Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf

strategiyasında sistemli transformasiya

 

Bazar iqtisadiyyatı prinsipləri əsasında milli iqtisadiyyatın inkişafını təmin etmək üçün Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri iqtisadi demokratiya, mülkiyyət münasibətləri, mülkiyyətin forma və növ müxtəlifliyi, mülkiyyətin idarəçiliyində xalqın iştirakı məsələsi idi. Siyasi demokratiyanın əsasında hakimiyyət dayanırsa, iqtisadi demokratiyanın əsasında mülkiyyət, ölkənin milli sərvətinin, onun əmlakının idarə olunmasında xalqın iştirakı dayanır. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə ölkənin malik olduğu milli sərvətdə hər bir vətəndaşın payı olduğu bəyan edilmiş, pay bölgüsü prinsipi ilə dövlətsizləşdirmə və özəlləşdirmə aparılmışdır.

 

Ulu öndərin 1995-ci il 30 iyun tarixində özəlləşdirmənin həyata keçirilməsi ilə əlaqədar Milli Məclisə ünvanladığı tarixi müraciət diqqəti xüsusi cəlb edir. Müraciətdə deyilirdi ki, möhkəm və inkişaf etmiş iqtisadiyyata əsaslanmayan siyasi müstəqillik heç də real suverenliyin göstəricisi ola bilməz: “Azərbaycanın müstəqil bir dövlət kimi bərqərar olmasından sonra hakimiyyətə gələn müxtəlif qüvvələr tərəfindən iqtisadiyyatda köklü dəyişikliklər aparılması üçün heç bir şey edilməmişdir və nəticədə əhalinin həyat səviyyəsi olduqca aşağı düşmüşdür. İqtisadi böhrandan, əsas çıxış yolu dövlət mülkiyyətinin özəlləşdirilməsindədir, ona görə ki, dövlətin iqtisadi sahədə yeganə inhisarçı olduğu şəraitdə heç bir islahatın aparılması mümkün deyildir. ”Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 1993-cü il yanvarın 7-də qəbul edilməsinə və bu qanunun qüvvəyə minməsi haqqında qərarla Dövlət Əmlak Komitəsinin rəhbərliyinə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında proqramın təqdim edilməsi üçün 1993-cü il martın 1-dək vaxt verildiyinə baxmayaraq, nə göstərilən müddətdə, nə də sonra bu tapşırıqların öhdəsindən gələ bildilər".

“Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” özəlləşdirmənin təşkilati, hüquqi, iqtisadi əsasları ilə yanaşı, mülkiyyətin özəlləşdiriləcəyi sahələri, istiqamətləri, müddəti və mərhələləri də özündə əks etdirirdi.

Özəlləşdirmə prosesinin miqyasının genişləndirilməsi, yeni sahibkarlar ordusunun formalaşdırılması məqsədilə Heydər Əliyev 2000-ci il avqustun 10-da dövlət əmlakının özəlləşdirilməsinə dair ikinci Dövlət Proqramının təsdiq edilməsi barədə fərman imzaladı. İkinci Dövlət Proqramının əsas məqsədləri iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, rəqabət mühitinin formalaşdırılması yolu ilə milli iqtisadiyyatın səmərəliliyinin təmin olunması, mülkiyyətçilər təbəqəsinin genişləndirilməsi idi. Lakin aydın məsələdir ki, özəlləşdirmə bütün problemləri qısa müddət ərzində həll edəcək sehrli vasitə deyildir. Bu proses sadəcə mülkiyyət sahibini əvəz etməklə kifayətlənməməli, yeni sahibkarlar sinfini formalaşdırmalı, iqtisadi yüksəliş üçün yetərli zəmin hazırlamalıdır, müxtəlif sosial-iqtisadi təbəqələr və ictimai institutlar arasında rəqabətə və qarşılıqlı əlaqəyə şərait yaratmalıdır.

Azərbaycanda özəlləşdirmənin həyata keçirilməsi nəticəsində ölkənin ümumi daxili məhsulunun strukturunda qeyri-dövlət bölməsinin payı durmadan yüksəlmişdir. Belə ki, ÜDM-də dövlət bölməsinin xüsusi çəkisi 1991-ci ildəki 85 faizdən 2013-cü ildə 14,6 faizə enmiş, özəl sektorda isə müvafiq olaraq 15 faizdən 85,4 faizə yüksəlmişdir.

Təkcə son 10 il ərzində ümumi daxili məhsul istehsalı 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə artmış, yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə, işsizlik səviyyəsi 1,9 dəfə azalaraq 5 faizə enmiş, regionlarda 56 minə yaxın müəssisə fəaliyyətə başlamış, 1,2 milyondan çox daimi iş yeri yaradılmışdır.

Qeyd etmək lazımdır ki, bu yüksək göstəricilərin əldə olunmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin 11 fevral 2004-cü ildə imzaladığı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nda və 14 aprel 2009-cu il tarixli “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin uğurla reallaşdırılması mühüm rol oynamışdır.

Regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlər nəticə etibarilə üç qrupa bölünür:

- makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin olunmasına yönəlmiş tədbirlər;

- iqtisadi rayonlar səviyyəsində görülən tədbirlər;

- hər bir rayonun regional spesifik xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilmiş tədbirlər.

II Dövlət Proqramında regionlardan gələn təkliflər nəzərə alınmaqla orada yaşayan insanların prioritet hesab etdiyi məsələlər öz əksini tapmışdır.

Aparılan islahatlar, düşünülmüş iqtisadi strategiya ölkənin hərtərəfli inkişafına təkan verdi. Yeni iş yerlərinin yaradılması, qeyri-neft sektorunun üstün sürətlə inkişafı, əhalinin məşğulluq səviyyəsinin və gəlirlərinin artırılması, özəl sektorun xüsusi çəkisinin yüksəldilməsi, müxtəlif sektorlarda restrukturizasiya tədbirlərinin aparılması, şəhər və rayonlarda, kənd yerlərində abadlıq-quruculuq işlərinin həyata keçirilməsi, mövcud problemlərin aradan qaldırılması Dövlət Proqramlarının qarşısında duran və uğurla reallaşdırılan vəzifələrdəndir.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası istiqamətində görülən işləri Prezident İlham Əliyev çox yüksək dəyərləndirir: “İki proqramın icra edilməsi nəticəsində sənaye istehsalı 2,7 dəfə artmışdır. Əgər proqramın icrasının ilk illərində iqtisadiyyat və sənaye daha çox neft sektoru hesabına artırdısa, son illərdə qeyri-neft sektoru ölkənin uğurlu inkişafını təmin edir. Təsadüfi deyildir ki, keçən il qeyri-neft sektorunun artımı 10 faiz təşkil etmişdir. Bu, dünya miqyasında ən böyük göstəricilərdən biridir”.

Prinsipiallıq, zamanında sözünü demək, radikal tədbirlər həyata keçirilərkən ehtiyatlılıq və ilk növbədə, xalqın rifahının nəzərə alınması ölkənin inkişafını, müxtəlif sferalarda qazanılan uğurları şərtləndirən mühüm amillərdəndir.

2013-cü ildə “Azəri” - “Çıraq” - “Günəşli” yatağından neft hasilatına başlanmasının 16-cı ili tamam oldu. Bu müddət ərzində ölkə üzrə neft hasilatı təqribən 5 dəfə artaraq 1997-ci ildəki 9 milyon tondan 2013-cü ildə 43,5 milyon tona çatmışdır. Ölkə üzrə ən yüksək hasilat isə 2010-cu ildə qeydə alınmışdır. Həmin il 50,7 milyon ton neft çıxarılmışdır və bu rəqəm ölkəmizin neft sənayesi tarixində rekord göstəricidir. Bütövlükdə, ötən illər ərzində “Azəri” - “Çıraq” - “Günəşli” yataqlar blokundan 334 milyon ton neft və 80 milyard kubmetr qaz hasil olunmuşdur.

XXI əsrin ən nəhəng neft ixrac boru kəmərlərindən olan Bakı - Tbilisi - Ceyhan xətti Avropanın enerji təhlükəsizliyi sahəsində uğurla fəaliyyət göstərir. İllik ötürücülük qabiliyyəti 60 milyon ton olan bu kəmərlə hər gün 1,2 milyon barrel Azərbaycan nefti dünya bazarına çıxarılır.

2013-cü ilin yaddaqalan hadisələrindən biri də, ölkənin iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən Bakı gəmiqayırma zavodunun istifadəyə verilməsidir. Dövlət Neft Şirkətinin sifarişi ilə istifadəyə verilmiş bu nəhəng istehsal sahəsi təkcə Azərbaycanın deyil, region ölkələrinin də su nəqliyyatına olan tələbatının ödənilməsinə töhfə verəcəkdir.

2004-2013-cü illərdə ölkə üzrə qaz hasilatı artaraq 5,5 milyard kubmetrdən 29,5 milyard kubmetrə çatmışdır. Bu artımın başlıca səbəbi “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasilatın uğurla davam etdirilməsi olmuşdur.

2013-cü il sentyabrın 19-da “Şahdəniz - 2" layihəsi çərçivəsində hasil ediləcək qazın ildə 10 milyard kubmetrdən artıq hissəsinin İtaliya, Yunanıstan və Bolqarıstanda satışı üzrə doqquz şirkətlə 25 il müddətinə müqavilə imzalanması Azərbaycanın yeni əsrdə mühüm ”mavi yanacaq" ixracı marşrutu olan “Cənub” qaz dəhlizinin əsas təchizatçısı kimi rolunu daha da artırır.

2013-cü il dekabrın 17-də Bakıda “Şahdəniz - 2" layihəsi çərçivəsində yekun investisiya qərarının imzalanması ilə həmin yatağın tammiqyaslı işlənməsi həlledici mərhələyə qədəm qoymuşdur. Yatağın ikinci işlənmə mərhələsi çərçivəsində qaz hasilatı 2018-ci ilə planlaşdırılır. İlkin qiymətləndirməyə görə, “Şahdəniz - 2” layihəsində investisiya qoyuluşu 40 milyard dollara bərabər olacaq. Bu vəsaitin 20 milyard dolları Azərbaycanda həyata keçiriləcək işlərə sərf olunacaq. Göründüyü kimi, “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi Azərbaycanın dünyanın əsas qaz təchizatçıları sırasında mövqeyini daha da möhkəmləndirəcək.

Diqqətəlayiq pozitiv məqamlardan biri də budur ki, 2013-cü ildə qeyri-neft sektorunun ÜDM-dəki xüsusi çəkisi 58,4 faiz olduğu halda, 2017-ci ildə 72,4 faizə qədər artırılması proqnozlaşdırılır. Beynəlxalq Valyuta Fondu (BVF) 2013-2017-ci illərdə Azərbaycan iqtisadiyyatının orta hesabla ildə 5,1 faiz, o cümlədən qeyri-neft sektorunun 8 faiz artacağını proqnozlaşdırır. Ölkə iqtisadiyyatının növbəti dörd ili üçün hökumətin makroiqtisadi proqnozu ilə dünyanın ən önəmli maliyyə qurumu hesab edilən BVF-nin hesablamalarının üst-üstə düşməsi proqnozların reallığa söykəndiyini göstərir.

Hər bir iqtisadi sistemdə iqtisadiyyatın başlıca problemi müxtəlif variantlarda həll edilir. Sistemin bu və ya digər formasına uyğun olaraq ayrı-ayrı ölkələrdə müxtəlif modellər tətbiq edilir. Sosial-iqtisadi proseslərin bazar və dövlət vasitəsilə birgə tənzimlənməsinə əsaslanan ABŞ və Çin modeli, əmək məhsuldarlığının yüksək səviyyəsi ilə səciyyələnən Yaponiya modeli, sosialyönümlü bazar iqtisadiyyatı ilə fərqlənən Almaniya modeli mütərəqqi iqtisadi inkişaf modelləridir.

İsveçrə modeli iqtisadi sabitliyin və gəlirlərin yenidən bölüşdürülməsinin təmin edilməsində dövlətin fəal iştirakı ilə xarakterizə olunur. Vergilərin yüksək səviyyəsi, işsizliyin minimuma endirilməsi, əhalinin sosial təminatının yaxşılaşdırılması, ölkənin ixrac qabiliyyətinin sürətli artımı bu modelin cəlbediciliyini artırır.

Yaponiya modelində dövlətin və özəl sektorun fəaliyyəti yüksək səviyyədə əlaqələndirilir. İqtisadiyyatın ayrı-ayrı sahələrinin səfərbəredici və yönəldici imkanları nəzərə alınaraq hazırlanan planlar dövlət proqramı statusuna malik olsa da, dövlətin proqnozları və planları tövsiyə xarakterlidir. İqtisadiyyatın ehtiyaclarının digər ölkələrdən idxal hesabına ödənilməsi istehsalın təşkili və idarə olunmasının səmərəli sisteminin yaradılmasına imkan verir. Bu modeldə ümummilli mənafe fərdi mənafedən üstün tutulduğundan onun digər ölkələrdə tətbiqi heç də həmişə gözlənilən nəticəni vermir.

Amerika modelində iqtisadi mahiyyət daşıyan əsas qərarlar bazar situasiyasına və oradakı qiymət dəyişkənliyinə uyğun olaraq qəbul edilir. Dövlət istehsal-təsərrüfat əlaqələrində, biznesin tənzimlənməsində, təhsilin inkişafında mühüm rol oynayır, güzəşt və təqaüdlər hesabına əhalinin minimum həyat səviyyəsini təmin edir.

Əmək məhsuldarlığına, səmərəli şəxsi təşəbbüslərin dəstəklənməsinə xüsusi yer verən Amerika modeli sosial bərabərlik prinsipini qəbul etmir, nəticədə sosial təbəqələşmə kəskin paradoks yaradır.

İstehsal resurslarından səmərəli istifadə və istehsalçılara iqtisadi azadlıq verilməsi ilə fərqlənən Almaniya modeli sosialyönümlü bazar iqtisadiyyatı ilə xarakterizə olunur.

Bu modelə üstünlük verən Almaniya və Avstriyada dövlət xırda və orta sahibkarlığa böyük qayğı göstərir, qiymət siyasətinə, gömrük ödənişlərinə, texniki normativlərə fəal müdaxilə edir.

İqtisadi proseslərin təşkili, iqtisadiyyatda müxtəlif qurumların qarşılıqlı təsir mexanizmi və onun strukturu milli iqtisadiyyata müəyyən xarakterik cəhətlər gətirir. Ölkədə iqtisadi sistemin ayrı-ayrı elementləri nəzərə alınmaqla milli-iqtisadi inkişafın liberal, korporativ, sosialyönümlü bazar modelləri də tətbiq oluna bilər.

Liberal modelin tətbiq olunduğu ölkələrdə dövlət makro və mikroiqtisadi proseslərin tənzimlənməsində fəal rol oynayır. Bu model xüsusi mülkiyyətin dövlət mülkiyyətinə nisbətən üstün mövqeyi, istehsal, investisiya, satış, işçi qüvvəsindən istifadə barədə qərarların aparıcı xarakteri, əmək qanunvericiliyinin aşağı səviyyəsi, əmək sərfinin hüquqi və inzibati müdafiəsi, minimal əmək haqqının olmaması və ya zəif olması, məşğulluq siyasətinə o qədər də diqqət yetirilməməsi ilə səciyyələnir. ABŞ, Kanada, Fransa, Böyük Britaniya, İrlandiya, İtaliya bu modelə daha çox bağlıdırlar.

Korporativ modelin tətbiq olunduğu ölkələrdə dövlət iqtisadiyyatın tənzimlənməsində intensiv iştirak edir. Demokratik korporativliyə üstünlük verən İsveçrə və Avstriyada iqtisadi artım yolu ilə əhalinin sosial-rifahının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Yaponiyada isə dövlətin sahibkarlıq sahəsində payı az olsa da, dövlət resurslardan istifadənin tənzimlənməsində fəal iştirak edir. Ona görə də Yaponiya modeli iyerarxik korporativ model kimi çıxış edir.

Bazar iqtisadiyyatına, liberal və demokratik dəyərlərə əsaslanan keçid dövrünün, ölkədə aparılan genişmiqyaslı islahatlar prosesinin, sosial-iqtisadi inkişaf sahəsində diqqətəlayiq uğurların, dünya iqtisadiyyatına sürətli inteqrasiyanın elmi təhlili Azərbaycanın iqtisadi inkişaf modelinin əsas xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verir. Bu modelin qısa zaman kəsimindəki uğurları Heydər Əliyevin iqtisadi strategiyasında iqtisadi islahatların gerçəkləşdirilməsinin istiqamət və hədəflərinin, düzgün və məntiqi ardıcıllıqla müəyyənləşdirilməsini təsdiq edir. Azərbaycanın iqtisadi inkişaf modelinə xas olan xüsusiyyətlərdən çıxış edərək bu modelin milli maraqlara xidmət edən, demokratik dəyərlərin ehtiva olunduğu, dünyaya açıq sosialyönümlü iqtisadi model olduğunu söyləmək mümkündür. Bu modelin səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:

- genişmiqyaslı, sistemli islahatlar yolu ilə yeni iqtisadi münasibətlərə, bazar iqtisadiyyatına keçid;

 - neft strategiyasının həyata keçirilməsindən gələn gəlirləri ölkənin sosial-iqtisadi siyasətinin strateji hədəflərinə, sosialyönümlü diversifikasiyalı milli iqtisadiyyatın formalaşmasına, o cümlədən müasir texnologiyaya əsaslanan qeyri-neft sektorunun inkişafına yönəltmək;

- xüsusi mülkiyyətin dövlət mülkiyyətinə nisbətən daha üstün mövqeyinin təmin olunması;

 - makro və mikroiqtisadi proseslərin tənzimlənməsində dövlətin fəal rolunun təmin edilməsi;

 - beynəlxalq iqtisadi inteqrasiyada çoxqütblülüyə üstünlük verilməsi;

 - ölkəyə xarici investisiyaların cəlbinin stimullaşdırılması;

 - iqtisadi infrastrukturun modernləşdirilməsi, təsərrüfatçılıq mexanizminin təkmilləşdirilməsi;

 - sahibkarlığın və regionların sosial-iqtisadi inkişafının dəstəklənməsi;

 - əhalinin məşğulluğunun təmin edilməsi, əmək və təsərrüfatçılıq fəaliyyətinin stimullaşdırılması, sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi yolu ilə cəmiyyətin rifahının yüksəldilməsi.

Qərb və Şərq dəyərlərinin sintezini əks etdirən Azərbaycan reallığı ölkəmizə regionda və dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni proseslərdə fəal iştirak etməyə, müstəqil mövqe nümayiş etdirməyə geniş imkanlar yaradır. Cənubi Qafqaz iqtisadiyyatında 80 faizdən artıq paya malik olan Azərbaycan regionda əsas söz sahibinə çevrilərək, mürəkkəb geosiyasi şəraitdə belə müstəqil siyasət həyata keçirir. Ölkənin ərazi bütövlüyünün bərpası, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Xəzər hövzəsinin demilitarizasiyası, Avroatlantik strukturlara inteqrasiya bu siyasətin prioritetlərindəndir.

Azərbaycan dövləti Avropa İttifaqı ilə ikitərəfli əlaqələri genişləndirərək ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaqla yanaşı, Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi “Avropa qonşuluq siyasəti”nə qoşulmuş, 2006-cı ildə Avropa İttifaqı ilə enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalamış, 2008-ci ildə isə “Şərq tərəfdaşlığı” proqramına qatılmışdır.

BMT-nin İnkişaf Proqramının “İnsan inkişafı indeksi”nə əsasən, Azərbaycan yüksək insan inkişafı ölkələri qrupuna daxil edilmişdir.

ABŞ-ın “Heritage” Fondu və “Wall Street Journal” qəzetinin birgə hazırladığı “İqtisadi Azadlıq İndeksi - 2014" hesabatında ölkəmiz yüksək xal toplayaraq, 186 ölkə arasında layiqli yer tutmuş, azad iqtisadiyyata malik ölkələr sırasına daxil edilmişdir. 2013-cü il hesabatı ilə müqayisədə Azərbaycan 6 pillə irəliləmiş və azadlıq indeksini xeyli yaxşılaşdırmışdır. Dünya İqtisadi Forumunun “The Qlobal Competitiveness Report 2012-2013” hesabatında “Qlobal rəqabətqabiliyyətlilik indeksi” üzrə Azərbaycan əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 46-cı yeri, 2013-2014-cü illər hesabatında isə 39-cu yeri tutaraq yenə də MDB məkanında öz liderliyini qoruyub saxlamışdır. Azərbaycan ən dinamik inkişaf edən ölkələr sırasında olduğundan “Fitch Ratings” Agentliyi ölkəmizə investisiya reytinqi vermişdir. Bu indeksin müəyyən olunmasında istifadə edilən “hökumətin büdcə balansı” subindeksinə görə Azərbaycan 5-ci, “məcmu əmanət norması” subindeksinə görə 8-ci, “dövlət borcu” subindeksinə görə isə 12-ci yeri tutur və dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətini qabaqlayır.

Böyük tarixi şəxsiyyətlərin rolunu, onların yerinə yetirdiyi missiyanın ictimai-siyasi əhəmiyyətini tam adekvat qiymətləndirmək çətin olsa da, Heydər Əliyev strategiyasının Azərbaycanın müasir inkişafının ideya əsası olduğunu və ölkəmizdə tarixən formalaşmış dəyərlər sisteminə söykəndiyini qətiyyətlə söyləmək mümkündür. Bu strategiya və onun quruculuq, inkişaf məfkurəsi üç fundamental məqsədə - güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan amalına xidmət edir.

Real iqtisadi situasiyanın elmi-nəzəri təhlili, ictimai gerçəkliyin inkişaf məntiqinin diqqətdə saxlanılması, şərqçiliklə qərbçiliyin, milliliklə ümumbəşəriliyin, ənənəviliklə novatorluğun vəhdəti, milli dövlətçilik xətti ilə mədəni-mənəvi dəyərlər sisteminin qarşılıqlı əlaqələndirilməsi qloballaşan dünyada Azərbaycanın öz siyasi dəst-xətti olan suveren milli dövlət və müstəqil subyekt qismində çıxış etməsini təmin etdi.

Heydər Əliyevin ideya irsinin, siyasi kursunun strateji konsepsiyasının əhatə dairəsi zaman və məkan etibarilə böyük mərhələ təşkil edir.

Siyasi liderin böyüklüyü zamanın çağırışlarını və obyektiv inkişaf meyillərini vaxtında dərk edərək, milli maraqları bu zəminə keçirmək bacarığı ilə ölçülür. Bu mənada ulu öndər Heydər Əliyevdən sonra Azərbaycanın siyasi-iqtisadi reallığına yaxşı bələd olan, ali məqsədləri cari məqsədlərdən məharətlə fərqləndirməyi bacaran, hadisələrin fonunda mahiyyəti aydın görən, dövlətçilik nəzəriyyə və praktikasını yaradıcılıqla inkişaf etdirməyə qadir olan cənab İlham Əliyevin hakimiyyət sükanının arxasına keçməsi Azərbaycanın dövlət müstəqilliyinin daimi, dönməz və əbədi xarakter almasına möhkəm zəmin yaratdı.

 

Həsən HƏSƏNOV,

“Xalq qəzeti”nin baş redaktoru

 

Xalq qəzeti.- 2014.- 18 dekabr.- S.5.