təmiz dağ suyu gəlir. Bir qədər də keçəcək “Qızıl Qaya”dan, Şəmkirdən çəkilən xətlər vasitəsilə gəncəliləri sutka ərzində fasiləsiz su ilə təmin etmək mümkün olacaq.

Gəncə böyük sənaye şəhərinə çevrilir, yeni iş yerləri açılır, buraxılan məhsullar dünyanın bir çox ölkələrinə gedib çıxır. Oktyabrda nəhəng vaqon zavodunun bünövrəsi qoyulub. Neçə-neçə ölkəyə də vaqonlar sata biləcəyik. Bu günlərdə 10 yaşı təntənə ilə qeyd olunan Gəncə Avtomobil Zavodunun, “Gəncə-Şərab-2”nin və digər müəssisələrin məhsulları artıq sərhədləri aşır və bu, bizim hər birimizi sevindirir.

Bəli, Gəncədə həyata keçirilən tədbirlər hər birimizin sevincinə səbəb olur. Şəhərə gələn saysız-hesabsız qonaq-qaranın yanında öyünürük və buna haqqımız da var. Avropa Gənclər Forumunun prezidenti Piter Matyasiç görün söhbətimiz zamanı nə dedi:

–Gəncədə iki il qabaq olmuşdum. İnanırsınız, şəhəri tanımadım. Siz bunları necə çatdıra bilirsiniz? Mən indi çox sevinirəm ki, Gəncə nə yaxşı 2016-cı ildə Avropanın Gənclər Paytaxtı elan edilib. Gələn bütün qonaqları heyrətləndirəcəksiniz.

...Səhərin gözü yenicə açılıb. Çiskin yağış yağır. Şəhər öz libasının rəngini sanki bir qədər dəyişir. Təbiidir, yagışdan sonra həmişə belə olur. Amma son üç-dörd ildə Gəncənin dəyişməsi təbiətin hesabına deyil, bu qədim şəhəri sevən,onun hər qarış torpağına, daşına həssaslıqla yanaşan, can yandıran insanların hesabına olub. Qeyri-ixtiyari doğma şəhərimizi və gəncəliləri salamlamaq hissi keçir ürəyimizdən:

– Gəncə, sabahın xeyir! Salam, doğma gəncəlilərim!

 

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin

bölgə müxbiri

 

Xalq qəzeti.- 2014.- 9 dekabr.- S.6.