Azərbaycan Olimpiya dəyərlərinə sədaqət

nümunəsi göstərir və öz töhfəsini verir

 

2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında təşkili, demək olar ki, yekdilliklə Bakıya həvalə edilən birinci Avropa Oyunlarının təntənəli açılış mərasimindən, qitənin ən yaxşı idmançılarının son dərəcə maraqlı və gərgin mübarizə vəd edən yarışlarından böyük zövq alacağımız günlərdən bizi cəmi altı aylıq bir məsafə ayırır. AOK-un qitəmizin idman hərəkatında yeni səhifə açacaq ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul etdiyi gündən isə artıq iki il keçir.

 

Hər hansı bir başqa paytaxt şəhərin qısa müddətdə–cəmi iki il ərzində oyunlara hazırlıq istiqamətində Bakıdakı kimi genişmiqyaslı işlərin öhdəsindən vaxtında və layiqincə gələ bilib-bilməyəcəyini demək çətindir. İstər idmanda, istərsə də başqa sahələrdə ən mötəbər tədbirlərin arzuolunan səviyyədə təşkili ilə yüzlərlə xarici ölkə nümayəndələrinin rəğbətini qazanmış Azərbaycan paytaxtında isə 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək Avropanın tarixində ən mötəbər, deməli, həm də təşkili böyük zəhmət, yüksək fəallıq tələb edən Olimpiya Oyunlarına hərtərəfli hazırlıq işlərinə bir an belə ara verilmir və idmanın iyirmi növü üzrə yarışların keçiriləcəyi arenalar bütün beynəlxalq standartlara tam uyğun şəkildə inşa olunur. Bu isə o deməkdir ki, Bakı ona göstərilmiş etimadı layiqincə doğrultmaq əzmindədir.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin və “Bakı 2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın artıq dəfələrlə qeyd etdikləri kimi, Azərbaycan ilk Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi qarşısına məqsəd qoyub. Bunun məhz belə olacağına bizim özümüzlə yanaşı, demək olar, hər gün qonağımız olub idman obyektlərimizə baş çəkən xarici ölkə mütəxəssisləri də qəti əmindirlər.

Hamı da inanır ki, Bakıdakı yarışlar onların ölkələrində idmanın inkişafında yeni stimul olacaq, bu işə güclü təkan verəcəkdir. Məsələn, Rusiya Milli Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov öz ölkəsinin mətbuatına Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Rusiya yığma komandası üçün əhəmiyyəti barədə danışarkən demişdir ki, bizdən ötrü bu, şübhəsiz, gələn ilə planlaşdırılmış ən böyük idman hadisələrindən biridir. Rusiya Oyunlarda güclü, mötəbər komanda ilə təmsil olunacaq. Azərbaycanın qonaqpərvər paytaxtında idman obyektləri ilə tanışlıqdan və təşkilatçılarla bir sıra görüşlərdən sonra mən əminəm ki, Bakıda Avropa Oyunları bizim Olimpiada-2016-ya doğru yolumuzda mühüm rol oynayacaq.

Artıq yarım əsrdən də çox tarixi olan Asiya, Panamerika Oyunlarından fərqli olaraq, zəngin idman ənənələri ilə fəxr edə biləcək qitəmizdə Avropa Oyunları həyata yenicə vəsiqə alır və məhz bu səbəbdən onun təşkili hüququnun idman ölkəsi kimi nümunə göstərilən, həyatın bütün sahələrində sürətli inkişaf sayəsində qitəmizin hüdudlarından kənarda da adı böyük hörmətlə çəkilən Azərbaycan Respublikasına verilməsi bizim üçün ikiqat əlamətdar hadisədir. Təsadüfi deyil ki, ölkəmizin vətəndaşları Bakıya göstərilən yüksək etimada görə qürur hissi duyurlar.

Başqa cür ola da bilməz. Bakıda Avropa Oyunları on yeddi gün davam edəcək 20 növ üzrə yarışlarda medallar uğrunda kəskin rəqabət aparacaq 6 mindən çox iştirakçıda, onların məşqçilərində, müxtəlif beynəlxalq idman federasiyalarının rəhbərlərində, fəxri qonaqlarda Vətənimiz, onun qədim tarixi, zəngin ənənələri, təbii sərvətləri, qonaqpərvərliyi, Azərbaycanda Olimpiya dəyərlərinin təşviqi üçün görülən böyük işlər, dostluq, sülh, əməkdaşlıq qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət etməsi üçün həyata keçirilən tədbirlər haqqında təəssüratı daha da artıracaqdır.

Avropa Oyunları kimi çox məsul yarışda əsas məqsəd ən güclülərin müəyyənləşdirilməsi ilə yanaşı, xalqlar arasında əməkdaşlığın daha da inkişaf etdirilib möhkəmləndirilməsi, sülh əmin-amanlığın təşviqi olacaq. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax da noyabrda Bakıya səfəri zamanı sülhün sabitliyin təmin olunmasında mühüm rol oynayan idmanın davamlı inkişafdakı əhəmiyyəti, BOK-un BMT digər beynəlxalq təşkilatlarla əlaqələrindən danışarkən idmanın inkişafına xüsusi diqqət yetirməyin, Olimpiya hərəkatında fəal olmağın vacibliyini diqqətə çatdırıb, bu zaman ilk Avropa Oyunları ilə bağlı təşkilati işləri yüksək qiymətləndirib, onun öz möhtəşəmliyi ilə fərqlənəcəyini vurğulayıb.

Bunlar, sadəcə gəlişixoş sözlər deyil. Azərbaycan Milli Olimpiya Komitəsi bu gün ümumdünya olimpiyaçılar ailəsinin ən fəal üzvlərindən biridir məqsədyönlü fəaliyyəti, Olimpiya prinsip ideallarına sədaqəti ilə başqalarına nümunə göstərilir. Ən ülvi dəyərləri hər şeydən üstün tutan bütün idman təşkilatlarımız Olimpiya ideallarına sadiqdirlər bu dəyərlər əsasında ölkəmizdə keçiriləcək hər bir yarışıistər yeniyetmə gənclərin, istərsə usta idmançıların dünya Avropa çempionatlarını, ayrı-ayrı növlər üzrə mötəbər beynəlxalq turnirləri əsl dostluq qardaşlıq bayramına çevirmək üçün onların lazımi səviyyədə təşkili işində əllərindən gələni əsirgəmirlər. Çünki Olimpiya dəyərləri prinsipləri əsasında çox şeyə, ilk növbədə isə xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə, daha sağlam həyat tərzinə, deməli, həm gələcək inkişaf üçün böyük imkanlara nail olmaq mümkündür.

Məhz bu səbəbdən Oyunlara hələ yarım il qalmış cəsarətlə deyə bilərik ki, qitəmizin ən yaxşı idmançılarının Avropa tarixində ilk ən mötəbər yarışı zamanı şəhərimizin qonaqları burada aparılan hazırlıq işlərindən, onlar üçün yaradılan ideal şəraitdən, insanlarımızın qonaqpərvərliyindən, bir-birindən yaraşıqlı idman bazalarımızdan, xüsusən təntənəli açılış mərasimində çoxlarını heyrətə gətirə biləcək Olimpiya stadionundan məmnun qalacaqlar.

Ötən il aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyev Bakıda qonaq olmuş Avropa Oyunları Koordinasiya Komitəsinin üzvlərini qəbul edərkən ilk Avropa Oyunlarının hər bir qonağın xatirəsində əbədi qalacağına əminliyini belə ifadə etmişdi: – Avropa Oyunlarının Bakıda keçirilməsi Avropa irsinin burada əsrlər boyu mövcudluğunu göstərir. Eyni zamanda, onu göstərir ki, nəinki “Eurovision” mahnı müsabiqəsi, eləcə Avropa Oyunları Azərbaycanda keçirilə bilər. Bizim əsas məqsədlərimizdən biri şəhərdə elə bir atmosfer yaratmaqdır ki, Bakıya ilk dəfə təşrif buyuran istər idmançı, istər qonaq, istərsə turist özünü evindəki kimi rahat, təhlükəsiz hiss etsin bu möhtəşəm beynəlxalq tədbirdən zövq alsın.

İndiyə qədər paytaxtımızda keçirilmiş istisnasız olaraq bütün beynəlxalq yarışlarda məhz belə olmuşdur. Lakin həmin startların iştirakçıları qələbə medallar uğrunda hər hansı bir ayrıca növdə mübarizə aparmışlar. Avropa Oyunlarında isə, təkrar edək, altı mindən çox idmançı az, çoxiyirmi növdə öz ustalığını nümayiş etdirəcək. Şübhəsiz ki, onların hər biri ilk Avropa Oyunlarının qalibləri sırasında fəxri kürsüdə təbrikləri qəbul etmək üçün Bakıya əsl idman qəhrəmanlığı göstərmək əzmi ilə gələcək. Axı, kim istəməz ki, tarixdə ilk idman hadisəsində baş rollardan birini məhz o, özü oynamasın?! Həqiqətən tarixi fürsətdir.

Gələn ilin yayında əzəmətli Olimpiya Stadionunda, Milli Gimnastika Arenasında, Su İdmanı Sarayında, Heydər Əliyev Arenasında, Tofiq Bəhramov adına Respublika Stadionunda və digər idman qurğularımızda keçiriləcək yarışlarda çətin sınaqlardan kimin şərəflə çıxacağını, medalların sevincini kimin yaşayacağını zaman göstərəcək. Lakin başlıcası budur ki, qarşıdakı yarışlarda uduzan olmayacaq, dostluq qalib gələcək, mükafatçılarla yanaşı məğlublar da Avropa Oyunları kimi böyük bayramın iştirakçısı olmaları ilə qürur duyacaqlar.

Gündən-günə libasını dəyişib dünyanın ən gözəl paytaxt şəhərlərindən biri kimi beynəlxalq dairələrdə özünə rəğbəti durmadan artıran Bakı, sürətli inkişafı ilə diqqət mərkəzində olan, Olimpiya ənənələrinə sədaqət, sabitlik və tərəqqi nümunəsi göstərən, qüdrətli idman ölkəsi olmasına heç bir şəkk-şübhə yeri qoymayan Azərbaycan Respublikası öz tarixində ən mühüm idman hadisəsinə səylə, böyük ruh yüksəkliyi şəraitində hazırlaşır. Bütün hazırlıq işləri dövlətimizin, şəxsən cənab Prezident İlham Əliyevin gündəlik nəzarətindədir və onların vaxtında, yüksək səviyyədə həyata keçiriləcəyinə möhkəm inam hissi heç vaxt bizi tərk etmir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı 2015” Avropa Oyunlarının təqdimat mərasimlərinin keçirildiyi şəhərlərin siyahısı getdikcə genişlənir. Kann, Afina, Berlin, İstanbul və Parisdə bu tədbirlərdə iştirak edənlər paytaxtımızda gələn ilin ən mötəbər idman hadisəsinə hazırlığın yüksək səviyyədə, mütəşəkkil surətdə davam etdiyini artıq yaxşı bilirlər. Qitənin idman hərəkatında ən böyük hadisəyə çevriləcək Avropa Oyunlarının tarixi Bakıda keçiriləcək yarışlardan hesablanacaq. Paytaxtımız, bütün ölkəmiz üçün bu, böyük şərəfdir!

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 10 dekabr.- S.1.