Hər bir azərbaycanlının qəlbində ulu öndər

Heydər Əliyevin əbədiyaşar obrazı var

 

Azərbaycan xalqının XX əsrdə yetirib dünya siyasətinə pərvazlandırdığı ideya və əməl nəhəngi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin adı zəmanəmizin ən böyük siyasət və dövlət xadimlərinin, nadir şəxsiyyətlərinin sırasında yer almışdır. O, bənzərsiz həyatı və zəngin fəaliyyəti ilə dünya tarixinə öyünclü səhifələr yazmış qədim bir xalqın ümummilli lideri səviyyəsinə yüksəlmişdir.

 

Ulu öndər Heydər Əliyev ömrü mübarizə və qələbələrdən keçən, öz xalqının tarixi taleyində müstəsna rol oynayan, uca məramı və möhtəşəm əməlləri ilə əbədiyyət qazanan dahi şəxsiyyətdir. Bu qüdrətli insan onu tanıyan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək keyfiyyətləri ilə unudulmaz izlər buraxmışdır. Onun adı xalqımız üçün ucalıq rəmzinə, əməlləri hünər timsalına çevrilmişdir. Hələ sağlığında əfsanələşmiş böyük rəhbərin həyat və fəaliyyəti doğma xalqına xidmət, ulu dəyərlərə sədaqət meyarı olmuşdur.

Azərbaycana bir qərinəlik rəhbərliyi dövründə ulu öndərin respublikanın tərəqqisi yolunda yorulub- usanmadan çalışması, xalqın köklü maraqlarını ardıcıl qoruması ölkəmizin çağdaş dünya düzənində layiqli yerini təmin etmişdir. Milli dövlətçiliyimizin ideya təməlini, müstəqil Azərbaycanın yeni arxitekturasını məhz Heydər Əliyev yaratmışdır. Müasir Azərbaycan dövlətinin memarı, dünya azərbaycanlılarının ümummilli lideri mərtəbəsinə yüksəlmiş bu insanın müəyyən etdiyi strateji yol xalqımızı daim uğurlara qovuşdurur.

Heydər Əliyevin cəmiyyətin iqtisadi, siyasi, sosial, mədəni sahələrinin ən müxtəlif aspektlərini əhatə edən geniş diapazonlu fəaliyyəti, müasir dövrün ən aktual problemlərinə yaradıcı münasibəti onu milli liderdən, çağdaş rəhbər və siyasi xadimdən bəşəri dəyərləri zənginləşdirən fövqəlinsana çevirmişdir. Bu böyük insan öz xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş ən böyük azərbaycanlıdır.

Heydər Əliyev şəxsiyyətini dəyərləndirmək cəhdində olmaq tarixə, zamana, gələcəyə qiymət vermək iddiası qədər çətindir. Böyük şəxsiyyətlərin əsl qiymətini verən ən ədalətli münsif zamandır. Zaman keçdikcə ulu öndərin şəxsiyyətinin böyüklüyü daha dərindən dərk olunur. Bu mənada onun cismani yoxluğundan ötən illər Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixindəki yeri və rolu, xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti barədə düşünmək üçün vaxt imkanıdır.

Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Vətəni və xalqı qarşısında müstəsna xidmətlər göstərmişdir. Dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında millət atasının əvəzsiz rolu və misilsiz fəaliyyəti ölkəmizdə həmişə dərin minnətdarlıq hissi ilə yad edilir. Bu günlərdə on minlərlə insan ulu öndərə ehtiramını ifadə etmək üçün Fəxri xiyabana gəlir, onun müqəddəs məzarını ziyarət edir. Azərbaycan vətəndaşları dünyanın harasında yaşamasından asılı olmayaraq bu günlərdə bir daha Heydər Əliyevi anır, onun əziz xatirəsi önündə baş əyirlər.

Azərbaycanı öz siyasi iradəsi və uzaqgörən dövlətçilik təcrübəsi ilə firavan həyata qovuşduran ümummilli lider Heydər Əliyevin vəfatının on birinci ildönümünü Bakının Səbail rayonunun ictimaiyyəti də dərin hüzn və sonsuz ehtiram hissi ilə qeyd edir. Bu münasibətlə rayonumuzun bütün kollektivlərində anım tədbirləri keçirilir. Orta məktəblərdə günün ilk dərsi Heydər Əliyevə həsr edilib, müxtəlif ədəbi-bədii kompozisiyalar təşkil olunub, əbədiyaşar liderin zəngin həyatından, misilsiz fəaliyyətindən bəhs edən stendlər hazırlanıb. Özünü azərbaycanlı sayan hər bir adam üçün Heydər Əliyevin tarixdəki yerini müəyyən etməkdən ötrü hüdudsuz material, üsul və vasitələr var. Fikrimcə, onun ömür nümunəsi bunların hamısından öndə gəlir. Heydər Əliyev dünyadakı bütün soydaşlarımız üçün zəmanəmizdə ən yüksək məqama çatmış mükəmməl azərbaycanlı nümunəsidir. Hər bir azərbaycanlı uğur əldə etməyi də, həyatın hər bir gözlənilməzliyinə hazır olmağı da məhz Heydər Əliyevin həyat və mübarizə nümunəsindən öyrənə bilər.

İstedad və iradə Heydər Əliyev şəxsiyyətinin ali keyfiyyətləri idi. Bunu onun özünə qarşı son dərəcə tələbkarlığı və əməli işlərdə mütəşəkkilliyi tamamlayırdı. Xalqla bu qədər vəhdət, birgəlik, yəqin ki, çox az dövlət adamına nəsib olur. O, təmsil etdiyi xalqın simasını, istək və arzularını, ideyalarını, məqsədlərini öz obrazında yüksək mükəmməlliklə təcəssüm etdirə bilmişdi. Heydər Əliyevi dinləyərkən onda xalqın ululuğunu, müdrikliyini, hər şeyə qadirliyini görürdün. Onun qərarlarında xalqın arzuları, istəkləri hər şeydən üstün idi.

Heydər Əliyev yüksək savadlı ziyalı, müdrik dövlət adamı kimi həyatı boyu çox nəzəriyyələr öyrənmişdi, çeşidli ideyalara vaqif olmuşdu. Amma bütün bunlar onu bir mərama gətirib çıxarmışdı: milli amil bütün şüar və prinsiplərdən öndədir. Bunu tarix özü də sübuta yetirdi və çağdaş reallıqlar hər gün təsdiqləməkdədir. Ona görə də Heydər Əliyev xalqın milli ideyalar mühitində səfərbərliyi prosesinə hələ ötən əsrin 60-cı illərinin sonunda - Azərbaycana birinci rəhbərliyi dövründə başlamışdı. Həmin dövrdə Heydər Əliyevin rəhbərliyi altında görülmüş işlər barədə təfsilatı ilə söhbət açmaq üçün günlər- aylar belə yetməz. Bir yazıya sığacaq təəssüratı ümumiləşdirsək, deyə bilərik ki, Azərbaycanın sosial-iqtisadi yüksəlişinin təmin olunması, milli ruhun oyanışı, milli kadr potensialının formalaşması yönündə işlərə Heydər Əliyev həmin illərdə ona görə o qədər böyük əzmlə zəhmət sərf edirdi ki, bunların yaxın tarixdə Azərbaycana lazım olacağını uzaqgörənliklə yəqin edirdi.

Heydər Əliyev onda da düşünürdü ki, azərbaycanlılar dünyanın yaxşı yaşayan xalqlarından biri olmalıdır. O bilirdi ki, Azərbaycan dəyərləri ədəbi incilərimizin, musiqi sərvətimizin işığında dünyanı dolaşmalıdır. Ulu öndər bütün varlığı ilə çalışırdı ki, Azərbaycan adlı bir xalqın varlığından dünyada hər kəs xəbər tutsun. O qərara almışdı ki, Azərbaycan balaları o illərin imkanları çərçivəsində SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil alsınlar.

Böyük rəhbər tələb qoyurdu ki, Azərbaycanın ictimai fikir tarixində böyük rolu olmuş insanların xatirəsi uca tutulmalıdır, milli-mənəvi dəyərlər göz bəbəyi kimi qorunmalıdır. O belə hesab edirdi ki, ana dili hər bir azərbaycanlının ümumişlək ünsiyyət vasitəsi, hər bir ziyalının təfəkkür dili olmalıdır. Ulu öndər ona can atırdı ki, insanlar Azərbaycanda yaşamalarından zövq alsınlar. Heydər Əliyevin böyüklüyü onda idi ki, o, bütün bunların, sadəcə, kağızlarda, gurultulu manifestlərdə öz əksini tapmış arzular olmasını istəmirdi, reallığa dönməsi üçün gecə-gündüz çalışırdı və buna zərrə-zərrə nail olurdu.

Heydər Əliyev öz əməlləri, mövqeyi ilə cəmiyyətə daim ədalət gətirirdi. Ulu öndər öz ədaləti ilə Azərbaycana həmişə ümid gətirirdi. O, həmin illərdə gördüyü işlərlə insanlarda milli qürur hissi yaratdı, milli özünüdərk prosesinə təkan verdi. Heydər Əliyev insanların nəzərində dövlətin onlara xidmət edən, səslərini eşidib harayına yetişən bir təsisat obrazını formalaşdırdı.

Müstəqil Azərbaycan dövlətinin bu bünövrə üzərində qərar tutub gələcəyə doğru istiqamətlənməsini təmin etmək məhz onun taleyinə yazılıbmış. Heydər Əliyevin müstəqillik dövründə Azərbaycan xalqı, dövləti üçün gördüyü işlər mahiyyət etibarilə onun sovet dövründə vətənimizin rifahı naminə ardıcıl fəaliyyətini tamamlayırdı. Üstəlik, Azərbaycan indi öz taleyinin, halal sərvətlərinin sahibinə çevrilmişdi və bu üstünlüyün verdiyi güc əvvəllər mümkünsüz görünənlərə belə yetərli imkanlar yaradırdı.

Heydər Əliyev vətəndaş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin etdi. Onun sayəsində xalqımız yeni yüzilliyə, həm də yeni minilliyə müstəqil dövlət kimi qədəm qoydu, ən yeni tariximizdə tərəqqini aparıcı prosesə çevirdi. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” - deyən ulu öndərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləmişdir.

Ulu öndər müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində, sözün həqiqi mənasında, böyük işlər gördü. O, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifahının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi gerçəkləşdirdi. Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider kimi Heydər Əliyev millətini, torpağını fəlakətdən qurtardı, onu çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəltdi, ölkəmizdə sabitlik və firavanlığa təminat yaratdı. Bütün dünyanın etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasətçi Heydər Əliyev çox zəngin irs qoyub getmişdir. Heydər Əliyevin nəzəri irsi Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır. Bu əsərlər siyasi tarix, azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu, Vətənə hədsiz məhəbbət dərsliyidir. Əsrlər keçəcək, illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək, bu əsərlər isə yaşayacaq. Bu nadir irs neçə-neçə nəsillərə, Azərbaycan xalqının gələcəyinə xidmət edəcəkdir. Çünki bu əsərlər zamanın sifarişlərinə ulu öndərin cavablarıdır, xalqın çağdaş tarixidir, gələcəyə yönəlik salnaməsidir.

Böyük natiqlik qabiliyyəti, dərin zəkası, möhkəm yaddaşı olan ümummilli lider öz əsərlərini xalq qarşısındakı çıxışlarında, dinləyicilərlə üzbəüz, onların iştirakı ilə yazmışdır. Heydər Əliyevin hər bir nitqi, əsəri xalqla təmasda, ictimai-siyasi yığıncaqlarda, izdihamlı mitinqlərdə, əsgər səngərlərində, rəsmi dövlət tədbirlərində, beynəlxalq məclislərdə yaranmış və Azərbaycanda dövlət quruculuğu proqramının, milli dövlətçilik ideologiyasının əsasını təşkil etmişdir.

Heydər Əliyev zəmanəsinin böyük filosofu idi. Onun fəlsəfəsi sülh, quruculuq, tərəqqi fəlsəfəsi idi. Heydər Əliyevin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil edirdi.

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin tərəqqisi üçün bir insanın həyatı boyunca edə biləcəyi hər şeyi etdi və ən möhtəşəm əsərini - müstəqil Azərbaycanı etibarlı əllərə tapşırıb rahatlıq hissi ilə dünyadan köçdü. O, bütün ömrünü Azərbaycanın indiki nailiyyətlərinə həsr etmişdi. Gündən-günə inkişaf edən müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğur Heydər Əliyevin ömrünün davamıdır. Bu həqiqət Heydər Əliyevsiz ötən illərin nisgil və xiffətini unutduran təsəllidir.

İllər keçəcək, çiçəklənən Azərbaycanın vətəndaşları müdrikliyi və mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Əsası ümummilli lider Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf Prezident İlham Əliyevin ulu öndərin ideya və əməllərinə sonsuz sədaqəti ilə davam etdirilir. Heydər Əliyev idarəetmə məktəbinin ən layiqli davamçısı İlham Əliyevin müstəqil, suveren, azad Azərbaycan uğrunda mübarizəsi xalqımızın dərin rəğbət və ehtiramını qazanmışdır.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi dünya miqyasında qəbul edilən reallıqdır. Qəti əminliklə deyə bilərik ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvü olan Azərbaycanda əldə edilən bu uğurlar dövlətimizin apardığı düzgün siyasət və xalqımızın zəhməti, əzmi, iradəsi hesabına qazanılmışdır. Əldə etdiyimiz inkişafın ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil dövlətdir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim xalqın maraqlarına xidmət göstərir. Azərbaycan bu illərdə qazandığı uğur və nəticələrə əsaslanaraq XXI əsrin daha möhtəşəm tarixini yazmağı, miqyaslı və nəhəng vəzifələrin həllini hədəf götürür. Bu inkişafın başlıca yekunları dövlət başçısı İlham Əliyevin bu sözlərində bariz ifadəsini tapmışdır: “Azərbaycan bu illər ərzində həm öz vətəndaşlarına, həm də dünyaya sübut etdi ki, biz müstəqil ölkə, azad xalq kimi yaşayırıq və yaşaya bilərik!

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ərəfəsindəyik.

Heydər Əliyevin adı Azərbaycan tarixində təkrarolunmaz siyasətçi, qüdrətli dövlət başçısı, əfsanəvi şəxsiyyət, xalqının sevimli övladı kimi qalacaqdır. Qədirbilən hər bir azərbaycanlının qəlbində ulu öndərin ölməz obrazı daim yaşayır.

Heydər Əliyevin dövlətçilik ideyaları xalqımızı işıqlı gələcəyə aparır. Nə qədər Azərbaycan xalqı və dövləti varsa, Heydər Əliyevin parlaq xatirəsi də Tanrının bizə yazdığı tale kimi, əməllərlə yüksəldilmiş əbədiyyət abidəsi kimi daim yaşayacaqdır.

 

Asif ƏSGƏROV,

Səbail Rayon İcra Hakimiyyətinin başçısı,

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü

 

Xalq qəzeti.- 2014.- 10 dekabr.- S.3.