İki fərqli siyasi sistemin lideri

 

Sovetlər Birliyinin çöküşündən sonra müstəqillik qazanan respublikaların hamısında yeni dövlət quruculuğunun başlıca ideyasını dünənin inkarı təşkil edirdi. Yaxşı xatırlayıram, o zaman Azərbaycan  parlamentində köhnə “partnomenklatura” nümayəndələrindən biri tribunaya çıxaraq pafosla xalqa xitab edib belə bir fikir söyləmişdi: “İki dövrün qəhrəmanı olmaq mümkün deyil”. Bunu başa düşmək olar, çünki ictimai proseslərin xarakterində bir şüarçılıq və inqilabi əhval-ruhiyyə vardı.

 

Lakin ibarəli kəlamlarla silahlanan xalq hərəkatının təmsilçilərinin əsas məqsədi ölkəni xaosdan çıxarmaq üçün real imkanlara malik olan siyasi liderin qarşısını kəsmək idi. Dövlətə rəhbərlik etməyə haqqı olan gerçək şəxsiyyətlərə inamsızlıq yaratmaq üçün hər cür vasitələrə əl atılırdı. Tarixin ironiyasına baxın, totalitar quruluşun özündə yüksək mərtəbə tutan bir sıra bürokratlar da yeni “inqilabçıların” rəğbətini qazanmaq, şəxsi toxunulmazlıqlarını təmin etmək üçünxalis demokratlara çevrilərək, keçmişi qılınclamaqla məşğul idilər. Bu mövqe savaşlarının, şəxsi hikkə və qisasçılıq mübarizəsinin altını çəkən isə xalq oldu.

Lakin tarixi proseslərin gedişini dəyişə bilməyən qüvvələr 1993-cü ildə siyasi səhnəni tərk edəndə hakimiyyət olimpinə qayıdan ulu öndər özünün  xilaskarlıq missiyası ilə yanaşı, həm də sübut etdi ki, iki fərqli siyasi sistemin qəhrəmanı olmaq mümkündür.

Bəli, Heydər Əliyevin şəxsi tərcümeyi-halının tutumlu bir hissəsi dünyanın üçdə birinə nəzarət edən Sovet imperiyasının hökmranlığı dövrünə düşür. Yetmiş il mövcud olan fərqli bir ideoloji sistemin tarixdəki yerinə zaman-zaman fərqli qiymətlər verilməkdədir. Lakin bir həqiqət danılmazdır ki, xalqına bağlı olan insanların hansı quruluşda millətinə başçılıq etməsinin heç bir fərqi yoxdur.Bunu ədalətli hakim olan zaman sübut edir.

Məgər müqəddəs səmavi dinləri dünyaya gətirən peyğəmbərlərin varlığı bunu təsdiqləmirmi? Köləliyin hökm sürdüyü, hüquqsuzluğun tüğyan etdiyi cəmiyyətlərdə irəliyə çıxıb, kütləni arxasınca aparmaq qabiliyyəti hər bir insana nəsib olmur. İndi, az qala, ayrı-ayrı şəxsiyyətlərin həyatı kimi tədqiq olunan tarixi simaların sırasında əbədi yerini tutan görkəmli dövlət xadimi Heydər Əliyevin adı Azərbaycan xalqı üçün müstəsna əhəmiyyətə malikdir.

Ulu öndərə verilən qiymət, onun xilaskarlıq və quruculuq missiyasına həsr edilən kitablar heç zaman son söz, bitkinyekun fikir kimi qəbul olunmayacaq.  Şübhəsiz, hamımız bir dəyərli kitabı müxtəlif zamanlarda oxuyarkən onun səhifələrindəki yeni mənanı tapıb heyrətlənmişik. Bax, Heydər Əliyevə xalq münasibəti də belədir – zaman keçdikcə ümummilli liderin böyüklüyünün yeni-yeni qatları açılır.

Böyük adamlar zamanı qabaqlayır və müqəddəs varlıqlar kimi hər dövr yeni obrazda, ayrı biçimdə xəyallara qayıtmağı bacarırlar. Amma Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dediyi kimi, ulu öndərin bütün insani keyfiyyətlərini və liderlik istedadını tam açıb təhlil edən kitablar hələ yazılmayıb. Bunun səbəbi qələm ustalarımızın ədəbi-bədii gücünün yetərsizliyi deyil, sadəcə ulu öndəri sona qədər dərk etmək və onun böyüklüyünün sirrini anlamaq çox çətindir.

On minlərlə sadə əmək adamının ötən əsrin 70-80-ci illərində qəhrəmanlıq mərtəbəsinə ucalmaları, elmi-intellektual elitanın məhz o dövrdə formalaşması xalqın mənən böyüməsinin gerçək nümunələridir. Onun adı ilə zirvələrə yüksələn, medallar qazanan,yaxud siyasi uğura can atan hər kəs məgər özündəki ali keyfiyyətləri səfərbər etmirdimi? Tanınmış siyasətçilər nəhəng dövlət xadimləri Heydər Əliyevin böyüklüyünü hörmət və ehtiramla etiraf edirlər.

Həyatının son illərində ulu öndərin bütün fiziki halı onu sevənlərin və məchulluq axtarışında olanların baş yaşantısıydı. Ağır-ağır nəfəs alan bir insanı sona qədər təqib edərək, gündəlik pulsunu, ürək döyüntülərini sayır və bir adamın nəbzilə ölkəsinin gələcəyinə diaqnoz qoymağa çalışırdılar. Halbuki, unudurdular ki, bu məmləkət 1993-cü ildə reanimasiyada can üstə olanda bütün fiziki varlığını Vətənə köçürən bir böyük dövlət xadimi vardı. Ulu öndərin qəlbini sürətlə döyündürən və ona ruh verən yalnız bir qüvvə vardı – VƏTƏN!

ABŞ Prezidenti Franklin Ruzvelt millətini ağır iqtisadi-siyasi böhranlardan, II Dünya müharibəsindən qalib çıxarandan sonra həyatının sonlarında iflic xəstəliyi qazanıb əlil arabasına möhtac olsa da xalqının ona münasibəti dəyişmədi. Böyük Britaniyanın Baş naziri Uinston Çörçill də əlindəki əsaya dirənərək yeriməli olmuşdu. Şərq mentallığı isə rəhbəri belə görkəmdə qəbul etmək istəmir.O nöqteyi-nəzərdən yanaşanda Heydər Əliyevin bütün fiziki və mənəvi varlığının mükəmməllik etalonuna çevrildiyini və Tanrının sona qədər bu obrazı qoruyub saxlamağa ona imkan verdiyini heç kəs inkar edə bilmir. Tək bircə dəfə Respublika Sarayında ağır can krizisinə məruz qalsa da, səhnəni, tribunanı şax vüqarla, sərkərdə yenilməzliyilə tərk etməyi bacarmış, xalqın nəzərində qüdrətli, iradəli lider kimi qalmışdı.

Dünyadan köçmək bütün bəndələrin tale qismətidir, yaxud mükafatıdır. Necə deyərlər, bu, Haqq işidir.  Yaddaşlarda əbədiləşmək isə yalnız seçilmişlərə məxsusdur.

Yəqin, diqqət etmisiniz, xalq rəhbərlərinin bir çoxu siyasi kursunu ədəbi-poetik priyomlar, folklor, yaxud mifologiyanın sehrli gücü ilə reallaşdırmağa çalışır. Bunlar dövləti yönləndirməyin təbii üsuludur və hamı tərəfindən qəbul olunub. İnkişaf etmiş cəmiyyətlərdə geniş yayılmış bir ənənə – Allahdan öz taxt-tacına yardım istəmək, Yerusəlim divarlarına dualar bağlamağın bir hikmətli mənası vardır, demək. Şah İsmayılın öz xalqına xitablarını göz önünə gətirin, yaxud Rəcəb Tayyib Ərdoğanın yüksək ilhamla söylədiyi şeirlərin əleyhdarlarının belə şah damarına necə işlədiyini xatırlamağa çalışın.

Heydər Əliyevsə, cəmi bircə dəfə – böyük siyasi müharibəni qazanandan sonra özünün inşa etdirdiyi Gülüstan Sarayında bir bənd şeir söyləmişdi. Körpələrimizin dilini açan həmin misralar sanki ulu öndərin özü üçün yazılmışdı. O, yeddi illik fasilədən sonra yenidən hakimiyyət birinciliyinə qayıtmış, varlğını həsr etdiyi məmləkəti ilə bütövləşməyi bacarmışdı.Misraların sonunda “Ayrılarmı, könül candan, Azərbaycan, Azərbaycan” deyərək, qəhərlənən ümummilli lider bununla öz taleyini, cismində və ruhunda daşıdığı Vətəni hər kəsə anlada bilmişdi. Bax budur, Heydər Əliyevin heç zaman torpağından qopub ayrılmayan canı – Azərbaycanı!

 

Zahid ORUC,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.-2014.- 14 dekabr.- S.4.