Xalqımız bugünkü firavan

həyata görə ulu öndərə minnətdardır

 

Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

1969-1982-ci illər Azərbaycanın quruculuq tarixinin ən məhsuldar, işıqlı səhifələri olub. Həmin vaxtda yaxın və uzaq gələcəyə yönələn, müstəqilliyə yol açan, mütərəqqi ənənələrə söykənən inkişaf strategiyası müəyyənləşdirilib və uğurla həyata keçirilib. Ulu öndər Heydər Əliyev o dövrü belə xarakterizə edib: “Azərbaycanın sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaradıb”. Müasir Azərbaycan dövlətinin inkişafı məhz həmin illərdə yaradılan bünövrə üzərində qurulub.

 

Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərliyinin birinci dövründə dilimizin, milli şüurumuzun qorunması və inkişafını təmin edib, bu sahədə çalışanların əməyinə yüksək qiymət verib. Azərbaycan dilinin inkişafında Heydər Əliyevin əvəzsiz xidməti ilə bağlı diqqəti bir fakta yönəltmək istərdim. Belə ki, Heydər Əliyevin bilavasitə təşəbbüsü və apardığı ardıcıl mübarizə nəticəsində dilimizin dövlət dili olması haqqında müddəa Azərbaycanın 1978-ci il Konstitusiyasında öz əksini tapıb.

1969-1982-ci illərdə Azərbaycanın inkişaf tarixinin dinamikası belə bir fikri təsdiq edir ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində, respublikamızın müstəqil dövlət quruculuğuna aparan yol olub. Dahi öndərin böyük səyinin nəticəsində həyata keçirilən ictimai-iqtisadi islahatların aparılmasına görə 70-80-ci illər Azərbaycanın tarixində ən parlaq səhifələr təşkil edib. Ötən əsrin 70-ci illərindən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, milli özünüdərk və milli ruhun yüksəlişi xalqımızın milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilib.

Heydər Əliyevin gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq milli məfkurənin yüksəlişi və xalqın dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri SSRİ-nin xarici siyasəti çərçivəsində olsa da, Azərbaycanın xarici aləmlə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsidir. Bu məqsədlə Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunur, keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərində, eləcə də digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi. Bütün bunlar son nəticədə respublikamızın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaradır, azərbaycanlıların özünəməxsus tarixi, mədəni ənənələri olan xalq kimi tanınmasını, Bakının isə həmin dövrdə dünya miqyasında bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin edirdi. Bir sözlə, böyük strateq ötən əsrin 70-80-ci illərində böyük təzyiqlərlə, təqiblərlə üzləşsə də, heç bir riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilib. O dövrdə repressiya qurbanlarına bəraətin verilməsi istiqamətində gördüyü işlər də məhz azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət edib.

Dahi öndər müstəqil Azərbaycanın xilaskarı, qurucusu kimi də adını tarixə yazdırıb. Bu, asanlıqla başa gəlməyib. Bu, ümummilli liderin gecəli-gündüzlü səyi, ölümlə üzləşməsi ilə reallaşıb. Fikrimin təsdiqi üçün diqqəti bir fakta yönəldirəm. Azərbaycan müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşmişdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas alan Qarabağ müharibəsi, digər tərəfdən, dövlət rəhbərliyində olan səbatsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırmışdı. Hərc-mərclik, başıpozuqluq bütün sahələri bürümüşdü. Cəmiyyətdə vaxtilə böyük hörmət və nüfuza malik olan müəllimə, ziyalıya ehtiram, oxumağa maraq azalmışdı. Dəyərli mütəxəssislərin ölkədən axını başlamışdı. Lakin xalqımızın böyük oğlu, dahi siyasətçi və mahir dövlət xadimi Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra siyasi xaosun, sosial-iqtisadi sahələrdə baş alıb gedən tənəzzülün, dağıdıcılıq proseslərinin qarşısı alındı. Ulu öndərin müdrik siyasəti nəticəsində ölkəmiz parçalanmaq, dağılmaq təhlükəsindən qurtardı.

Böyük öndər yenidən hakimiyyətə qayıdandan sonra bütün sahələrdə ciddi islahatlara başlanıldı. Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. İdarəetmə strukturları formalaşdırıldı. Dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi prosesinə başlanıldı. Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə “Əsrin müqaviləsi” adı ilə düşmüş qlobal neft müqaviləsi imzalandı.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. O, dünyanın nadir, unikal, seçilən siyasət adamı idi, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Təkcə güclü təsərrüfatçı deyil, həm də insanları arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Dahi öndər mahir psixoloq, insan qəlbinin dərin bilicisi kimi sevilirdi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti həmkarlarından fərqli olaraq daha güclü idi.

Ulu öndər həmişə xalqın, sadə insanların yanında idi, cəmiyyətlə nəfəs alırdı, adamların çətinliklərinə, problemlərinə son dərəcə həssaslıqla yanaşırdı. Xarakterində xeyirxahlıq, alicənablıq, səmimiyyət, diqqət kimi cəhətlər açıq-aşkar nəzərə çarpırdı. Erməni işğalçıları tərəfindən yurd-yuvalarından didərgin düşənlərin qarşılaşdıqları çətinliklərə, ağrılara baxmayaraq, onları nikbin olmağa səsləyirdi. Bir sözlə, ümummilli liderimizin Azərbaycana rəhbərlik etdiyi 30 ildən çox bir zaman ərzində fəaliyyətində insan amili özünü qabarıq büruzə verib, nəcib keyfiyyətləri ilə bağlı cəhətlər fərdi naturasının özgün çalarları kimi daim diqqəti cəlb edib.

Dahi şəxsiyyət 1995-ci il mart ayının 3-də “Gülüstan” sarayında Ramazan bayramı münasibətilə keçirilən təntənəli mərasimdə çıxışında deyirdi: “...Biz heç vaxt bədbinliyə qapılmamalıyıq. Həyat həmişə inkişafdadır. Ona görə də nə qədər ağır itkilərimiz, nə qədər çətinliklərimiz olsa da biz həmişə nikbin olmalıyıq, başımızı həmişə dik tutmalı, irəliyə həmişə inamla baxmalıyıq, ümidlə yaşamalıyıq.

Şübhəsiz, ən böyük arzumuz, ən böyük ümidimiz, ən böyük istəyimiz müharibəyə son qoyulmasıdır, torpaqlarımızın azad edilməsidir, əsirlikdə olan vətəndaşlarımızın geri qayıtmasıdır. Ən böyük arzumuz Azərbaycanın ərazi bütövlüyünün, respublikamızın sərhədlərinin toxunulmazlığının, ölkəmizin suverenliyinin təmin olunmasıdır. Güman edirəm ki, o günlər də uzaqda deyil. Biz o günlərə gəlib çatacağıq. Çatacağıq ona görə ki, xalqımızda olan mərdlik, cəsarət, qəhrəmanlıq, tariximizdə xalqımızın göstərdiyi qəhrəmanlıq nümunələri bizim bu ağır vəziyyətdən çıxmağımıza şübhəsiz ki, kömək edəcəkdir. Tam imkanımız vardır ki, bu ağır vəziyyətdən çıxaq və bütün məqsədlərimizə nail olaq...”.

Dahi şəxsiyyət həmin mərasimdə daha sonra deyirdi: “...Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti hər bir vətəndaşın hüquqlarının keşiyində durub, onun hüquqlarının toxunulmazlığını təmin edir və edəcəkdir. Azərbaycan Prezidenti kimi mən verdiyim anda həmişə sadiq qalacağam, hər bir Azərbaycan vətəndaşının hüquqlarının qorunmasına çalışacağam və bunun üçün bütün imkanlarımdan istifadə edəcəyəm.

Gərək hər bir vətəndaş da dövlətinə, torpağına sədaqətli olsun, sədaqətlə yaşasın, xidmət etsin və çalışsın ki, xalqla dövlətin vəhdəti möhkəmlənsin, respublikamız bu ağır vəziyyətdən çıxsın. Mən buna inanıram və əminəm ki, belə də olacaqdır...”.

İnsani keyfiyyətləri bütün vəzifələrdən uca tutan ulu öndər bildirirdi ki, vəzifə insana heç bir şey vermir, sadəcə olaraq, səlahiyyət verir. Qalan hər bir şey onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən asılıdır. Əgər bunlar varsa, vəzifə səlahiyyətindən dövlətin, insanların mənafeyinə, özünün xeyrinə istifadə edə bilər. Yoxdursa, edə bilməyəcək, insanları şikəst edəcək, insanların qayğılarına, problemlərinə laqeyd, biganə yanaşacaq. Belə hala dözmək olmaz. Vəzifəli şəxs hər bir insanın qarşılaşdığı çətinliyin aradan qaldırılması üçün əlindən gələn səyi əsirgəməməlidir...

Ümummilli lider törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipinin əhəmiyyəti ilə yanaşı, humanizm prinsiplərindən bir addım belə geri çəkinməyin yolverilməzliyini, insan taleyinə həssas münasibətin vacibliyini daim rəhbər tuturdu. Məhz elə buna görə də 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasını təsbit edib. Həmin Əsas Qanun ədalət mühakiməsinin keyfiyyətcə yüksəldilməsinə təkan verib.

Uli öndərin insan amilinə, şəxsiyyət probleminə həssaslıqla yanaşması ilə bağlı bir məqama da diqqət yetirək. Yüksək humanizm, insanpərvərlik prinsiplərini prioritet sayan Heydər Əliyev Avratlantik məkana inteqrasiya yolunda olduqca cəsarətli addımlar atıb. 1998-ci ildə həm Şərqdə, həm də MDB məkanında ilk dəfə olaraq ölüm hökmünün ləğv edilməsi ulu öndərin yüksək humanizmini xarakterizə edən amil kimi tarixə yazılıb.

Xatırladım ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə 32 əfv fərmanı imzalayıb. Dahi öndərin məhbusların cəzasının çəkilməyən hissəsindən azad edilməsi barədəki fərmanları insanların cəmiyyətə inteqrasiya olunmalarına, sivil Azərbaycan dövlətinin layiqli vətəndaşı kimi uca adı daşımalarına bir daha imkan yaradıb. Bu, eyni zamanda, vətəndaşların qanunlara hörmətlə yanaşmasına müsbət təsir göstərib və ulu öndərin insanpərvərliyini əks etdirib.

Heydər Əliyevin ədalət və insanpərvərlik ideyaları ilə bağlı Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva deyib: “Əsası dahi Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulan bu siyasət nəticəsində minlərlə insan azadlığa buraxılaraq normal həyata qayıdıb və bu gün də bu ənənələr davam edir. Allah vergisi olan insan ömrü hər bir şeydən uca və dəyərlidir. Hər bir insan ləyaqətlə və azad yaşamağa layiqdir. Eyni zamanda, hər bir insan öz ömrünün, öz taleyinin hökmdarıdır. Səhv edən, yolunu azan insanlara həyatda yeni şans verməklə, onları bağışlayıb cəmiyyətimizə qaytarmaqla biz onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edirik. Hər zaman mərhəmətlilik, geniş qəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilib”.

Heydər Əliyev məmurlardan müxtəlif səviyyəli görüşlərdə, qəbullarda vətəndaşların səmimi qarşılanmalarını qətiyyətlə tələb edirdi. İnsanlara yuxarıdan aşağı baxan bəzi vəzifəli şəxslərə kəskin münasibət bəsləyirdi. Ulu öndər deyirdi: “Görülən işlər hamısı insanlar üçündür. İnsana hörmət göstərilmirsə, o görülən işin əhəmiyyəti yoxdur. Azərbaycan vətəndaşlarına, hər bir insana hörmətlə yanaşılmalıdır, onun problemləri dinlənilməlidir, onlara qulaq asılmalıdır, onlarla görüşlər keçirilməlidir və problemlər həll olunmalıdır. Kimliyindən asılı olmayaraq, hər kəs millətə, xalqa, dövlətə xidmət etməlidir”.

Ulu öndərin dövlət siyasətinin təməlində insan amilinin dayanması, Azərbaycanda insan amilinə ciddi diqqət yetirilməsi və bu sahədə müsbət nəticələr əldə edilməsi beynəlxalaq aləmdə də təsdiqlənirdi. Bu məqam BMT-nin İnkişaf Proqramında da öz ifadəsini tapmışdı. BMT-nin 20 illik yubileyi münasibətilə hazırlanan hesabatında qeyd edilirdi ki, 1993-cü ilin yayından sonra Azərbaycan rəhbərliyi dövlət siyasətini bilavasitə insan amili, insana qayğı göstərilməsi prinsipi üzərində qurub. Cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan dövləti orada insana qayğının özünəməxsus nümunəsini yaratmamış olsun. Eləcə də son 20 ildə Birləşmiş Millətlər Təşkilatı özünün müxtəlif tədbirlərində dönə-dönə vurğulayıb ki, milli inkişafın əsasında insan amilinə qayğı və diqqət dayanıb. Yəni, insan amilinə münasibət məsələsində Azərbaycanın mövqeyi BMT-nin mövqeyi ilə tamamilə üst-üstə düşür.

Ulu öndər Heydər Əliyevin sosialyönümlü siyasəti, eyni zamanda, cəmiyyətdə ayrı-ayrı sosial qrupların həyat keyfiyyətinin yüksəldilməsinə, iqtisadi stimulun, insan amilinə hörmətin formalaşmasına, ümumilikdə ictimai rifahın, siyasi sabitlik və sosial sülhün bərqərar olmasına etibarlı zəmin yaradan konseptual inkişaf yoluna çevrilmişdi. Bu siyasət Azərbaycan vətəndaşının həyati tələbatlarının ödənilməsini təmin edən əlverişli sosial-mənəvi iqlimin və həmrəylik şəraitinin, ümumilikdə ölkədə etibarlı sosial müdafiə sisteminin yaradılmasını təmin etmişdi. Həmin sistem vətəndaşların sağlam mühitdə yaşamaq, istirahət, mənzil, təhsil və digər hüquqlarının da etibarlı müdafiəsinə mükəmməl institusional-qanunverici təminat mexanizmləri formalaşdırmışdı.

 

 *  *  *

Ulu öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil edən Azərbaycanın dövlət müstəqilliyinin qorunması bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin məzmunlu və çoxşaxəli siyasi kursla daha da möhkəmləndirilir. Dövlət başçısının qətiyyəti sayəsində ulu öndərin yeni neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi, eləcə də regionda cərəyan edən proseslərlə bağlı ölkə başçısının müdrik siyasi baxışları sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.

Yeri gəlmişkən, müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkür tərzinə malik olan, dünyada gedən siyasi və iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Cənab İlham Əliyev öz vətənini, xalqını sevən, azərbaycançılıq amalını qəlbində daşıyan bir rəhbərdir.

Cənab İlham Əliyevin rəhbərliyi ilə son 11 ildə Azərbaycanda əldə edilən sosial-iqtisadi uğurların əsasında dahi Heydər Əliyevin siyasi kursu dayanır. Dövlət başçımız ölkəyə rəhbərliyə başladığı 2003-cü ilin oktyabrından daim Heydər Əliyev siyasi kursuna sədaqətini nümayiş etdirib, xalqın etimadını əməli fəaliyyəti ilə doğruldub. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs dövlət başçısının uğurlu fəaliyyətinin başlıca amili sayılır.

Xatırlatmaq yerinə düşər ki, möhtərəm İlham Əliyev hakimiyyət sükanı arxasına keçərkən bu siyasəti dönmədən davam etdirəcəyini də bəyan etmişdi: “Azərbaycan xalqına vəd etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm, çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxartdı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə keçdi. Mən ondan çox şeyi öyrənmişəm və onun təcrübəsini, məsələlərə baxışını öyrənməklə hələ çox şeyi əxz edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi. Çalışıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir, ona görə də mən çalışacağam ki, Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin”.

Son 11 ildə həyata keçirilən tədbirlərə nəzər salanda, görülən işləri müqayisəli şəkildə təhlil edəndə yuxarıda qeyd edilən fikirlər bir daha öz təsdiqini tapır. Sözügedən dövrdə neft gəlirləri əsasında yaradılan möhkəm maliyyə-iqtisadi baza hesabına qeyri-neft sektorunun dinamik inkişafı və ölkə iqtisadiyyatının diversifikasiyası, özəl sektorun inkişafına hərtərəfli dövlət dəstəyi, regionların tarazlı inkişafı, keyfiyyətli insan kapitalının formalaşdırılması, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına inteqrasiya və son nəticədə ölkəmizin hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət dəyişikliklər baş verib. Azərbaycan iqtisadiyyatı bu dövr ərzində öz dinamik inkişafını qoruyub saxlayıb. İqtisadi inkişaf tempinə görə, dünyanın 10 aparıcı ölkəsi sırasında qərarlaşıb. Orta gəlirli ölkələr siyahısında öz mövqeyini daha da möhkəmləndirib. Azərbaycanda yoxsulluğun səviyyəsi xeyli aşağı düşüb. Təxmini olaraq bu göstərici 49 faizdən 5,1 faizə qədər enib. Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrilib.

Cənab İlham Əliyev respublikaya rəhbərliyinin ötən dövründə müasir düşüncəli siyasi lider kimi modernləşməyə xidmət edən islahatları uğurla reallaşdırıb. Dövlət başçısı keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini, tam müstəqil siyasət yürüdərək inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirib.

Bu ilin ötən aylarının sosial-iqtisadi yekunları Azərbaycanın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir. Ötən müddətdə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət iqtisadiyyatın davamlı inkişafı üçün zəmin yaradıb, makroiqtisadi tarazlığı təmin edib, inflyasiyanın birrəqəmli olmaqla aşağı səviyyədə saxlanılmasına nail olunub. Avrozonada böhranın davam etdiyi bir şəraitdə Azərbaycanda ÜDM 2,5 faiz, qeyri-neft sektoru 6 faiz, artıb, ölkəmizin maliyyə mövqeyi daha da güclənib, məcmu valyuta ehtiyatları 2014-cü il 1 oktyabr tarixinə 53 milyard ABŞ dolları səviyyəsinədək yüksəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 milyard ABŞ dolları və ya 8 faiz artım əldə edilib, məcmu valyuta ehtiyatlarımızın xarici dövlət borcuna nisbəti 8 dəfədən artıq olub. Ölkənin xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 8,5 faiz səviyyəsində qərarlaşıb ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur.

Qeyri-neft sektorunun inkişafının mühüm göstəricilərindən biri də investisiya qoyuluşlarının həcminin və keyfiyyətinin yüksəlməsidir: bu ilin ötən aylarında ölkə iqtisadiyyatına 19 milyard dollar investisiya qoyulub, bunun 11 milyard manatı daxili investisiyalar olub. Bu prosesdə artıq yerli sərmayədarların üstünlüyü də qabarıq duyulur. Sərmayələrin təqribən 60 faizinin daxili investisiyalar təşkil etməsi isə dövlətin investisiya siyasətinin uğurlu olduğunu göstərir. Bu, bütün dünyada maliyyə resurslarının məhdudlaşdığı, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatlı yanaşdığı bir şəraitdə kifayət qədər normal göstərici sayıla bilər. Həmin göstərici, eyni zamanda, regionlarda əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizəsi, daxili istehsalın təşviq edilməsi ilə şərtlənir. Daxili investisiya qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə artması, xaricdən maliyyə asılılığının minimuma endirilməsi, istehsalla məşğul olan müəssisələrin hərtərəfli dəstəklənməsi, daxili bazarın qorunması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

İqtisadiyyatın aynası, davamlı inkişafın barometri sayılan büdcənin real göstəriciləri və artım səviyyəsi istənilən dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumən hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir. Müstəqil Azərbaycanın son illər dinamik inkişaf yolunda olması, ilk növbədə, onun dövlət büdcəsində yer alan makroiqtisadi göstəricilərində real əksini tapır. İqtisadi mahiyyətinə görə dövlət maliyyəsi dövlətin və dövlət müəssisələri və təşkilatlarının pul vəsaitləri fondlarının yaradılması və onların geniş təkrar istehsalının davam etdirilməsi, əhalinin sosial-mədəni ehtiyaclarının ödənilməsi, ölkənin müdafiəsinin təmini, cəmiyyətin idarə edilməsi məqsədilə milli daxili məhsulun və milli sərvətin bir hissəsinin bölüşdürülməsi və yenidən bölüşdürülməsi ilə əlaqədar pul münasibətlərindən ibarətdir. Dövlət büdcəsi əsas gəlir və xərcləri özündə ehtiva etməklə yanaşı, dövlətin hüquqi qüvvəyə malik olan əsas maliyyə planını təcəssüm etdirir. Büdcə vasitəsilə dövlət və bələdiyyə orqanları öz üzərlərinə düşən vəzifə və funksiyaları yerinə yetirir.

Son 11 il ərzində Azərbaycanın dövlət büdcəsi gəlirlərinin strukturu real inkişaf dinamikası barədə dolğun mənzərə yaradır. Səmərəli iqtisadi islahatların nəticəsi olaraq dövlət büdcəsi gəlirlərinin illik artım tempi dünya üzrə ən yaxşı göstəricilərdən sayılır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2003-cü ildən Azərbaycanda büdcə gəlirlərinin orta illik artımı 20-30 faiz təşkil edib və bu da regionda ən yüksək göstəricilərdən sayılır. Hazırda respublikamızın 2014-cü ilin dövlət büdcəsi Cənubi Qafqazın ümumi büdcəsinin 76 faizini təşkil edir.

Cənab İlham Əliyevin rəhbərliyi ilə ötən müddət ərzində regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib. Azərbaycan öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmayıb, əldə olunan uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləyib. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində ölkəmizdə qeyri-neft sektorunun inkişafı dinamik xarakter alıb.

Mən sahibkar olduğuma, tanınmış bir şirkətə rəhbərlik etdiyimə görə, ölkədə özəl bölmənin vəziyyəti barədə də fikirlərimi bildirmək istərdim. Azərbaycanda sahibkarlığın inkişafı sahəsində nailiyyətlərin əldə olunmasında ümummilli lider Heydər Əliyevin müvafiq fərmanları ilə təsdiq edilmiş qanunlar və dövlət proqramları xüsusi əhəmiyyətə malikdir. Qəbul olunmuş dövlət proqramları, qanunvericilik aktları və digər mühüm tədbirlərin bu sahənin tərəqqisində xüsusi rolu olub, sahibkarlığın inkişafı üzrə dövlət tədbirlərini Azərbaycanın iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. Xüsusilə dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırılıb. Dövlət proqramları, eyni zamanda, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sistemliliyini təmin edib, bu tədbirləri vahid strategiyanın həyata keçirilməsinə yönəldib. Ölkəmizdə dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplər müəyyənləşdirilib, bu münasibətlərin institusionallaşdırılması baş verib. Ümumiyyətlə, sahibkarlığın inkişafı sahəsində qəbul edilmiş normativ-hüquqi sənədlər, sahibkarlığa dövlət maliyyə mexanizminin daha da təkmilləşdirilməsi iş adamlarında özünəinam hissini artırıb, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, xüsusilə də regionlarda yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına təkan verib. Artıq ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektləri sosial təşəbbüslərə daha fəal qoşulmaqdadırlar.

Dövlət başçısı İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyası bu gün özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf edən ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi-Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.

Azərbaycanda ardıcıl və dinamik inkişafı, rəqabətə davamlı iqtisadiyyatı təmin edən islahatlar nüfuzlu iqtisadi qurumlar və reytinq agentlikləri, o cümlədən beynəlxalq birlik tərəfindən ciddi təhlil edilir və yüksək qiymətləndirilir. BMT-nin İnsan İnkişafı Hesabatında son 5 ilin göstəricilərinə görə, Azərbaycan 169 ölkə arasında 101-ci mövqedən 68-ci yerə qalxaraq “Yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil olub. Hazırda Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə MDB məkanında 1-ci, dünya miqyasında isə 38-ci yerdədir. Bütün bunlar Heydər Əliyev siyasi kursunun təntənəsi və Azərbaycanda həyata keçirilən müasir inkişaf strategiyasının təkzibolunmaz faktlarıdır. Bu nailiyyətlərin təməlində Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “düşünülmüş siyasət, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi islahatlar dayanır”.

Yuxarıda qeyd edilənləri yekunlaşdırıb qətiyyətlə deyə bilərəm ki, Prezident İlham Əliyev çox qısa müddətdə Azərbaycanın inkişafına, beynəlxalq nüfuzunun yüksəlməsinə nail olmaqla ölkəmizin ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifidir. Möhtərəm dövlət başçımızın timsalında hər bir Azərbaycan vətəndaşı ölkənin tərəqqisinin simvolunu görür, bu böyük şəxsiyyəti inkişafın təminatçısı kimi dəstəkləyir. Fəaliyyəti ilə ölkə cəmiyyətindən daim dəstək alan, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvi vəhdətinə nail olan, müasir qloballaşma dövründə istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən Prezident İlham Əliyev ulu öndərin layiqli davamçısı olaraq beynəlxalq miqyasda da ölkəmizin yeganə və alternativsiz lideri kimi qəbul edilir.

 

Elşad ABBASOV,

“Embawood” şirkətinin prezidenti

 

Xalq qəzeti.- 2014.- 12 dekabr.- S.7.