Azərbaycanda yerli özünüidarənin

formalaşması və seçkilərin bu prosesdə

rolu Bələdiyyə seçkiləri qarşısında

 

Azərbaycanda müxtəlif dövrlərdə yerli özünüidarəetmə institutu və ya buna bənzər qurumlar mövcud olsa da, yalnız 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmiz əsl demokratik dəyərlərə malik bələdiyyələri yaratmaq imkanı qazanmışdır. 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası bu imkanı reallığa çevirmişdir. Yerli demokratiyanın həyata keçirilməsinə zəmin yaradansiyasi-iqtisadi cəhətdən müstəsna əhəmiyyət kəsb edən yerli özünüidarə orqanlarının – bələdiyyələrin yaradılması Konstitusiyada təsbit olunmuşdur.

 

Müstəqilliymizin ilk illərində dövlət quruculuğunun əsaslarının yaradılması, ölkənin ərazi bütövlüyünün qorunub saxlanılması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi baxımından hakimiyyətin güclü mərkəzləşdirilməsinə haqq qazandırmaq olardı. Lakin artıq bu prosesin davam etməsi strateji baxımdan dövlətin və cəmiyyətin səmərəli idarəetmə sisteminin formalaşmasını, hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunu, ölkənin gələcək inkişafını ləngidə bilərdi. Buna görə də Azərbaycanda səmərəli dövlət idarəetmə sisteminin formalaşdırılması strategiyasının əsas prinsiplərindən biri kimi yerli özünüidarəetmə sisteminin yaradılması yolu ilə dövlət funksiyalarının əks-mərkəzləşdirilməsi xətti müəyyənləşdirildi ki, bu da öz əksini ölkə Konstitusiyasında tapdı. Respublikamızda həyata keçirilən əks-mərkəzləşdirmə prosesinin əsas məqsədi dövlət idarəetməsinin əsaslarının demokratikləşdirilməsindən, ölkənin sosial-iqtisadi inkişafının həm cari, həm də perspektiv məsələlərinin həlli zamanı müvafiq idarəetmə səviyyələrində dövlətin öz funksiyalarını səmərəli şəkildə yerinə yetirməsinə şərait yaratmaqdan, demokratik dövlətin əsası kimi, yerli özünüidarəetmənin tətbiqindən və onun inkişaf etdirilməsindən ibarət idi. Beləliklə, Azərbaycanda idarəetmə sisteminin əks-mərkəzləşdirilməsi yolu ilə yerli özünüidarəetmə sisteminin formalaşdırılması prosesi ölkədə demokratiyanın inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, dövlətin və cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində atılan ən əhəmiyyətli addımlardan biridir.

Respublikamızda yerli özünüidarəetmə sisteminin yaradılmasının əhəmiyyəti və bunun yerli məsələlərin həllinin demokratik prinsip olması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 12 dekabr 1999-cu il tarixdə bələdiyyə seçkiləri ilə əlaqədar xalqa müraciətində öz əksini tapmışdır: “Bələdiyyə seçkiləri Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir... Biz Azərbaycanda  tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir”.

Göründüyü kimi, demokratik prinsiplərin, insan hüquq və azadlıqlarının Konstitusiyamızda geniş əks olunması cəmiyyətimizdə yerli demokratiyanın inkişafına və insanların özünüidarəetmənin mütərəqqi formalarından istifadəsinə şərait yaratmışdır. Konstitusiyaya görə, Azərbaycan Respublikasında yerli özünüidarəetməni bələdiyyələr həyata keçirirlər. Konstitusiyanın 13-cü maddəsində mülkiyyətin dövlət, xüsusi və bələdiyyə mülkiyyəti növünə bölünməsi təsbit olunmuşdur. Qeyd edilmişdir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Dövlət səlahiyyətlərinin müəyyən hissəsinin yerlərə ötürülməsi yolu ilə yerli özünüidarəetmə orqanları olan bələdiyyələrə verilməsi, Əsas Qanunumuzun 142-146-cı və 150-ci maddələrində yerli özünüidarəetmənin təşkilinin təsbit olunması ilə əks-mərkəzləşmə prosesinin və bələdiyyə orqanlarının hüquqi əsasları yaradılmışdır.

Konstitusiyanın qəbulundan dərhal sonra müvafiq sahə üzrə münasibətləri tənzimləyən qanun layihələrinin Milli Məclisin müvafiq komissiyasında işlənilməsinə başlanmış, qısa müddət ərzində “Bələdiyyələrə seçkilərin qaydaları haqqında”, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. 12 dekabr 1999-cu il tarixdə ölkədə keçirilən ilk bələdiyyə seçkilərində 22 min nəfərdən artıq bələdiyyə üzvü seçilmiş və 2667 yerli özünüidarəetmə orqanları təşkil olunmuşdur. Bu orqanlarda 25 min nəfərə yaxın müxtəlif peşə sahibləri bələdiyyə qulluğuna qəbul edilmişdir.

Azərbaycanda 2004-cü il dekabrın 17-də ikinci bələdiyyə seçkiləri keçirilməklə yerli özünüidarəetmə orqanlarının inkişafının yeni mərhələsi başlanmışdır. Həmin seçkilərdə 2731 bələdiyəyə 20356 bələdiyyə üzvü seçilmişdir.

Ölkəmizdə 2009-cu il dekabrın 23-də bələdiyyələrə keçirilmiş növbəti – III seçkilərdə mühüm siyasi tədbir kimi, böyük önəm daşımışdır. Azad, demokratik və şəffaf şəraitdə keçirilmiş seçkilər nəticəsində 15591 nəfər bələdiyyə üzvü seçilmişdir. Seçilmiş bələdiyyə üzvləri 10 siyasi partiyanı təmsil etmişdir. Olduqca əlamətdardır ki, seçilmiş bələdiyyə üzvləri sırasında qadınların və gənclərin xüsusi çəkisi əvvəlki seçkilərdən fərqli olaraq xeyli artmışdır. Belə ki, qadınların sayı 4243 nəfər, gənclərin sayı isə 4000 nəfərdən çox olmuşdur.

Bir neçə gündən sonra – dekabrın 23-də ölkəmizdə sayca IV bələdiyyə seçkiləri keçiriləcəkdir. Məlum olduğu kimi, Mərkəzi Seçki Komitəsi tərəfindən “Seçki Məcəlləsi”nin tələblərinə uyğun olaraq, seçkinin təşkili işləri daha da təkmilləşdirilmiş formada artıq başa çatdırılmışdır. Azərbaycanda bələdiyyə seçkilərində iştirak etməklə bağlı MSK-nın məlumatından məlum olur ki, bu seçkilərdə 37100 nəfərdən çox namizəd qeydə alınmışdır. Bu da, əvvəlki seçki ilə müqayisədə 7 min nəfər çoxdur. Ötən dəfə hər bələdiyyə üzvlüyünə orta hesabla 2-yə yaxın namizəd düşürdüsə, builki seçkilərdə hər bələdiyyə yerinə 2,5 namizəd qeydə alınıb. Nəzərə alsaq ki, bələdiyyələrin sayı əvvəlki seçkilərə nisbətən azalıb, amma, bələdiyyə seçkilərinə maraq böyükdür. Demək olar ki, müraciət edənlərin 99 faizi qeydə alınıb. Bu heç də təsadüfü deyil, çünki 15 yaşı tamam olan respublikanın bələdiyyə institutu müəyyən inkişaf mərhələsi keçmişdir. Qeyd etmək lazımdır ki, bu inkişaf mərhələsində yerli özünüidarə orqanları təşkilat-struktur nöqteyi-nəzərindən tam formalaşmış, səlahiyyətləri çərçivəsində bələdiyyə mülkiyyətinin idarə olunmasında, bələdiyyənin maliyyə mənbələrindən istifadədə, əhali ilə münasibətlərin tənzimlənməsində və xüsusi olaraq hakimiyyət orqanları ilə əlaqələrin qurulmasında xeyli təcrübə toplamışlar. Bu təcrübə nəticəsində Azərbaycanda bələdiyyələr demokratik inkişaf yolu keçərək, əhali qarşısında yerli özünüidarə orqanlarının əsas əlamət və məqsədlərini müəyyənləşdirməklə fəaliyyətlərini səmərəli şəkildə qura bilmişlər. Eyni zamanda, onlar əhali qarşısında cavabdehlik məsuliyyətini dərk  edərək vətəndaşların da yerli özünüidarənin təşkilində iştirakına şərait yaratmaqla, cəmiyyət qarşısında mütəmadi olaraq hesabat vermək təcrübəsi qazanmışlar. Həmçinin, bələdiyyələr respublikanın sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsində yaxından iştirak etmişlər. Bu mənada bələdiyyələrin fəaliyyətinə cəmiyyətdə maraq artmışdır.

Bütün bunlarla yanaşı, bələdiyyələrin fəaliyyətində, təbii ki, ilk illərdə və sonrakı dövrdə işin təşkili ilə bağlı müəyyən nöqsanlaraqanunsuzluqlara da yol verilmişdir. Belə halların aradan qaldırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi  olaraq maarifləndirici, hüquqi tədbirlər, eyni zamanda beynəlxalq təcrübələrin öyrənilməsinə rəğmən metodolojihüquqi yardımlar həyata keçirilmişdir. Söz yox ki, bu tədbirlər bələdiyyələrin işinin təşkilinə müsbət təsir göstərmiş, yol verilən nöqsanlar əhalinin bələdiyyə idarəçiliyinə nəinki marağın azalmasına, əksinə vətəndaşlarımızın yerli özünüidarəetmə sisteminə yaxından iştirak etmək kimi istək və həvəslərinin artmasına səbəb olmuşdur. Təbii ki, hər seçki prosesində bu hal müşahidə olunmuşbu, bir daha növbəti seçki prosesi ərəfəsində də özünü aydın göstərmişdir.

Respublikamızda bələdiyyələrin fəaliyyətinin effektivliyini artırmaq məqsədilə beynəlxalq təcrübələrə istinadən səmərəli institusional tədbirlər həyata keçirilir. Bunlardan biri kiçik bələdiyyələrin birləşərək iri özünüidarə orqanına çevrilməsidir. Belə ki, 2009-cu ildə ölkəmizdə 2754 bələdiyyə mövcud idi. Onlardan 1570-ci birləşmək barədə qərara gələrək Milli Məclisə müraciət etdi. Bundan sonra Milli Məclis “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında”  29 may 2009-cu il tarixli Qanun qəbul etdi. Birləşmədən sonra 1719 (46 rayon üzrə 535 yeni bələdiyyə yaradılmış, 1035 bələdiyyə isə ləğv edilmişdir) bələdiyyə fəaliyyət göstərmişdir.

2014-cü ildə birləşmədən əvvəl 1717 bələdiyyə mövcud olmuşdur. 30 may 2014-cü il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanunla 21 rayon üzrə 204 bələdiyyənin birləşməsi nəticəsində 94 yeni bələdiyyə yaradılmış, 110 bələdiyyə isə ləğv edilmişdir. Hazırda 1607 bələdiyyəyə 15035 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının III fəslinin 56-cı maddəsində seçki hüququ təsbit olunmuşdur. Vətəndaşların seçki hüququndan istifadə etməsi, seçki sisteminin təşkili hər bir sivil ölkə üçün həm siyasi, həm hüquqi, eyni zamanda, tarixi baxımdan əhəmiyyətli hadisədir. Həmçinin, seçkilərin hakimiyyətin formalaşmasına birbaşa aidiyyəti vardır. Bu mənada seçki bir institut kimi sistem adlandırılır və dəqiq sistemlərdə olduğu kimi, müəyyən subyekt və elementlərdən ibarət olması ilə bir-biri ilə bağlı dəyərlərdən təşkil olunur. Monolit bir sistem kimi onun hər hansı bir elementinə edilən müxtəlif xarakterli təsir, o cümlədən müsbət xarakterli təsir bu sistemin əhəmiyyətini nəzərəçarpacaq dərəcədə artıracaqdır. Təbii ki, bu təsir qüvvəsinə malik olanlar seçki hüququna malik vətəndaşlardır ki, onlar öz hüquqlarından səmərəli və qanunauyğun şəkildə istifadə edərkən sistemin müsbət effektli cəhətləri qabarıq şəkildə özünü göstərir. Seçkinin cəmiyyətdə bu mənada əhəmiyyəti çox böyükdür.

Hesab edirik ki, növbəti bələdiyyə seçkilərində də seçki hüququ olan vətəndaşlarımız mütəşəkkil və fəal iştirak etməklə öz konstitusion borclarını ləyaqətlə yerinə yetirəcək və demokratik cəmiyyətimizin mənafeyi baxımından yerli özünüidarə sisteminin təşkilində öz töhfələrini verəcəklər.

 

Mehdi SƏLİMZADƏ,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin

Bələdiyyələrlə İş Mərkəzinin rəisi

 

Xalq qəzeti.- 2014.- 20 dekabr.- S.5.