Nizami rayonunun sosial-iqtisadi

inkişafı: real vəziyyət və perspektivlər

 

Son illər müasir Avropa şəhərinə çevrilmiş doğma Bakımız günbəgün yeniləşir, gözəlləşir. İndi paytaxt Bakı ən yeni tarixinin möhtəşəm yüksəliş dövrünü yaşayır. Bu da təsadüfi deyil. Çünki hər bir ölkənin gücü-qüdrəti, mədəniyyəti, hər şeydən əvvəl, onun paytaxtından bəlli olur.   Bu mənada Azərbaycanın paytaxtı Bakı dünyanın ən gözəl şəhərlərindən hesab olunur. Bunu təkcə biz yox, paytaxtımızın əcnəbi qonaqları da təsdiqləyirlər.

 

Ölkəmizdə gedən ümumi inkişaf və tərəqqi fonunda ən çox dəyişən, yeniləşən məkanlardan biri də  paytaxtın Nizami rayonudur. Böyük mütəfəkkir şairimiz Nizami Gəncəvinin adını daşıyan bu rayon əsası 1980-ci ildə respublikamızın o zamankı rəhbəri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü  ilə yaradılmışdır. Respublikamızın mühüm sənaye müəssisələrinin cəmləşdiyi Nizami rayonunun inkişaf salnaməsinin mühüm bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən əsrin 70-80-ci illərində rayon ərazisində  yaradılmış iri sənaye müəssisələri, mühüm sosial və ictimai-iaşə obyektləri, eləcə də bir sıra təhsil və səhiyyə müəssisələri məhz ümummilli liderimizin xeyir-duası ilə fəaliyyətə başlamışdır. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli xahişi ilə yenidən ölkə rəhbərliyinə gəldikdən sonra da  Nizami rayonunun sosial-iqtisadi inkişafına xüsusi diqqət və qayğı göstərmişdir. Təsadüfi deyil ki, ölkəmizin iqtisadi həyatında mühüm yer tutan “Bakı Qida və Yağ Sənayesi” Açıq Səhmdar Cəmiyyətinin, iri sənaye obyektlərindən sayılan “Peyk” zavodunun və “Evropean Tobacco-Baku” ASC-nin yenidənqurmadan sonra açılış mərasimlərində iştirak edən ulu öndər müxtəlif vaxtlarda sakinlərlə çoxsaylı görüşlər keçirmiş, rayonun gələcək inkişafı ilə bağlı göstəriş və tövsiyələrini vermişdir.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün tərəqqi yolunu, onun əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, bütün ölkədə olduğu kimi, Nizami rayonunda da sürətli inkişaf və tərəqqi ilə müşayiət olunur. Günbəgün müasirləşən, gözəlləşən Bakımızın yaraşıqlı guşələrindən birinə çevrilmiş Nizami rayonu, həm də ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verir. Son illər rayonun elə bir sahəsi yoxdur ki, orada müsbət dəyişikliklər, dinamik inkişaf baş verməsin.

Azərbaycanda yeni istehsal münasibətlərinin bərqərar olduğu, ölkə iqtisadiyyatının şaxələndirilməsi xəttinin prioritet seçildiyi indiki şəraitdə Nizami rayonu, əvvəlki dövrdə olduğu kimi, bu gün də Bakı şəhərinin mühüm iqtisadi zonalarından biri kimi statusunu qoruyub saxlayır. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda ölkəmizin iqtisadi inkişafına mühüm töhfələr verən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, “Bakı Yağ və Qida Sənaye”, “Zəhmət-Ruzi”, “Bakı Şərab-1”, “Evropean Tobacco Baku” açıq səhmdar cəmiyyətləri, “Ulduz” şokolad fabriki, “NJT-2000” firması, “Kaspi Yıldız” MMC və digər iri istehsal sahələri məhz bu rayonun ərazisində yerləşir. Yeri gəlmişkən,  müasir texnologiyalara əsaslanan yeni istehsal sahələrinin fəaliyyətə başlaması Nizami rayonunda məşğulluq strategiyasının da uğurlu həllinə geniş imkanlar açıb. Təkcə onu qeyd etmək kifayətdir ki, bu ilin doqquz ayında rayonda 1003 yeni iş yeri yaradılıb.

Məlum olduğu kimi, Prezident İlham Əliyev bu il yanvarın 10-da imzaladığı sərəncamla Azərbaycan Respublikasında 2014-cü ili “Sənaye ili” elan edib. Ölkə iqtisadiyyatının şaxələndirilməsində, onun dinamik inkişafının bir qədər də sürətləndirilməsində xüsusi əhəmiyyət daşıyan bu mühüm dövlət sənədinin icrası istiqamətində Nizami rayonunda da mühüm işlər görülüb. Cari ilin ötən dövründə rayon ərazisində fəaliyyət göstərən sənaye müəssisələrində məhsul istehsalının artırılmasına xüsusi diqqət yetirilib, yeni istehsalat sahələri açılıb, mövcud  müəssisələr genişləndirilib. Belə ki, il ərzində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda bir sıra vacib qurğular əsaslı təmir olunub, istehsal olunan neft məhsullarının keyfiyyəti dünya standartlarına uyğunlaşdırılıb. Bundan əlavə, texnoloji qurğuların soyutma sisteminin təkmilləşdirilməsi məqsədilə zavodun ərazisində su soyutma qurğusunun və qazdoldurma estakadasının tikintisi sürətlə davam etdirilir.

Ölkəmizin qida istehsalı sahəsində ən iri müəssisələrindən sayılan “Ulduz” fabrikində görülən işlər də bu baxımdan  diqqət çəkir. Yeri gəlmişkən, şokolad istehsalı üzrə regionun iri istehsal sahələrindən sayılan bu fabrik Almaniya və digər aparıcı Avropa ölkələrindən gətirilən, beynəlxalq standartların tələblərinə cavab verən ən müasir avadanlıqlarla təchiz olunub. “Sənaye ili” çərçivəsində müəssisədə həyata keçirilən tədbirlər, xaricdən alınıb quraşdırılan avadanlıqlar fabrikin istehsal gücünün saatda 3200 kiloqrama çatdırılmasına imkan yaradıb. Cari ilin ötən dövründə burada 148 yeni iş yeri açılıb.

Bu il Nizami rayonunda daha 8 sənaye müəssisəsi fəaliyyətə başlayıb. Hazırda rayon üzrə istehsal təyinatlı 270 müəssisənin 94-də sənaye malları istehsal olunur. İl ərzində rayonun bütün sənaye müəssisələrində bir çox yenidənqurma işləri aparılıb, bunun da nəticəsində istehsal əvvəlki illərə nisbətən artıb. Belə ki, 2014-cü ilin doqquz ayı ərzində rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 347,4 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,6 faiz çoxdur. Cari ilin ötən dövründə rayon üzrə mühüm növ qida məhsullarından sayılan zeytun, kakao, günəbaxan yağları və marqarin, eləcə də sousların və süd məhsullarının istehsalı əvvəlki ilin eyni dövrünün səviyyəsini xeyli üstələyib. Bundan əlavə, ilin ötən dövründə rayonda beton, gips, sement məmulatlarının, plastik qutuların və tikinti materiallarının istehsalı da xeyli artıb.

Nizami rayonunda infrastruktur layihələrinin icrası  da getdikcə sürətlənir.  Elə rayonda yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, müasir standartlara cavab verən körpü, yolötürücü və tunellərin, yeraltı və yerüstü piyada keçidlərinin inşası, tıxacların aradan qaldırılması məqsədilə yeraltı avtomobil dayanacaqlarının tikintisi, magistral küçə və prospektlərin əsaslı şəkildə yenidən qurulması burada quruculuq işlərinin miqyası barədə aydın təsəvvür yaradır. Son  illər müxtəlif dövlət proqramlarında  nəzərdə tutulmuş abadlıq-quruculuq işlərinin və infrastruktur layihələrinin uğurla reallaşdırılması rayonun simasına əlavə yaraşıq gətirir. Əsasən sənaye zonası kimi formalaşmış Nizami rayonunda köhnə, lüzumsuz istehsal sahələri, yöndəmsiz tikililər ləğv edilir, nümunəvi məhəllələr salınır. Boş yerlərdə zamanla səsləşən nadir memarlıq abidələri, bir-birindən yaraşıqlı ictimai-iaşə obyektləri tikilir. İstismar müddətini başa çatdırılmış kommunikasiyalar təzələnir, müasirləşdirilir, xidmət sahələrinin fəaliyyəti genişləndirilir. Əvvəllər şəhərin mərkəzi hissəsi ilə uyuşmayan Keşlə qəsəbəsi də irimiqyaslı abadlıq-quruculuq işlərindən sonra tədricən rayonun abad, yaraşıqlı bir guşəsinə çevrilir.

Hazırda Nizami rayonunun müasir mənzərəsində təkcə yeni ictimai-iaşə obyektləri, bir sıra nadir tikililər deyil, yeniləşmiş ərazilər, geniş yaşıllıqlar, müasir yollar və yol qurğuları da diqqəti cəlb edir. Bu baxımdan Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki müxtəlif səviyyəli yol qovşağı, Babək prospektində, eləcə də Qara Qarayev prospekti ilə Naxçıvani  küçəsinin kəsişməsindəki yeraltı piyada keçidləri, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, Bakı Metropoliteninin əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş  “Koroğlu” stansiyasının  yaxınlığındakı park və digər istirahət mərkəzləri rayonun ümumi mənzərəsini xeyli yaxşılaşdırmaqla yanaşı, sakinlərin rahatlığının təminatı baxımından da mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, gələn  il Azərbaycan paytaxtı son dərəcə mötəbər bir idman yarışmasına - Birinci Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Bu məqsədlə paytaxtımızda ən müasir infrastruktur yaradılıb, möhtəşəm idman qurğuları inşa olunub. Bakının nadir idman qurğularından sayılan Gimnastika Kompleksi məhz Nizami rayonunda yerləşir. Unikallığı ilə diqqət çəkən kompleksin fasad hissəsində quraşdırılmış ən müasir işıqlandırma sistemi gecə saatlarında ətrafda xoş bir mənzərə yaradır, görənləri, sözün əsl mənasında valeh edir. Elə yaxınlıqda  salınmış  “Atletlər kəndi” də öz möhtəşəmliyi və əzəməti ilə müasir şəhərsalmanın ən nadir nümunələrindən biri kimi diqqət çəkir. Xatırladaq ki, Avropa Oyunlarının keçiriləcəyi əsas idman komplekslərinə – Olimpiya Stadionuna, Su İdmanı Növləri Mərkəzinə, Gimnastika Kompleksinə və Hava Limanına yaxın olmaqla yanaşı, şəhərin müxtəlif istiqamətlərinə gediş-gəlişin rahat və sərfəli olduğu bir ərazidə yerləşən “Atletlər kəndi”  13 yaşayış binası və yardımçı binalardan ibarətdir.

Yeri gəlmişkən, Bakını dünyanın ən yaraşıqlı bir şəhərinə, müasir meqapolisə çevirməyi qarşıya məqsəd qoymuş ölkə Prezidenti İlham Əliyev bütün abadlıq-quruculuq işlərinin xüsusi zövqlə aparılmasını tövsiyə etmişdir. Məhz bunun nəticəsidir ki, rayon rəhbərliyi abadlıq-quruculuq işlərinin, yaşıllaşdırma tədbirlərinin yüksək səviyyədə həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu yaxınlarda IDEA İctimai Birliyinin təşəbbüsü ilə ölkəmizdə reallaşdırılan “Ümumrespublika yaşıllaşdırma marafonu”na birincilər sırasında qoşulmuş Nizami rayonunda  üç mindən artıq müxtəlif növ ağac və bəzək kolları əkilib.

Humanizm və xeyriyyəçilik missiyasının daşıyıcısı olan Heydər Əliyev Fondu da Nizami rayonunun sosial həyatına mühüm töhfələr verir. Ölkənin birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi fondun rayon ərazisində əsaslı təmir etdirdiyi, tikdirdiyi məktəb və uşaq bağçaları şəhərin ən müasir təhsil və tərbiyə ocaqlarındandır. Yeri gəlmişkən, son illər Nizami rayonu təhsil sahəsində qazandığı yüksək nailiyyətləri ilə də seçilir. Belə ki, bu il qəbul imtahanlarında ölkə üzrə ən yüksək bal toplayaraq ali məktəblərə daxil olmuş 7 nəfər abituriyentin 3-ü məhz bu rayonun məzunudur.

Bu gün Nizami rayonu, sözün əsl mənasında, birgə səylərlə yenidən qurulur, abadlaşdırılır, gözəlləşdirilir. Bu isə hamının bu rayona yüksək mədəni meyarlarla yanaşmasını, abadlığı qorumasını, təmizliyi gözləməsini tələb edir. Bakı şəhərinin və ətraf qəsəbələrin inkişafına dair  yeni Dövlət Proqramında Nizami rayonu üzrə həlli vacib  məsələlər öz əksini tapıb. Bu mühüm sənədə rayonun xidmət sahələrinin, sahibkarlığın, turizm və idmanın inkişafını, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin təmir və tikintisini, ekologiya, eləcə də sakinlərin sosial problemlərinin həllinə dair bəndlər daxil edilib. Bütövlükdə isə Dövlət Proqramında  nəzərdə tutulmuş tədbirlərin ardıcıl həyata keçirilməsi Nizami rayonunun sosial-iqtisadi mənzərəsini bir qədər də zənginləşdirəcək, sakinləri  yüksək həyat standartlarına qovuşduracaq.

 

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”

 

Məqalə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  birgə keçirdikləri  müsabiqəyə təqdim olunur.

 

Xalq qəzeti.- 2014.- 18 dekabr.- S.4.